Ermənistanın
mina terroru dayanmaq bilmir
"Beynəlxalq ictimaiyyət bu məsələdə
obyektiv, adekvat mövqe nümayiş etdirməlidir"
Azərbaycan uzun müddətdir ki, mina terrorundan əziyyət
çəkir və bu dəhşətli bəla ilə təkbaşına
mübarizə aparır. İkinci Qarabağ müharibəsindən
sonra azad edilmiş ərazilərdə demək olar ki, hər
gün baş verən və insan itkisinə səbəb olan
mina partlayışları onu deməyə əsas verir ki,
ölkəmiz hələ uzun müddət bu ağır
problemlə üz-üzə qalacaq. Çünki ərazilərimiz
kütləvi şəkildə minalarla çirkləndirilib.
İşğal dövründə torpaqlarımıza ilkin
qiymətləndirmələrə görə 1,5 milyondan
artıq mina basdırılıb. İkinci Qarabağ
müharibəsi başa çatandan bu günə qədər
400 nəfərə yaxın vətəndaşımız mina
qurbanı olub, onlar ya həyatlarını itiriblər, ya da
ağır bədən xəsarətləri alaraq,
sağlamlıqlarını itiriblər. Ümumilikdə Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün
başladığı dövrdən indiyədək 3500-ə
yaxın vətəndaşımız minalardan zərər
çəkib ki, onların arasında çoxsayda uşaqlar,
qadınlar da var. Məlumdur ki, münaqişə bitdikdən
sonra Ermənistan Laçın yolundan istifadə edərək
Azərbaycan ərazilərinə minalar döşəməyə
davam edib. Belə ki, 2021-ci il Ermənistan istehsalı olan və
piyadalar əleyhinə minlərlə mina aşkar edilib. 44
günlük Vətən müharibəsi və münaqişənin
bitməsindən sonra Ermənistan üzərinə
götürdüyü öhdəliklərinə zidd olaraq,
Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən,
mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə
edib. 2022-ci ildə Laçın və Kəlbəcər
rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı
olan 2700-dən çox piyada əleyhinə minanın aşkar
edilməsi bu faktı təsdiqləyir. Bunlar, həmçinin
Ermənistan tərəfindən verilən guya minaların
istehsal və ixrac olunmadığı barədə bəyanatların
heç bir əsasının olmadığını
nümayiş etdirib.
Təkcə bir neçə gün ərzində Cəbrayılda
və Ağdamda baş verən mina partlayışları nəticəsində
4 Azərbaycan vətəndaşı, o cümlədən
uşaqlar ciddi xəsarət alıb.
Onu da qeyd edək ki, Azərbaycan tərəfi mina xəritələrinin
təqdim edilməsinə dair dəfələrlə
çağırışlar edib. Təəssüf ki, Ermənistan
bu məsələdə də manipulyasiya ilə məşğuldur.
Bu ölkə uzun müddət ərzində ümumiyyətlə
belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq
ictimaiyyət tərəfindən göstərilən təzyiqlər
nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin
kiçik bir hissəsinin əhatə olunduğu məlumatların
etibarlılığı isə cəmi 25 faiz təşkil
edib. Son dövrlərdə baş verən mina hadisələrinin
böyük əksəriyyəti təqdim olunmuş məlumatların
əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Azərbaycan dünyada mina ilə ən çox
çirklənmiş ölkələrdən biridir. Təəssüf
ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana
lazımi dəstəyi vermir, həmrəylik nümayiş
etdirmir.
Azərbaycanın Xarici İşlər Nazirliyi mina
partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti
hərəkətə keçməyə
çağırıb: "Növbəti mina
partlayışı nəticəsində kiçik
yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı
ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri
Ermənistanın mina çirklənməsi səbəbindən
393 nəfər ya həlak olub, ya da yaralanıb".
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti
hərəkətə keçməyə
çağırıb: "Beynəlxalq ictimaiyyəti mina əleyhinə
fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın
davam edən minatəmizləmə səylərində onunla
birgə olmağa, həmçinin günahsız insanların
həyatını təhlükə altına almağa və
münaqişədən sonrakı bərpa işlərinə
maneə törətməyə davam edən Ermənistanı
məqsədyönlü və geniş yayılmış mina
çirklənməsinə görə məsuliyyətə cəlb
etməyə çağırırıq".
Azərbaycanın İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Cəbrayıl
və Ağdamda baş vermiş mina hadisələri ilə
bağlı bəyanatında qeyd edilib ki, işğal
dövründə ərazilərimizə
basdırılmış minalar regionda qalıcı
sülhün bərqərar olmasına ciddi təhdid
yaradır. Bu təhlükənin qarşısının
alınması üçün beynəlxalq əməkdaşlıq
və yardımlar olduqca vacibdir.
