Bəhiyyə
xanım Naxçıvani - yaxud Avropa səfərinin əsas
yekunu
Dostlar, Novruz tətilində özümə hədiyyə
etdiyim Avropa səfərinin ilk "dayanacağı" –
Niderlanddakı təəssüratlarımı artıq
bölüşmüşdüm. Fikrim vardı ki, sonrakı
"dayanacaqlar" – Belçika, Fransa, İsveçrə və
Almaniyanın müxtəlif şəhəfrlərində
gördüklərim və təəssüratlarım haqda da
daha bir status yazım. Amma Strasburqdakı bir görüş
bütün bu planlarımı alt-üst etdi.
Odur ki, mətləbə keçməzdən əvvəl istərdim ki, əvvəlcə məni
bu səfərə dəvət etmiş tarixçi və
diplomat dostlarıma bütün bu səfər zamanı mənə
göstərdikləri diqqət, qayğı və əvvəlcədən
düşünülmüş səyahət planlarına
görə, bu səyahəti hər barədə rahat, məzmunlu,
maraqlı, dadlı və xoş etdiklərinə görə
hədsiz minnətdarlığımı və
çox-çox təşəkkürümü bildirim. Yəqin
ki, gəzdiyim şəhərlər haqda sonrakı statusumda təəssüratlarımı
bölüşərəm. Amma bu səfərin ən gözlənilməz
və unudulmaz görüşü haqda təfsilatı ilə
indi yazmaq istərdim.
Strasburqa gəldiyimin ikinci günü şəhərlə
tanışlıqdan sonra dostum məndən: "Heç
bilirsiniz bu şəhərdə kim yaşayır? Bəhiyyə
xanım Naxçıvani adı sizə nə isə
deyir?" – soruşur. Heyrətlə
ayaq saxlayıram: "Əlbəttə!!!"
Görkəmli ziyalımız, alim və diplomat,
hazırda ölkəmizin Bosniya və Herseqovinadakı səfiri
Vilayət Quliyevin bu il yanvar-fevral aylarında "525-ci qəzet"də
"Naxçıvandan dünyaya" başlıqlı məqalələr
silsiləsindən sonuncu yazı tamamilə Bəhiyyə
xanım Naxçıvaniyə həsr olunub.
Vilayət müəllimin bir kitablıq hekayəti əslində
bu şəcərənin əsasını qoyan çox
maraqlı, və təəssüf ki, Azərbaycan oxucusuna
çox az məlum olan, ya heç tanış olmayan bir şəxsiyyətdən
– Mirzə Ələkbər Məmmədxanov –
Naxçıvanidən başlayır.
XIX əsrin sonlarında, anadan olduğu Ordubaddan Qori
seminariyasına gəlməklə, uşaqlıq və tələbə
dostu Cəlil Məmmədquluzadə ilə birgə qədəm
qoyduğu təhsil və maarifçilik yolunda fəaliyyətə
başlayan Ələkbər Məmmədxanov sonradan öz
missiyasını yeni dini cərəyan sayılan və
özünəməxsus ictimai-əxlaqi dəyərləri
olan Bəhailiyə xidmətdə görmüşdür.
Bütün həyatını bu dəyərlərin
yayılması və qəbuluna həsr etmiş, həmin
dinin “üç sütunu sayılan” (Bab, Bəhaulla,
Əbdülbəha) ruhani rəhbərlərindən sonuncusu -
Əbdülbəhanın yanında müşavir səviyyəsinə
yetişmiş, Lev Tolstoydan başlamış Musa
Nağıyevə qədər, dövrünün ən
tanınmış şəxsləri ilə bəhailik dini cərəyanı
ətrafında sıx təmaslar qurmuş və artıq Mirzə
Ələkbər Naxçıvani kimi tanınmış bu
soydaşımızın övladları, oğul və
qızları, daha sonra nəvə və nəticələri
də dünyanın ən müxtəlif qitə və
ölkələrində yaşamaqla bəhai dininin
daşıyıcıları, ardıcılları və təbliğatçıları
olmuşlar. Lakin onların bir çoxu bu missiyanı heç
də özlərinin əsas məşğuliyyəti etməyərək
ayrı-ayrı peşə və sənətlərə də
yiyələnmiş, öz sahələrində
tanınmış mütəxəssislər olmuş,
mümkündür ki, bu vasitə ilə də mənsub
olduqları dairələrdə bəhailiyə daha geniş
diqqət və maraq oyatmışlar.
