"Qeyri-səlis məntiq və
dil-nitq" kitabı haqqında xülasə
Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin birgə
yazdıqları "Qeyri-səlis məntiq və dil-nitq"
kitabı haqqında Türkiyə Cümhuriyyətində nəşr
olunan "BUGU" Dil və Təhsil jurnalında işıq
üzü görmüş məqalədən bir hissəni
oxucularımıza təqdim edirik.
Kamal Abdulla və Rafiq Əliyevin "Qeyri-səlis məntiq
və dil-nitq" kitabı mövzu baxımından həm
kommunikasiya texnologiyaları, həm qeyri-səlis məntiq
mütəxəssisləri, xüsusilə də dilçilər
üçün tamamilə yeni bir çalışma olaraq
hazırlanıb. Digər tərəfdən qeyri-səlis məntiqi
kəşf edən Lütfi Zadənin və onun yolundan gedənlərin
rolunu ortaya qoymaq da diqqətdən kənarda qalmayıb. Kitabda
qeyri-səlis məntiq prinsiplərinin dil-söz sisteminə və
quruluşuna tətbiq olunmasının təməldə
dilçilik və kompüter elmləri üçün,
folklor, hüquq, iqtisad kimi digər sosial elmlər
üçün yararlı olacağı vurğulanır.
Çalışmanın əsasını təşkil edən
qeyri-səlislik təbii dildə özünü göstərən
universal hal kimi qiymətləndirilir.
"Qeyri-səlis məntiq və dil-nitq" kitabı
giriş bölməsindən sonra gələn dörd bölmə,
son, əlavələr, abstrakt və qaynaqlardan ibarətdir.
Kitaba ön söz yazmış vəkil, hüquq elmləri
doktoru Rüştü Burak Ekeəsərin dil və
dilçiliklə maraqlananlara çox şeylər öyrədəcəyi,
qeyri-səlis məntiq, süni intellekt, yumşaq hesablama kimi
sahələrdə fəaliyyət göstərənlərə
əhəmiyyətli şəkildə faydalı
olacağı qənaətindədir.
Bu məqalə isə Kamal Abdulla və Rafiq
Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq"
kitabının tədqiqi əsasında ərsəyə gəlib.
Qeyri-səlis məntiq prinsiplərinin dilçiliyə tətbiq
olunması dilçilikdə çox rast gəlinmədiyindən
mövzunun geniş şəkildə dilçilərin diqqətinə
çatdırılması qarşıya məqsəd qoyulub.
Kitabda verilən məlumatlar olduğu kimi saxlanılıb, digər
dillərdən keçən kəlmələrin Türkiyə
türkcəsindəki qarşılıqları verilərək
Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə
diliçi tərcümə üsulu tətbiq olunub. Lazım
gələn yerlərdə əlavə məlumat vermə
üsulundan istifadə edilib.
lll
Kitabın giriş başlığında, əvvəlcə
bir-birindən ayrı qəbul edilməsinə baxmayaraq, dil və
nitq terminlərinin bir yerdə nəzərdən
keçirildiyi, dil deyəndə nitqin (sözün), nitq
(söz) deyəndə dilin anlaşıldığı
xüsusilə vurğulanır. Qeyri-səlis məntiq prinsiplərinin
dil-söz sisteminə və quruluşuna tətbiq
olunmasının öncə dilçilik və kompüter elmləri
üçün, daha sonra folklor, hüquq, iqtisad kimi digər
sosial elmlər üçün əhəmiyyətli
olacağı vurğulanır.
Müəlliflərə, görə dil-söz
müstəvisində qeyri-səlislik geniş yayılıb.
