25 İLƏ
QAZANILMIŞ 1 MÜBARƏK GÜN
Nə yaxşı ki, heç olmazsa, Cahangir Zeynalovu
görmüşləri görə bildik. Ekrandan,
haqqındakı yazılardan, tələbələrinin
söhbətlərindəntanıdığım Rza Təhmasiblə
(1894-1980) mən ilk dəfə tələbə ikən
görüşəndə o,yaşlı bir insan idi və Azərbaycan
kinosunun, Azərbaycan teatrının tarixində silinməz izlərini
artıq qoymuşdu.
1970-ci illərin ortaları idi, radio verilişinə səsini
yazmaqçün evinə getmişdim, yazılışa
hazırlıq əsnasında məndən hal-əhval sorurdu,
universitetin şərqşünaslıq fakültəsinin fars
bölməsində oxuduğumu bilincə "Nə
yaxşı!" - dedi. Və ardınca fars dilində Sədidən
bir beyt söylədi. Təəccübləndim.
"Hamı məni aktyor, rejissor, müəllim kimi
tanıyır, amma mən bir ara diplomatik işlə də məşğul
olmuşam, 1920-ci illərin əvvəllərində Azərbaycanın
Türkiyədəki səfarətxanasında tərcüməçi
işləmişəm, birinci səfirimiz məşhur
İbrahim Əbilovun yanında olmuşam, farscanı, ərəbcəni
isə hələ əsrin əvvəllərində
Naxçıvanda Məhəmmədəli Sidqinin "Məktəb-i
tərbiyə"sində öyrənmişdim".
Həmin gün Azərbaycan radiosunda Mirzə Fətəli
Axundzadə haqqındakı verilişə Rza Təhmasibin
1943-cü ildə çəkib tamamladığı "Səbuhi"
filmi haqda yaddaşlarını lentə almaqçün
getmişdim. Ancaq söhbət uzanmışdı. Radionun
ovaxtkı səsyazan reportyorlarını götürəndə
bizə hərəsinin yarım saatlıq həcmi olan iki lent
dolağı verərdilər. "Səbuhi"dən
danışandan sonra Rza Təhmasibə başqa çox
suallar vermişdim, lent bitmişdi, vədəsini alıb iki
gün sonra Rza Təhmasibin mənzilinə yenidən gəlmişdim,
başqa maraqlı xatirələrini söyləmişdi,
yazmışdım və o söhbətlərin içindən
Cahangir Zeynalov da keçmişdi.
Rza Təhmasib mahir aktyor, qabil rejissor olmaqla bərabər,
həm də teatrımız, kinomuz üçün yeni nəsillərin
yetişdirilməsinə töhfələr verən bir ustad, dərs
verməkdə davam edən təcrübəli müəllim
idi. Bu səbəbdən də onun istər haqqında bəhs
etdiyi digər sənət xadimləri, istərsə də
Cahangir Zeynalov barəsində danışdıqları həm
də bir sənətşünasın baxışı kimi
idi və o xatirələrdə həmin şəxsiyyətlər
bütün çoxrəngliliyi ilə
görünürdü. Rza Təhmasib nağıl eləyirdi
ki,Cahangir Zeynalovu görməmişdən görüb. Yəni
1915-ci ildə Rza Təhmasib Tiflisdən köçüb gəlir
Bakıya, Azərbaycanın teatr həyatı ilə bilavasitə
bağlanır. Əlbəttə, Tiflisdə olanda da o,
Bakının teatr mühitindən yaxşı xəbərdar
idi. Tiflisdəki Azərbaycan teatrının aparıcı
simalarından biri kimi Bakıdan oralara səfər edən hər
tanınmışla, hər teatr xadimi ilə ilk
görüşənlərdən biri elə Təhmasib
olurmuş. Yada salırdı ki, o vaxtlar Əbdürrəhimbəy
Haqverdiyev ara-sıra Tiflisə gələrdi, azərbaycanlı
maarifpərvərlər, teatra bağlı insanlar xəbər
tutunca toplaşardıq Əbdürrəhim bəyin ətrafına,
suallarımızın arası kəsilməzdi, ən
çox da teatr həyatı ilə maraqlanardıq.
Əbdürrəim bəy danışardı, bircə-bircə
üzdə olan aktyorlardan, rejissorlardan söz açardı,
onların ustalıqlarını xırdalayardı, dərinliklərə
gedərdi, ancaq iki nəfərin adını xüsusi
hüsn-rəğbətlə çəkərdi - Cahangir
Zeynalovun, bir də Hüseyn Ərəblinskinin. Hər dəfə
onların adlarını xüsusi ahənglə,
vurğulayaraq çəkərdi, onlardan danışanda
gözləri xüsusi səmimiyyətlə parlayardı.
Bunlar unudulmaz Rza Təhmasibin dəqiq, dilindən qopan
sözlərdir. Söyləyirdi ki, 1915-ci ildə gəldim
Bakıya və haqqında qəzetlərdən oxuduğum,
qaibanə eşitdiyim tamaşalara acgözlüklə
baxmağa başladım; Əbdürrəhim bəy
Haqverdiyevin vaxtilə söylədikləri ilə,
yaddaşımdakısurətlərlə indi səhnədə
gördüklərimi tutuşdururdum, Cahangir Zeynalovun
ayrı-ayrı tamaşalarda ifa etdiyi rolları
görürdüm, belə nəticəyə gəlirdim ki,
Əbdürrəhim bəy deyənlər yüz faizli
düzmüş.
Və ilk gördüyü tamaşalardan, sonrakı
illərdə izlədiyi Cahangir Zeynalovdan Rza Təhmasibin hafizəsində
bir mühüm müşahidədə qalmışdı.
