MƏSULİYYƏTİNİ
DAŞIDIĞIMIZ MİLLƏT VƏDİ
Bu gün bu insanların adı neçə nəfərin
yadındadır? Bu gün bu insanların adı neçə
dəfə çəkilir? Təəssüf ki, mən bu
ağır sualların cavabını bilirəm. Bu suallar ona
görə ağır deyil ki, onlara cavab tapmaq çətindir.
Bu suallar ona görə ağırdır ki, onların asan
tapılan cavabı ürək ağrıdandır. Bu
cavablarda insan və bir az da geniş götürəndə
xalq vəfasızlığı var.
Anlayıram, bunda yeyin zamanın da, biganə zəmanənin
də suçu var. Ancaq biz vaxtın sürətinə, əyyamın
soyuqqanlı laqeydliyinə əsir olsaq, bu minvalla asta-asta
özlüyümüzü itirərik axı!
İmperiyaların əsrlərcə ardıcıl siyasət
yürüdüb-yeridərək nail ola bilmədiklərinə
özümüzün öz əlimizlə rəvac verməyə
haqqımız yoxdur axı!
Doğrudanmı hərəsi bir şərəfli nəslin
övladı olan, yaşadıqları günlərdə və
mühitdə ətrafdakıların əksərindən
ağılları, qabiliyyətləri, istedadları ilə
seçilən bu kişilər çox sadəlövh
olduqlarındanmı belə edirmişlər?
Yığışıblarmış bir yerə və
insafa, mürvətə and içirmişlər ki, gərək
bu işi görək.
İndiyə baxmayın, vaxtilə belə andların
mənası olub. Xüsusi istintaq, təhqiqat aparmadan həqiqəti
üzə çıxarmaq olurmuş. Adama söyləyirlərmiş
ki, "Quran"a and iç ki, filan sözü düz deyirsən.
Allah xofu, iman saflığı o həddəymiş ki, bir kəsin
yalandan and içməyə cəsarəti
çatmırmış. Hətta hansısa tərəddüdləri
varmışsa, and da içməkdən çəkinməyibmişsə,
həyəcandan özü-özünü qeyri-ixtiyari cəzalandırırmış
- "Quran"a əl basıb ağzı əyilmiş
adamlar haqqında o qədər hekayətlər var ki!
1909-cu il martın 13-də Bakıda çıxan
"İttifaq" qəzeti fevralın 22-də baş
vermiş hadisə haqda məqalə dərc etmişdi.
Və Azərbaycan Teatr Cəmiyyətinə sədrlik
etdiyi dövrdə (1976-1986) unudulmaz Şəmsi Bədəlbəyli
o məqaləni bir fotoşəkil kimi çap etdirərək
çərçivəyə salmışdı, iş masasının
üstünə qoymuşdu, hərdən söz əsnasında
müsahibinə bu tarixi yazıdan söz açardı və
kim bilir, o haqda mənə də danışarkən hələ
daha neçə nəfərə
danışmışdı, mənə söylədiyindən
sonra da neçəsinə bəhs edəcəkdi.
Həmin yazının Şəmsi Bədəlbəyliyə
bilavasitə aidliyi o idi ki, burda onun doğmaca əmisi Mahmud bəyin
də adı çəkilirdi.
Yazının Şəmsi müəllimə
dolayısı ilə aidliyi bunda idi ki, o da teatra, mədəniyyətə
həyatının ayrılmaz parçası kimi
baxırdı, səhnəni müqəddəs sayırdı
və bu yolda əməyi olmuş sələfləri daim
ehtiramla yad edirdi.
"İttifaq" qəzetinin məqaləsində xəbər
verilirdi ki, Cahangir Zeynalov, Mehdi bəy Hacızadə, Qulam
Şərifov, Məmmədhəsən Həsənov,
Hüseyn Ərəblinski, Əbülfət Vəliyev,
Əlabbas Rzazadə, Hüseynqulu Sarabski, Rüstəm
Kazımov, Mahmud bəy Bədəlbəyov, Rəsul bəy
Tahirov, Mirzə Muxtar Məmmədov, Ağa Hüseyn Rzazadə,
Mirmahmud Kazımov, Əbülfət Kazımov, İsmayıl
Şəbanov və başqaları "bir yerə cəm olub
öz aralarında and içdilər insafa və mürüvvətə
ki, bundan sonra teatr işlərini qabağa aparmağa hər kəs
nə qədər qüvvəsi var, kömək göstərib
müzayiqə etməyəcək və qət etdilər ki, hər
cümə günləri yaxşı ibrətli nəsihətlərdən
və millətə mənfəət yetirən faciələrdən
səhne-yi tamaşaya qoysunlar".