Günlük danışıq dilində həyatın bir
parçası olduğunu düşünmək yanlış
olmaz, çünki insan ana dilində başdan-başa qeyri-səlis
münasibətlər torunun içindədir. Sistemdə fərqinə
varmadan toxunulmayan, təmas olunmayan dil birlikləri olduqca
çoxdur. Məsələn: onlarca, yüzlərcə, minlərcə
və sair saylar qeyri-müəyyən, amma son dərəcə
böyük bir çoxluq bildirmə funksiyası ilə dinləyicinin
diqqətinə çatdırılır. Məqsəd
qeyri-müəyyənlik yolu ilə qeyri-səlislik
yaratmaqdır. Bir mahnıda yer alan "min rəng verir bahar hər
bir çiçəyə" misrasında rənglərin
sayı real olaraq min deyildir. "Min" sayı qeyri-müəyyən
çoxluğa və daha sonra qeyri-səlislik atmosferinə
işarə edir.
"Baxaq/ görək nə deyirsən?!" kimi qəlibləşmiş
ifadələr istifadəçini qədim bir dövrə
aparır. Sualın dərinliklərinə endiyimiz vaxt ilk
baxışda "Sən mənim dediyim sözü necə
görürsən (dediyimdən nə başa
düşürsən?)" kimi bir məntiq
qarşısında aciz qalınır. Qədim insan söylənən
sözü anlamağa səy göstərər, bəlkə
də, anladığını sanar. Bu sanmanın qeyri-müəyyənlik
içində olması qaçılmazdır. Bu
günümüzə gəlib çatmış söz sadəcə
öz kökündən ibarət deyil, sözün söyləniş
tərzi, vurğusu, sözün iç dünyası da onun
quruluşunun tərkib hissələridir.
Dil-söz quruluşunu təşkil edən səsdən
cümləyə bütün dil ünsürlərində
eyni şəkildə qeyri-səlis məntiq prinsiplərinin
işlədiyini görmək mümkündür. Amma qeyri-səlis
məntiq hələ dilçilik elminə sistemli şəkildə
tətbiq olunmayıb. Bu əsər bu sahədəki
boşluğu bir ölçüdə doldurmağı
qarşısına məqsəd qoyub. İş
bölgüsü ya da qrup çalışması kimi
açıq bir sistemin dil-söz müstəvisində
özünü necə göstərəcəyini ortaya qoya
bilmək baxımından yararlı olacaq.
Birinci bölməyə "Qeyri-səlis məntiqin əsl
funksiyaları" adı verilib. Digər bölmələr
daha yaxşı qavranılsın deyə oxucunun qeyri-səlis
məntiq prinsipləri ilə tanış olduğu bölməyə
"Qeyri-səlis məntiq nədir"? sualına cavab
tapmaqla başlanır. Klassik məntiqin qurucusu Aristotelin məntiqinə
görə, iddia edilən şey ya doğrudur, ya da yalan.
İkisinin arası yoxdur. 1965-ci ildə Azərbaycan -
amerikalı elm adamı Lütfi Zadə qeyri-səlis məntiq
nəzəriyyəsini irəli sürdü. Beləcə,
doğru ilə yanlış arasında klassik məntiqdən
fərqli olaraq, real dəyərlərin, dərəcələrin
müəyyən olunmasına imkan verilmiş oldu. Aristotelin
klassik məntiqi ilə qeyri-səlis məntiqin əsl fərqinitəzad
təşkil etmə və üçüncü istisna
qanunları təşkil etməkdədir. Klassik məntiqə
görə insan ya ölüdür, ya diri.
Üçüncü hal yoxdur. Araşdırma müəlliflərinin
fikrincə isə, bunun qeyri-səlis məntiq daxilində yeri
olmamasının konkret nümunəsi "Dədə
Qorqud" dastanında Oğuz qəhrəmanlarının
yeddi gün, yeddi gecə sürən ağır yuxularına
"kiçik ölüm" deyilir və bununla ölüm
halı və dirilik arasındakı orta hal, yəni koma vəziyyəti
anladılır.
İkinci bölmə "Dil, söz və
sözün fəaliyyəti" adlandırılıb. Elm
adamları dili cəmiyyətin, sözü insan
yaradılışının nəticəsi olaraq
görürlər. Səlis məntiq dil, qeyri-səlis məntiq
söz qatında özünü göstərir. Burada dil ilə
söz arasındakı fərqi görən elm adamlarından
Humboldt, Sössür, Benveniste və digər dilçi alimlərin
yanaşmasından bəhs edilir. Dil ilə söz bir-birindən
fərqli, ancaq bir-biri ilə əlaqəli sistemlərdir.
