Amerikada yaşayan azərbaycanlı
rejissor: "Əvvəl pul qazanmağı öyrənəcəksən"
SONRA O PULLARLA FİLMLƏR
ÇƏKƏCƏKSƏN VƏ O FİLMLƏR DƏ
SƏNƏ PUL QAZANDIRACAQ"
Elmar Bayramov kinorejissordur, ABŞ-də yaşayır.
28 dekabr 1986-cı ildə Lənkəran şəhərində
doğulub. 2004-cü ildən 2007-ci ilə qədər Kontakt
Kapoeyra İdman Klubunda, 2007-ci ildən 2016-cı ilə qədər
Azərbaycan Kapoeyra Federasiyasında müəllim olub,
federasiya prezidenti vəzifəsinə qədər yüksəlib.
2011-ci ildən sosial mövzularda ssenarilər
yazmağa başlayıb. İlk sosial videoçarxı
2013-cü ildə "Ekoloji missiya" layihəsi olub. 2017-ci
ildə ailəsi ilə birgə Amerika Birləşmiş
Ştatlarına köçüb. Bir müddət Los Anceles
şəhərində, daha sonra Georgia ştatının
Atlanta, Texas ştatının Hyuston, Nyu-York şəhərin
Bruklin bölgəsində yaşayıb. Hazırda Pensilvaniya
ştatının Easton şəhərində yaşayır.
Amerikada 2018-ci ildə ilk "Ups" qısametrajlı filmini
çəkib və "Urban Action Showcase İnternational"
film festivalında "Ən yaxşı döyüş səhnəsi"
kateqoriyasının qalibi olub. 2019-cu ildə "Qoy
qaçım" (let me run) qısametrajlı filmini çəkib. 2019-2021-ci illərdə 15 müxtəlif
nominasiyanın (ən yaxşı rejissor, ən yaxşı
ssenari, ən yaxşı qısametrajlı film və s.) qalibi
olub. "Eşq səfəri", "Cəhd",
"Oğlan evi 2", "Mahmud baba", "Rafa",
"Nəfəs", "Don Marleone", "Tanrının
ritmi" kimi filmlərin rejissoru olan Elmar Bayramov "Oxu",
"Mübarizlik yolu", "Məryəm", "Avropa
Oyunları", "Kəmər" sosial filmlərinin də
müəllifidir.
Rejissor Elmar Bayramov ilə müsahibəni təqdim
edirik.
- Elmar bəy, əvvəl idman sahəsində
olmusunuz. Maraqlıdır, necə oldu kino sahəsinə gəldiniz?
Bir çoxları üçün elə də gəlir gətirməyən
bu sahəyə marağınız necə yarandı?
- 2002-ci ildən, məktəb illərində Lənkəranda
kapoeyra idman növü ilə məşğul olmağa
başlamışam. 2004-cü ildə universitetə daxil
olandan sonra Bakıda kapoeyra müəllimi kimi fəaliyyətimi
davam etdirmişəm. 2015-ci ilə qədər Azərbaycan
Kapoeyra Federasiyasında müxtəlif vəzifələrdə
- müəllim köməkçisindən federasiya prezidenti vəzifəsinə
qədər çalışmışam. 2012-ci ildən
sosial mövzularda hekayələr yazmağa başladım və
bu proses 2013-cü ildə ilk sənədli filmim olan
"Eşq səfəri" layihəsini çəkməyim
və rejissorluq fəaliyyətimə başlamağımla
davam etdi. Daha sonra "Black Garden" şirkətini qurduq,
müxtəlif sosial və kommersiya layihələrini həyata
keçirməyə başladıq. 2015-ci ildən
federasiyanın işlərinə kifayət qədər vaxt
ayıra bilmədiyim üçün oradan ayrıldım və
tamamilə rejissorluq fəaliyyətinə fokuslandım.
