Aqroparkların
yaradılması nə vəd edir?
Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə
24 aqropark yaradılacaq. Haızrda aqroparkların
yaradılması istiqamətində işlər
görülür. Qeyd edək ki, 23 aqropark artıq fəaliyyətə
başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri
aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik,
11-i əkinçilik, 1-i isə çeşidləmə,
qablaşdırma və logistika üzrə ixtisaslaşıb.
Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil
edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl
investisiya şəklində layihələrin
reallaşdırılmasına yatırılıb.
İndiyədək aqroparkların yaradılması və
ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə
158,9 milyon manat dövlət dəstəyi göstərilib.
Bugünədək Sahibkarlığın İnkişafı
Fondu tərəfindən 16 aqroparkın yaradılmasına
142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya
təşviqi sənədi almış 17 aqropark isə
texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına
görə 16,5 milyon manat dəyərində güzəşt
əldə edib.
Qeydiyyata alınan aqroparklarda 3720 nəfər daimi
işlə təmin edilib, 4878 nəfər isə
mövsümi işlərə cəlb olunub. Növbəti mərhələdə
əlavə olaraq 1600-dən çox daimi iş yerinin
yaradılması nəzərdə tutulur.
Aqroparklar torpaq sahələrindən səmərəli
istifadə, məhsuldarlığın yüksəldilməsi,
yeni istehsal və emal sahələrinin yaradılması,
müasir suvarma sistemlərinin tətbiqi üçün
innovativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin
müəssisələrin ərzaq təhlükəsizliyinin
möhkəmlənməsində rolu getdikcə gücləndirilir,
sahibkarlığın inkişafı, kiçik, orta və iri
təsərrüfatların qarşılıqlı faydalı
əməkdaşlığı üçün əlverişli
platformaya çevrilməsinə xüsusi önəm verilir.
Ümumiyyətlə, son illərdə iqtisadiyyatın
dayanıqlı inkişafının təmin olunması məqsədilə
həyata keçirilən tədbirlər çərçivəsində
elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin
tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq
təhlükəsizliyinin möhkəmlənməsinə,
idxaldan asılılığın azaldılmasına,
regionların tarazlı inkişafının və əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsinə,
həmçinin emal sənayesinin yerli xammalla təminatının
yaxşılaşdırılmasına mühüm töhfələr
verir. Aqroparkların yaradılması aqrar sahədə
inkişafı sürətləndirməklə bərabər,
ixracyönümlü məhsulların sayının
artmasında və ölkənin ixrac potensialının
güclənməsində də əhəmiyyətli rol
oynayır.
Kənd təsərrüfatı məsələləri
üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə
görə, aqroparkların yaradılması daha çox məhsul
istehsalına hədəflənib: "Torpaq islahatı
haqqında" qanundan sonra əkin üçün məhsuldar
olan torpaqlar əhali arasında paylanıldı, ailə təsərrüfatları
yaradıldı. Lakin sonralar bunun effektli olmadığı
ortaya çıxdı. Çünki ərazilər
kiçik olduğu üçün həm suvarma, aqrotexniki
qaydalar, həm də növbəli əkin baxımından sərfəli
deyildi. Daha sonra nisbətən məhsuldar torpaqlarda, dövlətin
əlində olan ərazilərdə böyük aqroparklar
yaradıldı. Bu aqroparklar texniki avadanlıqlar, müasir
suvarma sistemləri ilə təmin olunub. Burada aqrotexniki
qaydalardan istifadə edərək daha çox məhsul istehsal
olunması hədəflənib".
Ekspert bildirib ki, aqroparkların yaradılması və
fəaliyyəti insanların məşğulluğuna müsbət
təsir edir. Lakin iki məqama diqqət etmək gərəkdir:
"Nəzərə almaq lazımdır ki, aqroparklar
zamanında əkin sahələri yox, örüş,
heyvandarlıq üçün istifadə olunan sahələr
olub. Hazırda diqqət olunası məsələlərdən
biri aqroparkların sayının artmasının heyvandarlığa
mənfi təsir etməməsidir. İkinci vacib məsələ
isə, köhnə, ənənəvi daha məhsuldar torpaqlar
ki var, bu aqroparkların formalaşması həmin məhsuldar ərazilərdə
digər imkanların zəifləməsinə gətirib
çıxara bilər. Həmin region üçün bu iki məsələ
yoxdursa, orada aqropark yaratmaq çox yaxşı
addımdır. Nəticələrdən də
görünür ki, belə intensiv təsərrüfatlarda
daha çox məhsul istehsal olunur. Təbii ki, belə təsərrüfatların
yaradılması ilə orada kifayət qədər
böyük texnika, avadanlıq işlədilir, bu da
insanların məşğulluğuna müsbət təsir
edir".
