Danışır Fəxrəddin Manafov
Son dövrlər yerli telekanallarda yayımlanan
verilişlərdən çoxluq narazıdır. Fikrimcə,
bunun üçün yetərli arqumentləri də var.
Bayağılıq, sosial şəbəkələrin boyat
mövzuları, primitiv yanaşma kimi məqamlar verilişlərin
keyfiyyətinə ciddi təsir edir. İlin-günün bu vədəsində
televiziya kanallarımızda peşəkar iş görəndə
sevinməmək mümkün deyil.
Bu yazımda məhz həmin peşəkar işlərdən
biri haqqında danışacağam.
Söhbət ATV kanalında yayımlanan "Teatr"
adlı telelayihədən gedir. Veriliş ənənəvi
olaraq, Deklan Donnelanının "Teatr həyatın bir hissəsi
deyil. Əksinə, həyat teatrın bir
parçasıdır" sitatı ilə başlayır.
Fonda eşitdiyimiz Xalq artisti Fəxrəddin Manafovun səsi bir
neçə saniyə sonra görüntüsü ilə
tamamlanır. Manafovun sənədlərlə tanış
olduğu giriş hissəsini izləyərkən
tamaşaçıda layihə haqqında müəyyən təsəvvür
formalaşır. İlkin təəssüratlara əsasən,
layihənin teatr tarixi haqqında olduğu fikri formalaşsa da,
irəliləyən dəqiqələrdə baxış
bucağının daha geniş əhatəsini görə
bilirik.
Budur, Fəxrəddin Manafov səhnədədir. Zal
boşdur, işıq onun üzərindədir. Verilişin belə
bir ortamda çəkilməsi ideya ilə
vizuallığın tamamlanması baxımından olduqca
uğurlu seçimdir. Ancaq mənə bu layihəni sevdirən
əsas məqam Fəxrəddin Manafovun səsidir. Verdiyi
informasiya nə qədər dəyərli olsa belə, bir saata
yaxın qulağa xoş gəlməyən səsi dinləmək
çətin məsələdir. Xüsusilə bu tipli layihələrdə
sözügedən məqam həlledici rol oynayır. Çünki
demək olar ki, veriliş boyu yalnız monoloq dinləyir,
bütün hekayəni bir adamın dilindən eşidirsən.
Digər bir əsas məsələ isə
danışılan mövzunun nə qədər maraqlı
olmasıdır. Verilişə baxarkən elə ilk beş-on
dəqiqədə məlum olur ki, təqdim edilən bilgilər
üzərində peşəkar komanda işləyir. Burada isə
layihənin ideya müəllifi və rəhbərinin
tanınmış teatr rejissoru, prodüser Ələkbər
Tağızadə olduğunu vurğulamaq yerinə düşər.
Tutaq ki, verilişdə bir tamaşa növü
haqqında danışılırsa, onun həm dünyada, həm də Azərbaycandakı
inkişaf tarixi barədə bəhs edilir. Hətta bir
çox mövzularda Sovetlər dövrü Azərbaycanı
ilə müstəqillik dövrü ayrı-ayrılıqda
şərh olunur. Mövzunu əhatə etdiyi coğrafi areal və
xronoloji ardıcıllıq baxımından sistematik formada təqdim
etmək həqiqətən də asan məsələ deyil.
Layihədə diqqətimi çəkən digər
bir nüans da montajdakı professionallıqdır. Bəhsi
keçən teatr tamaşalarının görüntülərini
müxtəlif mənbələrdən tapmaq və keyfiyyətli
formada təqdim etmək peşəkar işin göstəricisidir.
Hərdən layihədə rast gəldiyim nadir kadrlar məni
çox təəccübləndirir. Görünən odur ki,
yaradıcı heyət bu işin öhdəsindən
yaxşı gəlir.