Deyirdi ki, Kəblə Cahangir səsini dəyişməzdi.
Ancaq onun səsinin qəribə xüsusiyyəti vardı.
Rollar müxtəlif idi. Bir-birindən tamamilə fərqli
rollar, ayrı-ayrı libaslar, ayrı-ayrı səhnə tərtibatı,
səssə həmin səs. Ancaq fərqli rollar oynasa da, səs
eyni qalsa da, sanki səs dəyişmiş olurdu.
İfasının tərzi ilə Cahangir Zeynalov elə təəssürat
yaradırdı ki, sanki bu səs o səs deyil. Sanki bu səs
artıq başqa bir adamın səsidir. Elə səhnədəki
obrazın özünün tək ona məxsus olan, heç kəsdə
olmayan səsidir.
Cahangir Zeynalovun səsindəki bu özü kimi
qala-qala müxtəlifləşə bilmək xüsusiyyəti
haqqında Rza Təhmasibin müşahidəsi
yaddaşımda idi. Ancaq günlərin birində Məmmədəli
Vəlixanlının Cahangir Zeynalov haqqındakı xatirəsini
oxuyanda yenə orada səs söhbətinə rast gəldim və
anladım ki, bir aktyor olaraq səslə həssas rəftar, səslə
oynamağa xüsusi diqqət elə Kəblə Cahangirin
özünəxas sabit yaradıcılıq üslubundan gəlirmiş.
Vəlixanlı da Cahangir Zeynalovla məktəbli ikən
ilk dəfə rastlaşmışdı.
Xatırlayırdı ki, 1912-ci ildə Cahangir Zeynalovun mənzilində
növbəti məşq gedirdi. "Hacı Qara"nı
hazırlayırdıq, mənə də Hacı Qaranın
oğlu Bədəlin surətini
tapşırmışdılar. Bu, kiçik, az sözlü
rol idi, tamaşada yalnız bir yerdə
görünürdü. O vaxtlar uşaq idim, mənə şəbeh
tamaşalarının təsiri güclü idi. Birinci gün
Cahangir Zeynalovun izahatlarına qulaq asanda elə zənn edirdim
ki, burda da məsciddə göstərilən
tamaşalardakı kimi hərəkət etmək
lazımdır. Hacı Qara suya düşəndə cır səsimi
bir az da eybəcərləşdirib "Ay aman, qoymayın, dədəm
batdı" sözlərini elə
çığırtı ilə dedim ki, məşqdəkilər
özlərini saxlaya bilməyib gülməkdən
uğundular. Bu məşqlərdə Cahangir Zeynalovun mənə
dediyi sözləri ömrüm boyu unutmamışam və
unutmaram da. Yadımdadır, o mənə deyirdi ki, oğlum,
özün kimi danış, elə bil ki, boğulan elə, həqiqətən,
sənin öz atandır.
Başqalarına da həmişə
səhnədə öz səsi ilə, öz çöhrəsi
ilə görünməyi tövsiyə edən, özü də
səsini bütün tamaşalarda, rollardan asılı olmayaraq,
həmişə eyni saxlayan Cahangir Zeynalovun əslində
müxtəlif olan təbiilik saçan səsi Azərbaycan səhnəsinin
dünənindən gəlir, bugünündən də dərs
və məktəb olaraq eşidilir, arzumdur ki, sabahından da
gəlsin.
Çünki o, elə bir iz qoyub, elə bir dəsti-xətt
yaradıb ki, həmin səsə biganə qalmaq mümkün
deyil.
Və bu səsin ən unudulmaz eşidilişlərindən
biri də XX əsrin əvvəllərində baş
tutmuş ayrı bir yubiley mərasimində olmuşdu.
1913-cü ildə Nəcəf bəy Vəzirovun
yaradıcılığının və ictimai fəaliyyətinin
40 ili tamam olurdu. O dövrdə Nəcəf bəy ədəbi-mədəni
mühitin qeyd-şərtsiz ağsaqqalı məqamında
idi. Ona görə də "Səfa" cəmiyyəti qərara
almışdı ki, bu 40 illik yubileyin keçirilməsi
üçün bütün imkanlar səfərbərliyə
alınsın,vəsait sərfində qətiyyən tərəddüdlər
edilməsin.
Ürəkdən hazırlaşırmışlar və
yubilyarın şərəfinə onun öz qələmindən
çıxmış "Yağışdan
çıxdıq, yağmura düşdük"
oynanacaqdı.
Həmin gecədə Nəcəf bəy Vəzirovun
özünü də, tamaşa salonuna toplaşanların hər
birini də həyəcanlandıran təsirli sözlər
söylənmişdi.
Çıxış edənlərdən biri və
göndərilmiş təbriknamələri təqdim edən
də elə Cahangir Zeynalov olmuşdu.
"Kaspi" qəzeti tarixin dünənindəki o
anları tutub saxlayıb, bugünə də
çatdırır. Cahangir Zeynalov sevimli müəllifi
haqqında danışırdı. Səhnədə idi və
səhnədə özünü həyatdakından da rahat
aparmağa qadir, bu yerdə başqalaşmağı bacaran
insan idi. Ancaq danışır, sözlərini axıra
çatdıra bilmir, qəhərlənir, göz
yaşında boğulur. Əlbəttə ki, ürəkdəki
məhəbbətin əks-sədası idi.
(Bunu o vaxt - 1913-cü il noyabrın 17-də
çıxan sayında "İqbal" qəzeti də qeyd
edib: "Kərbəlayı Cahangir Zeynalov əvvəlcə
mütəəssir ünvanları oxuyub ağlar gözlə
təsirli nitq irad etdi").