İqtisadçı ekspert Pərviz Heydərov deyir
ki, aqroparklar müasir dövrdə, tənzimlənən bazar
iqtisadiyyatı şəraitində kənd təsərrüfatının
inkişafında mühüm rol oynayan mexanizm sayılır:
"Biz artıq sovet sistemindəki kolxoz, sovxoz idarəetmə
mexanizmindən tamamilə qurtulmuşuq. 90-cı illərin
ortalarında aparılan torpaq islahatları ilə aqrar sahənin
inkişafını şəxsi, fərdi təsərrüfatların
öhdəsinə, fermer təsərrüfatlarına
buraxmışıq. Lakin ötən dövr ərzində təcrübə
də bunu göstərdi ki, populyasiya, qarşılıqlı
əlaqələndirilmiş formada təsərrüfat fəaliyyəti
aqrar sahədə daha çox nailiyyətlər əldə
etməyə imkan verir. Bu, həm məhsuldarlıq, həm
daha çox ixrac yönümlü məhsulların
istehsalı, həm də məşğulluq baxımından
daha məqbul variant sayılır. Bu mənada aqroparklar kənd
təsərrüfatı üçün ən optimal mexanizm
hesab olunur. Ümumiyyətlə, sənaye parklarının və
aqroparkların yaradılması ölkədə qeyri-neft və
qaz sektorunun inkişafı sahəsində qarşıya qoyulan
vəzifələrin əldə olunmasına, o vəzifələrin
həllinə birbaşa vasitə sayılır".
Ekspertin dediyinə görə, ölkədə
çoxlu sayda aqroparkların yaradılması vacibdir:
"Aqroparklar kənd təsərrüfatı sahəsində
məhsul əkin-biçini, tədarükü və emalı
proseslərinin zəncirvari təşkil olunması
üçün gözəl vasitə hesab olunur. Dövlətin
aqrar sektor sahəsindəki güzəştləri,
ayırdığı subsidiyalar, müxtəlif maliyyə dəstəyi
formalarının həyata keçirilməsinin
yaratdığı imkanlar aqroparklarda daha geniş xarakter
daşıyır. Məsələn, ayrı-ayrı xırda
fərdi təsərrüfatlar üzrə tətbiq olunan
güzəştlər bəzən təyinatı üzrə
istifadə olunmur. Amma aqroparkların yaradılması şəraitində,
bütün bunlar daha yaxşı effekt verir. Aqroparklar aqrar sahədə
məhsuldarlığın yüksək olmasına, daha
çox ixrac yönümlü məhsul istehsalına zəmin
yaradır, məşğulluğun təmini və genişlənməsi
üçün başlıca vasitə hesab olunur".
İqtisadçı qeyd edib ki, son illər ərzində
kənd təsərrüfatının modernləşdirilməsi,
aqrar sektorda mövcud problemlərin həllinə sistemli və
kompleks yanaşılması istiqamətlərində
mühüm uğurlar əldə edilib. Prezident İlham
Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi
ilə bağlı qəbul olunan qərarlar, bu sahənin
institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi
istiqamətində kompleks layihələrin icrası kənd təsərrüfatının
keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini
şərtləndirib. Bütün bu tədbirlərin nəticəsində
isə yerli istehsal potensialı güclənib və ərzaq məhsullarının
rəqabət qabiliyyətliliyi artıb, həmçinin ərzaq
təhlükəsizliyinin dayanıqlılığının
təmin olunması və əsas ərzaq məhsulları ilə
özünütəminetmə səviyyəsinin yüksəlməsi
gerçəkləşib: "Respublikada aqroparkların
yaradılması ilə kənd təsərrüfatının
inkişafı sürətlənib. Bu, ərzaqlıq buğda
istehsalının artımında özünü daha
qabarıq büruzə verib. Belə ki, 2021-2022-ci illər ərzində
bu təsərrüfatlarda 147 min hektar torpaq sahəsi əkin
dövriyyəsinə daxil edilib. Bunun 16,4 min hektarında təkrar
əkin aparılıb. Becərilmə zamanı suvarma suyuna qənaət
edilməsi və müasir suvarma sistemlərinin tətbiqi diqqət
mərkəzində saxlanılıb. Belə yanaşma həmin
dövrdə aqroparklarda 156 min ton buğda istehsalının
reallaşması ilə nəticələnib".