Və o yazıda xalqdan da bir rica vardı: "Cəmaətimizdən
xahiş və təvəqqe edirik ki, diqqət-i tamam ilə
baxıb və bu dram heyətini nəzərdə həqir
tutmasınlar".
O fədakarlar andlarına sadiq çıxıblar, o
çağın tamaşaçıları onlardan iltimas
olunana əməl ediblər.
Bəhrəsi də bu oldu ki, fitrətdən peşəkar
olan həmin həvəskarların yaratdığı möhkəm
və pat özül üzərində möhtəşəm
teatr mülkümüz ucaldı, bir neçə onil sonra bir
xalqın bir neçə yüzilini bəzəyəcək
qüdrətə sahib misilsiz aktyorlar, rejissorlar yetişdi ki,
hamısının adını millət əzbər bilirdi.
İndi necəyik, inkişaf edib hara
çatmışıq, hələ o köhnələri qoyaq
bir kənara, bu gün səhnəmizin neçə çox
tanınmışı var və onların neçəsini
hamı səsindən, şəklindən tanıyır?
Rəhmətlik Şəmsi Bədəlbəyli o məqalə-şəkli
göstərərək sadədil səmimiyyətlə hər
dəfə heyrətini dilə gətirərdi ki, gör bunlar
nə ali insanlar olublar, bircə insafa and içmək bəs
edirmiş ki, teatr naminə hər məhrumiyyətə
hazır olsunlar. Sonra da əlavə edərdi ki, insaf indi
bizimçün adiləşib, amma onlar anlayırmış
insaf necə yüksək dəyərdir. Atalar boş yerə
deməyib ki, insaf dinin yarısıdır.
Səhnəni sevgisi kimi qəbul etmişlərin,
teatra təmənnasız xidmət yolunu seçmişlərin
birincilərindən olduğundan Cahangir Zeynalov bu ailəyə
qatılmışların arasında günlərin birində
kiminsə məsələyə azacıq da olsa zidd gələn
bir hərəkətinə şahid kəsiləndə
özünü saxlaya bilmirdi. Kəskin sözünü
yalnız dost-tanış arasında deyil, mətbuatdan
çatdırırdı ki, başqalarına da dərs olsun.
"İqbal" qəzetinin 1914-cü il aprelin 8-də
çıxmış sayında dərc edilən
"Açıq sütunlar" başlıqlı məqaləsində
Kərbəlayı Cahangir bir müddət əvvəl "Nəşr-i
maarif" Cəmiyyətinin təşkil etdiyi beşinci
müsamirədə "Səfa" Cəmiyyəti teatr heyətinin
göstərdiyi tamaşalardan bəhs edir, heç də
xoş olmayan bir təfərrüata diqqət yönəldirdi.
Cahangir Zeynalovu bu məqaləni yazmağa 1 gün əvvəl
"İqbal"da, ondan da qabaq martın 28-də "Molla Nəsrəddin"də
çıxan yazılar sövq etmişdi. "Molla Nəsrəddin"dəki
"Vladiqafqazdan məktub" sərlövhəli məqalənin
altında "Cəfəng" imzası dururdu ki, bu da ibarət
olsun Məmmədəli Sidqi Səfərovdan (1888-1956).
Həmin Cəfəng, yəni Məmmədəli Sidqi
Molla əmiyə müraciət edirdi ki, bir rəfiqim məndən
iki sözün dürüst mənasını xəbər
alıb, mən də demişəm buyur soruş, bilsəm deyəcəm.
Sualı da bu imiş ki, "artist" ilə "aferist"in
təfavütü nədir. Sidqinin cavabı belə olur ki,
"aferist, yəni Vladiqafqaza gəlib afişalarda özünə
persidski dramatiçeski arsız ad qoyub, müsəlman mədrəsəsinin
mənfəətinə teatro oynuyub aid olan pulları səhvən
cibinə töküb, padvallarda yavan çaxıra verib,
axırda labüd qalıb əkilib və öz
yoldaşlarını xaricilər yanında xəcalət edib,
müsəlmanları teatrodan nifrətləndirib bu şəhərdən
o biri şəhərə qaçana deyərlər".
Rəfiqi də qayıdır ki, bir halda sən mənə
"aferist" sözünün mənasını başa
saldın, qoy mən sənə "artist"i anladım:
"Artist, yəni cənab Müseyib Nağızadə Şəmsəddinski".
Sidqi dübarə soruşur ki, bir məni başa sal
görüm bu iki şəxsin fərqi nədədir. O rəfiq
də acıqlı baxıb söyləyir ki, sən get bunu
"Molla Nəsrəddin"dən öyrən.
