Azərbaycançılıq - milli
birlik və davamlı inkişaf üçün möhkəm
zəmin
Qədim dövrlərdən günümüzə qədər
Azərbaycan xalqının yaradıb-ortaya qoyduğu adət-ənənələri,
milli-mənəvi dəyərləri, etnik-siyasi və psixoloji
xüsusiyyətləri özündə cəmləşdirən
Azərbaycançılıq ideologiyası mükəmməl
bir düşüncə-əməl sistemidir. Tarixin inkişaf
prosesinə nəzər yetirdikdə azərbaycançılıq
məfkurəsi Azərbaycan ərazisində yaşamış
yerli və gəlmə etnosların həyatının ictimai
təkamülü haqqında təbii inamlara, mifoloji
baxışlara söykənən fikir forması kimi meydana
çıxıb. Məlumdur ki, ideoloji dəyərlərin
yaranması, inkişafı və formalaşmasında Vətən,
məkan anlayışının böyük rolu var. Məhz
tarixin ilk dövrlərində azərbaycançılıq məfkurəsi
bir tərəfdən mənəvi və dini-fəlsəfi
mahiyyət daşıyırdısa, digər tərəfdən
siyasi-coğrafi məfhumla qırılmaz sürətdə
bağlı idi.
Millət vəkili Sevinc Hüseynovanın sözlərinə
görə, azərbaycançılıq ideologiyası milli
özünü dərk, milli kimlik üzərində
formalaşan dəyərlər sistemidir. Bu mənada azərbaycançılıq
təkcə Azərbaycanda yaşayan azərbaycanlıları
və ya etnik xalqları əhatə etmir. Bu, eyni zamanda harada
yaşamasından və hansı ölkə vətəndaşı
olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının
milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir.
Milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana
mənən və fiziki cəhətdən bağlı olan və
onun nüfuzunu hər zaman şərəflə uca tutan hər
bir şəxs azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır.
Ümummilli lider, böyük dövlət xadimi Heydər
Əliyev deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıdır".
Bu mənada Azərbaycan xalqı hər zaman öz
milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək,
nümunə olub. Tarixin ən çətin dövrlərində
belə dünyanın harasında yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı vətən,
dövlət, torpaq naminə birlik nümayiş etdirib:
müstəqilliyi bərpa etmək, torpaqlarımızı
yadelli işğallardan qorumaq üçün atılan
addımlar bu gün tariximizin şanlı səhifələrindən
bir kimi yüksək səviyyədə hörmət və
ehtiramla qeyd edilir: "1989-cu ilin dekabrından başlanan hərəkat
daha sonra özünün xarakterinə görə, azadlıq,
müstəqillik mahiyyəti kəsb etməyə
başladı. Xalq öz milli kimliyini bir daha ortaya qoydu. Ulu
öndər Heydər Əliyev vurğulayırdı ki.
"Azərbaycan on illərlə, yüz illərlə bu
torpaqda yaşayan bütün insanların Vətəni olub,
bundan sonra da Vətəni olmalıdır". Tarixin
sonrakı dövrlərində baş verən hadisələr
və xalqımızın başına gətirilən faciələr
bizim bir xalq olaraq milli özünü dərk prosesindən
keçərək milli kimliyimizə sahib olmamızı zəruri
edirdi".
Millət vəkili hesab edir ki, azərbaycançılıq
məfkurəsinin formalaşması birmənalı olaraq
Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır: "Ulu öndər heç də təsadüfən
vurğulamırdı ki, "Biz hamımız azərbaycanlıyıq,
hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı
anadangəlmə qəbul etmişik". Dahi şəxsiyyət
azərbaycançılığı dövlətçiliyə
tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət
yaratdı, xalqda dövlətçilik hissini
formalaşdırdı. Ulu öndər Heydər Əliyev hələ
respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq
məfkurəsi istiqamətində çox böyük, həm
də qətiyyətli addımlar atmışdı. Azərbaycan
tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin
hərtərəfli şəkildə və dərindən
öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi
dəyərlər ruhunda tərbiyə edilməsində, milli
şüurun dirçəlişi, ümumən, bütün
sahələrdə azərbaycançılıq
amalının möhkəm, etibarlı bazasının
formalaşdırılması yönündə həyata
keçirilən qətiyyətli tədbirlər məhz Ulu
öndərin parlaq dühası, ardıcıl səyləri
sayəsində reallaşmışdı".
