Alim, jurnalist, nasir
Dünya binadan belədir: sözün
yükünü çəkənlərə sözün cəfakeşi
deyilib. Sözün cəfakeşləri düşüncələrin
nazını çəkib, düşüncələri bəşəriliyə
yönəldib, insanların ruh qardaşı olub, istəyib
ki, sözü dünyanın sabahlarına düşən
işığa dönsün, bu işıq
qaranlıqların ilməsini də söksün,
cığırların, izlərin, yolların səmtini də
göstərsin. Sərraflar bilib ki, bilir ki, sözdə
yaşadılanlar əbədiliyin nişanəsidir. Ona görə
Böyük Sözə sədaqətlilər bir ömrü
bu uğurda yaşamaq istəyir, yaşayır...
Lətif Şüküroğlunun doğum yeri
1960-cı il aprelin 8-i Ermənistanın Qafan rayonu olsa da,
ömrü Zəngilanla bağlıdır. 1977-ci ildə Zəngilan
şəhər 1 saylı orta məktəbi bitirib. İki il Zəngilan
rayon poçt şöbəsində və Yol idarəsində
işləyib. Ürəyi sözə köklənənlərdən
imiş Lətif. Sözün işığında
Sözün ünvanına yol alıb - Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Bu
söz məbədinin işığında 5 il sevdiyi yolun cəfakeşlərindən
dərs alıb. Jurnalistikanın nəzəri əsaslarını
öyrənib; bu fakültə yaradıcılıq qabiliyyəti
olmayanlara nəzəri biliklərdən əlavə heç nə
verə bilmir. Təfəkkürlü tələbə, fakt və
hadisələri bir-birindən ayırd etməyi bacaran tələbə,
geniş dünyagörüşə malik olan tələbə,
zəngin söz ehtiyatı olan tələbə ...
yaxşı jurnalist olur. Həm də jurnalistikaya sədaqətli
jurnalist olur. Bu xüsusiyyətlər Lətifdə vardı.
Ona görə təhsil naminə təhsil
almamışdı, ömrünün iki ilini niyyətinin
ödəncinə çevirmişdi. Ömrünün
közünü sözə çevirdi, sözünü
ömrünün közünə...
Jurnalistika fakültəsini 1984-cü ildə bitirdi.
Jurnalist Lətif Babayevi - az sonra hamı onu Lətif
Şüküroğlu kimi tanıyacaqdı, bu ad onun ədəbi
pasportu olacaqdı - Zəngilan çəkdi. "Kənd həyatı"
rayon qəzetində ədəbi işçi (o vaxtlarda
müxbir vəzifəsi belə ifadə olunurdu), sonra
şöbə müdiri işlədi.
Lətif Şüküroğlu (Babayev) dövrün tələblərinin
də icraçısıydı, milli-xəlqi ruhun tələblərinin
də. Yazılarında, məntiqi vurğusunda o dövrün
ideologi çərçivəsi zahirən keçilməsə
də, sözün alt qatında azərbaycançılığın
işığı vardı. Bu işıq jurnalist Lətif
Şüküroğlunun ömrünün də, zaman
anlamında sabahkı yaradıcılığının da
yolgöstərəni olacaqdı, oldu da.
1990-cı ilin yanvarında Zəngilanda da ciddi senzura nəzarəti
olsa da, Lətif bu faciənin konturlarını sözlə
ifadə edə bilirdi. Jurnalistikada ən ağır məqam
gördüyünü, duyduğunu yaza bilməmək
ağrılarıdı; o vaxtlarda ideologiya jurnalistləri,
ümumən jurnalistikanı belə sıxırdı.
1990-cı il yanvar ayının 16-da rayonda fövqəladə
vəziyyət tətbiq edilməsi, qadağan saatı
qoyulması barədə qərara qarşı 17 yanvar saat 11-ə
Zəngilan şəhərinin mərkəzi meydanda mitinq təyin
edildi. Əsas təşkilatçılardan biri Lətif
Şüküroğlu olan bu mitinqdə 20 min nəfərə
qədər insanın iştirakı xalqın kükrəyən
qəzəbinin həmin vaxtadək görünməmiş bir
həddə nümayişi oldu. Mitinq
iştirakçılarının qəti tələbi ilə
sərhədyanı rayonlarda fövqəladə vəziyyətin
tətbiqi barədə qərarın icrası Zəngilanda
dayandırıldı.
