Pornonun tarixi
FAHİŞƏLİKDƏN
İMPERATRİÇƏLİYƏ
"Porno" kəlməsinin dünyaya İstanbuldan
yayıldığını bilirdiniz? Hətta pornonun ilk dəfə
burada yarandığını desək, daha dəqiq olar.
Özü də, düz İstanbulun qəlbindən - Sultanəhməd
meydanından. Belə bir faktın izi ilə Pornai küçəsinə
üz tutdum.
Küçə bu gün Sultanəhməd
meydanının yuxarısında yerləşir. Vaxtilə
bura fahişələrin oylağı, əyləncənin mərkəzi
idi. İndi isə turistlərin qaynadığı bölgə
olmağına baxmayaraq, ən səliqəli və təmiz
küçədir desəm, yanılmaram. Ərazidə elə
bir sakitlik hökm sürür ki, bir vaxtlar buranın
eyş-işrət yuvası olduğuna inanmaqda insan çətinlik
çəkir. Amma fakt faktdır, küçə e.ə.
IV-XI əsrlərdə Bizansın əyləncə həyatının
bir nömrəli ünvanı idi. Lap əvvəllər
uzunluğu sahilə qədər gedib çıxırdı -
teatrlar, meyxanələr, əyləncə mərkəzlərinin
sıra-sıra düzüldüyü, gecə-gündüz sərxoşların
nəriltisinin, qadınların qəhqəhəsinin kəsilmədiyi,
davaların əskik olmadığı, qanların
töküldüyü məkan.
O vaxtlar buranın şöhrətinin uzaq ellərə
yayılmağı təsadüf deyil. Yeri gəlmişkən,
"Pornio" küçəsinin adı latınca
"fahişə" mənası verən "porne" kəlməsindən
gəlir.
Küçənin başlanğıcında gözəl
binalar var. Ortasından isə Osmanlı dönəmində
inşa edilən Pargalı İbrahim Paşa sarayı
keçir. Nəhəng saray Pornai küçəsinin
yarısının yox olmağına səbəb olub.
Küçənin hazırkı adı Asmalı
Çeşmədir.
Teodoranın hekayəsi
Küçənin hekayəsi Teodora ilə
canlanır.
500-cü ildə dünyaya gələn Teodora
üç bacıdan biri idi. Hipodromda işləyən
atası öldükdən sonra ailəsinə çörək
pulu qazanmaq üçün anası Pornai Küçəsindəki
teatrda pantomim göstərən qrupa qoşulur. 513-cü ildə
isə böyük bacısı Komito anasının yerinə
keçir. Köməkçisi də balaca Teodora olur. Birlikdə
tamaşa nümayiş etdirirlər. Əslində
Teodoranın beyni başqa yerdə olur. Ən böyük
arzusunda... Hə, rəqs onun xəyalı idi və bunun
üçün yaradıldığına inanırdı. Hətta
həmin ərəfədə Konstantinopolda Krismolla adı ilə
tanınan dönəmin məşhur rəqs ulduzu və
anasının rəfiqəsi İndoradan gizli-gizli rəqs dərsləri
öyrənməyə başlayır. Aradan üç il
keçir. Konstantinopolda eyni küçədə yeni
açılan Böyük Teatrın ulduzu artıq
Teodoradır. Onu seyr etmək üçün günlər əvvəldən
yer ayırtmaq lazım idi. Teodora səhnə performansından
sonra yemək yemək üçün yenə həmişəki
kimi dönəmin məşhur meyxanəsi Barbarioya gedir.
Çox vaxt da gecələri orada seçdiyi gənclərlə
keçirirdi. Axırda olan olur. Gənc qız hamilə
qalır. Gizli şəkildə o vaxtki Selemriaya, yəni
bugünkü Silivriyə köçür və bətnindəki
qız övladını orada dünyaya gətirir. Hamiləlik
müddətində tanış olduğu və Liviyanın
Pentapol əyalətinə rəhbər olaraq təyin edilən
Hekebolus adlı komandirlə tanış olur. Doğuşdan
sonra onunla ailə qurmaq istəyən komandirin təklifini
sevincək qəbul edir. Qızını anasına əmanət
edərək komandirlə birlikdə yola çıxır.
Komandir Pentapola çatandan sonra evlənmək fikrindən
daşınır. Teadora bu dönüklükdən sonra plan
qurur və sevgilisinin yanından qaçmağa qərar verir.
Hər son yeni bir başlanğıcdır
Əvvəlcə İnkəndəriyəyə gedir.