"Naxçıvani" adı ilə Ordubaddan
başlayaraq İrana, daha sonra
Afrikaya, Avstraliya, Amerika və Avropaya qədər
yayılmış bu şəcərənin tarixi ilə
maraqlananları Vilayət Quliyevin "Naxçıvandan
dünyaya" məqalələr silsiləsini oxumağa
yönəldərək bu söhbətimizin qəhrəmanına
qayıdaq.
Mirzə Ələkbərin nəvəsi, Əli
Naxçıvaninin (1919-cu il sentyabrın 17-də
Bakının Şüvəlan kəndində
doğulmuşdur) qızı - tanınmış
yazıçı, tədqiqatçı, ingilis ədəbiyyatı
mütəxəssisi, bəhailiyin tarixinə, məşhur
şəxsiyyətlərinə dair bədii-publisistik əsərlərin
müəllifi Bəhiyyə Naxçıvani 1948-ci ilin
fevralında Tehranda doğulmuş, 3 yaşında ailəsi ilə
Afrikaya, Uqandanın paytaxtı Kampalaya
köçmüşdür. Orta təhsilini Böyük
Britaniyada, ali təhsilini Birləşmiş Ştatlarda,
Massaçusets Universitetində alan Bəhiyyə xanım
ingilis dilli ədəbiyyat üzrə mütəxəssis
olmuş, Kanada, ABŞ, İsrail, Kipr və Belçikada, eləcə
də müxtəlif Afrika ölkələrində Avropa və
Amerika ədəbiyyatını tədris etmişdir,
Belçikanın Lyej Universitetinin fəxri doktoru dərəcəsinə
layiq görülmüşdür. Uzun illər elmi-pedaqoji fəaliyyətlə
yanaşı, müxtəlif ölkələrdə bəhailiyə
dair mühazirələr oxumuş, sonralar isə
özünü yazıçı kimi
sınamışdır. İlk bədii əsəri - alleqorik
səciyyəli "Xurcun, yaxud şəkk gətirənlər
və axtaranlar üçün nağıl" romanı dərhal
dünya bestsellerinə çevrilməklə müəllifinin
təkrarsız istedadı, cəlbedici ədəbi üslubu və
novator yaradıcılığı ilə Avropa miqyasında ədəbi
dairələrinin diqqətini cəlb etmişdir. Bəhailiyin əsasını
qoyan Babın yeganə qadın silahdaşı Tahirə
Qürrətüleynin həyat və mübarizəsinə həsr
olunmuş "Çox oxuyan
qadın" romanı 2007-ildə Böyük Britaniyada
"ilin üç ən yaxşı kitabı"
sırasına salınmışdır. İngilis dilində
yazdığı bu və digər romanları fransız,
italyan, ispan, rus, türk, Koreya, polyak, alman, yunan, yəhudi,
Danimarka və digər dünya dillərinə tərcümə
olunub. "Tayms" jurnalının Ədəbiyyat əlavəsi
(“Times Literary Supplement”) onu müasir dövrün "super
İran romançısı" adlandırıb.
İndi, Strasburqun ortasında ayaq saxlayaraq “Bəhiyyə
Naxçıvani adı sizə nə isə deyir?”
soruşan diplomat dostumla Vilayət
müəllimin yazılarından aldığım bu məlumatları
bölüşürəm və onun necə sevindiyini
görürəm. Belə ki, iştirak etdiyi tədbirlərin
birinin proqramında "Naxçıvani" soyadına diqqət
yetirmiş bu çox savadlı, ziyalı, vətənpərvər
dostum Bəhiyyə xanıma yaxınlaşaraq onunla
tanış olmuş, Bəhiyyə xanımın da "Azərbaycan"
kəlməsini eşidərkən nə qədər şad
olduğunu görmüş və beləliklə,
aralarında xoş ünsiyyət yaranmışdır.
