Dünya iqtisadi
müharibəyə doğru
Cavid Zeynallı, yazıçı:
- İki-üç gün əvvəl Şəhriyar
Del Gerani yazmışdı ki, sorğu keçiriblər və
məlum olub, 10 milyonluq ölkədə 5-7 min arası aktiv
kitab oxucusu var. Bilmirəm, nə dərəcədə real rəqəmdir,
amma aşağı-yuxarı inandırıcıdır.
Dünən isə zəif bir filmdə Buzovna
adının çəkilməsinə görə qalmaqal
yarandı və yaradıcı heyət güzəştə
gedib filmi yutubdan sildi.
Bu iki fakt ispan ədəbiyyatı ilə bağlı
yaddaşımda bəzi şeyləri oyatdı.
1939-cu ildə İspaniyada vətəndaş
müharibəsi general Frankonun rəhbərlik etdiyi millətçilərin
qələbəsi ilə başa çatdı. 40-cı illərdən
sonra həmin millətçi və mühafizəkarlar
yetişən gənc yazıçılar nəslinə
"bir dəstə tərbiyəsiz" və "pis
uşaqlar" damğası ilə həqarətlə
yanaşırdı. Belə "tərbiyəsiz"lərdən
biri də Anna Mariya Matute idi.
Anna Mariyanın kiçik bir essesini Anarın tərcüməsində
oxumuşam. Matute yazır ki, bizim üçün qadağan
mövzular var idi.
Məsələn, məktəblərdə öyrədirdilər
ki, İspaniyada heç kim intihar eləmir. İspan ailəsində
problem yoxdur, arvad ərinə xəyanət eləmir, ər
arvadına vəfasız çıxmır, övladlar həmişə
ata-anasına qayğı göstərir, tez-tez onlara baş
çəkir.
Həmin məktəblərin yetişdirdiyi insanlar isə
bu yalanı faş edən gənc yazıçıları təhqir
edir, onları gözdən salırdılar.
Anna Mariya yazırdı:
"Ən amansız düşmənimiz laqeydlik,
etinasızlıq və biganəlik idi. Ümumiyyətlə, ədəbi
və hər növ intellektual, zehni fəaliyyətə həqarətlə
baxılırdı. Heç kəs ədəbiyyatla maraqlanmaq
istəmirdi. Oxuyanlar da ya məzəmmət, ya da rişxənd
edirdilər. Bizə hücum edirdilər. Bizim hekayələri
oxuyan bəzi adamlar redaksiyalara məktublar yazırdılar:
- Belə xoşagəlməz
yazıçıları jurnalınızın səhifələrinə
buraxmayın. Mən evimə qayıdıb qəhvə
içirəm. Ancaq sizin jurnalın səhifələrini vərəqləyəndə
başqalarının aclığı,
kasıblığı mənim evimə də daxil olur. Mən
bütün bu şeyləri bilmək istəmirəm. Mən
rahat yaşamaq istəyirəm".
Sahib Alıyev, millət vəkili:
- İnəyin öz südünün ən dadlı
hissəsini balasına - buzova saxladığını mən
hələ uşaqlıqdan eşitmişdim. Meyvələrin,
məsələn gilasın dərildikdən bir neçə
saat sonra yumşalmasının kökündə də
"bala sevgisi"nın durduğunu Ağdaşda Aqrar Biznes
Festivalında öyrəndim. Sən demə, meyvənin getdikcə
xarab olmağa başlaması əslində onun öz qiymətli
minerallarını tuma ötürməsi prosesi imiş. Yəni
meyvə tumunu yaşatmaq, torpağa düşəndə
cücərməsi şansını artırmaq
üçün qiymətli minerallarını ona ötürərək
özünü sürətlə "öldürməyə"
çalışırmış. Ancaq aşağı
temperaturda bu proses dayanır. Ona görə də meyvə dərildikdən
sonra nə qədər tez soyuducu anbara daşınarsa, bir o qədər
belə demək mümkünsə, "diri" qalır, yəni
faydalı minerallarla zəngin olur.
Mərkəzi Aran iqtisadi rayonunun fermerləri bu
festivalda məhz çağdaş standartlara tam cavab verən
soyutma sistemlərindən tutmuş, qiymətləri elə
bahalı olmasa da, onların son dərəcə işinə
yarayacaq çeşidli kənd təsərrüfatı
texnikalarıyla tanış oldular və dövlətin aqrar
sahədəki dəstək mexanizmləri, subsidiya, güzəştli
kredit haqda bilgi əldə etdilər.
