“Futbol mənə hər
şey verib, əsas da...”
28 iyun, 1983-cü il, çərşənbə
axşamı. Həmin yay günü Bakıda həyat sanki
dayanmışdı. Səbəbsə, sadə idi,
“Neftçi” Bakıda “Ararat”ı qəbul edirdi. Azarkeşləri
də, futbola biganə qalanları da, bir sözlə,
hamını bir sual maraqlandırırdı – oyun necə
başa çatacaq? Komandamız erməniləri 3 cavabsız
qolla məğlub etdi. Oyunun qəhrəmanlarından biri
müdafiəçi Yaşar Vahabzadə idi. Hansı ki, bu
gün təqaüd yaşını qeyd edir.
Yaşar müəllimlə görüşüb həyatı,
karyerası, futbolumuzun indiki durumu barədə
danışdıq. Bəri başdan qeyd edim ki, adını
sonuncu çəkdiyim mövzuya toxunub qanınızı
qaraltmaq istəmirəm.
Vahabzadə Yaşar Fikrət oğlu 1960-cı il
aprelin 8-də Bakıda anadan olub. El dilində desək, Yasamal
“uşağıdır”. İndiki 5-ci Yasamal adlandırılan
ərazidə illərini “xərcləyib”, böyüyüb.
Ailədə 6 uşaq olublar – 3 qardaş, 3 bacı. Yaşar
müəllim ailənin 2-ci övladıdır. Anası
Sonaxanım 1968-ci ildə vəfat edib. Atası Fikrət
kişi sürücü olub. 6 övladının əlini
çörəyə çatdıran Fikrət kişi 2009-cu
ildə dünyasını dəyişib.
Uşaq vaxtlarından top oyunlarına, xüsusilə
futbola böyük həvəsi olan balaca Yaşar boş
vaxtlarını məhlələrində, oxuduğu 52
saylı orta məktəbin futbol meydanında top qovmaqla
keçirirmiş. Adi günlərdən birində Yaşara
orta yaşlı bir nəfər yaxınlaşıb və onu
komandasına dəvət edib. Bu, “Neftçi”nin futbolçusu
Asəf Namazovun böyük qardaşı Asif Namazov idi. Beləcə,
Yaşar Vahabzadənin futbol həyatı başlayıb. 13
yaşında Asif müəllimin rəhbəri olduğu
“Krasnıy vostok”da futbol məşğələlərinə
qoşulan Yaşar Vahabzadə qısa zamanda istedadını
göstərib.
O vaxtlar Bakıda indiki saysız-hesabsız ödənişli
futbol klublarını xatırladan “Krasnıy vostok” kimi
komandalar çox idi və bu komandalar mütəmadi olaraq
Respublika stadionunun yaxınlığındakı asfalt
örtüklü meydanda təşkil olunan yarışlarda
iştirak edirdilər. Məqsəd seçilənləri
Bakı birinciliyində çıxış edən futbol məktəblərinə
göndərmək idi. Yaşar elə ilk oyunundaca diqqəti
özünə çəkə bilib və mərhum Vladimir
Qalaktionovun məşqçisi olduğu “FŞM-1”ə dəvət
alıb. İlk ilində özündən 1 yaş
böyüklərin komandasında oynayan Yaşar az sonra rəhmətlik
Ruslan Abdullayev tərəfindən 14 yaşlılardan ibarət
milli komandaya çağırılıb. Komanda ilə ilk səfəri
də yadındadır. Donetsk vilayətinin Artyomovsk şəhərində
keçirilən spartakiadadan sonra həm də “Neftçi”nin
hazırlıq qrupunun rəhbəri olan Ruslan müəllim onu
komandasına dəvət edib. Amma gənc futbolçu
“FŞM”də qalmağı üstün tutub.
Yaşar Vahabzadənin usta futbolçu kimi “siftə”si
1977-ci ilə təsadüf edir. Həmin vaxt SSRİ dönəmində
peşəkar futbolçu anlayışı yox idi. Ruslan
Abdullayev artıq, “Neftçi”nin əvəzedici
komandasının baş məşqçisi idi.
Yığmaya isə onun yerinə Anatoli Qryazev gətirilmişdi.