Cari ildə də ölkədə fəaliyyət
göstərən aqroparklarda yüksək nəticələr
əldə olunub. Məsələn, Qax rayonu üzrə ən
yüksək məhsuldarlıq "Qax Aqroparkı"nda qeydə
alınıb. Belə ki, builki mövsümdə aqroparkın
arpa sahələrinin hər hektarından 36,2 sentner məhsul
götürülüb.
Sabirabaddakı "Pilot Aqropark"ın ilk rezidentlərindən
olan "Fructus Aqropark" MMC tərəfindən cari ildə
539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə
arpa, 80 hektar sahədə isə pambıq əkini
aparılıb. Təsərrüfatda arpa sahəsində
biçin işləri artıq yekunlaşıb və
biçilən sahənin hər hektarından 4 tondan çox
arpa yığılıb. Hazırda ərazidə buğda
biçini aparılır və artıq biçilmiş 150
hektar sahənin hər hektarından 4 tondan çox keyfiyyətli
buğda əldə edilib.
"Ağcabədi taxıl Aqropark" da fəaliyyəti
dövründə yüksək göstəricilər əldə
edib. Yeri gəlmişkən, təsərrüfatda sudan səmərəli
istifadə etmək üçün ABŞ-dan gətirilən
pivot suvarma sistemləri qurulub. Əkin sahələrinin
suvarılmasında ən müasir müasir metodlardan istifadə
edilib. Pivot suvarma sistemləri elmi və müasir
yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı
məhsullarının məhsuldarlığının
yüksəldilməsinə, maya dəyərinin
aşağı salınmasına və eyni zamanda, ərzaq təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayıb. Eyni zamanda, bu
aqroparkda 41-i daimi olmaqla 150 iş yeri yaradılıb.
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli
bildirib ki, aqroparklar rayon və kəndlərdə işsizliyi
qismən də olsa aradan qaldırır. Aqroparklar hökumətin
qarşıya qoyduğu hədəfə çatmayıb:
"Buna baxmayaraq, hələ də aqroparkların
yaradılması davam edir. 2015-ci ildə aqroparkların
yaradılmasına start veriləndə qeyd edildi ki, 5 ildən
sonra Azərbaycanda taxıl idxalına ehtiyac qalmayacaq. Məlumat
üçün deyim ki, 2015-ci ildə də 1 milyon 200 min ərzaq
buğdası idxal edilirdi. 2024-cu ildə də eyni həcmdə
buğda idxal olunur. Cari ildə də eyni vəziyyət
müşahidə olunacaq. Ötən 10 il ərzində qeyd
edilən hədəf istiqamətində hər hansı bir irəliləyiş
yoxdur. Məlumdur ki, aqroparklarda istehsal olunan ərzaq
buğdası heyvardarlıq təyinatı üzrə istifadə
olunur. Digər strateji məsələ
pambıqçılığın inkişafı idi. Bu isə
kökündən yanlış qərardır. Son 4-5 ildə
Azərbaycanda pambıqçılıq iflasa uğrayıb.
Ilbəil pambıq istehsalı azalır. Bu onu deməyə əsas
verir ki, aqroparkların yaradılması aqrar sektorun
inkişafı üçün çıxış yolu
deyil. Bu sahənin inkişafı üçün aqroparklar
özəlləşdirilməlidir. Belə olarsa, 2015-ci ildə
qarşıya qoyulan hədəfə bir neçə ilə
çatmaq olar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.7.