Festivalın rəsmi açılış hissəsindəki
çıxışımda da vurğuladığım kimi,
maarifləndirmə ilə yanaşı, uğurlu təcrübələrin
bölüşülməsi, fermerlərin məhsullarını
bazarlara çıxarmaları üçün yeni
imkanların yaradılması, burada innovasiyanın geniş tətbiqinin
yolunun açılması, bir
sözlə, strateji əhəmiyyəti gələcəkdə
indikindən qat-qat çox artacaq aqrar sektorun daha da
inkişafı baxımından belə tədbirlərin
keçirilməsi çox önəmlidir.
Məhsəti Musa, jurnalist:
- Dünən Ağcabədi Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Hindarx qəsəbə 1 saylı
tam, 3 saylı ümumorta məktəblərinin şagirdləri,
psixoloqları, uşaq birliklərinin rəhbərləri ilə
maarifləndirici görüş keçirildi. Qeyd edim ki,
görüşlər
bütün məktəbləri əhatə edəcək.
"Uşaq hüquqları və vəzifələri"
mövzusunda keçirilən görüşlərdə erkən
nigah, zərərli vərdişlər və bu kimi vacib məsələlərə
də toxunulacaq. Məktəblərdə hüquqi söhbətlərlə
yanaşı, psixoloq və həkimlərimizin
də iştirakı və açıq söhbətləri
şagirdlərlə görüşlərin daha effektli
olmasına imkan verir. Xatırladım ki, bundan əvvəl də
məktəblərdə bu cür mütəmadi
görüşlər keçirilirdi və bunun effektini hər
birimiz aydın hiss edirdik. Bu günlərdə Ağcabədidə
baş verən bir xoşagəlməz hadisəyə görə
sosial şəbəkələrdə yazılanları oxuduqca
dəhşətə gəlirdim. Bəziləri Ağcabədini
elə təsvir edirdi ki, sanki bu rayon dünyadan təcrid
olunmuş, qızları gözünü açan kimi ərə
verilən, təhsildən tamamilə uzaq, nə bilim e, ibtidai
icma quruluşunda yaşayan bir bölgədir. Xoşagəlməz
hadisə hər yerdə olub, olur, olacaqdır da. Yəni bu,
qaçılmazdır. Amma bununla bağlı heç bir tədbir
görülmür? Bax bunu deyənlər çox səhv
düşünür və danışır. Bəlkə də
maarifləndirmə işində Ağcabədi qədər bu
işə həssaslıqla yanaşan bölgə yoxdur. Neyləmək
olar ki, səhvlər də olur. Növbəti maarifləndirmə
işlərinə məhz Hindarx qəsəbəsindən
başlanılması təsadüfi deyildi. Bu, məhz o 13 ( bu heç nəyi dəyişməsə
də, əslində 14 yaş) yaşlı qızın
yaşadığı qəsəbədir. Biz orada məktəblilərlə
görüşdük. Onlara müəyyən suallar
ünvanlandı. O qızların demək olar ki, yarıdan
çoxu ali təhsil almaq istəyir. Onlar öz
hüquqlarını kifayət qədər bilir, öz fikirlərini
sərbəst, rahat şəkildə çatdırır, əsaslandırır
və bizə suallar da ünvanlayırdılar. Yəni hadisənin
baş verdiyi bir qəsəbənin timsalında deyirəm ki,
o qızla yanaşı, bu qızlar da var. Bu qədər
yazmağımın da səbəbi budur ki, bir
dağınıq ailədə baş vermiş bir hadisəyə
görə bütöv bölgəni qaralamaq, ağzına gələni
yazmaq da elə o hadisə qədər xoşagəlməzdir.
Bəli, qınanılmalı idi, ictimailəşdirilməli
idi, səbəbkarlar, günahkarlar cəzalanmalı idi.
Problemin kökü araşdırılmalı, bu kimi bəlaların
qarşısının alınması üçün tədbirlər
görülməli, tövsiyələr verilməli idi. Amma məhz
bir məsələyə görə kifayət qədər gərəkli,
dəyərli insanlar yetişdirən bir rayon o boyda səviyyəsiz
sözlərə tuş gəlməməli idi.