SSRİ-də çempionatlar payız-yaz sistemi ilə
keçirildiyindən qış aylarında komandaların heyətlərini
komplektləşdirməsi üçün xeyli vaxt olurdu. Məhz
həmin dövrdə futbol məktəbləri turnir təşkil
edirdilər. Ki, ustalardan ibarət komandaların məşqçiləri
gəncləri izləsinlər və bəyəndikləri
futbolçuları komandalarına götürsünlər.
1977-ci ilin qışında “Spartak” stadionunda keçirilən
turnirdə 2-ci dəstənin 9-cu zonasında
şıxış edən Bakının “Avtomobilçi”
komandasının baş məşqçisi Əli Əbilzadə
Yaşar Vahabzadənin oyununu bəyənib və beləcə,
indiki dövrün dili ilə desək, onun peşəkar
karyerası başlayıb.
“Avtomobilçi”dən söz düşmüşkən,
ilk maaşı 110 manat olub. Fikrət kişi oğlunun
futbolçu olmasını istəmirdi. Yaşar müəllim
deyir ki, atası futbol azarkeşi idi, amma 1 dəfə də
olsun övladının oyununu stadiondan izləməyib. Hətta
oğlu ilk dəfə maaşını evə aparanda
çox heyrətlənib. “A bala, mən neçə ildir ki,
sürücü işləyirəm, 72 manat alıram, sən
1 aya 110 manatı necə qazandın?” – deyə, təəccübünü
gizlətməyib.
1980-ci ildə “Avtomobilçi” bütün heyətlə
Mingəçevirə göndərilib. Burada komandanın
baş məşqçisi, mərhum Valentin Xlıstovun rəhbərliyi
altında 2 il oynayıb. 1983-cü ildə isə Kazbek Tuayevin
dəvəti ilə ikinci dəfə “Neftçi”yə
çağırılıb. Bəs, birinci? Çayım
soyuyur, burasını yubilyarın öz dilindən eşidək:
“1980-ci ildə Respublika stadionunda 2-ci liqa komandalarının
yığması ilə “Neftçi” arasında
yoldaşlıq oyunu keçirildi. Biz 2:1 hesabı ilə qalib
gəldik. Qolların birini mən, digərini isə
“Avtomobilçi”dəki komanda yoldaşım, rəhmətlik Qəhrəman
Əliyev vurdu. Oyundan sonra hər ikimizə bildirdilər ki,
sabahdan “Neftçi”nin əvəzedici komandasına götürülürsünüz.
İlk 2 oyunda əsas heyətdə 90 dəqiqə meydanda
oldum. Növbəti oyun üçün səfərə gedirdik. Siyahıda
adımın olmaması mənə pis təsir elədi.
Əşyalarımı yığıb Mingəçevirə
qayıtdım”...
1982-ci ildə “Neftçi”yə baş məşqçi
Kazbek Tuayev təyin olunub. Buna kimi Lənkəranın “Xəzər”ini
çalışdıran Tuayev demə, Vahabzadəni
çoxdan gözaltı edibmiş. Maraqlıdır ki,
Yaşar müəllim “Neftçi”yə götürülməsini
qəzetdə dərc olunmuş xəbərdən bilib.
“İdman” qəzetinə müsahibə verən Tuayev bir
neçə gənci, o cümlədən, Yaşar Vahabzadəni
komandaya çağırdığını bildirib.
Bəs, hərbi xidmət? Axı, SSRİ-də 18
yaşına çatmış oğlanlar 2 illik hərbi xidmət
keçməli idilər. Demə, Yaşar müəllim
SSRİ-yə “borcunu” cəmi 1 günə verib. Vahabzadə
Mingəçevirin Mərkəzi Komitəsinin 1-ci katibinin
komanda ilə görüşü zamanı problemini ona bildirib
və katibin göstərişi ilə onun adı Mingəçevirdəki
hərbi hissələrdən birinə yazılıb. Cəmi
1 gün söhbətinə gəlincə, əsgər geyimini
ancaq andiçmədə geyinib, vəssalam.