İndi məndən Bəhiyyə xanımla tanış olmaq
istədiyimi soruşur, Bakıdan gəlmiş azərbaycanlı
bir alimin onun görüşünə gəlməsinin Bəhiyyə
xanıma da xoş təsir buraxacağını bildirir. Təbii
ki, istəyirəm. Bəhiyyə xanımla əlaqə
saxlanır, görüş günü təyin edilir. Az sonra
Bəhiyyə xanım özü dostumun telefonuna yazaraq mənim
adımı bir daha təkrarlamasını xahiş edir, bir
müddətdən sonra isə "bu görüşün
onun üçün şərəf olacağı" kimi
bir cavab göndərir.
Ehtimal edirik ki, Bəhiyyə xanım internetdən mənim
kimliyimi araşdırıb. Belə ki, təmas və əlaqələrində
çox diqqətlidir.
Təyin olunan gün və saatda Bakıdan gələn
bayram şirniləri, Azərbaycan çayı və bir
gül dəstəsi ilə Bəhiyyə xanımın
görüşünə gedirik. Bizi artıq açıq
qapıda, gülər üzlə və iranlılara məxsus
"xoş gəldin" ritualı ilə
qarşılayır. İranlılarla uzun illər təmas təcrübəmdən
Bəhiyyə xanımın bu istiqanlı və mehriban rəftarının,
söylədiyi sözlərin sadəcə etiket olmayıb tam
səmimi və ürəkdən gəldiyini dərhal hiss edirəm.
Sonrakı bütün iki saatlıq söhbətimiz elə bu
yüksək emosional və təbii
ruhda keçir.
Bəhiyyə xanımın Vilayət müəllimin
məqalələr silsiləsindən xəbəri var,
Bakıdakı bəhai icmasından göndəriblər, amma
oxuya bilməyib, odur ki, məzmunu, xüsusilə özü
haqqında nə yazdığını bilmək istəyir. Mən
ümumi məlumat verirəm, dostum telefonda “525-ci qəzet”in
saytındakı yazıları, şəkilləri ona
nümayiş etdirir. Özü haqda yazılanları eşidərkən
riqqətə gəlir, utanır, gənc qızlar ki,
"ooh" deyə əli ilə üzünü
örtür, həqiqətən çox təvazökardır.
"Vilayət Quliyev mənim kitablarım haqda bu incəlikləri
haradan bilir, necə dəqiq tutub" - deyə heyrət
içindədir. Vilayət müəllimin bu əsərləri
ingilis dilində oxuduğu, özünün də
böyük ədəbiyyatşünas alim olduğunu söyləyirəm.
Birdən ağlıma gəlir ki, onların
tanışlığı üçün əsl məqamdır,
izn alıb hazırda Bakıda olan Vilayət müəllimə
telefon edirik. Bizim də səsli dinlədiyimiz bu dialoqun
doğurduğu təsiri sözlə ifadə etmək
çox çətindir. Ümid edirəm Bəhiyyə
xanım və Vilayət müəllim özləri bu ilk həyəcanlı
tanışlıq haqda nə vaxtsa yazarlar. Yalnız bununla
kifayətlənək ki, Vilayət müəllim hazırda bu
məqalələr əsasında kitab üzərində
işlədiyini, onu 3-4 aya bitirmək və nəşr etmək
niyyətində olduğunu bildirir. Baş tutarsa, Bəhiyyə
xanımı həmin kitabın təqdimatına, Bakıya gəlməyə
dəvət edir. "Oh, mütləq, mütləq!" - deyə
Bəhiyyə xanım ürəkdən həm kitab, həm dəvət
üçün hədsiz minnətdar olduğunu bildirir və
Bakıya gələcəyinə söz verir. Bakıda
yalnız bir dəfə olub. 1995-ci ildə yerli bəhai
icmasının dəvətilə atası Əli
Naxçıvani ilə Azərbaycana bir həftəlik səyahət
edib, Naxçıvana, Ordubada da gediblər.