Çıxışlar bitəcək, Cahangir Zeynalov həmin
səhnəyə bir də çıxacaq.
Ayrı qiyafədə - Hacı Qəmbər kimi.
Oçağacan Bakıda da, digər bölgələrdə
də, Azərbaycandan kənarlarda da "Yağışdan
çıxdıq, yağmura düşdük" dəfələrlə
səhnədə olmuşdu. O tamaşaların bir çoxunda
da baş rolu elə Cahangir Zeynalov ifa etmişdi. Ancaq
bugünkü tamaşa tamam fərqli idi. Bu gün bayram
tamaşası idi. Bu gün əsas tamaşaçı Nəcəf
bəy Vəzirovun özü idi və həmin gün Cahangir
Zeynalov həm də rejissoru olduğu tamaşada xüsusi
şövqlə oynamışdı.
Bunun da əks-sədası yenə o
çağın, şəhərin səhnə həyatına
indinin sayca müqayisəedilməz dərəcədə bol mətbuatından
fərqli olaraq, operativ və peşəkar münasibəti dərhal
bildirən qəzetlərdə qalmaqdadır. Hacı
İbrahim Qasımov "İqbal"da yazırdı ki,
"həqiqətən, bu tamaşada Hacı Qəmbər
rolunu Kərbəlayı Cahangir bir cavanlıq həvəsi ilə
oynayıb öhdəsinə aldığı rolu qayət
şücaət ilə oynadı".
Aktyor kimi Cahangir Zeynalovun bir ayrı gücü də
onun başqalaşmaq qabiliyyəti, roldan-rola tamam ayrı bir insana
çevrilmək məharəti imiş.
Mahiyyətcə, ruhca Cahangir Zeynalov müsəlman səhnəsinə,
şərqli müəlliflərin, o sıradan, azərbaycanlı
ədiblərin yazdığı əsərlərə səmtlənmişdi.
Ancaq o, eyni müvəffəqiyyətlə Qərb müəlliflərinin
pyeslərindəki başqa psixologiya, fərqli əhvali-ruhiyyənin
daşıyıcısı olan obrazları da ustalıqla
canlandırırmış. Səbəb də bu imiş ki,
rusdilli səhnəni mütəmadi izləyirmiş. Yerli və
qastrola gələn məşhur aktyorların ifalarını
araşdırır, onların ifa xüsusiyyətlərini, hərəkətlərini,
danışıq tərzlərini incəliklərinə qədər
öyrənirmiş. Bunların quruca ehtimal
olmadığını təsdiqləyən ən etibarlı
şahid elə Cahangir Zeynalov özüdür.
Cahangir Zeynalovdan qalan yadigarların arasında öz xətti
ilə qələmə aldığı və 1916, 1917,
1918-ci illərdə baxdığı tamaşalarla əlaqədar
qeydlərini əks etdirən, indi Cəfər Cabbarlı
adına Teatr Muzeyində qorunan,bəzi vərəqləri
düşmüş 24 səhifəlik bir dəftərçə
də var ki, lap başlanğıcında bu müşahidələrin
nə məqsədlə aparıldığını dəqiq
nişan verir: "Əxz etdiyim hərəkətlər".
"Teatro dəftərçəsi"ndə Cahangir
Zeynalov qeydlər apardığı tamaşaların da,
oyununun ayrı-ayrı cəhətlərinə diqqət etdiyi
aktyorların da adlarını yazıb.
"Mister Vu", "Riqoletto", "Filavi
Tessei", "Qaçaqlar", "Yalan","Məkr və
Məhəbbət", "Hamlet", "Xəsis cəngavər",
"Qara qarğalar", "Otello", "Dəyirmançı",
"Faust", "17 yaşında sevgi", "Zəncirlər"...
Bunlar XX əsrin əvvəllərində rus
teatrlarının səhnələrindən düşməyən
əsərlər idi.
Bunlar da o illərin şöhrətli aktyorları ki,
Cahangir Zeynalov bal arısı kimi onların hərəsindən
bir şirə çəkməyi qənimət bilirdi:
Lyubimov, Lanskoy, Voronov, Şorşteyn, Petrov, Morozovski, Safronov...
Adi tamaşaçı kimi yox, sərraf təki
baxırmış ki, məşhur sənətkarlardan nələrisə
mənimsəsin, öyrəndiklərini, gərəkli
saydıqlarını bir az da cilalayaraq öz ifasına gətirsin.
Həm də komik rolların ifaçısı kimi ad
çıxarmasına rəğmən müşahidə
aparıb təhlillər etdiyi rolların arasında sırf
dramatik, tragik obrazlar da az deyildi.
Bu tamaşalardan hansılarındasa Kəblə
Cahangir artıq çıxış etmişdi,
hansılarınısa səhnəyə hazırlamaq ürəyindən
keçirdi, bəzilərində özü də rollar ifa etmək
niyyətində idi.
"Teatro dəftərçəsi"ndə Cahangir
Zeynalovun günün güclü rus aktyorlarının
ifasında xüsusi diqqət ayırdığı cəhət
onların səhnədəki hərəkətləri, səs
tonları, mimikaları, səhnədaşları ilə rabitələri
necə qurması idi.
Düşünmürəm ki, bu qeydlərini
tamaşa gedə-gedə edib. Yəqin, hər tamaşadan sonra
yadda saxladığı bu ayrıntıları kağıza
köçürür, sonra artıq bəlli model üzərində
öz əlavələrini də edərək işləyir,
beləcə, azərbaycanca tamaşalardakı müvafiq
rollarının daha təsirli alınmasına müvəffəq
olurmuş.