Rayonda ikinci çoxsaylı etiraz mitinqi 1990-cı il
yanvar ayının 22-də yenə şəhərin mərkəzi
meydanında təşkil edildi. Minlərlə insan 20 Yanvar qətliamına
və mərkəzi hakimiyyətə, şəxsən
M.Qorbaçova Bakıya cəza dəstələri yeridilməsinə
görə öz etirazını bildirdi. Digər vətənsevərlərlə
birlikdə Lətif də bu mitinqin təşkilatçılarından
biri və aparıcısı oldu. Həmin mitinqdə o da
kommunist partayasının üzvlük biletini
alışdırılmış tonqala atdı. Bu, rejimə
nifrət idi, duyanların düşüncələri
üçün vətənpərvərlik zərrələri
idi. Lətif Şüküroğlunun vətənin
azadlığı yolunda ardıcıl, qorxmaz və dönməz
mücadiləsi iş yerinin itirilməsi ilə nəticələndi...
Həmin vaxtlarda "Səhər" qəzeti tarixin
üzünə sözlə ağ olmağa başladı.
Sonra digər qəzetlər nəşrə başladı. Azərbaycan
Qaçqınlar Cəmiyyətinin orqanı olan "Vətən
səsi" qəzeti də bu şəbəkəyə
qoşuldu. Lətif Şüküroğlu bu qəzetin
Qarabağ, Mil-Muğan zonaları üzrə xüsusi
müxbiri işlədi, həm də yadda və tarixdə
qalan yazıları ilə böyük jurnalistikanın əsgəri
oldu. O vaxtlarda yaxşı məqalələr, gərəkli məqalələr
həqiqətən də Vətənin sözü idi. Lətifin
məqalələri belə məqalələr
sırasında olurdu...
Azərbaycan Ordusu yaradılmışdı, Müdafiə
Nazirliyinin orqanı olan "Xalq Ordusu" qəzeti nəşrə
başlamışdı. Lətif Şüküroğlunu da qəzetə
dəvət etdilər. Bu dəvəti ruhunun
çağırışı bildi. 1992-ci ilin fevralından
oktyabrına kimi burda şöbə müdiri işlədi. Azərbaycanda
ordu quruculuğu problemlərindən, Ermənistanın elan etmədən
başladığı işğalçılıq
müharibəsinə qarşı döyüşlərdən
yazdıqları məqalə idi, indi tarixdir. 1992-ci ilin
noyabrından Dövlət Sərhədini Mühafizə Komitəsinə
qrup rəisi vəzifəsində həqiqi hərbi xidmətə
qəbul olunmuş, 1993-cü ilin mart ayından xidmətini
Milli Təhlükəsizlik Nazirliyində davam etdirmişdir. O,
2015-ci ilin dekabr ayının 27-də MTN-dən idarə rəisinin
müavini vəzifəsində, polkovnik rütbəsində
ehtiyata buraxılmışdır. Lətif
Şüküroğlu 2016-2018-ci illərdə Azərbaycan
Respublikasının Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatında
şöbə müdiri işləmişdir. 2019-cu ildən
Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr
işləri şöbəsində sektor müdiri işləyir...
Lətif Şüküroğlunun 1993-cü il aprelin 28-də "Sərhəd"
qəzetində general-leytenant Valeh Bərşadlı ilə
müsahibəsi dərc olunmuşdu. İri həcmli həmin
müsahibə bu gün o illərin ordu quruculuğunun səviyyəsinin,
ordunun silahlanmasının, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığının yüksəldilməsi istiqamətində
həyata keçirilən tədbirlərin tarixidir.
Müsahibin də (general-leytenant Valeh Bərşadlı),
jurnalistin də (Lətif Şüküroğlu) vətənsevərliyi
müsahibənin mahiyyətindən boy göstərir. General
dövlətçilikdən, dövlətdən, dövlətin
ərazilərinin müdafiəsindən böyük vətəndaş
kimi, böyük idealların cəfakeşi kimi söz
açır, jurnalist bu idealları cəmiyyətin təəssübkeşliyinin
göy qurşağı olmasını xatırladan cəfakeş
söz adamı kimi. Müsahibə zamanında hansı təəssürat
yaratmışdı, tarixləşib, ancaq həmin müsahibə
dünənlərin bu günlərə, bu günlərin
sabahlarına yüksək rütbəli hərbçi
münasibətidir, bu səbəbdən müsahibə hərb
tariximizin zərrəsi hesab edilməlidir (edilir). Az sonra
müsahibədə güman kimi verilənlər gerçəkləşdi
və bu gerçəkliklərin bir hissəsi vətənsevərlərə
təəssüf yaşatdı.