Yeri gəlmişkən, 8-ci sinifə kimi əla qiymətlər
alan, hətta “sinifkom” olan gənc millinin heyətində digər
respublikalara səfərlər üzündən son 2 ildə təhsilə
o qədər fikir verməyib. Ali məktəbə sənəd
verdikdə, köməyə yenə futbol gəlib. 1977-ci ildə
orta məktəbi bitirən məzun Vahabzadəyə millidə
oynadığı üçün “endirim” edilib və Bətən
Tərbiyəsi İnstitutuna daxil olub.
“Neftçi”dəki dövrə qayıdaq. Müdafiənin
bütün mövqelərində oynamağı bacaran Vahabzadə
burada Şakir Qəribov, Rəşid Özbəyov, Əsgər
Abdullayev, Ələddin Ələkbərov, Vladimir Mixaylevski və
digər “as”larla rəqabət aparmalı olub. İlk oyununa
3-cü turda Minskdə yerli “Dinamo”ya qarşı
çıxıb. Zədəli Şakir Qəribovu əvəzləyən
Vahabzadə 90 dəqiqə meydanda olub. Ən çox
güclü zərbələri ilə azarkeşlərin
yaddaşında qalan futbolçu ilk qolunu növbəti
mövsüm Bakıda “Paxtakor”la oyunda vurub. Ümumiyyətlə,
“Neftçi”nin heyətində 200-ə yaxın oyunda forma
geyinib, 8 dəfə rəqibləri məyus edib.
Ən yaddaqalan oyunu yazının girişində bəhs
etdiyim “Ararat”la Bakıdakı qarşılaşmadı.
Stajlı futbol azarkeşləri “Ararat”la oyunları
yaxşı xatırlayır. Ermənilərə məğlub
olmaq, özü də Bakıda, intihara bərabər idi.
İyunun 28-də Bakıdakı oyunda komandamız “Ararat”ı
3:0 hesabı ilə məğlub edir.
Oyunun qəhrəmanlarından biri də müdafiəçi
Yaşar Vahabzadə olur.
Yeri gəlmişkən, həmin oyunun protokolunu tapa
bildim:
“Neftçi” (Bakı) – “Ararat” (Yerevan) 3:0 (1:0)
28.06.1983. Bakı, Respublika stadionu, 32.200
tamaşaçı
Hakim: Viktor Abqolts
Qollar: İqor Ponomaryov 2 (pen.), 47; Maşallah Əhmədov,
78.
Sarı vərəqələr: Gennadi Drozdov,
Maşallah Əhmədov (“Neftçi”); Robert Qalustyan, Aleksandr
Keropyan (“Ararat”)
“Neftçi”: Sergey Kramarenko, Asim Xudiyev, Şakir Qəribov,
Yaşar Vahabzadə, Əsgər Abdullayev, Vladimir Mixaylevski,
Gennadi Drozdov, Səməd Qurbanov, İqor Ponomaryov, İsgəndər
Cavadov (Ruslan Həbibov, 79), Maşallah Əhmədov (Səmədağa
Şıxlarov).
Baş məşqçi: Kazbek Tuayev
“Ararat”: Oleq Rafailov, Rafael Qalustyan, Albert Sarkisyan (Artak
Karapetyan, 79), Aşot Xaçatryan, Robert Qalustyan, Xoren Oqanesyan,
Nzar
Petrosyan (Hamlet Mxitaryan, 76), Poqos Qalstyan, Oqanes Kirakosyan,
Aleksandr Keropyan, Samvel Kasaboqlyan.
Baş məşqçi: Arkadi Andreasyan
Yaşar müəllim deyir ki, “Neftçi”də
oynadığı dövrdə o qədər maraqlı,
yaddaqalan hadisələr olub ki. Birini yubilyarın öz dilindən
eşidək: “Bizim dövrün demək olar ki, bütün məşhur
hücumçularına qarşı oynamışam – Yuri
Qavrilov, Fyodor Çerenkov, Oleq Bloxin, Ramaz Şengeliya...