Və "Molla Nəsrəddin" də bu məktuba
və o suala münasibətini məqalənin sonuna
"İdarə" qeydi ilə artırdığı bir
cümlə ilə bildirib: "Biz xahiş edirik bu iki
sözün mənasını qəzet vasitəsilə Cəlil
Bağdadbəyovdan və Ruhulla Sidqidən soruşun".
Bunun üstündən Cəlil Bağdadbəyov
(1887-1951) aprelin 7-də "İqbal"da incik məktub dərc
etdiribmiş ki, "bu sual məndən edilməməli idi.
Çünki bu vaxtadək məndən aferistliyi mövcud
olacaq bir iş zühur etməmişdir".
Prinsipial Cahangir Zeynalova İNSAFı icazə verməmişdi
ki, bu sual-cavabın yanından səssizcə keçsin, qələm
götürmüşdü, qərəzsiz, amma sərt
münsif mövqeyini izhar etmişdi. Yazırdı ki, "Nəşr-i
maarif"in həmin müsamirəsində bizim "Səfa"
Cəmiyyətinin teatr heyəti "Fərhad və
Şirin" operasından bir pərdə oynayacaqdı.
O dövrdə artistlərin aşağı-yuxarı
ifa məzənnələri məlummuş və bunlar da adətən
dram, ya opera tamaşasında əvvəldən-axıra bir
rolu 20-25 manata ifa edən bir artisti dəvət edərək bu
dəfə müxtəsər rol oynayacağı səbəbindən
10-15 manat ödəməyə razılaşıblarmış.
Ancaq tamaşa günü, hətta tamaşa günü də
deyil, tamaşa artıq başlananda həmin artist
başlayır ayrı hava çalmağa.
"Bu artist əfəndi qiymət xüsusunda ibtidada
bir söz demədiyindən, təbii idi ki, ya 10-15 manat
alacaqdı, yaxud öz qiyməti olan 20-25 manatdan artıq
almayacaq idi. "Nəşr-i maarif" idarəsi əvvəlcə
ediləcək məxaricin siyahısını "Səfa"
teatr heyətindən istədikdə bu rol üçün 10
manat qeyd edilmişdi. Nəhayət, teatr günü pərdə
açıldıqda artist əfəndi 50 manatdan əskik
oynamayacağını qəti surətdə bildirdi. Və
almadığı surətdə ayaq səhnəyə
qoymayacağını da əlavə etdi. Başqa çarə
yox idi. 100 manat da istəsəydi, o vaxt alacaqdı. Budur ki,
aldı. Mənim təsəvvürümcə,
"aferist" də elə belə artistdir".
Bütün bu ayrıntılardan Cahangir bəy ona
görə belə yerli-yataqlı agahdı ki, "Səfa"
Cəmiyyəti teatr heyətinin sədri olmaqla yanaşı, həm
də o gecənin rejissoru olubmuş. Odur ki, lap dəqiqləşdirirdi:
"Bunu yazmaqda mənim məqsədim budur ki, "Molla Nəsrəddin"
əmi "aferist"i Bağdadbəyovdan sual etməkdə səhv
etməmişdir. Çünki Füzuli deyir ki: "Bu
pünhan nöqtəni bir vaqif-i əsrar olandan sor".
Söz yox, bu cür qəlbə toxunan, sabah "salam-əleykim"ə
də təsir edəcək söhbətləri camaat
arasına çıxarmaq ağır oturub, batman gələn
adam olan Kərbəlayı Cahangir üçün heç də
asan deyilmiş. Ancaq susmamalı yerdə nəyinsə xatirinə
səsini çıxarmamaq tərəddüdlülüyü
də ona yadmış. Söz ürəyini deşəndə
lap ölüm təhlükəsi olsa belə, dilini dinc
saxlamazmış.
Löyün-löyün təhlükələrsə
onsuz da Cahangir Zeynalovu həyatı boyu qarabaqara izlədi.
Hətta ən şöhrətli
çağlarında və zahirən heç bir
qorxu-hürkü vəd etməyən ən şad ərəfədə
- 25 illik səhnə yolu keçəndən sonra ona bəxş
edilən həmin bayramlı axşamdan əvvəlki gündə
də səksəkə lap yaxınındaymış.
