Almaniyada Azərbaycanla
bağlı Multikultural nostalji axşam
Almaniyanın Münxenqladbax şəhərində Azərbaycanın
mədəni irsinin və multikultural dəyərlərinin beynəlxalq
miqyasda təbliğinə həsr edilmiş konsert olub.
AZƏRTAC xəbər verir ki, “Multikultural nostalji
axşamı” adlı konsertin bədii rəhbəri və təşəbbüskarı
tanınmış vokal ifaçısı, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti,
2005-ci ildə Muğam müsabiqəsinin laureatı Vüsalə
Cabirdir. Hazırda Almaniyada yaşayan və
yaradıcılıqla məşğul olan Vüsalə Cabir
həm də “Könül Dostları” mədəniyyət dərnəyində
xor rəhbəri, səs müəllimi və solist kimi fəaliyyət
göstərir. Onun rəhbərliyi ilə keçirilən
konsert bir sıra milli və xarici musiqi nümunələrinin
təqdimatı ilə yadda qalıb.
Tədbirin birinci hissəsi dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından
“Şəbi-Hicran” xor səhnəsi ilə açılıb.
Sonra Qulu Əsgərovun “Gəlmədin yar” romansı, “Bu qala
daşlı qala” xalq mahnısı və müxtəlif
türk xalq musiqiləri “Könül Dostları”nın xoru tərəfindən
ifa olunub. Bütün əsərlər Vüsalə Cabirin bədii
rəhbərliyi ilə təqdim edilib.
Konsertin növbəti hissəsində Vüsalə
Cabir, pianoçu Səbinə Məmmədovanın və
“Qala” qrupunun müşayiəti ilə Fikrət Əmirov, Səid
Rüstəmov, alman bəstəkar Teo Makeben və italiyalı
bəstəkar Vinçenzo Di Kiaranın əsərlərini səsləndirib.
Müxtəlif dillərdə və janrlarda təqdim edilən
musiqi nömrələri auditoriya tərəfindən
xüsusi rəğbətlə qarşılanıb. Azərbaycan
və türk musiqilərinə göstərilən maraq tədbirin
əsas bədii xəttini təşkil edib.
Konserti Almaniya, Fransa və Niderlandda yaşayan diaspor
nümayəndələri, həmçinin müxtəlif millətlərin
təmsilçiləri izləyiblər.
Tədbir çərçivəsində
çıxış edən “Ana Vətən” Avropa Azərbaycanlı
Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Vüsalə
Cabirin Avropada Azərbaycan musiqisinin təbliğində
göstərdiyi xidmətlərindən bəhs edərək,
ona Fəxri fərman təqdim edib.
Konsertin əsas məqsədi müxtəlif
xalqları musiqi vasitəsilə bir araya gətirmək, Azərbaycan
musiqisini beynəlxalq səviyyədə tanıtmaq və
sevdirmək olub.
Qeyd edək ki, “Multikultural nostalji axşamı” layihəsi
artıq bir neçə ildir Vüsalə Cabirin təşəbbüsü
ilə həyata keçirilir və bu il də yüksək
peşəkarlıqla reallaşdırılıb.
525-ci qəzet .- 2025.- 8 aprel(¹57).- S.9.