Heç birindən çəkinməmişəm,
başabaş mübarizə gedib. Amma bir nəfər
başıma elə oyun açıb ki, hələ də
yadımdan çıxmayıb. Tiflis “Dinamo”sunda
hücumçu var idi - Vladimir Qutsayev. Bir dəfə səfərdəki
oyunda baş məşqçimiz Kazbek Tuayev Qutsayevi mənə
tapşırdı. Adam məni o günə saldı ki, fasilədə
əvəzlənməmi istədim. O qədər “podkat” eləmişdim
ki, bütün bədənim yara idi. Düzdür, Kazbek
Aliyeviç məni əvəzləmədi, mövqeyimi dəyişdi.
Qutsayevi isə Rauf Əmirova tapşırdı. Həmin oyun
heç-heçə başa çatdı – 1:1. Gürcülər
qolu penaltidən vurdular. Hansı ki, Qutsayevi saxlamaq istəyəndə
mən səbəb olmuşdum. Yaxşı yadımdadır, həmin
epizoddan sonra Maşallah Əhmədov
qışqıra-qışqıra üstümə gəldi
ki, Qutsayevi niyə saxlaya bilmirsən? O vaxt “Dinamo”da oynayan və
bizim də yaxşı tanıdığımız Zaur
Svanadze Maşallaha qayıtdı ki, uşağın
üstünə niyə qışqırırsan, bu adamı
Manfred Kalts (70-80-ci illərdə Almaniyanın və
dünyanın ən yaxşı müdafiəçilərindən
biri – red.) saxlaya bilməyib, o da olsun sizin bu cavan oğlan.
Maraqlıdır ki, 2-ci dövrədə Bakıdakı oyunda
da eyni hal təkrarlandı. 2:2 hesabı ilə bitən oyunda rəqib
hər 2 qolu mənim cinahımdan, Qutsayevin ötürməsindən
sonra vurdu”.
7 il “flaqman”da oynayan Yaşar Vahabzadə “Neftçi”də
ona qarşı münasibətin soyuduğunu hiss edərək
öz istəyi ilə komandadan ayrılıb. Komanda
yoldaşı və dostu Vaqif Sadıqovla birlikdə 2-ci dəstənin
9-cu zonasında çıxış edən Sumqayıtın
“Xəzər” komandasına keçib. SSRİ
dağıldıqdan sonra ilk milli çempionatımızda da
“Xəzər”də olub, gümüş medalları
qazanıb. Daha sonra Vaqif Sadıqovun məşqçisi
olduğu “Nicat”a (Maştağa) keçib. 3-cü milli
çempionatımızda yenidən doğma komandasına
qayıdıb.
1993-1997-ci illərdə “Neftçi” ilə 2 dəfə
ölkə çempionu olan, 2 dəfə də kuboku qazanan
Vahabzadə “Azərbaycansayağı künc zərbəsi”ndən
qol vuran ilk futbolçudur. 1993-cü ildə “Kür-Nur”la səfər
oyununda baş məşqçi Vaqif Sadıqovun “beyninin məhsulu”nu
qola çevirən Yaşar Vahabzadə bununla bir ilkə imza
atıb. Sonradan digər komandalarımız, millimiz bu sayaq
neçə-neçə qol vurub. 1997-ci ildə “Neftçi”dən
ayrılan Vahabzadə 2 il “Dinamo”da (Bakı) oynadıqdan sonra
2000-ci ildə, 40 yaşında Sumqayıtın
“Kimyaçı” komandasında peşəkar futbolla
vidalaşıb.
Müstəqillik illərində Azərbaycan millisində
7 dəfə forma geyinib. Karyerasını bitirdikdən sonra məşqçiliklə
məşğul olub. Müxtəlif illərdə
aşağı yaş millilərimizi
çalışdıran “Pro” kateqoriyalı məşqçinin
az da olsa, Premyer Liqa təcrübəsi var. Söhbət “Kəpəz”lə
“yuxarı”da keçirdiyi 4 oyundan gedir. Hazırda AFFA-nın Məşqşilər
Qrupunun üzvü olan Yaşar Vahabzadənin ən
böyük uğuru isə 2017-ci ildə Bakıda
keçirilən İslam Oyunlarında olub. Həmin vaxt turnirin
qalibi olan 21 yaşlılardan ibarət komandamızın
baş məşqçisi o idi.
İlqar TAĞIYEV
525-ci qəzet .- 2025.- 8 aprel(¹57).- S.15.