Bəxt üzünə elə orada gülməyə
başlayır. Çünki bu şəhərdə həyatını
büsbütün dəyişdirəcək olan Makedonia
adlı rəqqasə ilə tanış olur. Əslində
Makedonia adlı bu qız rəqqasə adı altında gizlənən
cəsus idi. Bizans İmperatoru olan dayısı I Yustinianın
Şərqdəki ən etibarlı adamı, eyni zamanda fitri
istedadlı rəqqasə idi. Onu seyr etməyə gələnlərin
çoxu dövlət adamları olurdu. Performansını sərgilədikdən
sonra həmin adamlarla oturur, əlaqələr yaradır,
onlardan aldığı məlumatları İmperator Yustiniana
ötürürdü.
Həmin ərəfələrdə Konstantinopola gələn
Makedonia, özü ilə birlikdə Teodoranı da gətirir.
Sabahın erkən saatı olmağına rəğmən,
çöldə isti hava vardı o gün. Böyük
Saraydakı otağının qapısı döyülür.
Mabeyincilərdən biri Makedonia adlı bir qadının
imperatoru görmək istədiyini deyir. Yustinian qızın dərhal
içəri gətirilməyini əmr edir. Deyir ki,
"danış görək, bizə Şərqdən nə
xəbərlər gətirmisən". Qız, Suriya, Fələstin,
Misir və digər ölkələrlə bağlı əldə
etdiyi sirləri tək-tək danışır. Yustinian da
qeydlərini aparır. Makedonianın məlumatlandırma mərhələsi
bitdikdən sonra, "Sizə sürprizim var" deyir və əlavə
edir, "gələn həftə Pornai küçəsindəki
Koppius Teatrına gəlməlisiniz. İnanın, peşman
olmayacaqsınız. Bilirsiniz, mən, çox bacarıqlı
rəqqasəyəm. Amma elə birini tapmışam ki,
sözün bütün mənasında möhtəşəmdir.
Rəqs aləmində belə biri nə bu günə qədər
dünyaya gəlib, nə də bundan sonra gələcək".
Makedonianın bəhs etdiyi Teodora idi. Yustinian onun mədhini
eşitmişdi, ancaq işlərin çoxluğundan gedib izləmək
imkanı tapa bilməmişdi. Makedonianın həddən
artıq israrı onu iş proqramını dəyişdirməyə
vadar edir. Adamlarından birini göndərir. Səhnənin
qarşısında lojadan yer ayırdır, adının da
gizli saxlanılması əmrini verir. O axşam sadə vətəndaş
kimi geyinir, yanına da sivil geyimli iki mühafizəçisini
alır, teatr binasına gedir. Dünya tarixi o gecədən
sonra dəyişir.
Yenidən yazılan tarix
Teodora Yustinianı elə ovsunlayır,
ağlını başından elə alır ki, imperatorun
gözü heç nəyi və heç kimi görmür.
Onu seyr etdiyi günün axşamı saraya məxsus libas geyinən
və üzündən zəhər tökülən şəxs
qıza xəbər gətirir, "İmperator Yustinian sizi
sabah axşam Bukoleon Sarayında şam yeməyi
üçün gözləyir. Sabah saat beşdə evinizdən
kəcavanla alınacaqsınız" dediyi andan etibarən
olanlar olur.
Bu eşq, Yustinianın qanunları heçə
saymağına səbəb olmuşdu. Qanunlara görə,
imperator, soylu olmayan heç kimlə ailə qura bilməzdi.
Buna görə də, Yustinian yeni qanun yazır və həmin
maddəni çıxardır. Sonra da küçə rəqqasəsi
olan Teodora ilə Ayasofya Kilsəsində görkəmli bir
törənlə evlənir.
Təbii ki, Teodora Yustinianla tanış olana qədər
Rəqqasə olduğunu başına vuranlar çox olur.
Keçirdiyi yüngül həyat tərzinə görə
çox qınaqlara məruz qalır. Amma o hər şeyə
rəğmən, hamıya meydan oxuyur və qədim
imperatorluğun ən güclü imperatriçası
olmağı bacarır.
Qısacası, Roma tarixindəki ən əhəmiyyətli
fiqurlardan biri olan Teodoranın, fahişəlikdən
imperatriçəliyə uzanan yolunun kilid nöqtəsidir,
Pornai küçəsi.
Kitabların ən maraqlı paraqrafları...
Yazıçı və tarixçi Radi Dikicinin dilindən,
jurnalist Uncal Hılıc tərəfindən qələmə
alınan "Teodora" adlı kitabda imperator Yustinianın
xanımı Teodoranın həyatını,
keçmişini, imperatriça olduğu dönəmlərdən
ətraflı bəhs edilir. Bu kitabda porno kəlməsinin
kökünün Konstantinopoldan yayıldığı tarixi
faktlarla isbat edilir. Bundan əlavə, yazıçı Naci
Adıgözəlin "Pornai" adlı əsərində
dönəmin araba yarışı tərəfdarları
arasındakı rəqabətin, çəkişmələrin
yenə bu küçədə keçdiyi diqqət çəkir.
Türkan TURAN
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.21.