Azərbaycanın qətiyyətinə
söykənən enerji təhlükəsizliyi
Aprelin 4-də Bakı “Cənub Qaz Dəhlizi” Məşvərət
Şurası çərçivəsində nazirlərin
11-ci və “Yaşıl Enerji” məşvərət
şurası çərçivəsində nazirlərin
üçüncü iclasına ev sahibliyi etdi. 2015-ci ilin
fevral ayından keçirilən bu tədbir artıq 3-cü
ildir ki, həm də “yaşıl enerji” məsələlərini
əhatə edir. Azərbaycan tərəfindən
başlanmış və Avropa Komissiyası tərəfindən
dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi
sahəsində yanaşmaların
formalaşdırılmasında, həmin məsələlərin
həllində və birgə səylərimizin əlaqələndirilməsində
mühüm rol oynamışdır. Toplantıya Azərbaycan
və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq
maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə
nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli
nümayəndələr iştirak ediblər. Toplantı
açılış sessiyasından sonra işini nazirlər
sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin
uğurlu istismarı, inkişafında tərəqqi və
növbəti addımlar” və “Yaşıl enerji layihələri
və yaşıl enerji dəhlizləri” üzrə plenar
sessiyalarla davam etdirib. Bu kimi tədbirlər Azərbaycanın
həm ənənəvi, həm də yaşıl enerjinin
beynəlxalq bazarlara çıxarılmasında
oynadığı rolun vacibliyindən xəbər verir.
Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə
verən Cənub Qaz Dəhlizinin yalnız iqtisadi deyil, həmçinin
ciddi siyasi əhəmiyyətə malikdir. Bakıda
keçirilən toplantı Azərbaycanın enerji
diplomatiyasının çevikliyindən və
ardıcıllığından xəbər verir. Azərbaycanın
enerji siyasəti milli maraqlar üzərində qurulub.
Azərbaycanın Cənub Qaz Dəhlizinin tarixi
çox məşəqqətli dövr yaşayıb. Belə
ki, 1997-ci ildən bünövrəsi qoyulmuş bu dəhliz
2003-cü ildə layihənin rentabelsizliyi ehtimalı, eyni
zamanda, digər təzyiqlərin və bürokratik proseslərin
nəticəsi olaraq reallaşmamışdı. Lakin
2013-cü ildə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin
dörd layihəsi – “Şahdəniz”, “Cənub Qafqaz Boru Kəməri”,
TANAP və TAP-ın genişləndirilməsi ilə
bağlı Sərəncam imzaladı. Bu 4 layihənin hər
biri genişləndirilərək Cənub Qaz Dəhlizi
formatında işə salınmasına gətirib
çıxardı. Bununla da, Azərbaycan qazı ilə
Avropanın təchiz edilməsinə start verildi. 2014-cü ildə
bu proseslərin hüquqi status alması, proseslərdə idarəçiliyin
daha yüksək səviyyədə aparılması məqsədilə
Prezident cənab İlham Əliyev tərəfindən Cənub
Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti
yaradıldı. 2015-ci ildən isə Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının toplantıları keçirilməyə
başladı və bu günədək davam edir.
3500 kilometr uzunluğunda olan bu Cənub Qaz Dəhlizinin
layihə dəyəri 40 milyard dolları ötüb. Təsəvvür
edin ki, boru kəmərinin keçdiyi dağların
hündürlüyü 2700 metrə çatır, bu kəmər
belə bir yüksəkliklərdən keçir. Bu da təbii
ki, böyük əmək və uzun zaman tələb edir. Azərbaycan
bütün yükü öz üzərinə götürərək,
bu prosesləri nəhayət 2020-ci ildə
yekunlaşdıraraq dekabrda Cənub Qaz Dəhlizinin
açılışına nail oldu. Artıq Cənub Qaz Dəhlizi
“Şahdəniz-2” layihəsi çərçivəsində
hasil edilmiş qazı Avropaya çatdırdı. Ancaq bu, hələ
başlanğıc idi. Bunun ardınca dəhlizin genişləndirilməsi
ilə bağlı işlərə başlanıldı. Bu
zaman üç versiya var idi. Birinci versiyada Cənub Qaz Dəhlizi
14 milyard kubmetrə qədər genişləndirilməlidir,
hansı ki, nəzərdə tutulan həcm 10 milyarddır. Bu
göstəricinin 14-ə çatdırılması birinci
versiya idi. 17,1 milyard kubmetrə çatdırılma ikinci
versiya idi. Və nəhayət, üçüncü versiyada
20 milyard kubmetrə çatdırılması oldu. Təbii
ki, həcm artdıqca daha çox investisiya və daha çox
işlər tələb olunurdu. Bu proseslərin getdiyi bir
dönəmdə başlayan Rusiya və Ukrayna müharibəsi
məhz üçüncü versiyanın reallaşmasına
gətirib çıxartdı. Yəni dəhlizin strateji əhəmiyyətini
nəzərə alınaraq 20 milyard kubmetrə qədər
artırılması məsələsi artıq təsdiqləndi.