1993-cü il aprelin 24-də "Azərbaycan
Ordusu"qəzetində dərc olunan "Əliyar Əliyevlə
beş görüş" məqaləsi Lətif
Şüküroğlunun Vətən qarşısında
söz borcunu necə yerinə yetirdiyinin göstəricisidir. Vətəni
sevənlər haqqında Vətəni sevənlərə
ürək dolusu söz demək, tarixin qıraqda qalan hissəsini
sözlə işıqlandırmaq həmişə
yaşadılmalı təəssübkeşlik olub.
Lətif Şüküroğlunun Zəngilana
bağlılığı (Vətənə sevgisi!) xatirə
biçimində o qədər həssaslıqla, o qədər
heysiyyətliliklə verilib ki, oxuyursan, özünü o illərdə
Şükür kişi ilə nəfəs-nəfəsə
hiss edirsən: "Atam az qala hər qarışına bələd
olduğu dağları bizə də sevdirmişdi. Hər il məktəb
başlananda biz dağlara, daha doğrusu, yaylaqlara qalxardıq.
ətəyində təkəm-seyrək ağaclar bitən o
dağların otu-pencəri, gül-çiçəyi
qurşağa çıxırdı. Min cür ətrin
bir-birinə qarışdığı, bal
arılarının, növbənöv böcəklərin, alabəzək
kəpənəklərin çiçəkdən-çiçəyə
qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də
qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları
qıy vuran, dağ keçiləri dolaşan,
daşlarında kəklikləri ötən, başından
qarı, sinəsindən dumanı-çəni əskik olmayan
o dağlar onun ata-anası, dədə-babasıydı, desəm,
daha doğru olar. Ürəyi onlarla döyünür,
köksü o yerlərdə qabarırdı. Dədə-babamız
bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi,
Yağlıdərə, Müşülan düzü (bu
adı yadda saxlayın - B.M.), Daş başı, Qanlı yurd,
Aşağı məhlə yurdu, Erkək qoyun yatağı,
Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər
yurd yerlərinin adını indi də xatırlayıram...
Zəngilanda bir kənd var: Qıraq Müşlan kəndi.
Lətifin xatırladığı Müşülan
düzüylə bu kənd arasında təkcə ad
oxşarlığı deyil, həm də ruhi-tarixi
bağların olduğuna zərrəcə şübhəm
yoxdu və Lətif bu gümanımın gerçəkliyinə
işıq salan jurnalist olaraq böyük ehtirama layiqdir. Yəni
Qafan rayonunun da zamanında Azərbaycanın ərazisi
olduğunu, aran-yaylaq gəzişmələrinə görə
o eldən bu elə gəlişlərin olduğunu və
adlandırmaların doğmalığının tarixi
kökləri var. Bu ehtimal da Lətifin jurnalistlik fəaliyyətinin
tezislərindəndir...
Lətif Şüküroğlunun üç məqaləsi
sədaqətin məqaləsidir: "Səngər"lərin
bir addımlığında gözləyən dostumuz",
"Nə qədər ki öz əlimdir yazanım..." və
"Dost itkisi". İkisi yeni dövr hərbi jurnalistikamızın ilk və
sanballı nümunələrini yaradanlardan olmuş Söhbət Səfərliyə və
Ədalət Teymurluya, digəri tarix elmləri doktoru,
Cümhuriyyət dövrünün cəfakeş
araşdırıcısı Nəsiman Yaqubluya həsr olunub.
Kövrək məqalələrdir, duyğusal məqalələrdir.
Hər üçü haqqında jurnalist sözü kimi
oxunur. Məqalələrin dəyəri onun kimdən
yazılması ilə müəyyənləşdirilmir, necə
yazılması ilə müəyyənləşdirilir. Lətif
Şüküroğlu Nəsimanı da (jurnalist idi,
zamanında "Azərbaycan Ordusu" qəzetinin baş
redaktoru olmuşdu), Söhbəti də (jurnalist idi, "Xalq
Ordusu" qəzetinin şöbə müdiri olmuşdu) və Ədaləti də (jurnalist
idi, Müdafiə Nazirliyinin Mətbuat Xidmətində işləmişdi.
Mərhum videooperator Seyidağa Mövsümlü ilə birgə
Birinci Qarabağ müharibəsinin ilk xronikasnı yaradanlardan
idi) təkcə dost kimi deyil, həm də sözün cəfakeşi
olmuş söz adamı kimi xatırlayır.