Dil-söz təzadı həm bir-birinə bərabər
tutulmaz bir vəziyyəti, həm də bir-birindən
ayrılmaz bir vəziyyəti sərgiləyir. Deməli,
çalışmada dil-söz birlikdəliyi (söz fəaliyyəti)
önə çıxır.
Üçüncü bölmədə "Dildəki
ehtimal və dəyişdirmək, pozmaq xüsusiyyətləri"nə
yer ayrılıb. Dili ehtimal sistemi olaraq görmək
dil-söz vahidini qeyri-səlislik xəzinəsi olaraq mənimsəməyi
lazım bilir. Lütfi Zadə dili dərketmə - qavrama
sistemi olaraq görür. Qavrayışlar isə bəzən
bağlı, bəzən qeyri-müəyyən olur, bəzən
də ehtimal ehtiva edir. Dil-söz vahidindəki hər bir dil
ünsürünün, daha çox sözlərdə -
gözlə görülməyən dərinliyində ehtimal
vardır. Kəlmədildən söz vahidinə
çıxanda ehtimal baş verir, məna çalarları
(çeşidlilik) özünü göstərir.
Söz vahidində, xüsusilə kəlmə səviyyəsində
ehtimal qəti olaraq əlavə məna yükləri ilə qəlibləşir.
Sözü edilən ehtimal qeyri-səlis, dumanlı, real
olmayan, anlaşılması çətin sözlərlə
qarşılanır. Kitabda bunlara müəmmalı sözlər
(açıq olmayan, anlaşılması çətin, ortaq
söz) deyilir və oxucuya bunların çoxmənalı
sözlərlə qarışdırılmaması haqqında
xəbərdarlıq edilir.
Dördüncü bölmədə "Qeyri-səlis
düşüncənin dəyişdirilməsi
anlayışına və dil-sözdə bunu tətbiq edən
dil ünsürlərinin funksiyaları"na diqqət
yetirilir. Hedclər qeyri-səlisliyin elementləri, qeyri-səlisliyin
xəbərçisi, dil-söz səviyyəsindəki
ehtimalların qorunması üçün qeyri-səlisliyin
elçiləridir. Müxtəlif dil-söz ünsürləri
ilə ifadə edilə bilərlər. Dil-sözdəki məna
cəhətdən məlumat boşluqlarının bəziləri
doldurula bilməzlər, çünki özləri haqqında
məlumat verməzlər, sıfır element kimidirlər.
Forma kimi kiçik bir dil vahidi daxilində böyük bir məlumat
gizlədərək bir boşluğu doldurmaqdadır. Bəzən
bu hedclərin yükləndiyi qeyri-səlisliyin aradan
qaldırılması üçün daha böyük mətnə
ehtiyac olduğu hiss edilməkdədir. Bacısını istəməyə
gələnləri öldürən Dəli Qarçarın
Banuçiçəyə elçiliyə gələn
Oğuzun ağsaqqalı Dədə Qorquda hörmətsiz
şəkildə davranmasının səbəbi məlum
deyil. Bəhs edilən dastan boyunda Dəli Qarçarın
yaratdığı bu boşluğu doldurmaq mümkün deyil.
Ancaq başqa dastan boyu vasitəsi ilə Dəli
Qarçarın davranışı açıqlana bilər.
Hedclərin fəaliyyəti dil-söz müstəvisindəki
dil ünsürləri vasitəsi ilə həyata
keçirilir. Əvəzliklər, oxşar sözlər, təkrarlar,
ara sözlər, cümlə xaricindəki ünsürlər,
saylar, modal sözlər bu iş üçün istifadə
olunur. Əvəzliklər özbaşına lüğət
ünsürü olaraq hedclərin funksiyalarını həyata
keçirən real dil-söz vasitələridir. Şəxs və
işarə əvəzlikləri mətndə özündən
əvvəl, ya da özündən sonra gələn
açıq, ya da örtülü şəkildə göstərilən
parçalara referans göstərilir. Əvəzliklərin
funksiyası mətnə xüsusi qeyri-səlislik ruhu gətirir.