2027-ci ilə qədər bu hədəfə
çatılması nəzərdə tutulur. Hazırda bu dəhlizlə
12-13 milyard kubmetrlik qaz ixrac olunur. Azərbaycan qaz
strategiyasını uğurla davam etdirdiyi bir dönəmdə
yaşıl konseptinin dünyada trend olması ölkəmizin
üçüncü enerji strategiyasının
hazırlanmasına və işə salınmasına səbəb
oldu. Bu üçüncü enerji strategiyası isə Azərbaycanın
bərpa olunan enerji mənbələri hesabına bilavasitə
istehsal olunan elektrik enerjisinin əldə olunması
strategiyası idi. Sonrakı mərhələ
üçün bu, daha da genişləndirilərək
artıq hidrogen istehsalı və hidrogenin ixracı olaraq
gündəmə gəldi. Azərbaycanın məhz
yaşıl enerji strategiyası bütün kontekstlərdə
özünü doğrultmağa başlayıb. Avropa və
Asiya ölkələrinin investorlarının bu sahəyə
marağı artdı. Həmçinin BƏƏ, Səudiyyə
Ərəbistanı, BP kimi şirkətləri ilə
artıq hər biri təxminən 230-250 MVt gücündə
elektrik stansiyasının inşa edilməsi ilə
bağlı razılıq əldə olundu. İşlərin
bir qismi artıq tamamlanıb. Bunlar Qaradağ Günəş
Elektrik stansiyası, Xızı Külək elektrik
stansiyası və Cəbrayıl Günəş elektrik
stansiyasıdır. Perspektivdə ölkə üzrə
yaxın müddət ərzində ilkin mərhələdə
5 GVt gücündə bu tip stansiyaların istifadəyə
verilməsidir. İstehsal olunacaq enerji isə məhz Avropaya
ixrac ediləcək. Cənub Qaz Dəhlizinin perspektivləri
neft və qaz strategiyasından daha uzunmüddətli və daha
da perspektivli, ən əsası daha dividendli olacaq. Artıq Mərkəzi
Asiya ölkələrinin də bu layihəyə qoşulmaq
niyyətilə müraciət etməsi Cənub Qaz Dəhlizinin
perspektivlərindən xəbər verir. Düşünürəm
ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya
naminə həmrəylik ili” elan olunmasının səbəblərindən
biri də məhz ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi
ilə bağlı verilmiş yekdil qərardır. Bu, bilavasitə
həm ölkənin müasir tələblərlə
ayaqlaşdığını, müasir trendlərin tələblərinə
daha çevik cavab verməsini, eyni zamanda bir qlobal gücə
çevrilməsinin nişanəsidir. Düşünürəm
ki, COP29-un Azərbaycanda keçirilməsinə dair ölkələrin
yekdilliklə səs verməsinin səbəbi Azərbaycanın
son bir ildə, bir ayda gördüyü işlər deyil, Azərbaycanın
son 20 il ərzində davamlı olaraq apardığı
etibarlı strateji və doğru siyasətin nəticəsi
olaraq ölkəmizə münasibətdə
formalaşmışdır.
Əbülfəz Mahmudov
Binəqədi rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın üzvü
525-ci qəzet .- 2025.- 8 aprel(¹57).- S.8.