İfasını ən sürəkli seyr etdiklərindən
biri Şorşteyndir. Onun "Hamlet" oynayarkən
davranışlarını konspektləşdirir: "Qəmli,
başı aşağı daxil olub durur və
başını qalxızır. Danışan vaxtda
yoldaşlarının əlindən tuturdu və gah onları
qolları ilə qucaqlayırdı. Atasının dalınca
yüyürdükdə qılıncının dəstəsini
atası tərəfə tutdu. Atası ilə
görtüşəndən sonra ağladı. Heç bir
vaxt bir yerdə aram dayanmayırdı. Bir yerində yenə qəmli
daxil olub, əlindəki balaca qılıncı pilləkənə
söykəyib "Ola, ya olmaya"nı deyir" (Cəfər
Cabbarlının "To be, or not to be"ni "Olum, ya
ölüm" kimi sərrast tərcümə kəşfi
ilə çevirməsinə hələ çox
qalırmış və o ifadə hələ elə Cahangir
Zeynalovun yazdığı bu şəkildə verilirmiş -
R.H.).
Bu dəfə isə Şorşteyni "Otello"da təqib
edir. Həmin tamaşada Yaqonu Voronov oynayır. Cahangir bəy
onun da hərəkətlərini ardıcıllığı
ilə dəftərinə köçürür.
"Teatro dəftərçəsi"ni vərəqlədikcə
bunu da hiss edirəm ki, Kəblə Cahangir bu müşahidələrini
yalnız bir aktyor olaraq deyil, həm də rejissor kimi
sonrakı fəaliyyətlərində rəhbər
tutmaqçün cəmləyirmiş. Şəxsən iqtibas
edərək ifasına gətirdikləri öz yerində,
hazırladığı tamaşalarda da səriştəli
tövsiyələr verməkçün də bu qeydlər
çox əhəmiyyətli idi.
"Otello"dan qeydləri iki və
dördüncü pərdələrə aiddor: "Axırda
Otello Yaqoya pilləkanda (yəni taxtın pilləkanında)
oturub sözünü dedi. Sonra birdən durdu dayandı.
Əli ilə dik yerə işarə etdi.
Dördüncü pərdədə Yaqo gedəndən
sonra Otello yüyürüb çarpayının
üstündən atlanır və qapı pilləkanında
yıxılır. Tez durub yanakı oturur. Çox vaxt Yaqo
Otellonu arxadan qucaqlayırdı. Belə ki, Yaqonun əli onun
belində və başı da ərəbin çiynində
idi. Çox vaxt boğazdan danışırdı, qəşş
eləyən zaman əzzəlasta danışırdı.
Barmaqlarını yığıb-açdı. Titrədi.
Düz çarpayının üstünə
düşdü. Sonra sinəsi qalxıb-endi. Bir neçə
dəfə sinəsini qaldırıb və qarnını
yığırdı".
Yorucu olmasın deyə bu yerdə "Dəftərçə"dən
ayrılıram. Fikir verirsinizmi, ən xırda cizgilərə
də ikinci dərəcəli kimi baxmır. Hədəfdə
saxladığı aktyorlar necə nəfəs alıb, əlləri
necə hərəkət edib, nitqlərin tempi necədir, ahəngi
nə sayaqdır.
Tamaşa salonunda əyləşib baxandan ötrü
saat yarım, iki saat, üç saat davam edən pyes və
aktyorlar oyunu bir bütövdür. Aktyorlar və rejissordan
ötrü isə həmin zahirən kiçik vaxt çərçivəsinə
yüzlər və minlərlə belə-belə epizodlar
sığışır. Və haqqın yoxdur ki, onların
birinə də az əhəmiyyətli kimi yanaşasan. Bu qeydlər
ki Cahangir Zeynalov aparıb, 1916-1918-ci illərdə seyr etdiyi
tamaşalarla bağlıdır. Artıq kifayət qədər
oturuşmuş, bişkinləşmiş aktyor və rejissor
idi, arxada özünün belə sayını itirdiyi qədər
tamaşalar qalırdı. Amma öz üzərində belə
işləyirmiş, axtarışlardan doymurmuş, daha
çox kamilləşməyə
çalışırmış.
Cahangir Zeynalovun bu dəftərçəsi bugün
üçün də peşəsinə ürəkdən
bağlı hər aktyor və rejissordan ötrü dəyərli
örnəkdir.
Düzdür, indi başqalarının
ifalarını təhlil etmək, öyrənməkçün
ən müasir texniki imkanlar mövcuddur, audio və video
yazıları dönə-dənə fırladıb təkrar-təkrar
dinləmək mümkündür. Ancaq sənətkarın gərək
kağızı və qələmi də ola. Zaman həyatımızı
nə qədər elektronlaşdırsa da, teatr öz ilkinliyi,
təbiiliyi, həyata yaxınlığı ilə bizi həmişə
sınaqlardan çıxmış dədə-baba
üsullarından yan keçməməyə də
çağıracaq. Müşahidələrimizi, təhlillərimizi
bir vərəqdə yazıb düşünəndə o
yazdıqlarımızı elə birbaşa beynin lövhəsinə
həkk etmiş kimi olacağıq. İndinin
tanıdığım aktyorlarının,
rejissorlarının neçəsindən soruşdum, ötənlərdəki
kimi, "Rol dəftəri", ya Cahangir bəydə olan kimi,
səhnə hərəkətlərini və dinamikanı təsvir
edən dəftərlər saxlamaq vərdişini çoxdan tərk
ediblər.
