Azərbaycançılıq:
geniş əhatə dairəsi və taleyüklü amallar
Müstəqil, suveren Azərbaycanın
istiqlalını və bu ölkədə dünyəvi
prinsiplərə malik sivil demokratik dövlət uğrunda
mübarizəni strateji məqsəd seçən Azərbaycan
xalqının vahid, yekdil ideologiyası Azərbaycançılıqdır.
Onun əsasında Azərbaycanı özünə vətən
sayan bütün xalqların milli, etnik, dini və sosial
hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq
milli dövlət ideologiyası kimi, ölkənin Konstitusiya əsaslarına
söykənən, Azərbaycanın müstəqilliyinə,
onun hüquqi və demokratik dövlət kimi inkişafına
və milli təhlükəsizliyinin qorunmasına xidmət edən
dəyərlər sistemidir.
Azərbaycançılıq ideologiyası XIX əsrin
sonu XX əsrin əvvəllərində təşəkkül
taparaq formalaşmış və bir əsr ərzində
davamlı təkamül yolu keçmişdir.
Azərbaycançılığın bütün
dünya azərbaycanlılarını birləşdirən
ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi
Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər
Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik
edərkən azərbaycançılıq məfkurəsinin
bütün həmvətənlərimiz arasında
yayılmasına, bu ideyanın geniş ictimai dəyər
qazanmasına çalışırdı. O dövrdə Azərbaycan
ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə
və digər sahələrdə xalqın ruhunu, tarixini,
milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm
edən çoxsaylı əsərlər meydana gəlmişdir.
Həmin dövrdə Heydər Əliyev ölkədən kənarda
yaşayan azərbaycanlıların təşkilatlanmasını,
azərbaycanlı diasporunun təşəkkül
tapmasını da vacib sayırdı. 1990-cı illərdə
hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın
mütəşəkkil qüvvəyə çevrilməsinə,
onların doğma vətənlə əlaqələrinin
möhkəmlənməsini prioritet məsələ kimi hər
zaman diqqətdə saxlamışdır. Çünki
güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın
dayağıdır. İdeologiya olaraq azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir və
bunların da mahiyyəti ölkəni mənəvi və
fiziki baxımdan zəiflətmək cəhdlərindən
qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə
unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına yönəldilib.
Azərbaycan tarixən müxtəlif millətlərin
dinc yanaşı yaşadığı, milli və dini
tolerantlığın bərqərar olduğu ölkə
olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə
bərabər münasibət göstərilib. Ona görə
Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşib. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi
dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi
proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət
quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq
ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun
demokratik inkişafını təmin etməklə bərabər,
davakar millətçilik və şovinizmə qarşı təşəkkül
tapmış ideologiyadır. Azərbaycançılıq
ideyasının kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanır. Bu ideyanın məqsədi
çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər
sistemini formalaşdırmaqdır.
Çoxmillətli Azərbaycan xalqını birləşdirən
azərbaycançılıq ideyası müstəqilliyin
qorunmasına, demokratik inkişafa və hüquqi, sosial
dövlətin qurulmasına xidmət edir.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın
9-da Dünya azərbaycanlılarının I qurultayında
dövlətin siyasətini səciyyələndirərkən
onun prioritet istiqamətini nəzərə
çatdırmışdır: "Müstəqil Azərbaycan
dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq".
Azərbaycançılıq xalqımızın
çox əzab-əziyyətlər bahasına nail olduğu
tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və
bölünməz Azərbaycanın qorunub saxlanılması və
möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu
gün azərbaycançılıq milli həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə
yaşayan bütün etnosların qardaşcasına
qarşılıqlı əlaqəsi və təsirinin
çoxəsrlik ənənəsi, onların ümumi taleyi və
gələcək müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı və
fıravanlığı uğrunda birgə mübarizəsinin
ümumi tarixi təcrübəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən
bildirildiyinə görə, Azərbaycançılığın
məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin,
ənənələrin, konfessiyaların üzvi şəkildə
vəhdəti təşkil edir. Lakin azərbaycançılıq
Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi
ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın
müstəqilliyini arzulayan, onun güclənməsini istəyən
insanları birləşdirir.
Azərbaycançılıq xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərini, onun
kimliyini əks etdirən, milli təfəkkürünü
birləşdirən dəyərlər sistemidir.
Bu dəyərləri cəmləşdirən dil, ərazi,
vətəndaşlıq, adət-ənənə və
ideoloji birlik azərbaycançılıq ideologiyasının
əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda
yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən
asılı olmayaraq Azərbaycanın müstəqilliyini,
birliyini və hüquqi, demokratik dövlət kimi
inkişafını arzulayan hər bir kəs azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq özündə "vətəndaşlıq",
"vətənpərvərlik", "loyallıq",
habelə cəmiyyət və dövlət
qarşısında vətəndaşın məsuliyyətini
birləşdirir.