Saylar da xüsusiyyətlərinə uyğun olaraq sağlam bir qeyri-müəyyənlik
atmosferi yaradırlar. Onlarca, minlərcə, tək-tək,
böyük-böyük, pərdə-pərdə, məncə,
təxminən, bəlkə, demək ki, əlbəttə,
açıqcası, görək, baxaq, əmin ol və sair -
bunlar quruluş cəhətdən dil-söz müstəvisinin
dil ünsürləri olsalar da, funksiya baxımından hedc
olaraq istifadə olunub qeyri-səlis məntiqin dil-söz
müstəvisində tutduğu yeri açıq şəkildə
göstərməkdədir. Hedclər dil-söz fəaliyyətinin
tərkib hissəsi kimi xüsusi bir missiyaya xidmət edib
söz dağınıqlığının yaranmasına səbəb
olur. Dağınıqlığın yaranması qeyri-səlis
məntiq məkanına daxil olmaq deməkdir.
Beşinci bölmə "Dil qatlarında qeyri-səlis
məntiqin mətn izlərini axtarmağa" ayrılıb.
Dilçilikdə dil bir çox qatdan yaranan bir sistem olaraq mənimsənilir.
Hər qatın özünə aid dil ünsürləri var.
Fonetika qatında səslər, morfologiya qatında köməkçi
elementlər, leksika qatında şəkilçilər, kəlmələr,
sintaktika qatında cümlələr, mətnlər yer tutur.
Bu dil ünsürləri öz qatlarında yer alan
ünsürlərlə əlaqəli olduqları kimi qatlar
arasında da əlaqəyə girərlər və sistem bu
şəkildə işlədilir. Dil-söz müstəvisində
sistemlilik və quruluş əlaqələri əsasdır.
Dilin sistem olmasını tədqiq etmək onun quruluşunu tədqiq
etmək deməkdir.
Dil-söz müstəvisində dil ünsürlərinin
daşıdıqları məna yükləri
çeşidlidir. Tək bir məna ifadə etmə durumu dil
müstəvisində görülsə də, bir çox mənaya
malik olma söz müstəvisinin xüsusiyyətidir. Söz
müstəvisi dildən sözə keçən dil
ünsürlərinin təkmənalı olmaq iddiasını
çürüdür. Söz müstəvisindəki dil
ünsürləri variantlar şəklindədir. Bunlara
yüklənən əlavə məlumat, əlavə məna
onlara qeyri-səlis məntiq işarələri olaraq istifadə
olunmaq hüququ verir. Altıncı - "Sinergetika və
dil-söz münasibətləri" başlıqlı
bölmədə dil-söz münasibətləri XX əsrdə
ortaya çıxan sinergetika adlı elm sahəsinin
baxış tərzi ilə izah olunur. Dil ünsürlərinə
əlavə məna yükləmə dil müstəvisində
görülməz. Bu dil ünsürü söz müstəvisinə
keçəndə ortaya çıxan yalnız variantlar səviyyəsində
görülən bir hadisədir. Əlavə məna
yükü əlavə məlumat gətirir və söz
müstəvisinin dərinliklərində var olan, bir -birinə
güc verən ortaq münasibətlərdən xəbər
verir. Dildə hər qatın özünəməxsus əlavə
yük baqajı vardır. Əlavə yük fonetik qatda məlumatlandırıcı,
morfoloji qatda mənayüklü, sintaktik qatda kommunikativdir. Hər
qatın öz dil ünsürünə aid əlavə
yükü iki fərqli ünsürün yan-yana gələrək
bir-birini zənginləşdirməsini, daha da yüksək mənayüklü
enerjinin açığa çıxmasını təmin edər.