Teatr, səhnə, tamaşa meydanı vaxtın ən
yeyin sürətlərinə rəğmən yüzillər
və hətta minillər əvvəldən var olan bir
çox adətlərini, qəliblərini, ənənələrini
hifz etməkdədir.
Belədirsə, demək, Cahangir Zeynalov kimi
ustadların o cür təcrübələrindən də
bugünün açdığı intəhasız
imkanları da nəzərə alaraq yararlanmaq fayda verər ki,
zərər gətirməz.
Onun repertuarı əlvanmış və çoxrəngli
mənzərə dövrün mətbuatında -
"Açıq söz", "İrşad", "Yeni
irşad", "Nicat" qəzetlərindədə,
xüsusən də "Kaspi"də silsilə yazılar və
rəylərdən boylanmaqdadır. O məqalələrin
altındakı imzalar dəyişsə də, hamısında
münasibət heyranlıqla dolu, qiymətvermə yüksəkdir.
Cahangir Zeynalov Şillerin "Qaçaqlar"ında
Mooru oynamışdı. Əsəri Azərbaycan dilinə
çevirən Mehdi bəy Hacınski idi. "Zorən təbib"i
çevirən Qəmərlinski idi, o tamaşada da Kəbleyinin
rolu vardı. Molyerin digər məşhur əsərini,
"Xəsis"i isə tərcümə edərək Azərbaycan
səhnəsi üçün işləyən Nəcəf
bəy Vəzirov olmuşdu. Orda da Cahangir Zeynalov
ifaçılar sırasında idi. Bunların
üçündə də Cahangir Zeynalov rollarını elə
qərbli, yaxud rus səhnəsinin məşhur
aktyorlarından biri kimi ifa etmişdisə, burda həmin dəftərçədə
əksini tapmış müşahidə və qeydlərin dəmünbit
təsiri birbaşa idi. Bu düşüncələrin də
təsdiqi Kəblə Cahangirinsəhnə illərinin qəzetlərindədir.
"Nicat"ın 1910-cu il 27 noyabr nömrəsində
qalan təəssürat - qəzetAzərbaycan səhnəsində
Şillerin "Qaçaqlar"ının ifasından, Moor
rolunda Cahangir Zeynalovun ifasından, fövqəladə
ustalığından söz açır. Məqalənin
müəllifi həminMehdi bəy Hacınskidir: "Əvvəlinci
dəfə olaraq Almaniya ədibi Şillerin
"Qaçaqlar" nam faciəsində qoca qrafın rolunu
ifa edir. Bir fikir veriniz, hərgiz qrafın nə olduğunu bilməyən
və bu rolu oynayan bir şəxsi görməyənCahangir
gözəl bir dərəcədə ifa edir. Məzhəkəbaz
Cahangir öz istedad-i xudadadi ilə birdən-birə faciəbaz
olur. Belə ki, tamaşagər artistlərdən Cahangiri
görüb mütərcimdən soruşdular ki (yəni elə
Mehdi bəyin özündən - R.H.), Cahangir hansı bir teatr
məktəbini itmamə yetiribdir".
Baxın ki, Cahangir Zeynalov hələ
tanınmış və təcrübəli rus
aktyorlarının ifasını görmədən belə
valeh edə bilirdisə, gör ayrı-ayrı
tamaşaları izləyərək daha da təkmilləşəndən
sonra tamaşaçılarını necə mat qoyurmuş.
Xoş şaşqınlıqlar, heyranlıqlar yarada
bilmək "cadugərliyi" bizim XX əsrin əvvəllərindəki
bir çox səhnə xadimlərimizə xas olan məziyyət
idi. Eyni şəkildə Hüseyn Ərəblinski də heyrətləndirirdi,
Hüseynqulu Sarabski də,Mirzağa Əliyev də, Sidqi
Ruhulla da.
Onların parlaq ifalarını görən əcnəbi
yüksək peşəkarları diksindirən ilk növbədə
bu idi ki, axı onların heç biri xüsusi teatr məktəbi
keçməmişdi, özləri özlərini
yaratmışdılar.
Daim daha çox öyrənməyə, biliyə can
atan Cahangir Zeynalovda həmin hissiyyat bu daxili ehtiyacı da
yaradıbmış ki,gənclərin,teatra qəlbən
bağlı olanların səhnə savadının
artmasına, ümumən maariflənməyə imkanı
çatan köməyi göstərsin.
Bakıda qiraətxanaların açılmasına
maddi yardım göstərib, mövcud qiraətxanalara kitablar
alıb bağışlayıb. Özü yolunun
başlanğıcında "Əncümən" məktəbində
təhsil almışdı. Farscanı, ruscanı bilirdi,
fransızcaya bələd idi.
Əlindən qəzet, jurnal düşməzmiş.
Cahangir Zeynalovun teatr salonuna çevrilmiş ikimərtəbəli
mülkünə gedib-gəlmiş Məmmədəli Vəlixanlının
da, Hacağa Abbasovun da, Rza Təhmasibin də hafizəsində
qalmışdı ki, həmin ev daim qəzet-jurnallı
olardı. Bunu da görmüşdülər ki, Cahangir Zeynalov
hər il bitəndə həmin jurnalları, qəzetləri
ayrıca cildlətdirərmiş və sonra da bunları
Bakının qiraətxanalarına paylarmış ki,
başqaları da oxusun.