Elçin Rüstəmli, jurnalist:
- Deməli, hərbi xuntanın idarə etdiyi Myanmada
7.7 bal gücündə zəlzələ olub, 28 milyon əhalinin
yerləşdiyi bölgə xaraba qalıb. Minlərlə
insan ölüb, itkin düşüb, yaralanıb, milyonlar
köməksiz qalıb.
Hərbi xunta isə ölkəyə xaricdən
göndərilən yardımları əngəlləyir,
xilasedicilərə viza vermir və s. Üstəlik, çarəsiz
qalmış, etiraz edən insanların üstünə ordu
göndərir, həmin ərazilərə humanitar
yardımların çatdırılmasına imkan vermir.
Bu arada ABŞ Myanmaya cəmi 2 milyon dollar yardım təklif
edib.
Dövlət katibi Rubio deyib ki, biz dünya hökuməti
filan deyilik, zəhmət çəksin, başqa zəngin
ölkələr əlini daşın altına qoysun.
Hacıbəy Heydərli, jurnalist:
- Cənubi Azərbaycanımızın
"Traktor" klubu tarixində ilk dəfə olaraq İran
çempionu olmağa çox yaxındır. Sona 6 tur
qalmış təbrizlilər ən yaxın rəqibindən
5 xal öndədir.
Bu gün "Traktor" Tehranın
"İstiqlal" klubunu qəbul edib. Təbrizin Səhənd
stadionunda keçirilən oyununa 120 min azarkeş gəlib,
onların çoxu stadiona daxil ola bilməsələr də,
qələbədən sonra küçələrdə
"Yaşa, Azərbaycan" və "Azərbaycan var
olsun" mahnılarını ifa ediblər.
Şahin Cəfərli, politoloq:
- Türk dünyasında nə baş verir?
Diqqət mərkəzindən kənarda qalan bir proses
var: türk dövlətləri - Qazaxıstan, Özbəkistan
və Türkmənistan bir-birinin ardınca Kipr (yunan)
Respublikasına səfir təyin edərək onunla münasibətləri
yeni səviyyəyə qaldırıblar. Bu ölkələr
Kipri daha əvvəl tanısalar da, Türkiyə ilə
münasibətlərə zərər verməmək
üçün ora səfir təyin etməmişdilər.
İlk olaraq 2024-cü il dekabrın 19-da Özbəkistanın
səfiri (həmçinin, İtaliyadakı səfir) Abat
Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim
edib. Daha sonra - 2025-ci il fevralın 24-də Qazaxıstan səfiri
Nikolay Jumakanov, iki gün əvvəl, aprelin 2-də isə
Türkmənistan səfiri (eyni zamanda İtaliyadakı səfir)
Toylı Komekov etimadnamələrini prezident Nikos Xristodulidisə
təqdim ediblər.
Kipr Respublikası ilə əlaqələrin
inkişafında Qazaxıstanın xüsusi fəallığı
diqqəti cəlb edir.
Özbəkistan və Türkmənistan öz
İtaliyadakı səfirlərini Kiprə akkreditə etdikləri
halda, Qazaxıstan birbaşa Nikosiyada səfirlik açıb.
Ötən ay - martın 6-da ilk dəfə olaraq Qazaxıstan
baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu
Kiprə rəsmi səfər edib. M.Nurtleu və N.Xristodulidis
arasındakı görüşdə 2026-cı ildə iki
ölkə arasında birbaşa aviareyslərin
açılması haqqında razılıq əldə
olunub. Bundan öncə səfir Jumakanov isə Kipr prezidenti ilə
görüşündə "Qazaxıstan Kipr
Respublikasının beynəlxalq səviyyədə tanınan
sərhədləri çərçivəsində
suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə
dəstəkləyir" deyib. Bu o deməkdir ki, Qazaxıstan
Kipr Respublikasının təkcə de-fakto nəzarət
etdiyi ərazidə deyil, bütün ada üzərində
(türklərin yaşadığı şimal hissəsi də
daxil olmaqla) suverenliyini tanıdığını konkretləşdirir.
Qazaxıstan səfiri ilə görüşdə
N.Xristodulidis Türkiyəni işğalçılıqda
ittiham edib.