Ortaq hərəkətin məqsədi bir-birindən uzaq duran
mürəkkəb ünsürlərin özünü
yaratmasını təmin etmək,
dözümlülüyünü tədqiq etməkdir. Fərqli
sistemlərin, elm sahələrinin birləşərək
bütünləşməsi, zənginləşməsi
qısaca tərəfdaşlıq etməsi, sinergetik
yaxınlaşmanın əsəridir.
"Söz müstəvisinin dil ünsürlərinə
əlavə məna yükü" mövzusunun təhlil
edildiyi yeddinci bölmədə əlavə yüklərdən
nə anlaşılması lazım olduğuna diqqət
yönəldilib. Dil-söz qatındakı əlavə
yüklər söz müstəvisində ortaya çıxan
qeyri-səlis məntiqin təzahürləridir. Dil vahidi dil
orbitindən söz orbitinə keçəndə əlavə
yük görünməyə başlayar. Dil orbitindəki
vahid özünü qorusa da, söz orbitinə keçəndə
içindən müxtəlif mənalar
fışqırır. Qeyri- səlis çoxluqlar bu əlavə
yüklərə istinad edərək sıralanırlar. Bu əməliyyatlar
baş verdikdə dil vahidlərinin tarixi yaşını
müəyyən etmək mümkün ola bilər. Dil vahidlərinin
bir-birindən fərqli olması əlavə məna, məlumatlandırıcı,
kommunikativ yüklərin təsiri ilə olur.
Söz müstəvisində tək bir məna
daşıyan vahid yoxdur. Səsin də, sözün də,
cümlənin də, mətnin də əlavə yükləri
var. Bu əlavə yüklər mətn formatında
özünü göstərə bilər, çünki kəlmə
tək bir mənası ilə mətndə yer alır. Bəzən
də mənalar bir-birinə qarışır, mətnin
anlaşılması çətinləşir. Müəmmalı
sözlər, örtülü sözlər bunun bariz nümunəsidir.
Əslində bütün kəlmələrin, dil
ünsürlərinin sərhədləri açıqdır,
qeyri-səlisdir. Bir lüğət ünsürünün
sona çatdığını və digərinin
başladığını göstərən
ayırıcı bir sərhəd yoxdur. Dil-söz müstəvisindəki
bütün ünsürlərin sərhədsiz olması
qeyri-səlis məntiq prinsiplərinin tətbiq
olunmasını aydınlaşdırır. Sözün
bir-biriləri ilə əlaqəsini əks edən
böyük bir mətn yaratmağa kömək edən bir
lüğət olsaydı, sözün bütün
variantlarının üzə çıxmasına səbəb
olardı. Belə bir lüğət davamlılıq mənasını
daşıyardı. Səs də, cümlə də digər
dil-söz elementləri kimi öz-özünə birlikdə
ola bilməz. Cümlənin bağlam içində var
olduğu nəzərə alınarsa, cümlənin öz bənzərlərindən
məna dolğunluğuna və strukturuna görə
ayırmağın mümkün olmadığı
anlaşılar. "Fonoloji qatda Qeyri-Səlislik"
başlıqlı səkkizinci bölmədə
dil-sözün əsası səslərdən (fonemlərdən) söz
açılır. Fonologiya qatında fonem, söz qatında səs
digər ünsürlərin yaranması üçün əsasdır.
Təbii olaraq, ilk insanın söz fəaliyyəti ilə əlaqədar
səs çeşidləri inkişaf etdikcə, onların əsasında
fonemlər (sabit səslər) yaranmağa başlayır. Fərdi
səs (variant) sabit səsə (fonem) çevrilir. Səsin əlavə
yükü öyrədici xüsusiyyət
daşıdığından fonetik müstəvidəki əlavə
yükə əlavə məlumatlandırıcı - öyrədici
yük deyilir.