Veriliş zamanı səslənən faktların ədəbi
şəkildə təqdimatını xüsusilə
vurğulamaq istərdim. Məsələn, repressiya
dövründə teatrımızın fəaliyyətindən
danışarkən Fəxrəddin Manafov deyir: "Həmin
vaxt Azərbaycan teatrının kulisində bəlkə də
dövrünün ən böyük real faciələri
oynanılırdı. Rollar tez-tez dəyişirdi. Bu gün
ittiham edən sabah özü ittiham olunurdu. Qanla vəcdə gələnlərin
alqışları altında pərdə enirdi və ya
qalxırdı. Ən çətin, ən təhlükəli
vəzifə isə millətin aydınlarının üzərinə
düşürdü".
Bu çıxışdan sonra qeyd olunan tarixi faktlar, rəqəmlər,
bir sözlə, informativ mətn insanı yormur, əksinə,
daha çox maraq yaradır. Beləcə, tamaşaçı
danışılan mövzunu həm emosional, həm də məntiqi
yöndən mənimsəyə bilir.
Yaxşı olardı ki, proqramdakı informativlik
yükünü nəzərə alaraq gedişatda müəyyən
fərqliliklərə yer verilsin. Məlum məsələdir
ki, bu tip layihələrin izləyici auditoriyası əsasən
intellektual cəhətdən hazırlıqlı
tamaşaçılardır. Buna baxmayaraq, ara-sıra müəyyən
texnikalardan istifadə etmək verilişi daha axıcı və
maraqlı edə bilər. Xüsusilə də, mövzunun hələ
tam açılmadığı ilk hissədə müəyyən
rəngarənglik yaratmaq olar ki, tamaşaçı gedişata
adaptasiya olmaqda çətinlik çəkməsin. Bəzi
buraxılışlarda bu tipli metodlardan istifadə olunub. Məsələn,
Musiqili teatrdan bəhs olunan bölümün son hissəsində
qonaq qismində Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının direktoru Əliqismət Lalayevi
görürük. Fəxrəddin
Manafov onunla söhbəti zamanı deyir:
- Əslində, biz bir-birimizlə lap çoxdan
tanışıq. Bu səbəbdən də, məncə, rəsmi
müraciət yersiz olar.
- Bəli, bizim tanışlığımız
düz 45 ildir. 1979-cu ildə Tədris teatrında işlədiyim
vaxtlarda bir tamaşada oynamışıq. Hətta mənim
haqqımda yazılan kitabda həmin tamaşadan şəkillər
yer alıb. Orada siz də varsınız
- Zəhmət olmasa, o kitabı sonra mənə də
göstərərsiniz, o şəkilləri görmək istəyirəm.
İki sənətkarın söhbəti. Həm
informativlik var, həm də nostalgiyanın gətirdiyi
emosionallıq. Bu kimi detallar verilişə xüsusi rəng
qatır. Fəxrəddin Manafovun yerinə ixtiyari bir
aparıcı olsaydı, bəlkə də bu gediş riskli
görünə bilərdi. Ancaq Xalq artistinin
yaradıcılıq fəaliyyəti imkan verir ki, incəsənət
sahəsindəki digər qonaqlarla da maraqlı söhbətlərə
şahid olaq.
Sonda yaradıcı heyətə bir
tamaşaçı olaraq minnətdarlığımı
bildirirəm. Çəkilən zəhmətin bəhrəsi
göz önündədir. Kapitalizmin əsas söz sahibi
olduğu rəqabət mühitində belə maarifçi
layihələrin həyata keçirilməsi təqdirəlayiqdir.
Proqram Medianın İnkişafı Agentliyinin və Audioviziual
Şuranın dəstəyi ilə hazırlanır. Buna
görə hər iki quruma xüsusi təşəkkür
düşür, çünki bu cür layihələrin
davamlılığı üçün əlavə dəstək
mütləqdir. Əgər bu iş kütlənin ümidinə
qalsa, çətin ki, belə layihələrin davamı gələ.
Sözügedən iddianın doğruluq payını müəyyən
etmək üçün "YouTube" platformasında
verilişin izlənmə sayına baxa bilərsiniz. Məsələn,
layihənin Azərbaycan teatr tarixinin az qala bir əsri əhatə
edən maraqlı bilgilərlə zəngin son
buraxılışına cəmi 193 baxış var...
Aytac SAHƏD
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.13.