Millət vəkili bildirib ki, Ulu öndər Heydər
Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu
ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə
bilavasitə məşğul olub. Ümummilli lider Heydər
Əliyevin xalqımız üçün göstərdiyi
misilsiz xidmətlərindən biri də onun, hər bir
xalqın varlığını təsdiq edən
başlıca amil, milli mənəvi dəyərlərini yaşadan,
mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və
inkişafı sahəsində olan fəaliyətidir: "Tarix
üçün o qədər də böyük zaman kəsiyi
hesab olmayan, təxminən onillik bir müddətdə görkəmli
dövlət xadimi həqiqətən böyük tarixi olan
vacib işləri həyata keçirib. İlk növbədə
Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in
müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini
tapıb, Moskvanın etirazlarına baxmayaraq, ölkədə
rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi
təmin edilib. Azərbaycandilli məktəbin, maarifin
inkişafına xüsusi qayğı göstərilib, bir
sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda
gəncliyin ana dilində təhsilinə üstünlük
verilib. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi
üçün dövlət rəhbərliyi əlindən gələni
edib, Azərbaycanın böyük yazıçıları
öz əsərlərini, demək olar ki, yalnız ana dilində
yazıb, Azərbaycan Yazıçılar
İttifaqının aparıcı mətbuat orqanları -
"Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat
və incəsənət" qəzeti Azərbaycan dilində
nəşr edilib. Eyni zamanda Azərbaycan dilinin tarixi o zamana qədər
görünməmiş bir ardıcıllıqla
araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan
dili" kitabları yaradılıb, həmin çoxcildliklərdən
biri - ali məktəblər üçün "Müasir Azərbaycan
dili" dərsliyi Azərbaycan Dövlət mükafatına
layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi
yüksək qiymətləndirilməklə, əslində,
ana dilinin nüfuzu bir daha təsdiq edilib. Bu həm də,
anadilli ədəbiyyatın inkişafına və Azərbaycan
ədəbiyyatı klassiklərinin təbliği imkan
yaratdı. Həm rəsmi, həm də qeyri-rəsmi
yığıncaqlarda, məclislərdə Azərbaycan dilində
danışmaqdan çəkinməyən respublika rəhbəri
praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə
bilavasitə təsir göstərib, başqalarına nümunə
olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti
onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi
olub".
Sevinc Hüseynovaya görə, bu gün güclü və
qalib Azərbaycanın qarşısında çox
mühüm vəzifələr dayanır: "Azərbaycanı
yox olmaqdan parçalanmaqdan xilas edən Ulu öndər Heydər
Əliyev azərbaycançılıq məfkurəsi ilə
suverenliyimizin qorunub təmin edilməsiniə nail
olmağın yol və istiqamətlərini müəyyənləşdirib.
Ulu öndər Heydər Əliyev vurğulayıb ki,
"Xalqımız nə qədər tez birləşərsə,
Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy
olsa, nə qədər hamının sözü bir olsa, o qədər
torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik
ərazi bütövlüyümüzü təmin edəcəyik".
Sözsüz ki, Ulu öndərin milli birliyimizə hədəflənən
strateji planları sayəsində biz qalib olduq
özümüzə məxsus olanı
işğalçıdan ala bildik. Artıq Dünya Azərbaycanlılarının
Şuşada qurultayı keçirilib. Bu, Ulu öndər Heydər
Əliyevin görmək istədiyi qalib Azərbaycanın real
mənzərəsinin əksi idi. Çünki illərdir, 50
milyonluq dünya azərbaycanlıları "Azərbaycançılıq"
ideologiyası ətrafında birləşib.
Soydaşlarımızın qarşısında qoyulan əsas
vəzifə yaşadıqları ölkələrin ictimai,
siyasi, iqtisadi, mədəni həyatında yüksək
mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə
əlaqələri kəsməmək idi. Böyük Qələbədən
sonra artıq diasporun da vəzifələri dəyişib, yeni
reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində
müzəffər xalqın nümayəndələri kimi təmsil
olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya
birliyi tərəfindən qəbul olunması təbii ki, bizim
üstünlüyümüzdür".
Millət vəkili Mehriban Vəliyeva bildirib ki, Azərbaycan
1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə
də, ölkə özünün istiqlalını,
varlığını itirmək təhlükəsində
idi. 1993-cü ildə xalqın təkidi ilə yenidən
siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa
müddətdə Azərbaycanı düşdüyü vəziyyətdən
xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə
müasir azərbaycançılıq ideologiyası durur: Heydər
Əliyevin bütün həyatı boyu inandığı, dəstəklədiyi,
formalaşdırdığı, varislik prinsipinə əsaslanaraq
inkişaf etdirdiyi, vahid amala çevirdiyi, xalqı bu amal ətrafında
birləşdirdiyi, dövlət siyasəti səviyyəsinə
qaldırdığı azərbaycançılıq
ideologiyası. "Azərbaycan dövlətinin milli
ideologiyasının özəyini, əsasını təşkil
edən azərbaycançılıqdır. Dövlətçilik,
milli-mənəvi dəyərlər, ümumbəşəri
dəyərlər - bunlar hamısı azərbaycançılıq
anlayışının tərkib hissələridir".