Kommersiya layihələri maddi baxımdan daha stabil idi və mənim
maraqlarımla üst-üstə düşürdü. Bu, mənim
qəlbən sevdiyim peşə idi və seçimimin tam
doğru olduğunu anlayırdım. Fikrimcə, video
prodakşn fəaliyyəti biznes kimi çox uğurlu
seçimdir və Azərbaycanda işini bilən,
zövqlü prodakşn studiyalarının qazancı ölkə
standartlarından xeyli yüksəkdir. Azərbaycanda rejissor
kimi qazancımdan tam razı idim. Yəni az gəlirli bir sahəyə
keçid etməmişdim. Əksinə, sevdiyim işdən
daha çox qazanc əldə edərək onu həm də əyləncəyə
çevirmişdim.
- Amerikaya köçdükdən sonra oradakı həyat
və film sahəsində hansı çətinliklərlə
üzləşdiniz?
- Amerikaya köçmək və hər şeyi yenidən
başlamaq çox çətin seçim idi. 2017-ci ildə
"Don Marleone" filmindən sonra bu qərara gəldik.
İlk filmimiz olmasına baxmayaraq, fərqli bir Azərbaycan
filmi çəkməyə
çalışmışdıq. Lakin Azərbaycanda illərlə
formalaşmış kino zövqü əsasən komediya filmlərinin
istehsalını tələb edirdi və biz də yalnız
müəyyən tanınmış aktyorlarla işləyə
bilərdik. Mən həmin aktyorlarla o standartlara uyğun
komediya çəkmək fikrində deyildim. Uşaqlıqdan həyatımın
əsas prinsipi daim daha yaxşı olmaq və düzgün
şəkildə inkişaf etmək olub. Lakin bu tendensiyaya
uyğunlaşmaq mənim üçün ciddi bir geriləmə
demək idi. Beləliklə, Azərbaycanda qalmaq əvəzinə,
Amerikaya köçmək və yeni həyat qurmaq mənim
prinsiplərimə daha çox xidmət edirdi. Lakin bu,
heç də asan olmadı. Yoldaşım Könül Kəngərli
bütün bu çətinliklərdə mənə dəstək
olmasaydı, bəlkə də təslim olub geri
qayıdardım. Georgia ştatının Atlanta şəhərində
ilk dörd ayı amerikalı bir ailənin evində
yaşadıq. Sean və Aaron Bart qardaşlarının video
prodakşn işlərinə kömək edirdim. Lakin bu proses
çox ləng gedirdi və buna görə də Texasın
Hyuston şəhərinə köçməli olduq. Texasda
olduğumuz müddətdə Könül öz rəsmlərini
onlayn şəkildə uğurla satmağa başladı.
Bundan sonra 2018-ci ilin fevral ayında Nyu-Yorka köçdük.
İlk kameramı və digər avadanlıqları alaraq
prodakşn fəaliyyətinə başladım. Bu gün
artıq "Old Stone Film" təşkilatı altında
peşəkar bir komanda ilə müxtəlif kommersiya
çarxları, musiqi klipləri və müstəqil film
layihələri istehsal edirik.
- Bir müddət vətəndə, bir müddət
qürbətdə fəaliyyət göstərmisiniz.
Yaradıcılığınızda bu iki dövr bir-birindən
nə ilə fərqlənir?
- Qürbətdə fəaliyyət göstərmək,
qürbəti düzgün analiz etmək və onu tanımaq
daha çox zaman tələb edir və çoxlu
uğursuzluqlara səbəb ola bilər. Ən çətin tərəfi
isə ruhdan düşmədən yoluna davam etmək idi. Lakin
qürbət bizə yeni baxış bucağı
qazandırdı - həm kinoya, həm də həyata. 2018-ci
ildə "Friends in Film" layihəsi çərçivəsində
bir il davam edən dərslərdən bir şeyi dəqiq
öyrəndim: əvvəl pul qazanmağı öyrənəcəksən,
sonra o pullarla öz ideyaların əsasında filmlər
çəkəcəksən və nəhayət, o filmlər
sənə pul qazandıracaq. Bu müddət ərzində bir
çox filmlərdə müxtəlif aşağı vəzifələrdə
çalışdım. Könüllü olaraq bir çox
film festivallarında təcrübə qazandım və sonda
Amerikanın əsas prinsipi olan "pul qazanmaq
ideologiyasına" geri qayıtdım. Artıq mən də
bu sistemin necə işlədiyinə əmin idim.