Ombudsman bildirib ki, Ermənistanın minalarla çirkləndirdiyi
ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə
nəzərə alınması və Ermənistanın beynəlxalq
hüquq çərçivəsində məsuliyyətə
cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar
qarşısında mühüm bir öhdəlik olaraq
qalmaqdadır: "Minaların məqsədli şəkildə
basdırılması insan hüquqlarının ciddi şəkildə
pozulmasına, regionda sülhün və təhlükəsizliyin
bərpa olunmasını çətinləşdirməyə
səbəb olur. Ombudsman olaraq, beynəlxalq ictimaiyyəti minatəmizləmə
fəaliyyətlərinin təxirəsalınmazlığını
qəbul etməyə, Azərbaycanın davam edən mina təmizləmə
səylərinə dəstək olmağa və həmçinin
Ermənistanı məqsədli şəkildə və
geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə
cəlb etməyə çağırıram".
Məlumdur ki, Ermənistanın davam etdirdiyi mina terroru
onun sülh çağrışlarında, guya sülh
sazişi imzalamağa hazır olmasına dair
açıqlamalarında səmimi olmadığını bir
daha ortaya qoyur.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
(BMTM) eksperti Mətin Məmmədli mövzu ilə
bağlı "525"ə deyib ki, həqiqətən də
Azərbaycanla Ermənistan arasında sülh prosesinə
neqativ təsir göstərən amillərdən biri də
Ermənistanın vətəndaşlarımıza
qarşı mina terrorunun davam etməsidir: "İkinci
Qarabağ müharibəsindən sonra bizim yüzlərlə
vətəndaşımız Ermənistanın mina terrorunun
qurbanı olub, onlardan bəziləri həyatını itirib,
bəziləri isə ciddi xəsarətlər alıb. Təbii
ki, paradoksal haldır ki, bir ölkənin hakimiyyəti
davamlı olaraq sülhdən danışır, sülh
müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir,
amma bununla paralel olaraq da həmin ölkəninin vaxtilə
ölkəmizin ərazisinə kütləvi şəkildə
basdırdığı mina terroru davam edir. Məsələnin
maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan dəfələrlə
Ermənistandan dəqiq mina xəritələrini tələb
etsə də, qarşı tərəf bu günə qədər
bizə mina xəritələrini təqdim etməyib. Təqdim
olunan mina xəritələrinin isə təxminən dörddə
bir hissəsi, 20-25 faizi dəqiq çıxıb. Yəni
böyük əksəriyyəti qeyri-dəqiqdir. Əlbəttə
ki, belə olan halda bir tərəfdən sülhdən
danışmaq, digər tərəfdən də qeyd etdiyimiz
kimi, mina terrorunu davam etdirmək bu, Ermənistan hakimiyyətinin,
Ermənistan dövlətinin danışıqlar prosesində
qeyri-səmimi mövqeyinin daha bir nümunəsidir. Bir məqamı
da əlavə etmək istərdim ki, biz əgər İkinci
Qarabağ müharibəsindən sonra baş verən mina
terroru barədə danışırıqsa, burda bir xüsusi
hal var bu da ondan ibarətdir ki, aşkarlanış minaların
istehsal tarixinə nəzər salsaq, görərik ki, onlar
2021-2022-ci illərdə Ermənistanda istehsal olunub. Artıq bu
nəticəyə gəlmək olar ki, Ermənistan vaxtilə
Laçın-Xankəndi yolu ilə Ermənistanda istehsal olunan
minaları Qarabağa daşıyıblar. Bu ondan xəbər
verir ki, Ermənistan baxmayaraq ki, sülhdən
danışır, Vətən müharibəsindən sonra
sülh müqaviləsi imzalamaq arzusunda olduğunu bildirir, digər
tərəfdən də ərazilərimizə minalar
daşıyıb və məqsədyönlü şəkildə
mina terrorunu həyata keçirir".
BMTM-nin eksperti məsələnin digər tərəfinə,
beynəlxalq birliyin yanaşmasına, münasibətinə də
diqqət çəkib. Onun sözlərinə görə, bu
münasibət Azərbaycanı qane edə bilməz: "Yəni
tamamilə qeyri-adekvat bir yanaşmadır. Beynəlxalq ictimaiyyət
deyəndə mən aparıcı dövlətləri nəzərdə
tuturam, xüsusilə də bəzi aparıcı Qərb
dövlətlərini. Onların post-münaqişə problemlərinə
necə fərqli yanaşmaları məlumdur. Yəni Ermənistana
könüllü köçən ermənilərin adi məişət
məsələlərini necə şişirdirlər,
dramatikləşdirirlər və s. ancaq bu qədər
böyük və ağrılı problem olan mina terroruna biz həmin
münasibəti görmürrük. Bu da bir daha ikili
yanaşmanın, qərəzli münasibətin bir
sübutudur. Təbii ki, əvvəldə də qeyd etdiyim
kimi, belə bir mövqe Azərbaycan tərəfindən qəbul
edilə bilməz. Bizim əsas gözləntimiz ondan ibarətdir
ki, beynəlxalq ictimaiyyət, aparıcı dövlətlər
bu məsələdə obyektiv, adekvat, beynəlxalq hüquq
normalarına uyğun mövqe nümayiş etdirsinlər".
Pərvanə
525-ci qəzet .- 2025.- 8 aprel(№57).- S.5.