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yeni
Azərbaycan Partiyasının yaradılmasının
altıncı ildönümünə həsr olunmuş təntənəli
yığıncaqdakı nitqində söylədiyi bu fikirlər
həm də müasir azərbaycançılıq
ideologiyasında gənc nəslin tərbiyəsi
üçün konseptdir. Bu konseptin əsas komponentləri
milli dövlətçilik, milli-mənəvi və ümumbəşəri
dəyərlər toplusudur. Gənc nəsli azərbaycançılıq
ideologiyası ətrafında birləşdirmək isə
onları dövlətçilik və milli-bəşəri dəyərlər
əsasında tərbiyə etmək deməkdir. Bu prinsiplər
gəncliyi dünəndən bu günə və bu gündən
sabaha doğru aparır.
Ulu öndərin siyasi fəaliyyətinin örnək
xarakteri daşıyaraq əbədi dövlətin milli mənafeyini
ifadə edən, milli ideologiyamızın formalaşması
üçün əsas prinsiplər müəyyənləşdirən
bir məktəb rolunu oynadığını bildirən
deputat xatırladıb ki, Heydər Əliyev hakimiyyətə
gəldiyi ilk gündən müstəqil dövlətin
quruculuğu istiqamətində ciddi siyasi fəaliyyətə
başlayıb, Azərbaycanda sabitliyə nail olub, vətəndaş
qırğınının qarşısını alıb. O,
bütün istiqamətlərdə inkişafı təmin etmək
üçün iqtisadi inkişafın əsas təməl
daşlarının atılması, Azərbaycan həqiqətlərini
ölkə hüdudlarından kənarda tanıtmaq
üçün xarici siyasətin milli maraqlara uyğun həyata
keçirilməsi, dövlətçiliyin qanuni əsası
olan Konstitusiyanın qəbul edilməsi kimi müstəqil
dövlət quruculuğunda mühüm siyasi fəaliyyətlər
həyata keçirib.
"Müstəqil dövlətçiliyin
formalaşmasında həyata keçirilən müxtəlif
istiqamətlərin hər biri tarixi proses, milli dövlət
quruculuğu yaddaşıdır. Dövlətçilik tərbiyəsi
məhz bu tarixi yaddaşdan keçir. Tarixdən dərs alaraq
milli kimliyin, vətənpərvərliyin aşılanması,
hüquqi, siyasi şüurun yüksəldilməsi milli ideologiyanın
əsasında duran tərbiyədir. Şəxsi nümunəsində
hər bir azərbaycanlı gəncə yol göstərən
Heydər Əliyevə görə, dövlətçilik tərbiyəsi
dövlətçilik ənənələrinə,
ideologiyasına, praktikasına sədaqətdən yoğrulur.
Ulu öndərin müasir həqiqətlərə tarixi
aspektdən baxması milli kökə sədaqətin, tarixə
istinadən reallığı dərk etməyin, "Azərbaycan"
şeirini söyləyərkən kövrəlməsi Vətənə
olan böyük sevgidən doğan həssaslığın,
mədəniyyətin bu sevginin formalaşmasında
ötürdüyü emosional təsirin, "Mən fəxr
edirəm ki, mən azərbaycanlıyam" ifadəsi isə
milli kimliyin yaratdığı qürurun nümunələridir.
Məhz bu ruhda tərbiyə alan Azərbaycan gənci
Qarabağı azad etdi", - deyə M.Vəliyeva
vurğulayıb.
O qeyd edib ki, Ulu öndərin "Dövlətçilik
Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın
müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik
hər bir vətəndaşın qəlbində
olmalıdır", - fikri yalnız tövsiyə deyil, əməli
fəaliyyətin nümunəsidir. Dövlətçilik tərbiyəsi
"Torpaqdan pay olmaz " ənənəsindən
başlayır, Vətən sevgisi ilə yoğrulur, Azərbaycanın
müstəqilliyini, ərazi bütövlüyünü
qoruyub saxlamaqda tamamlanır. Dövlətçilik tərbiyəsi
insan hüquqlarından başlayır, vətəndaş
mövqeyindən keçir, mədəniyyət və milli dəyər
kontekstində yoğrulur, şəxsiyyət tərbiyəsində
tamamlanır. Bu ruhda tərbiyə alan və yetişən gənclik
həmin ideyaların varisi olan Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi, siyasi liderliyi ilə XXI əsrin
bütün dünyaya nümunə ola biləcək yeni hərb
tarixini yazdı, vətəndaşlıq, dövlətçilik,
vətənpərvərlik tərbiyəsinin nəticəsini
nümayiş etdirdi, dövlətçilik ənənələrinə
sədaqət və onun müasir dövrün
çağırışlarına uyğun inkişafı Azərbaycanı
bugünkü inkişaf zirvəsinə qaldırdı və nəticədə
dövlətçilik ənənələri üzərində
qurulmuş siyasi fəaliyyət İlham Əliyevi yeni əsrin
böyük dövlət xadiminə çevirdi.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -9 aprel(№58).- S.15.