Azərbaycan və Amerikadakı fəaliyyətlərim
arasındakı əsas fərq ondan ibarət idi ki, Azərbaycanda
qərar verməyə tələsmək məcburiyyəti
vardı. Tələskənlik isə həm hisslərə, həm
də sənətə zərər vurur.
- Amerikada nümayiş olunan, Birinci Qarabağ
müharibəsinə həsr edilmiş "Nəfəs"
filmi amerikalılar tərəfindən necə qarşılandı?
- Tovuz hadisələri və müharibə zamanı
biz bir komanda olaraq Amerikanın müxtəlif ştatlarında
keçirilən etiraz mitinqlərində iştirak edir, videotəbliğat
layihələri hazırlayırdıq. "Nəfəs"
filmi də bu müddət ərzində
tanıdığım bir çox hadisə iştirakçılarından
və onların yaşadıqları real hadisələrdən
ilhamlanaraq meydana gəldi. Əvvəllər bu ideyam var idi,
lakin İkinci Qarabağ müharibəsi məni bu layihəyə
daha da bağladı. Şəxsi büdcəmlə layihəyə
başladıq. Azərbaycan Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsi və diaspor üzvləri
də filmin büdcəsinə dəstək oldular. Filmin ilk
nümayişi Nyu-Yorkda baş tutdu. Təqdimatda Azərbaycan
diaspor fəalları, yerli biznes tərəfdaşlarımız
və müxtəlif rəsmi təşkilatların nümayəndələri
iştirak edirdilər. Posttravmatik Stress Pozuntusu (Post-Traumatic
Stress Disorder, PTSD) aktual mövzu olduğu üçün
tamaşaçılar mövzunu asanlıqla mənimsəyirdilər.
Bu, rejissorla sual-cavab zamanı da açıq şəkildə
hiss olunurdu - onlar mövzuya dərindən bələd idilər.
Filmin ikinci təqdimatı isə Massaçusets
ştatının Boston şəhərində baş tutdu. Bu
film üzərində işləyərkən bir çox əsirlikdə
olmuş azərbaycanlılarla əlaqə saxladım. Müxtəlif
hekayələri dinlədikcə hər biri məni daha dərin
araşdırmalara sövq etdi. Bu axtarışlar isə məni
Bəxtiyarın başına gələnləri öyrənməyə
qədər gətirdi. Bəxtiyarla şəxsən
tanış olmaq vaxtı gələndə inanılmaz bir məqam
ortaya çıxdı - mən artıq onu
tanıyırdım. Biz illər əvvəl Federasiyada birlikdə
çalışmışdıq. Onun özü haqqında
çox az danışan, sakit və dərin bir insan olduğunu
bilirdim. Bəxtiyarı əvvəldən tanımağım
filmdə onun hekayəsini daha rahat və təbii şəkildə
inkişaf etdirməyə kömək etdi. Onun
yaşadıqları təkcə bir insanın taleyi deyil,
yüzlərlə insanın səsi idi.
- Filmlərinizdə vizual baxımından estetik
zövq hiss olunur. Bu, haradan qaynaqlanır? Ümumiyyətlə,
rəssamlıqla maraqlanırsınızmı?
- Mənim üçün vizual estetika filmin əsas
ifadə vasitələrindən biridir. Hekayəni yalnız
dialoqlar və hadisələrlə deyil, görüntülərlə
də izah etmək vacibdir. Bu baxımdan rejissor kimi vizual
kompozisiyaya xüsusi önəm verirəm. Uşaqlıqdan rəssamlığa
böyük marağım olub, lakin bunu peşəkar şəkildə
inkişaf etdirmək üçün nə maddi, nə də
mənəvi resurslar var idi. Həvəskar şəkildə
müxtəlif məşhurların portretlərini çəkirdim.