Çağdaş dillərdə bir-iki səslə
daha böyük məlumata malik olan sözlər
yarandığı görülə bilər. Rus dilçisi
A.A.Reformatski Fyodor Şalyapin adlı bir tenorun yoldakı
faytonçulara rusca izvozchik (faytonçu) yerinə "vo
o" deyə qışqırdığını, səsi
eşidən faytonçuların başına
yığışdıqlarını bildirir. Müəlliflərə
görə, bu cür ifadələr həm lüğət, həm
qrammatik, həm də şifahi səslərin növləri
kimi özünü göstərir.
Doqquzuncu - "Morfoloji qatda qeyri-səlislik"
adlandırılmış bölmədə
bağlayıcılar, söz təkrarları, ara sözlər,
funksiyalı dil ünsürləri, modal sözlər və
digərlərinə diqqət ayrılıb. Bunlar qeyri-səlislik
mərhələsinə öz mənaları ilə
birbaşa fərqli şəkillərdə, fərqli dərəcələrdə
qatılırlar. Mütəxəssislər tarixi cümlələrin
hər bir üzvünün qrammatik bitkinlik göstərə
biləcəyini qeyd edirlər. Qədim dövrdə hər
bir cümlə içində özünü yaradan üzvlərin
sayı qədər cümlə olarmış. Belə bir
quruluşu təsəvvür etmək çətin olsa da, bu
cümlə çərçivəsində sadəliyin,
konkretliyin ən bariz halıdır. Deməli, cümlə
yaranmasının ilkin çağında poliprekativlik
(çoxlu saydakı qrammatik bitkinlik) şəklinə
uyğun olaraq Aristotel məntiqi (səlis məntiq) prinsipləri
əsasında qurulmuşdu. Daha sonralar bu vəziyyət
yavaş-yavaş ortadan qalxar və cümlənin yaranma istəyi
qeyri- səlis məntiq yönünə çevrilir.
Müəlliflərə görə, morfoloji müstəvidə
dil ünsürlərinin gözlə görünməyən əlaqəsi
Lütfi Zadənin prinsiplərindən yola çıxaraq
açıqlana bilər. Aristotelin iki zidd qrup arasında
üçüncünü kənarda tutub buna "Üçüncünü
istisna qanunu" dediyi bilinir. Amma Herodot iki qütb arasında
üçüncünü tapmışdı. Adamlar
vardır, sağdır. Adamlar vardır, ölmüşdür.
Bir də adamlar vardır, dənizə
çıxmışdırlar. Yəni onlar nə
ölüdür, nə diridir. Bu üçüncü hal
Herodot tərəfindən "ölmüş" və
"sağ adamlar" arasına yerləşdirilmişdi.
Lütfi Zadə iki zidd qütb arasında
üçüncünün, hətta
dördüncünün olmasını, hətta sonsuz sayda dəyərlərin
olmasını istisna hal saymır. Bunun "Dədə
Qorqud" dastanlarında real nümunələri var. Bu da
dastanın yarandığı qədim dövrdə türklərin
şüurunda yer alan demokratikliyin varlığına işarədir.
Morfoloji müstəvinin köməkçi hissələrinin
bəziləri, məsələn qoşmalar öz əlavə
yükləri ilə söz sahəsində xidmət edir.
Onların ilkin mənalarını müəyyən etmək
çətindir, ancaq ilkin mənasını mətn və
şərhlər yardımı ilə bir şəkildə
göstərir. Məsələn, kimi qoşması. Dildə ən
çox oxşarlıq mənası ilə işlədilir. Bu
məna ilə ədəbi dil sahəsinə ayaq basan kimi
qoşması daha sonra orada öz inqilabının səbəbi
olur. Kimi qoşmasının dərinliyində başqa bir məna,
eynilik mənası parıldamaqdadır. "Yuxarıda
söylədiyimiz kimi" deyimində "kimi" eynilik mənasını
az da olsa, qorumaqdadır. Yuxarıda söylənənlərlə
indi söylənəcəklər
arasında eynilik vardır və bu da "kimi"
qoşması vasitəsilə verilməkdədir.
