AMEA-da “Heydər
Əliyev: şəxsiyyətin miqyası və missiyası”
fundamental kollektiv monoqrafiyanın təqdimatı olub
Akademiyanın Rəyasət Heyətinin binasında
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya
müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyətin
miqyası və missiyası” adlı fundamental kollektiv
monoqrafiyanın təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,
AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın
müşavirləri, AMEA-nın Rəyasət Heyəti
aparatının məsul əməkdaşları və
kollektiv monoqrafiyanın müəllifləri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən
akademik İsa Həbibbəyli Azərbaycan xalqının
Ümummilli Lideri, dünya siyasətinin əsas simalarından
biri olmuş görkəmli dövlət xadimi Heydər
Əliyevin zəngin həyatı və fəaliyyətinin daim
elm xadimlərinin tədqiqat mövzusu olduğunu söyləyib.
Qeyd edib ki, XX əsrin ikinci yarısından sonrakı Azərbaycanın
və SSRİ-nin siyasi-tarixi proseslərini Heydər Əliyev
faktorundan bəhs etmədən obyektiv və tam halda izah və
əhatə etmək mümkün deyildir.
Dahi liderin həyatı, mübarizəsi və
ideallarının həm mənsub olduğu xalqın və
ölkənin tarixində, həm də geniş mənada
dünyanın siyasi-tarixi gedişatında mühüm yer
tutduğunu deyən akademik İsa Həbibbəyli hələ
sovet hakimiyyəti illərindən başlayaraq Ulu Öndərə
həsr edilmiş əsərlərin, şeirlərin
yazıldığını, görkəmli dövlət
xadiminin “Literaturnaya qazeta”ya verdiyi “Qoy ədalət zəfər
çalsın” başlıqlı müsahibəsindən sonra
isə elmi-ideoloji məqalələrin çap edilməyə
başlandığını diqqətə
çatdırıb. Bildirib ki, ötən illər ərzində
nəinki Azərbaycanda, başda Türkiyə və MDB
ölkələri olmaqla, dünyanın bir çox ölkəsində
Ümummilli Liderə həsr edilmiş saysız-hesabsız
kitablar, monoqrafiyalar işıq üzü görüb.
Dövlət başçısı tərəfindən
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə
bu istiqamətdə daha çox əsərlərin ortaya
qoyulduğunu deyən akademik İsa Həbibbəyli, bu nəşrlərin
xüsusilə fundamental tədqiqatları əhatə etdiyini
vurğulayıb. Qeyd edib ki, ötən illər ərzində
dahi liderin həyatı və fəaliyyətinin müəyyən
dövrlərini, müxtəlif sahələrin yaranması və
inkişafına göstərdiyi tarixi xidmətlərini əks
etdirən nəşrlər işıq üzü görsə
də, bu əsərlər mahiyyətcə daha çox
tanıtma kitabı və konfrans materiallarını əhatə
edib. Lakin 2023-cü ildən etibarən AMEA-da dahi liderin
çoxillik fəaliyyəti və ömür yolunu əks
etdirən fundamental tədqiqatlar aparılmaqla, “Heydər
Əliyev İli”ndə alimlərimiz tərəfindən 52
monumental ciddi əsər ortaya qoyulub və hər biri Azərbaycan
elminin HeydərƏliyevşünaslığa ciddi töhfəsidir.
Həmçinin bu günə qədər Ulu Öndərə
həsr edilmiş ümumiləşmiş kitabın olduqca
azlıq təşkil etdiyini deyən akademik İsa Həbibbəyli
bu istiqamətdə də qarşıya qoyulmuş hədəfləri
əsas götürərək təqdimatı keçirilən
əsərin meydana qoyulduğunu söyləyib. Bildirib ki,
“Heydər Əliyev: şəxsiyyətin miqyası və
missiyası” fundamental kollektiv monoqrafiyası Ulu Öndər
Heydər Əliyevin tərcümeyi-halının, çoxcəhətli
siyasi-dövlətçilik fəaliyyətinin və
mübarizəsinin bütün mərhələlərini əks
etdirir. Diqqətə çatdırıb ki, monoqrafiyanın
müəllifləri uzun illər ərzində Ulu Öndər
Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi
ilə peşəkar səviyyədə məşğul
olmuş Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat
institutlarında çalışan 24 tanınmış Azərbaycan
alimindən ibarətdir. Akademik İsa Həbibbəyli nəşrin
həcmi, ədəbiyyatı və müəlliflər heyəti
ilə bu günə qədər dahi liderə həsr
edilmiş fundamental tədqiqatların ən təkmilləşdirilmiş
variantı və bələdçisi olduğunu söyləyib.