"Torpağı Vətən edənlər",
"Ömür yarı oldu" kitabları
çağdaş ədəbiyyatımızda sənədli nəsrin
yadda qalacaq əsərlərindəndir. Hər ikisi Vətənə
sevginin sözlə ifadə edilmiş
üvertürasıdır. Belə əsərlərə
mahiyyəti baxımından tarixi əsərlər də deyə
bilərik...
Lətif Şüküroğlunun
yaradıcılığı çoxşaxəlidir:
jurnalistika, nəsr, poeziya.
Lətif Şüküroğlunun nəsri jurnalistikadan
qaynaqlansa da, müasir nəsrimizdə boyu kifayət qədər
aydınlığı ilə görünür.
Lətif Şüküroğlu nəsr əsərlərində
Azərbaycan gerçəkliklərinin dünənlərindən
də söz açır, bu günündən də. Nə
yazırsa, ruhunun işığında yazır.
"Muştuluq", "Taleyin izləri" kimi hekayələri
mənəviyyatın, milli dəyərlərin sabahlarına
söz sayğısıdır. "Bir məhəllənin
adamları" silsiləsindən yazdığı
"Muştuluq" hekayəsində obrazlar (Qərib, Zakir və
b.) o qədər təfərrüatlı, o qədər təbii
təqdim edilir ki, onları həm bədii təfəkkürün
simvolu bilirsən, həm də ümumiləşdirilmiş
simvolu. Eləcə də "Namaz kişinin qolları". Namaz.
Telli, Nadir, Həmid, hamımızın
tanıdıqlarımızdır, ancaq heç birimizin
tanıdıqlarımız deyil. Onları bizə bu hekayə
vasitəsilə Lətif Şüküroğlu
tanıdır...
Şeirlərində misraların fikir yükü də
diqqəti çəkir, mövzusu da, mövzuya yeni ruhla, yeni
təfəkkür ahənrübalığıyla yanaşma
da. "Yollar yoluna çıxmır" ("Sənə səni
yazıram") bədii fikri istər ədəbi
düşüncə baxımından, istərsə də fəlsəfi
mahiyyət baxımından gözəldir. "Söz qəlbimdə
çiçəkləyib" fikrində ifadə yeniliyi də,
yeni ifadənin yeni bədii dərki də çağdaş
poeziyamızın uğurlarından hesab edilməlidir. Lətifin
"Ruh olub uçuram göyün üzünə",
"Göz yaşını yığ göndər...",
"Səni bu ürəyə necə qaytarım" kimi şeirləri haqqında da eyni
fikirlər deyilməlidir.
Lətif Şüküroğlu ixtisasca jurnalistdir. Həm
də tədqiqatçıdır. Bu, istedadın ikiləşməsi
deyil, şaxələnməsidir, biri digərinin
başlanğıcı, biri digərinin nəticəsi olmaqla
təfəkkürün iki istiqamətidir.
2007-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda
"Azərbaycanın sərhəd mühafizəsi tarixi
(1918-1920-ci illər)" mövzusunda elmi iş müdafiə
etmişdir. O, əsasən Azərbaycan Xalq Cümhuriyyəti
dövrü ilə bağlı tədqiqatlar aparır. Dəfələrlə
ölkə ərazisində və xaricdə keçirilən
elmi və elmi-praktik konfrans və simpoziumların iştirakçısı
olmuş (Macarıstan, Almaniya, Ukrayna və Türkiyə),
çıxış etmiş, məqalələri nüfuzlu
xarici və ölkə elmi məcmuələrində dərc
edilmişdir. İki elmi monoqrafiyanın, beş kitabın, 30-a
yaxın elmi və 200-dən çox publisistik məqalənin
müəllifidir. "Azərbaycanın sərhəd
mühafizəsi tarixindən" (1999), "Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ordu quruculuğu"
(2018) monoqrafiyaları və iki cilddən ibarət
"Cümhuriyyət hökuməti repressiya məngənəsində"
(2000) kitabları, müxtəlif mətbu orqanlarda dərc
olunan onlarla elmi və publisistik məqaləsi onu Azərbaycan
Xalq Cümhuriyyətinin tədqiqatçısı kimi
tanıdıb.
Lətif Şüküroğlunu 65 yaşı
münasibətilə təbrik edir, ona
cansağlığı, özünəməxsus yaradıcılığında uğurlar arzulayıram.
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.14.