Gözəl kompozisiyanın fərqində olduğumu isə
yalnız rejissorluq fəaliyyətim zamanı dərk etdim.
Filmlərimdə işıq, rəng və kadr quruluşuna
xüsusi diqqət yetirirəm, bunlar həm də hekayəni
gücləndirən elementlərdir.
- İlk filminiz "Don Marleone"dən
danışaq. Necə oldu ki, belə bir mövzuya - mafiya
mövzusuna toxunmaq qərarına gəldiniz?
- "Don Marleone" sifarişli bir layihə idi və
cəmi üç ay ərzində ssenarisi yazılıb
kinoteatrlara çıxarılmalıydı. Əvvəldə
də qeyd etdiyim kimi, Azərbaycanda film istehsalında tələsmək
tendensiyası həmişə mövcud olub və bu layihədə
də eyni vəziyyət yaşandı. Filmdə real problemlər
qara yumor dili ilə işlənmiş və hadisələr
yuxu içində baş verən bir süjet xətti üzərində
qurulmuşdu. O dövrdə Azərbaycanda bu cür
mövzuları ciddi janrda çəkmək kifayət qədər
riskli idi. Nəticə etibarilə film kommersiya məqsədilə
çəkilirdi və bu səbəbdən janr seçimində
balans tapmaq vacib idi. Filmin əsas süjeti Novxanı sahillərində
yerli kəndlilərə məxsus torpaqların müxtəlif
yollarla əllərindən alınmasını əhatə
edirdi. Biz bu həqiqətləri qara yumor vasitəsilə təqdim
edərək hekayənin dilini yüngülləşdirməyə
və eyni zamanda komediyaya öyrəşmiş kütlənin
də marağını cəlb etməyə
çalışdıq. O dövrdə dəniz sahili
torpaqlarının mənimsənilməsi cəmiyyətdə
geniş müzakirə olunan məsələlərdən biri
idi. Filmdə bu mövzuya toxunmaq həm aktual idi, həm də
tamaşaçı üçün tanış olan bir
problemi fərqli rakursdan göstərmək imkanı
yaradırdı. Məqsəd yalnız güldürmək yox,
həm də müəyyən mesajı ötürmək idi.
Yuxu metaforası isə həm hekayəni daha simvolik etdi, həm
də dövrün reallıqlarını satirik dillə
çatdırmağa imkan verdi.
- Ümumiyyətlə, Amerika film cameəsində
uğurlu filmin əsas şərtləri, qaydaları
hansılardır? Həmin qaydalar Azərbaycanda da tətbiq
oluna bilərmi?
- Amerika film sənayesində uğurlu filmin əsas
şərtləri güclü ssenari, janr seçimi, vizual
keyfiyyət və düzgün bazar strategiyasıdır. Azərbaycanda
isə bu prinsiplərin tətbiqi bir çox problemlərlə
üzləşir. Ən böyük
çatışmazlıqlardan biri mövzu limitləridir - bəzi
mövzulara toxunmaq çətindir və bu, rejissorların sərbəstliyini
məhdudlaşdırır. Digər ciddi problem isə kinoteatr
azlığı və yüksək bilet qiymətləridir,
bu da filmlərin geniş yayılmasına mane olur. Üstəlik,
kinoteatr şəbəkələri arasındakı problemlər
də bazarı məhdudlaşdırır. Amerikada uğurlu
film yalnız yaradıcı tərəfdən yox, həm də
kommersiya baxımından düşünülmüş bir
prosesin nəticəsidir. Azərbaycanda isə film istehsalı
var, amma onun yayımı və tamaşaçıya
çatdırılması üçün lazımi
infrastruktur formalaşmayıb. İnkişaf üçün
orijinal hekayələr yaratmaq və filmin bazarını
düzgün qurmaq əsas prioritet olmalıdır.
Ləman İLKİN
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.12.