Qardaşı Tağının qızı Hökumə
Zeynalova-Məmmədovanın xatirəsi 1910-cu il noyabrın
30-da Kəblə Cahangirin Tağıyev teatrında
keçiriləcək yubiley gecəsindən 1 gün öncə
mənzilində və evinin ətrafında baş vermişlərin
mənzərəsini canlandırır: "Cahangir əminin
evində Azərbaycan truppasının məşqləri tez-tez
keçirilərdi. Əmimin yubileyinə hazırlıq
işləri bizim evdə də aparılırdı,
qızğın məşqlər gedirdi, musiqiçilər
çalıb-oxuyurdular. Jandarmlar daim əmimin evini
güdürdülər və orda məşqlər
keçirməyə icazə vermirdilər. Yadımdadır
ki, yubileydən bir gün qabaq bizim evdə "Hacı
Qara"nın məşqi gedirdi, axşamsa musiqiçilər
hazırlaşırdılar. Cahangir əmi də orda idi.
Əmioğlusu - mənim atam və dostları Əlibala və
Kərbəlayı Abbasqulu küçədə növbə
çəkirdilər. Jandarmlar musiqini eşidib evə girmək
istəyəndə atam qarşılarını kəsdiyindən
onu döymüşdülər. Musiqiçilər də təhlükəni
hiss edərək dal qapıdan çıxaraq aralandılar.
Odur ki, jandarmlar bizim evə girəndə içəridə mənimlə
nənəmdən başqa heç kim yox idi".
"Nicat" qəzetinin artıq təntənə
bitəndən sonra, dekabrın 4-də dərc etdiyi məqaləsində
"tarix-i milliyyəmizdə qızıl hürufat ilə
qeyd olunmağa şayistə bir gün"
adlandırdığı yubiley mərasimindən əvvəl
Mehdi bəy Hacınskinin biri rus, biri türkcə olmaqla iki məqaləsi
dərc edilmişdi.
Noyabrın 30-da "Kaspi"də gedən məqaləsində
Mehdi bəy yubileyin keçirilməsinin ümdə səbəbini
göstərirdi - 1880-ci ildə Bakıda Tağıyev
teatrı inşa edilir, 1885-ci ildə Cahangir Zeynalov ilk dəfə
bu səhnədə çıxışlara başlayır,
1895-ci ildə isə, ilk müsəlman truppasının təşkilindən
düz 10 il sonra Bakıda əsasən cavanlardan ibarət
"Müsəlman Dram Artistlərinin İttifaqı"
yaradılır, onlar çalışır, durmadan öz
üzərlərində çalışıb inkişaf
edir, teatr həyatının canlanmasına töhfələrini
verir və "Nicat" da mədəniyyətin tərəqqisinə
daha artıq xidmət üçün bunları tam tərkibdə
Cəmiyyətin üzvlüyünə qəbul edərək
öz truppasını qurur, Tağıyev teatrında mütəmadi
tamaşalarını verməyə başlayır.
Başqa sözlə, Cahangir Zeynalovun belə bir yubiley
mərasiminə layiqliyi teatrımızın təşkilatlanmağa
başladığı ilk vaxtlardan daim öndə gedən bir
aktyor kimi keçilmiş yolun ən parlaq rəmzlərindən
biri olması ilə əlaqələndirilir, əslində bu
ildönümü həm də milli teatrın ilk mütəşəkkil
truppadan 1910-cu ildəki peşəkar səviyyəyə gəlib
yetişməsinin yuvarlaq tarixi kimi mənalandırılırdı.
"Nicat"ın 27 noyabr sayında isə Mehdi bəy
Hacınski yazısını "yubiley" kəlməsinin
izahından başlayır, bu yəhudi sözünün
qulların azadlığa çıxaraq bayram etdikləri
günə işarəylə "ali bir gün"
anlamına gəldiyini açıqlayırdı. Təəssüflənirdi
ki, mübarək günü nişan verən "yom-i
ali"dən - təntənəli yubileylərdən bizlər
bixəbər qalsaq da, mədəni Avropa və qeyri bir
çox millətlər "bu kəlməyə artıq dərəcədə
aşina olduqlarından" "görürsən ki, bir ədib-i
şəhrin, ya məşhur bir artistin mübarək
günü münasibətilə onun şərəfinə
böyük ziyafətlər tərtib edirlər, cəşnlər
(bayramlar - R.H.) düzəldirlər".
Cahangir Zeynalovun "müsəlman səhnəsinə
xidmətinin 25 ili", dolayısı ilə tədbirin təşkilatçısı
"Nicat" Maarif Cəmiyyətinin görmək istədiyi əsas
iş elə yubilyarın şəxsiyyətinə və fəaliyyətlərinə
yaraşan bir istək idi: "Yadigar olaraq Qafqazda nadir birinci məşhur
Mirzə Fətəli kimi bir məzhəkənəvisin cəm`i
əsərlərini təzədən "Nicat" adı ilə
onun heyət-i mühərrirlərinin nəzərindən
keçirib, Cahangirin şərəfinə çap etdirib
intişar olmaq üçün ucuz bir qiymətə cəmaətin
arasında satılsın".