...O uzaq günlərin xoşbəxtliyi uçub-getməyib,
unudulmayıb, soyumayıb. Nə yaxşı ki, bu qəzetlər
qalır. Saralmış vərəqlər o günlərin
solmaz təəssüratlarını bu gün də diri
saxlayır, yəqin, milli təəssübkeşliyi olanlardan
ötrü həmişə belə də qalacaq. Amma sonralar,
artıq Kəblə Cahangirin həyatda olmadığı
çağlarda təkcə övladı Nəsibə
Zeynalova üçün həmin köhnə qəzetlərin
hər biri sonsuz iftixar və sevinc mənbəyi idi. Vaxt
yetişdi, bu yadigarlar elə onun özü kimi, qızı
kimi həyatını teatra bağlamış adaşı - nəvəsi
Cahangiri qürrələndirdi. Bu gün və bütün
sabahlarda mədəniyyətimizə qəlbən bağlı
insanları fərəhləndirəcək,
qürurlandıracaq.
1904-cü il sentyabrın 11-də "Şərq-i
Rus" qəzetinin növbəti, 161-ci sayı işıq
üzü görmüşdü. Məqalə oxucuları
ayın 1-dəki tamaşa gününə aparırdı. Həmin
axşam ünlü doktor və yazıçı Nəriman Nərimanov
da digər iştirakçılarla birgə səhnəyə
çıxaraq yazdığı əsərdəki rollardan
birini özü oynamışdı. Məqalə müəllifi
ifaçılar arasında birinci Cahangir Zeynalovun adını
çəkərək ardınca Doktorun da oyununu tərifləyirdi.
Ancaq həmin məqalədə diqqəti çəkən
bir özgə məqam da var. O axşam
tamaşaçıların sayı mindən çoxmuş:
"Bu sentyabr ayının əvvəlinci günü cənab-i
müstətabi Hacı Zeynalabdin Tağıyev teatrında
müsəlman truppası müsəlman studentlərinin nəf`i
üçün iki komediya oynadılar. Biri cənab-i Nərimanovun
əsəri "Dilin bəlası" və o biri cənab-i
Sultan Məcid Qəniyevin vodevili "Axşam səbri xeyir
olar" idi. Oynayanların hamısı öz rollarını
çox yaxşı əmələ gətirdilər.
Xüsusən cənab-i Cahangir Zeynalov, Mirzə Muxtar Vəlibəyov,
Mixaylov. Mindən ziyadə olan cəmiyyəti artıq dərəcədə
həyəcana gətirdilər. Amma "Dilin bəlası"
təsni-fi cənab-i Nərimanov ki özləri
yazdığı komediyanın hər bir fikrinə
yaxşı aşinadır, həmin komediyada Yusif bəyin
rolunu oynamaqla camaatı o dərəcədə mat və heyran
etdilər ki, hər məclis tamam olub, pərdə salınan
vaxtı cəmi hazirun əl çalıb, ayaqlarını
yerə vurub "Bravo, sağol" ilə Nərimanovu
çağırıb müsənnif üçün
teatrın səhninə, gül və sair belə hüquati
mütədavil şeylər atırdılar".
"Həyat" qəzetinin 1906-cı il aprelin 27-sindəki
sayı isə srağagünkü teatr axşamında baş
vermiş gözlənilməz, bir az da məzəli hadisəni
nəql edirdi.Məqaləni elə o tamaşada oynayanların
məsləkdaşlarından biri - Mehdi bəy Hacınski
"Sədrəddin Ürfizadə" imzası ilə qələmə
almışdı. Yəqin, həmin hadisəni və
yazını sonrakı illərdə dostlarla birgə
gülüşlə xatırlayan Cahangir Zeynalov, təbii ki,
tamaşa əsnasında, o hadisə baş verərkən əsla
gülmək halında deyilmiş: "Çərşənbə
günü aprelin 2-də Bakı Artistiçeski Klubun yay mənzilində
əvvəlinci müsəlman teatr dəstəsi
könüllü cavanların həmiyyəti ilə
"Əvvəlinci şərabçı" nam
komediyanı tamaşaya qoydular. Nə isə, tamaşa
sürünə-sürünə axıra yetdi. Axırda
"Dursunəli və Ballıbadı" vodevilini
oynadılar. Bunda Cahangir Zeynalov artıq dərəcədə
camaatı güldürdü. Bu dəfə dəxi qəzav
ü qədər razı olmadı ki, teatr heç olmazsa
axıra yaxın yaxşı çıxsın.
Oynayanların mətləbi axıra yetdikdə rejissor tərəfindən
hökm cari olmadı ki, öz vaxtında pərdə
düşsün. Biçarə Cahangir nə qədər
yalvardısa da, nə qədər özündən
artırır isə də, rejissor tərəfindən əsla
etina olmurdu. Axır ul-əməl Cahangir öz ağasından
5-6 çubuq yeyəndən sonra elə qışqırdı
ki, rejissor birdən-birə ayılıb pərdə salmaq
hökmünü icra etdi".
"Tərəqqi" qəzetinin 1909-cu il fevralın
17-də çıxan sayında dərc edilən məqalə
isə nə teatrdan bəhs edir, nə də aktyorların
hansısa ifalarından. Ancaq bu yazıda təsvir olunanlar da elə
bir tamaşa kimidir.
Son vaxtlar baş vermiş qətl-qarət və cinayətlərə
bir çarə tapmaqçün hələ ötən ay
yaradılmış məxsusi komissiyanın dəvətilə
Bakı şəhər Dumasının böyük zalında
dünən - fevralın 16-da iclas keçirilibmiş. Dəvətlilərdən
biri də şəhərin nüfuzlu kişilərindən
olan Cahangir Zeynalovmuş. Ümumilikdə dəvət edilənlərin
sayının 500 nəfərə yaxın olması da
müzakirənin ciddiliyindən xəbər verir. Narahatlıq
yaradan mövzu şəhərdə başıpozuqluğun
artması, qoçuların meydan sulaması idi. Qan-qan deyən,
"mən ölüm-sən öləsən" bilməyən
qoçular haqqında o günlərdə tənqidi bir
söz söyləmək hər oğulun işi deyildi. Bir
anın içində o sözü deyəni şil-küt də
edərdilər, lap kefləri gəlsə, canına qəsddən
də çəkinməzdilər. Fəqət bu sözlər
gərək deyiləydi də! Gərək hamını təlaşda
saxlayan bu vəziyyətə əncam çəkilməsi
üçün kimsə deyilməli sözləri demək cəsarətini
üstünə götürəydi də!