"Lüğət müstəvisində qeyri-səlisliyə"
həsr olunan onuncu bölmədə bildirilir ki, lüğət-dil
ünsürü özünü dil müstəvisində dəyişməz,
sabit bir dəyər kimi göstərir. Söz müstəvisinə
keçincə əlavə məna yükləri qazanır.
Beləcə, məna müxtəlifliyi ortaya
çıxır və bunlar müəmmalı, yəni
anlaşılması çətin söz təsiri yaradır.
Bəzən məna cəhətdən açıqlıq
qazanması bağlam və şərtlər vasitəsiylə
olur. Belə bir qeyri-müəyyənlik "qeyri-səlis məntiqə
daxil olmağın ən sadə yoludur" - deyilə bilər.
Mövzuya daha geniş bir aspektdən yanaşanda söz
müstəvisindəki bütün dil ünsürlərinin
müəmmalı şəklə sahib olduqları, hər
birində qeyri- səlisliyin az, ya çox var olduğu
görünə bilər. Daha açıq demək
mümkündürsə, sözlər niqab kimidir. Bəzən
tamamilə, bəzən qismən işarə etdikləri əşyanın
üstünü örtər.
On birinci bölmə "Cümlə və qeyri-səlislik"lə
bağlıdır. Cümlənin təbiətindəki ikili
durum qeyd edilərək göstərilir ki, biri cümlənin
qanuni təbiəti, digəri məna cəhətdən təbiətidir.
Bu iki durum ahəngdar sözlərin qrammatik qaydalara uyğun bir
şəkildə birləşməsini və digər cümlələrin
qurulmalarını şərtləndirir. Beləcə,
cümlə dilə və sözə aidliyini göstərir.
Cümlə şəxsi sonsuz sayda var olma xüsusiyyətləri
ilə sözə, sonu olan quruluş xüsusiyyəti ilə
dilə aiddir. Söz müstəvisində cümlə kimi istənilən
bir dil ünsürü yoxdur. Bu söz müstəvisində əsl
cümlənin saysız olması ilə açıqlana bilər.
Cümlə səsdən, kəlmədən fərqli bir dil
ünsürü deyil. Dil müstəvisində bu ünsür
ancaq qurğu olaraq var ola bilər. Cümlə yalnız
söz müstəvisində var. Cümlələr birliyi-mətn
olmalıdır ki, əlaqə qurulsun. Bir cümlə digərinin
əlavə məna yükü kimi bir funksiyanı yerinə
yetirir.
"Mikromətn və qeyri-səlis məntiq"
adlı on ikinci bölmədə cümlədən
böyük birliklərdən bəhs edilir. Daha öncə
cümlənin əlaqəyə xidmət edə bilmədiyi, əlaqənin
yaranması üçün ən az iki cümlə, yəni
mikromətn olmasının vacib olduğu söylənmişdi.
Mükəmməl əlaqənin qurulması üçün
daha böyük bir söz ardıcıllığı
ünsürünün varlığı, yəni mətnin
olması vacibdir. Dilçilikdə mikromətn yaxud sintaktik
bütünlük (cümlədən böyük, yəni mətn),
cümlələrin bir-biriylə əlaqəsini təşkil
edən cümlədən böyük, söz
ardıcıllığı olan dil ünsürüdür.
Mikromətnlər çoxmənalı cümlələrin
bir-biriylə əlaqəsi nəticəsində qurulurlar.
Əslində onun da digər dil-söz ünsürləri kimi
söz fəallığında yeri var. Onun əlavə məna
çaları özünü quran hər cümlənin
yanında gətirdiyi məna yüklərinin cəmindən əmələ
gəlir. Böyük mikromətni quran cümlələr
birliyi mikromətn kimi davranır. Mikromətnlər birləşib
böyük mətni, yəni makromətni qururlar. Makromətn müstəvisi
qeyri-səlis məntiq prinsiplərinin onda yerləşməsi
üçün geniş baxış tərzi yaradır
On üçüncü - "Dilçilik elmi və
süni intellekt" adlandırılmış bölmədə
dil-süni intellekt əməkdaşlığı ilə
görüləcək işlər üzərində durulub.