Mehdi bəy Cahangir Zeynalovun bu günə gəlib
çatanacan keçdiyi yoldan bəhs edir, 54 yaşlı bu
insanın Bakı əyanlarından Hacı Zeynalın nəvəsi
Məşədi Rzanın oğlu olduğunu bildirəndən
sonra camaatın dedi-qodularına etinasızlıq göstərərək
səhnəyə çıxmaqdan çəkinməməsini
onun həm ehtiyacsız, varlı, həm də qorxmaz adam
olması ilə əlaqələndirirdi.
Məqalə müəllifi indiyədək Cahangir
Zeynalovun layiq görülmüş olduğu iki vacib
mükafatı da xatırladır: "Cahangir səhnəyə
çıxıb öz vəzifəsini icra eləyir və mərhum
Həsən bəy Məlikov Zərdabi kimi bir ədibdən və
Nəcəf bəy Vəzirzadə kimi bir məzhəkənəvisdən
təhsinlər alır, Cahangir yavaş-yavaş səhnəyə
aşiq olur".
Ancaq Mehdi bəy Hacınski Cahangir Zeynalovun seçdiyi
bu şərəfli yolda tuş gəldiyi
ağrı-acıların üstündə dayanmağı da
unutmur: "Cahangir çox vaxt işini-gücünü
atır, durur səhnə üçün bir ay qabaqdan libas cəm
etməyə. Ünas (qadın - R.H.) paltarına gəldikdə,
heç kəs razı olmur ki, arvad paltarı gətirsin. Bunu
da biçarə Cahangir öz boynuna götürür.
Küçədən keçəndə əvam ün-nas
(bisavad kütlə - R.H.) "Adə, bu, anasının
paltarını oyunbazlara geyindirən Cahangirdir" deyərmişlər.
Cahangir bu şeyləri hərgiz nəzərə almayıb
öz işindən geri durmur".
İndi də, o vaxt da bu sözləri yazmaq nə
asan! O mərdanəliyi etmək çətin idi. O vaxt sənət
naminə o iş çətin idi, bu gün eyni çətinlikli,
amma qeyrət göstərərək yerinə yetirilməli
başqa işlər var.
Hər zamanın öz Cahangirlərinə ehtiyacı
var. Xoş o əyyamlara ki, ehtiyacın öhdəsindən gəlməyə
Cahangirlər olmuş ola!
O fədakarlıqları ki o zaman Cahangir Zeynalov edirdi,
Bakı balaca bir yerdi. Təqribən hamı bir-birini
tanıyırdı, onda qalmış Kəblə Cahangir kimi əsilli-nəcabətli
bir möhtərəm ola. Qara camaat sənə şəbədə
bağlayanda öz hərəkətlərinin
dürüstlüyünə əmin olduğundan bəlkə
də o heyvərəliklərə bənd olmamaq mümkündü,
amma Cahangir Zeynalov həm də ticarət adamı idi axı,
çörəkpulusu səhnədən yox, dükan-bazardan,
həmin onu söyən kütlədən
çıxırdı. Sözü bir yerə qoyub onu küncə
elə sıxışdırardılar ki,
alış-verişi də getməzdi. Lakin Cahangir Zeynalov əqidəsində
sabitqədəm kişi idi və nə sözündən, nə
yolundan dönəndi
Mehdi bəy Hacınski gileylənirdi ki, bizlər səhnə
qədri bilmirik, səhnədə nə zəhmətlər
çəkildiyindən də xəbərimiz yoxdur və gendən
asan görünən bu döyüşün çox çətin
olduğunu yada salaraq milləti qədirşünaslığa
dəvət edirdi.
Bu yazının qəzetdə çıxıb
oxunmasından 3 gün sonra - noyabrın 30-da ikiqat bayram
yaşanır. Bir tərəfdən Qurbanın sevinci, obiri
yandan Tağıyev teatrında Cahangirin təntənəsi.
O axşam bir neçə saat boyunca Cahangir Zeynalova ən
atəşli, ən məhəbbətli sözlər söylənmişdi.
Həm də təbrik edənlər yalnız
özümüzünkülər deyildi. Kənardan da xeyli
teleqramlar, məktublar gəlmişdi. Çünki Cahangir
Zeynalov elə bir aktyor idi ki, şöhrəti artıq Azərbaycandan
qıraqlara da yayılmışdı və arxada qalan
mübarizəli yolunun bəhrəsi olan bu gecədə o, məsudların
məsudu idi.