Cahangir Zeynalov danışır, hamının
qulağı ondadır: "Həzərat! Mən bu gün
evimdən çıxıb bura gələndə
öz-özümə demişəm ki, gərək burda
ürəyimdəki sözlərimi deyəm və sonra
öldürsələr də, qoy öldürsünlər.
Çox adam var ki, onlar bilə-bilə elə işlər
görürlər ki, bir dəfə həbsxanaya
düşsün ki, çıxandan sonra öz kefi istəyəni
eləsin. Çörək sahibi, hörmət sahibi, bəlkə
də rəis, nümayəndə olsun. Bir gün mən
teatrda idim. Gördüm ki, bir nəfər şəxs
hüzuruma gəlib qulağıma pıçıldadı ki,
hər kimi istəyirsən de, bu gün öldürüm. Mən
dedim ki, balam, nə üçün öldürəsən? Mən
göstərdiyim şəxs ki sənə bir pislik eləməyib.
O şəxs cavab verdi ki, çörək sahibi olmaq istəyirəm.
Ay camaat, indi baxınız görünüz taxsır kimdədir?
Bu işlərin, bunların baş səbəbi kimdir və
kimlərdir?"
Cahangir Zeynalov bu sözləri deyir. Hamı
başlayır əl çalmağa. Ancaq o gün Dumanın
iclas zalında əyləşən qeyri millətlərdən
olan xeyli insan varmış. Onlar təkidlə xahiş edirlər
ki, Cahangir bəyin söylədikləri ruscaya da tərcümə
olunsun. Cahangir Zeynalov tərcüməçiyə ümid
olmayaraq özü nitqini təzədən rusca edir. Bayaq ana
dilində danışanda hamı gurultulu əl
çalmışdı, rusca danışıb qurtarır, yenə
alqışlar qopur
Qəzet davam edirdi ki,Kərbəlayı İsrafil
Hacıyev camaata müraciətlə "Siz bu komissyonun layihəsini
təsdiq eləyirsinizmi?"soruşanda yer-yerdən səslər
qalxır, bir parası deyir, qəbul edirik, bir qismi deyir ki,
xeyr, qəbul eləmirik. Cahangir Zeynalov yenə ayağa
qalxır: "Razı olmağına biz o komissiyaya
razıyıq. Hərgah həmin komissiyada qoçubazlar və
qoçu saxlayanlar olmasa. O komissiyanın adamlarıdır ki,
bu işlərin bu dərəcəyə gəlməsinə
bais olublar. İndi özlərini kənara çəkmişlər".
Cahangir Zeynalov kinayə ilə bu sözləri dilə
gətirəndə camaat yenə çəpik çalır.
Qəzetin yazmasınca, İbrahimpaşa Hüseynov adlı
birisi o sözləri eşidincə bərk
qışqırıb Cahangirin üstünə yeriyir:
"Burda heç bir qoçusuz adam yoxdur. Mənim
düşmənlərim var, ona görə də qoçu
saxlayıram".
Demək, Cahangir Zeynalov doğru deyirmiş, hədəfi
düz nişan alıbmış. Deməli, baislərin
neçəsi, qoçu saxlayanların çoxu elə bu
iclasda iştirak edənlərmiş...
...Cahangir Zeynalovun ömründən bir insan da
keçib ki, gərək hökmən anıla. Cahangir
Zeynalovun nəvəsi və adaşı, aktyor və rejissor
Cahangir Novruzov nənəsinin xatirələrinə əsaslanan
anasının söylədiklərini mənə
çatdırır ki, Nəriman Nərimanov Cahangir Zeynalovun
şəxsi həkimi imiş, həm də yaxın
dostmuşlar.
1896-cı ilin 15 dekabrında İsmayıl bəy
Qaspıralının "Tərcüman"ı
yazırdı ki, Hacı Zeynalabdin Tağıyevin
teatrxanasında Nağıyevin himayədarlıq etdiyi millətpərvər
gənclər Nəriman Nərimanovun "Dilin bəlası"
əsərini tamaşaya qoyublar.
Həmin tamaşa 1896-cı ilin 23 noyabrında baş
tutmuşdu və baş rolda Cahangir Zeynalov
çıxış etmişdi. Ancaq o axşamnümayiş
etdirilən yalnız "Dilin bəlası" deyildi.
"Qırt-qırt" da oynanmışdı. Cahangir Zeynalov
həm "Dilin bəlası"nda çıxış eləmişdi,
həm "Qırt-qırt"da.
"Tərcüman" qəzeti fəxrli bir təqdirlə
yazırdı ki, tamaşaların ikisində də əvvəldən-sonacan
"Əhsən!", "Afərin!" sədaları kəsilmirdi.
Oyun bitincə tamaşaçılar sürəkli
alqışlarla Nəriman Nərimanovu səhnəyə dəvət
edir.
O, səhnəyə qalxır, ardınca baş rolun
ifaçısı Cahangir Zeynalovu alqışlarla dəvət
edirlər.