İngilis dilində bir kitabını isə Vilayət
müəllim üçün xatirə sözləri ilə
ona çatdırmağı bizdən xahiş edir.
Mən o səfərdən artıq 30 il
ötdüyünü, Bəhiyyə xanımın bizim
üçün ən əvvəl dünya şöhrətli
yazıçı, ictimai-fəlsəfi və mədəni-əxlaqi
fikir daşıyıcısı və publisist kimi, eləcə
də öz ata-babasının adını daşıyan və
şöhrətləndirən fəxri bir
soydaşımız kimi çox dəyərli olduğunu
bildirirəm. Onun bəhai inancına böyük ehtiramla
yanaşdığımızı, İrandan fərqli olaraq
ölkəmizdə bəhailiyin ardıcıllarının
öz dinlərinə sərbəst sitayiş etdiklərini
vurğulayıram. Bəhiyyə xanım eşitdiklərindən
çox-çox razıdır, lakin səhhəti ilə
bağlı bir problemi var, dizlərində olan ağrılara
görə hərəkətləri bir qədər məhduddur.
Qoltuq ağacına işarə edir, əslində əməliyyat
olunmalıdır, hələ ki, fikirləşir. Amma bu qədər
səmimi söhbətdən, ailəsi haqda nəşr olunacaq
kitabdan və dəvətlərdən sonra artıq məhz
Bakıya gəlmək üçün elə bizim
qarşımızda əməliyyata qərar verdiyini bildirir.
Qeyd edim ki, Bəhiyyə xanım çox diqqətli və
iti müşahidəsi olan xanımdır,
maraqlandığı məsələlər haqda suallar verir.
Mən Bəhiyyə xanımla farsca, dostum isə ingiliscə
danışırıq. Bəhiyyə xanım mənim farscama
heyrət edir, atamın Ərdəbildən olduğunu bildirirəm,
amma fars dilim bu səbəbdən gəlmir, o tayda yaşayan
qohumlarımla ana dilimizdə danışırıq, sadəcə
ixtisasca iranşünasam. "Bəli, bəli, oxudum ki,
iranşünassınız" - deyə Bəhiyyə
xanım cavab verir və bizim ehtimalımızı təsdiq
edir.
Bəhiyyə xanım öz hekayəsi daxil 12
novelladan ibarət fransız dilində kitabı mənə hədiyyə
edir.
Britaniya vətəndaşı olan, lakin uzun illərdir
ki, Fransada yaşayan Bəhiyyə xanımın mənzilində
mənim artıq iranlı ailələrində çox
gördüyüm məxsusi dizayn və abu-hava var, farscası
çox mükəmməldir, hərçənd özü
razı deyil, çünki bu dili uzun illərdir elə də
işlətmir, bəlkə yalnız iranlılarla azsaylı
görüşlərdə. Bəhai olduğu
üçün İrana gedə bilməz, hətta bu qədər
şöhrəti qarşısında.
Burada ona bir sual vermək üçün izn istəyirəm.
Heyrətlənir, çünki bayaqdan çox sərbəst
söhbət edirik, maraqla - "buyurun" - deyir. Onun
özünü hansı "kimlikdə" hiss etdiyini
soruşuram. "Oh. Nə gözəl sual!" - deyə bir
daha emosional cavab verir, sonra birdən ciddiləşir və fikrə
gedir... Araya bir sükut çökür. Artıq dostumla mən
tam diqqət kəsilmişik.
Tanışlığımızın əvvəlində İrandan, xaricdəki
iranlılardan və s. xeyli danışmışıq. Əgər
indi "iranlı" desə, heç təəccüb etmərik,
amma nə eşidirik... Bir qədər tərəddüdlə
"yəqin ki, azəri..." deyir. Bu dəfə mən və
dostum ürəkdən bir "Ooh!!!" çəkirik və
bizim bu reaksiyamız qarşısında Bəhiyyə
xanım, sanki bizi inandırmaq istəyirmiş kimi əlavə
edir: "Mən doğulduğum İrandan 3 yaşımdan
çıxmışam, ailə münasibətlərimizdən
irəli gələrək fars dilini saxlasam da, bu ölkə ilə
heç bir bağlantı hiss etmirəm. Bəlkə də ən
müxtəlif ölkələrdə yaşadığım,
işlədiyim, yaratdığım üçün, eləcə
ardıcılı olduğum dinin məziyyətlərinə
görə özümü dünya vətəndaşı
hesab edə bilərdim, amma yox... Mən axı bilirəm ailəmin
kökləri hansı torpağa bağlıdır, atam da məni
o torpağa, Azərbaycana, Naxçıvana, Ordubada aparıb
axı... Mən bu bağları hiss edirəm axı..."