Xatırladaq ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti
2022-ci ildə Türk Dövlətləri Təşkilatında
müşahidəçi statusu alıb. Lakin QKTC 1 il sonra təşkilatın
Qazaxıstanda keçirilən yubiley (10-cu) zirvə
görüşünə dəvət edilməyib.
Fərid Pərdəşünas, texnobloger:
- Bütün Dünya iqtisadi müharibəyə
doğru irəliləyir. bunlar da ABŞ və Çinin
mübarizəsi fonunda baş verəcək. İki bir-birindən
asılı iqtisadiyyata sahib nəhəngin mübarizəsində
uduzan onlar yox, ümumi dünya iqtisadiyyatı olacaq.
Tarmpın tarif qərarları tamamilə haqlı və
əsaslıdır. Əgər dünya ölkələri
onlara qarşı tarif tətbiq edirsə, niyə ABŞ belə
bir şey etməsin?
Dünyanın texnologiya nəhəngi də, iqtisadi nəhəngi
də maliyyə nəhəngi də ABŞ-dir. Çin hələ
də onlar üçün ucuz işçi bazarından
başqa bir şey deyil. Dünyada ABŞ-yə iqtisadi
müharibə edə biləcək ikinci ölkə yoxdur.
Orxan Kərimov, Feysbuk istifadəçisi:
- Sizə bəd xəbərim var.
Ölkəmizdə nəzərdən qaçan,
çox ciddi problem yaranıb. O da arıların kəskin
şəkildə azalmasıdır. Mən rayonda
yaşayıram, hər gün çiçəklənən
ağacları görürəm. Və inanın bu il,
çiçəklərin üzərində olan arılar
keçən ilkinə nisbətən qat-qat azdır.
Arı ailəsi saxlayan, tanışlardan
maraqlanıram, hamısı arıların kütləvi şəkildə
tələf olmasından narahatdır.
Bu məsələ gündəm olmalıdır.
Arıçılıq, arılar Azərbaycan və
ümumiyyətlə dünya üçün çox önəmlidir.
Arı yoxdusa, çiçəklərdə (meyvə-
tərəvəz) tozlanma da yoxdur. Dolayısıyla, məhsul
da yoxdur (Azdır).
Elə məhsullar var ki, (Alma, armud, çiyələk,
pomidor, xiyar və s.) onların tozlanmasının 70-80 faizini
arılar təşkil edir. Məhsul azdırsa, qiymət də
bahadır.
Fikir verin, 11 iqlimdən 9-nun ölkəmizdə
olduğu halda bazarda meyvə tərəvəz qiymətləri
hər il qalxır. Bu, dünya bazarında da belədir.
Digər tərəfdən arıçılıq, kəndli
fermerlər üçün çox böyük gəlir mənbəyidir.
Onsuz da kiçik kəndlərdə, ələlxüsus
dağlıq yerlərdə iş yerləri azdır. Bu sahədə
işlər zəif olsa, o kütlə üçün daha
çətin olar.
Arılar təkcə meyvə tərəvəzi yox, həm
də digər yabanı bitkilərin də tozlandırır.
Hansı ki, ekosistem, kiçik heyvanlar və təsərrüfat
üçün o bitkilər də önəmlidir.
P.S. Əvvəlki illə müqayisədə ölkəmizdə
arı ailələrinin sayı 8.4% və ya 54.8 min azalıb.
Sonda qeyd edim ki, Nisbilik nəzəriyyəsinin banisi
olan Albert Eynşteyn uzun illər arılar üzərində
ciddi araşdırmalar aparıb.
Onun gəldiyi nəticələrə əsasən, əgər arılar kütləvi
şəkildə Yer üzündən itərsə, ondan sonra
insanlar cəmi 4 il yaşaya bilər. Çünki
arıların məhvi tozlanmanın, bitki və insan nəslinin
artmasının sonu deməkdir...
...Müqəddəs Quranın bal arısı mənasını
verən "Ən-Nəhl" surəsindən bir hissə:
"Rəbbin bal arısına belə vəhy etdi:
"Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə
özünə yuva tik. Sonra bütün meyvələrdən
ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get!
(O arıların) qarınlarında insanlar üçün
şəfa olan müxtəlif rəngli bal çıxar.
Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər
üçün bir ibrət vardır!"
525-ci qəzet .- 2025.- 8 aprel(¹57).- S.10.