Və elə bu səbəbdən də həmin
gün sonda səhnəyə çıxıb təşəkkür
etmək, minnətdarlığını bildirmək istərkən
yenə kövrəlmişdi, yenə gözləri
dolmuşdu, yenə qəhər boğazını
yandırmışdı.
Sonra tarixə düşəcək, dil-dil gəzəcək,
əlbəttə ki, ürəyinin lap dərinlərindən
gələn etirafını etmiş, əslində həm də
and içmişdi: "Burda gördüyüm bu şeylər
mənə röya kimi görünür. 25 il mütəmadiən
(davamlı olaraq - R.H.) ənva-yi həqarət (növbənöv
alçaltmalar - R.H.) və təcavüzə düçar
oldum isə də, əlhəmdülillah, axırda millətimin
mən kimi acizi bir bu qədər təqdir etdiyini də
gördüm. Mənim üçün bundan böyük ənam
olmaz! Kaş ki min canım olaydı da, hamısını millətimə
qurban etmiş olaydım!"
Cahangir Zeynalov neyləsin?! O sözlər ki o gecə
onun haqqında söylənmişdi və o cür hərarətlə,
təmənnasız sevgi ilə dilə gətirilmişdi,
onların müqabilində qəhərlənməmək,
doluxsunmamaqçün gərək daşdan olaydın.
"Göstərdiyiniz xidmət elə böyük
qulluqdur ki, tarixlər səhifəsinə yazılmağa
layiqdir. Şübhə yoxdur ki, elə belə də
olacaqdır. Səhnə bir mirat-i həqiqətdir (gerçək
güzgüsü - R.H.) ki, orada hər bir şəxs öz
surətini görər. Siz isə bu yolda 25 il xidmət edib bu
müddətin ərzində səhnədə üz
qaraltmışsınız. Nə etməli? Millətin
üzünü ağ istəyirsənsə, öz
üzün qara gərək".
"Nicat" Cəmiyyəti belə təbrik edirdi.
Bu isə Boyarskaya truppasının ürək sözləri
idi: "Möhtəşəm İşin - səhnənin fədakar
mübarizi olan sizin timsalınızda nisbətən gənc
olan müsəlman teatrını salamlayır və
inanırıq ki, sizin kimi parlaq və yenilməz xidmətçiləri
sayəsində bu teatr Avropa mədəniyyətinin maarif təsisatları
sırasında şərəfli yerini tutacaqdır".
...O hədiyyələr, o təbriknamələr ki
1910-cu ilin 30 noyabrında, səhnə fəaliyyətinin 25
illiyi bayram ediləndə Cahangir Zeynalova təqdim olunmuşdu,
bircə-bircə hamısını həmin ilin 3 dekabrında
çıxmış "Günəş" qəzeti
qeydiyyata alıb. Elə bircə bu sadalanma həm Cahangir
Zeynalovun Bakının ictimai-mədəni mühitində necə
böyük ehtiram sahibi olduğunu göstərir, həm də
onun şöhrəti və sayğısının Azərbaycandan
kənarlara hansı hüdudlaradək
yayıldığını təsdiqləyir.
Qəzet yazırdı ki, həmin "fəzilətli,
şövkətli" axşamda "Nicat" Maarif Cəmiyyəti
tərəfindən Səməd bəy Acalov qiymətli albom təqdim
edərək uzun bir təbriknamə ilə məzkurun xidmətini
təqdir etdi.
Müsəlman Teatr Dəstəsi tərəfindən
vəkil edilmiş Qulamrza Şərifov gümüş bir
lira təqdim edərək bir də ünvan oxudu.
"Günəş" qəzeti idarəsi tərəfindən
vəkil edilmiş Məmməd Sadıq Axundov qızılla
süslənmiş qiymətli bir qovluq içində qara xətlə
yazılmış bir ünvanı oxuyub təqdim etdi.
Maloros teatr dəstəsi tərəfindən bir artist
teatrın zəhmətləri və çətinlikləri
xüsusunda uzun bir nitq irad edib artistlərin
imzaladığı ünvanı da məxmər qovluq
içində təqdim etdi.
"Nəşr-i Maarif" Cəmiyyəti tərəfindən
İsgəndər bəy Məlikov albom təqdim edib ünvan
oxudu. Boyarskaya teatr dəstəsi tərəfindən bir artist
teatr və səhnəyə dair bir nitq oxuyub ünvanı təqdim
etdi.
Tağıyev fabrikası cavanları tərəfindən
orta məktəbin müəllimi Rza Zaki təbrik edib hədiyyəni
təqdim etdi.
Bakı Yəhudilər Cəmiyyəti tərəfindən
Abezqaus, Vitşal və Dimbo cənablarından təşkil
olunmuş bir heyət uzun nitq ilə təbriknaməsini təqdim
etdi.