AMEA rəhbəri Ümummilli Liderin Azərbaycan
xalqı və dövləti qarşısındakı tarixi
xidmətlərinin tədqiq edilməsinin alimlərimizin daim
başlıca vəzifəsi və şərəfli
missiyası olduğunu deyib və ilk təqdimatı
keçirilən “Heydər Əliyev: şəxsiyyətin
miqyası və missiyası” fundamental kollektiv
monoqrafiyasının müəlliflərinə təşəkkürünü
bildirib.
Sonra nəşrin elmi redaktoru, AMEA-nın akademik-katibi
akademik Arif Həşimov çıxış edərək
monoqrafiyanın Akademiyanın 80 illiyi ərəfəsində
işıq üzü görməsi və təqdimatının
keçirilməsinin əlamətdar olduğunu söyləyib.
Bildirib ki, monoqrafiyada Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin mənalı və keşməkeşli
həyatı və mübarizəsinin mahiyyəti, tarixi əhəmiyyəti,
müasir dövrdəki yeri və rolu elmi cəhətdən əsaslandırılmış
şəkildə təqdim edilir.
Akademik Arif Həşimov AMEA-nın “Elm” nəşriyyatında
çap olunan monoqrafiyanın “Azərbaycanın dünya
miqyaslı görkəmli dövlət xadimi”, “Azərbaycançılıq
ideologiyasının banisi”, “Azərbaycanın elm və təhsilinin
böyük hamisi və bələdçisi”, “Azərbaycanın
ədəbiyyat və mədəniyyətində dərin iz
qoyan şəxsiyyət” və “Xarici siyasətin Heydər
Əliyev modeli” olmaqla, 5 fəsildən ibarət olduğunu
diqqətə çatdırıb. Nəşrdə dahi liderin
iqtisadi, siyasi, elmi, ədəbi, mədəni, Azərbaycan
dilinin qorunması, Türk dünyası və digər sahələrdəki
tarixi xidmətlərini əks etdirən fundamental məqalələrin
yer aldığını vurğulayıb.
Akademik Arif Həşimov Ulu Öndərin çoxcəhətli
fəaliyyətinin əsas istiqamətlərinə həsr
edilmiş ilk fundamental monoqrafik tədqiqatın Akademiyada
işıq üzü görməsinin alimlərimizin gərgin
əməyinin nəticəsi olduğunu söyləyib.
Təqdimat mərasimində, həmçinin
monoqrafiyanın müəlliflərindən akademik Rasim
Əliquliyev, akademik Gövhər Baxşəliyeva, AMEA-nın
müxbir üzvü Ərtegin Salamzadə, professor İlham Məmmədzadə,
tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və
siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov
çıxış edərək çoxvektorlu fəaliyyəti
ilə Azərbaycanın tarixində dərin izlər
qoymuş, xalqımızı, dövlətimizi bir çox bəlalardan
xilas edərək gələcəyə hədəflənmiş
inkişaf yoluna, dövlət quruculuğuna yönəltmiş
dahi liderin həyat və fəaliyyətinin tədqiq
olunmasının alimlərimizin ümdə vəzifəsi
olduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev fəaliyyətinin
bütün dövrlərində başlıca olaraq,
xalqını, dövlətini düşünüb,
atdığı bütün doğru addımlarla Azərbaycanı
inkişafa aparıb, nəinki ölkəmizdə,
keçmiş SSRİ-də, bütün dünyada peşəkar
siyasətçi, dövlət xadimi olaraq qəbul edilib,
xarizmatik siyasi fəaliyyəti ilə daim diqqət mərkəzində
olub.
Sonda çıxış edən akademik İsa Həbibbəyli
bildirib ki, təqdim olunan fundamental monoqrafiya Heydər
Əliyevi öyrənməyin mükəmməl örnəyi,
elmi portretidir və dahi liderin həyatı və fəaliyyətini
gələcək nəsillərə tanıtmaq alimlərimizin
daim diqqətindədir.
525-ci qəzet .- 2025.- 8 aprel(¹57).- S.9.