O da gəlib durur Nərimanla yanaşı. Hər
ikisinə hədiyyələr verirlər. "Tərcüman"
qəzeti həmin gün minnətdar tamaşaçılar
adından Nəriman Nərimanova almaz qaşlı bir
üzük, Cahangir Zeynalova isə altun saat
bağışlandığını tarixləşdirib.
Nəriman Nərimanovla Cahangir Zeynalovun o başlanan əməkdaşlığı
və səmimi dostluğu axıracan davam edir.
"Tərcüman" qəzetində Səfərəli
Vəlibəyovun "Bakıdan məktub" sərlövhəsi
ilə dərc edilmiş məqaləsi ibrətli sözlərlə
bitirdi: "Milli teatronun şəhərimizdə
görüşə başladığı 6-7 ildir.
Əhalinin bunun faydasını fəhm etdiyi hər oyunda
görülməkdədir. Xoruz vuruşdurmaq, qoç
çırpışdırmaq kimi qaba əyləncədən
teatronun daha yaxşı olduğu anlaşılır".
...Cahangir Zeynalov uzun həyat yaşamayıb. Söz
yox, hər ömür kimi, onun da yaşadığı illərin
içərisində elə gün olub ki, fərəhləri
ilə "min ayə" dəyib, elə günlər də
olub ki, hər dəqiqəsi zəqqutuma çevrilib. Lakin sənətkarın
çox da uzun olmayan həyatındakı illərin,
ayların, həftələrin, günlərin içərisində,
yəqin ki, ən xoşbəxti 1910-cu ilin 30 noyabrıdır.
Həmin bəxtiyar gündə Azərbaycanınmədəniyyət
həyatında bənzəri olmayan hadisə baş verirdi -
yubiley keçirilirdi.
Olmağına müxtəlif yubileylər əvvəllər
də bayram edilmişdi - ömrünü sürüb
getmiş hansısa məşhur şairlərin,
yazıçıların, millət adamlarının, mədəniyyət
xadimlərinin xatirəsinə mərasimlər təşkil
olunmuşdu. Amma Azərbaycanda ilk dəfə idi ki, səhnədə
olan, fəaliyyət göstərən bir aktyorun yuvarlaq
ildönümü qeyd ediləcəkdi.
Gözlənilən mərasimə sadəcə bir sənətkarla
bağlı byramsayağı axşam deyil, ictimai həyatın
vacib hadisəsi kimi baxılmasının göstəricisi
budur ki, artıq 1910-cu il noyabrın əvvəllərindən
həmin məsələ aparıcı qəzetlərdə
gündəlikdə saxlanan sabit mövzulardan birinə döndərilmişdi.
Hələ yarım ay əvvəl - noyabrın 15-də
"Kaspi" qəzeti xəbər yaydı ki, "Nicat"
Cəmiyyətinin yaxın vaxtlarda Cahangir Zeynalovun müsəlman
səhnəsindəki artistlik fəaliyyətinin 25 illiyi şərəfinə
yubiley tamaşası təşkil edəcəyi haqda
eşitmişik.
2 gün sonra - noyabrın 17-də "Baku" və
"Kavkazskaya kopeyka" qəzetləri də yaxın
vaxtlarda gerçəkləşəcəyi vəd olunan həmin
yubileydən yazırdı.
Noyabrın 19-da isə artıq "Kaspi" daha
ağızdan-ağıza eşitdiyi sözlə yox, dəqiq
xəbəri ilə qarşıdakı yubileylə əlaqədar
önəmli məlumatı yaymışdı. Qəzet
keçirilməsi nəzərdə tutulan təntənə səbəbiylə
"Nicat"da Cəmiyyətə bağlı dram və opera
artistlərinin yığıncağının baş
tutduğunu, 3 aktyordan ibarət məxsusi yubiley
komissiyasının yaradıldığını bildirir,
noyabrın 19-dakı sayında isə həmin komissiyanın
milli səhnənin köhnə və püxtə təmsilçilərini,
ictimai xadimləri də cəlb edərək ikinci iclasa
toplandığını, yubiley ətrafında müzakirələr
apardığını çatdırırdı.
Noyabrın son həftəsində işıq
üzü görən qəzetlərdə - "Baku"da,
"Kavkazskaya kopeyka"da, "Səda"da isə artıq
tədbirin dəqiq günü açıqlanırdı.
"Nicat" noyabrın 27-də yazırdı ki, 3 gün
sonra-ayın 30-da, Qurban bayramı günü Tağıyevin təzə
teatrında "Nicat" məclis-i maarifi tərəfindən
Mirzə Fətəli Axundzadənin "Sərgüzəşt-i
xan-i Sərab" əsəri oynanacaq və dəqiqləşdirilirdi:
"Dördpərdəli bu əsər artist Cahangir Zeynalovun
25 illik yom-i alisi münasibətilə mövqe-yi tamaşaya
qoyulacaqdır. Pərdə arasında sazəndə və nəvazəndə
çalıb-oxuyacaqdır".
Səs-səsə verən qəzetlərin
ardıcıl xəbərlərindən artıq hər kəsə
aydın idi ki, noyabrın 30-da göstərilən tamaşa həmişəkilərdən
fərqlənəcək, ümumən, o gün adi bir gün
olmayacaq. Odur ki, Bakının sənət xiridarları həmin
axşamı səbirsizliklə gözləyirdi. Amma bunu da təsəvvür
etmək çətin deyil ki, həmin bircə günə
çatmaq üçün 25 illik səhnə yolu
keçmiş Cahangir Zeynalov 30 noyabr axşamını
sıravi tamaşaçılardan qat-qat artıq olan hansı
həyəcanlı intizarla gözləyirmiş.
18 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.14-15.