"Gürcü Nəşr-i Maarif Cəmiyyəti"
tərəfindən cənab Nasidze uzun, duyğulu nitqindən
sonra təbriknaməsini təqdim etdi.
Qəzet əlavə edir: "Cənab-i Nasidzenin nitqi
o qədər xoş təsir etdi ki, uzun bir müddət
alqışlar və afərinlər ilə izhar-i təhsin
etdilər".
Erməni "Kulturnıy soyuz" ("Mədəniyyət
İttifaqı") idarəsi tərəfindən vəkil
edilmiş Xatisov öz nitqində Qurban bayramı və həmin
yubiley münasibətilə cəmi müsəlmanlara, xüsusən
Cahangir Zeynalova "mübarək" deyib təbriknaməsini
təqdim etdi.
Nitqlərdən sonra Yubiley komitəsi sədrinə gələn
təbrik teleqramları oxunur. Hamı eşidir ki, Cahangir
Zeynalovu təbrik üçün Tiflisdən "Molla Nəsrəddin"
məcmuəsinin idarəsindən, Tiflis "Cəmiyyət-i
Xeyriyyə"si sədri polkovnik İbrahim ağa Vəkilovdan,
Bakıdakı "Ədəbiyyat Cəmiyyəti" tərəfindən
və Baxçasaraydakı Krım tatarları adından
"Tərcüman" qəzetinin müdiri və naşiri
İsmayıl Qasprınskidən teleqramlar çəkilmişdir.
Bunlardan əlavə, xüsusi olaraq Əli bəy
Hüseynzadə və Hüseyn Hacıyev öz tərəflərindən
də hədiyyələr təqdim etdilər.
Qəzet o gün məclisin gecə 12-də
tamamlandığını da dəqiqləşdirir.
Hədiyyələr və təbrik qovluqları elə
çoxmuş ki, yəqin, həmin payız axşamında
teatrdan Cahangir Zeynalovun evinə iki-üç fayton
yollanıbmış...
Cahangir Zeynalovun yolunu çox gözlədiyi yeganəsi
- sevimli qızı Nəsibə (1916-2004) o vaxt hələ
dünyaya gəlməyibmiş. Nə atasının onu, nə
onun atasını doyunca görməsi qismətmiş. Qanla
keçən fitri istedadla atasının böyük yolunu
layiqincə davam etdirərək adını Azərbaycan
teatrı tarixinə məcazi deyil, elə həqiqi mənada
qızıl hərflərlə həkk etmək mərtəbəsinə
ucalan Nəsibə Zeynalova ixtiyar çağlarında ailəsinin
qəmli hekayətini söyləyirdi ki, 1920-ci ildə
bolşeviklər gələndə 4 yaşını bitirib 5
yaşa keçibmiş. Əlbəttə ki, o günlərin
başvermişlərinin təfərrüatları öz
yadında qalmamışdı, böyüklərdən
eşitdikləri əsasında danışırdı:
"Bolşeviklər evimizi əlimizdən aldılar.
Olub-keçənlər yadıma yuxu kimi gəlir. Özüm
də xəstə idim. Gəlib bizim evimizdə axtarışa
başladılar. Nəyimiz vardısa, yığıb
apardılar. Atamın 25 illik yubileyi keçiriləndə ona
gümüş qablar, qəşəng fiqurlar
bağışlamışdılar. Bunların da
hamısı müsadirə edildi. Atamdan qalan bir çox
yazılar, afişalar, proqramlar da sonrakı illərdə
it-bata düşdü. Anam savadsız qadın olub, həm də
fağır adam idi. Pişik balasını gəzdirən
kimi, mən yetimi də illərcə burdan-ora, ordan-bura daşıyıb.
Onun da ailə həyatı çox pis qurulmuşdu. Sonradan da
iki uşaq onu lap çaşdırdı və atamdan qalan
kağızlara bir o qədər də diqqəti olmadı. Hər
köçəköçdə görürdünüz ki,
çox şeylər itdi. Yaxşı şüşə
şəkillər qalmışdı, onların neqativləri,
hamısı yuxu kimi yadımdadı. Anamın
danışıqlarını eşitsəydiniz, bilərdiniz
ki, Cahangir Zeynalovun nə böyük xidməti olubdu. O, yetim
uşaqları məktəbdə himayə edib. Hüseyn
Ərəblinskinin özünü mənim atam gətirib məktəbə.
Onu müalicəyə göndərib. Mənim atam onu
oğulluğa götürübmüş. Mən də atam
kimi həmişə öz xoşbəxtliyimi xalqın məhəbbətində
görmüşəm, nə etmişəmsə, daim onun
övladı olmağın məsuliyyətini yaddan
çıxarmamışam".