İndi də dostumla mənim həyəcanımızı,
qəlbimizi bürüyən riqqəti ifadə etməyə
söz tapmıram.
Mən onun Azərbaycana olan bu bağlantısının
birbaşa qan yaddaşından irəli gəldiyini
düşündüyümü söyləyirəm,
babasının ahıl çağında Bəhailiyin mərkəzi
olan Hayfadan vətənə qayıtdığını,
bütün qalan ömrünü Bakıda, Şüvəlanda
yaşadığını xatırladıram. "Bəli, bəli"
- deyə xeyli duyğulanmış Bəhiyyə xanım bu
mövzunu məmnuniyyətlə davam etdirir, bəzən
iranlı tanışları ilə söhbətlərində,
xüsusilə həssas məsələlərdə fikirləri
toqquşanda, onlara "mən misli şoma irani nistəm, azərbaycani,
azəri həstəm" (mən sizlər kimi iranlı deyiləm,
azərbaycanlıyam, azəriyəm) - deyə cavablar verdiyini
bildirir.
Görüşümüz bu yüksək əhval-ruhiyyə
ilə bitir, sonda qərar veririk ki, diplomat dostumuz təcili
olaraq Vilayət müəllimin bu Naxçıvanilər haqda
silsilə məqalələrini ingilis dilinə tərcümə
edib Bəhiyyə xanıma versin və Bəhiyyə xanım
da məqalələrdə yer almayan bəzi məqamlara dair
bilgilərini, eləcə də atası ilə
özünün 1995-ci il səfərinin təəssüratlarını
Vilayət müəllimin yeni kitabı üçün ona
göndərsin. Bəhiyyə xanım həmin səfərdən
qayıtdıqdan sonra, hələ o vaxtlar təəssüratlarını
həm öz qızı, həm də qardaşı
oğlanları ilə bölüşüb, yəni əlində
hazır materiallar var, sadəcə "onları səliqəyə
salmaq lazım gələcək" - deyə bu işi məmnuniyyətlə
görəcəyinə söz verir.
Sonda Bəhiyyə xanımın zahirən təsvirini
verməyə ehtiyac qalırmı... Belə ki, orta boylu, zərif,
çox məlahətli, saçlarına çal düşsə
də, qadın cazibədarlığını saxlamış
bu xanımın gözlərində parlayan həyat eşqini,
bütün görünüşü ilə od-alov
püskürən enerjisini sözlə ifadə etmək
mümkün deyil. Əminəm aşağıdakı şəkillərdən
az da olsa bu enerji sizə də sirayət edəcək.
Böyük ziyalımız, maarifçi və alim
Vilayət Quliyevə Azərbaycanın XX əsr ictimai və
dini fikir tarixinə yeni istiqamət və adlar gətirmiş
Ələkbər Məmmədxan Naxçıvanilər ailəsi
haqqında kitabı tezliklə bitirməsini və nəşr
etməsini arzulayaq.
"Azərbaycan" adını hər dəfə
böyük şövqlə çəkən və
soy-kökünə bu qədər ürəkdən
bağlı olan Bəhiyyə xanım Naxçıvaniyə
isə - məhz Bakıya "sərbəst gəlmək və
Vətən torpağına rahat qədəm qoymaq"
üçün (dostumuzun zarafatyana "sizi əllərimiz
üstə apararıq" sözlərinə verdiyi cavab) gedəcəyi
əməliyyatın uğurla başa çatmasını və
Vətən torpağına bir daha rahat qədəm
qoymasını arzulayaq.
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2025. -5 aprel(¹56).- S.16;17.