Dil və sözsüni intellekt sistemi ilə yaxından əlaqəlidir.
NLP (təbii dil yaratma) onun ayrılmaz parçasıdır.
Dilçilik prinsiplərinə söykənən süni
intellekt rəqəmsal və qeyri-səlis üsullar əsasında
yaradılmış korpuslarla dil modellərindən
faydalanır. Dilin incəliklərini daha yaxşı anlamaq
üçün insan-maşın əlaqələrində
dildən necə faydalanmaq lazım olduğu
araşdırılır. Süni intellekt böyük həcmli
məlumatların sürətli şəkildə tədqiq
edilməsinə imkan verən tutarlı bir vasitədir. Nəticədə
hər iki sahənin gücü dilçilikdə yeni pəncərələrin
açılmasına kömək edir.
"Bədii dil və qeyri-səlis məntiq"
adlandırlmış on dördüncü bölmədə məlumat
verilişinin pozulması təhlil olunur. Bədii mətn məlumat
verərkən çeşidli yönlərdən kəsintiyə
uğraya bilər. Gurultu səbəbi ilə yaranan bu kəsinti
yalnız bədii mətndə deyil, bütün verilən məlumatların
yerinə çatmasında görülür. "Səs-küy"
ifadəsinin yerini tutan küy sözünün mənası
sehrli söz kimidir. Anlaşılmaz, məntiqsiz və mənfi
mənalı bir söz sayılır. Xarici qaynaqlıdır.
Çincədə "kü" musiqi deməkdir. Çincədən
Azərbaycan türkcəsinə girəndə mənəvi,
çağdaş, sosioloji təsirlər səbəbi ilə
yüz səksən dərəcə dəyişib. Verimli əlaqə
üçün mənalı küy problemini həll etmək
lazımdır.
lll
Dil-söz kimi qarışıq bir sistemin hər
nöqtəsində qeyri-səlis məntiqin izlərini
görmək mümkündür. Əslində qeyri-səlis məntiqin
izlərinə günlük həyatımızda da tez-tez rast
gəlirik. Dil-söz səviyyəsində qeyri-səlis məntiq
düşüncə tərzinin, bütünlükdə
qeyri-səlis məntiqin ortaya çıxışını
axtarmaq insana nə qazandırar? Hər şeydən əvvəl
dil-söz qatının dərinliklərində gizlənib
qalmış münasibətlər və mahiyyətlər mənzərəsinin
çoxluğu ilə göz qamaşdırdığı
deyilə bilər. Bu zəngin varlıq yenidən gözdən
keçirilmə şansı qazanır.
Qeyri-səlis məntiqlə düşünüb
düşüncələrini açıq-səlis məntiqlə
həyata keçirənlər liderlik özəlliyinə
sahib, üfqü geniş insanlardır. Qeyri-səlis məntiqlə
düşünmələri normal insan məntiqinin xaricində,
həyatın axışında dərinlərdə, uzaqlarda
olanları görmələrini reallaşdırmaqdadır. Elm
adamları deyirlər ki, məqsəd nə qədər
fantastik görünürsə, bir o qədər də
ağlasığmaz və realdır.
Ağlasığmazlıq qeyri-səlislik düşüncəsinin
əsasını təşkil edir. Qeyri-səlis məntiqin cəmiyyətə
verdiyi töhfələr və liderlik problemi hər sahədə,
hər tərəfdə özünü göstərir.
Qeyri-səlis məntiqin cəmiyyətə verdiyi faydalar nəticəsində
bütün elmi sahələrdə yararlı
çalışmalar aparılacaq, yeni yanaşmalar əmələ
gələcək, çünki qeyri-səlis məntiq yeni
baxış tərzlərini açığa
çıxarmağa gücü çatan dayaq nöqtəsidir.
Kərimə ÜSTÜNOVA,
Professor
525-ci qəzet .- 2025. -5 aprel(¹56).- S.18-19.