Azərbaycançılıq ideologiyası geniş əhatə
dairəsi ilə yanaşı, konkret məqsədlər də
güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin
inkişafına və güclü dövlət quruculuğuna
xidmət edir. Müasir dövrdə qloballaşmanın bir
sıra inkişaf göstəriciləri milli mənsubluğa
da təsir göstərir. Çağdaş zamanda milli
ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə
nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi
ilə qoşulmaq hər bir xalq üçün böyük
önəm daşıyır. Azərbaycançılıq
ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun
müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri
də özündə ehtiva edir. Azərbaycançılıq
Azərbaycanın dünya birliyinə inteqrasiyasının
ideya əsasını təşkil edir. Biz bu ideya ilə
özümüzü dünyaya tanıdır, onu mütərəqqi
dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik)
özündə birləşdirən ideologiya kimi təbliğ
edirik. Bu gün Azərbaycanın əsas prioritetlərindən
biri milli adət-ənənələrimizin təmin
olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir.
Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni
zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət
kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan
xalqı əsrlər boyu müstəqillik həsrətində
idi. Biz müxtəlif dövrlərdə başqa-başqa
dövlətlərin tərkibində yaşamışıq.
Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin
hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi
saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib,
milli ənənələrimiz qorunub saxlanılıbdır.
Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən
əsas məsələlər".
Azərbaycançılıq ideyası qloballaşma
şəraitində universal dəyərlərin
qorunmasını önəmli hesab edir və ölkəmizin
müasir milli modernləşmə yolunu bu dəyərlərin
bərqərar olduğu Avropa məkanına inteqrasiyada
görür. Azərbaycançılıq ideyası universal dəyər
olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında
beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni
zamanda ölkələrin ərazi bütövlüyü
prinsipi və digər vacib dəyərləri nəzərdə
tutaraq qloballaşmanı müasir dünyanın təbii
inkişaf prosesi hesab edir.
Bildirilib ki, vətənpərvərlik insanı öz
dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi
öz torpağına, Vətəninə sahib
çıxmağa səsləyir. Vətənpərvərlik
dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq
mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq
fərdin öz dövlətinə münasibətini təcəssüm
etdirirsə, vətənpərvərlik insanın öz ailəsinə,
Vətəninə, torpağına hərtərəfli
bağlığının göstəricisidir. Azərbaycançılıq
kontekstində vətənpərvərlik vətəndaşın
öz dövləti ilə daha sıx
bağlılığı deməkdir. Vətənpərvərlik
loyallığı və tolerantlığı inkar etməyərək
hər bir şəxsin öz ölkəsini müdafiə etmək,
onun müstəqilliyini qorumaq, inkişafına köməklik
etmək istəyidir. Ona görə vətənpərvərlik
Azərbaycan xalqının hər bir üzvünü ucaldan və
ona şərəf verən vətəndaşlıq
mövqeyidir. Azərbaycançılıq ideologiyası
dövlət quruculuğu prosesində vətəndaşın
siyasi loyallıq mövqeyini təbliğ edir. Azərbaycançılıq
ideologiyası çərçivəsində siyasi
loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin
keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu
münasibətlər cəmiyyətin və dövlətin
sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında
yaranan vətəndaş-dövlət münasibətləri
hörmət və inam əsasında qurulur. Lakin heç bir
xalq dövlətinin ərazi bütövlüyünə,
müstəqilliyinə təhlükə yarandığı
halda loyal qala bilməz.
Azərbaycançılıq kontekstində vətəndaşlıq,
vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə
və dövlətə vahid yanaşma sistemdir. Bu
üçlüyün vəhdətində birlik və sabit
dövlət quruluşu mümkündür. Azərbaycançılıq
ideologiyasının yaşaması vətəndaşın cəmiyyət
və dövlət qarşısında məsuliyyətindən
asılıdır. Vətəndaşlıq məsuliyyəti
azərbaycançılıq ideologiyası kontekstində
geniş anlayışdır. O özündə hüquqi və
mənəvi məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq
məsuliyyəti daha çox mənəvi məsuliyyətlə
bağlıdır. Bu baxımdan azərbaycançılıq
ideologiyası həm də vətəndaş məsuliyyətinin
güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət
qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək
qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq
mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin
və dövlətin inkişafı və güclənməsi
hər bir fərdin fəal vətəndaşlıq
mövqeyindən və vətəndaşlıq məsuliyyətindən
asılıdır: "Azərbaycançılıq
ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın,
sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin
inkişafı uğrunda mübarizəsinin məqsədləri
öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq
müstəqil Azərbaycanın fəlsəfi-sosial
doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini
özündə birləşdirmişdir. O,
qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını təşkil
edir. Azərbaycançılıq ideologiyasının təkamülündə
İlham Əliyev mərhələsi özünəməxsus
dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə,
milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə
və Azərbaycan xalqının dünya birliyindəki
mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq
konsepsiyası bu gün cəmiyyətin inkişafının
ideya təməlini təşkil edir".
Prezident İlham Əliyev azərbaycançılıq
məfkurəsini dövlətçiliyimizin ideoloji əsası
kimi xarakterizə edərək demişdir: "Bizi əsrlər
boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz
olmuşdur. Bu gün bu məsələyə çox
böyük diqqət göstərilir. Bu gün qloballaşan,
çətinliklərlə üzləşən dünyada
milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini
təşkil edir. Bizim dövlətçiliyimizin çox
möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq
məfkurəsi bizim əsas ideoloji
dayağımızdır".
Azərbaycançılıq ideologiyasının
çağdaş təkamül mərhələsi
özünəməxsus dinamizmi ilə zənginləşməkdə,
milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə
və Azərbaycan xalqının dünya birliyindəki
mövqelərini inamla yüksəltməkdədir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.11.