Cahangir Zeynalov həyatdan getmişdisə də, ona səhnə
həyatının müxtəlif illərində hədiyyə
edilmiş saxlanclar evində qalırdı. Ailəsindən
ötrü bunların hər biri misilsiz sərvət idi.
Gün gələcəkdi, bu incilərin hər biri muzeylərimizdə
yerini tutacaqdı, xalqın qiymətli irsi cərgəsinə
qatılacaqdı. Bolşeviklər macal vermədi. Sovetlər
ayaqları yer tutunca qırmızı qəsbkarlıqlarını
başladılar, Cahangir Zeynalov da zəngin adam olub deyə
xatirəsindən qisas aldılar, evini yağmaladılar, nəyi
qalmışdısa silib-süpürdülər.
Vaxtilə qəzetlər yazmasaydı, heç bilməzdik
ki, bütün bu yadigarlar olubmuş. Təqdim edilməsindən
keçən illər boyunca isə, yəqin ki, o hədiyyələr,
o təbriknamələr hər nəzər salanda Cahangir
Zeynalovun köksünü qabardır, ürəyini sevinclə
daşdırırmış...
Bu da bir məktubdur. Cahangir Zeynalova göndərilmiş
şəxsi məktub. Ancaq o məktubu göndərən istəyib
ki, bu şəxsi məktubu yalnız göndərdiyi adam
deyil, hamı oxusun. Ona görə də məktubu qəzetə
yollayıb. Özü də həmin məktubu yazan bu zərfi
poçtla yola salanda Bakıdan aralıda, Həştərxanda
sürgündəymiş. O məktub 1911-ci il dekabrın 10-da
"Bürhan-i tərəqqi" qəzetində dərc
edilmişdi.
Məktub Cahangir Zeynalova ünvanlanmışdı.
Yazan Nəriman Nərimanov idi.
"Siz artist namını qəbul edən vaxt
bakılılar artistə "oyunbaz" deyib həqir nəzərlərlə
baxardılar. "Gəlmələr" milli teatrın tərəqqisinə
çalışarkən Bakı cavanlarını özlərinə
yoldaş etmək istəyirdilər. Lakin ataların teatra həqir
nəzərləri cavanları belə bir gözəl işdən
məhrum edirdi. Siz isə teatrın xalqa nəf`ini anlayıb
camaatın nəzərində həqir olan bu işə
şüru` etdiniz (başladınız - R.H.). Bu fikirlə ki,
vaxt olar, camaat səhvini anlar. Bu gün mənə həqir nəzər
ilə baxan camaat, mənə "oyunbaz", "kəndirbaz"
söyləyənlər səhnənin üstə
alqışlarlar, təşəkkürlər edərlər.
Həqiqət, çəkdiyiniz zəhməti millət
unutmadı, sizi alqışladılar, sizi təbrik etdilər.
Millət çəkdiyiniz zəhmətin meyvəsini
anlayıb teatra həqir nəzərlərini dəyişdi.
Xalq artistin oyunbaz deyil, bəlkə böyüklər
üçün nəsihətçi olmağını
düşündü.
Əzizim, milli teatr yolunda etdiyiniz xidmət heç
vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində
yazılan tarixlərdə sizin isminiz söylənəcək.
Söylənib də gələcək balalarımıza
yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər:
artistdən "oyunbaz" namını götürmək
üçün nə uzun müddət, nə zəhmətlər,
nə məşəqqətlər çəkilib.
Teatr tərəqqisinə çalışmalı!
Çünki dinini, millətini sevən şəxs milli
teatrını da gərək sevsin. Afərinlər olsun sənə,
əziz, möhtərəm yoldaş!"
...XX əsrin əvvəllərində Azərbaycan
aktyorlarının həyatı elə idi ki, onlar qəpiyi
saymağa məcbur idilər. Teatra məcnunca bağlı o sədaqətli
Vətən yavruları yarıac-yarıtox
yaşayırdılar, özlərini səhnəyə həsr
etmişdilər, daha betər məhrumiyyətə
tablaşmağa da hazırdılar. Elə Cahangir Zeynalov da
onlardan biri idi. Eyni məhəbbət, eyni sədaqət onda da
vardı. O da səhnədən ötrü hər
sınağa hazırdı. Ancaq digər aktyorlardan fərqli
olaraq, o, pulun sayını heç vaxt bilməzdi. "Pul əl
çirkidir" deyilən ifadə Cahangir Zeynalovu
düşünürkən yada ilkin gəlir. Çünki o,
qazandıqlarını yığıb üstündə
oturanlardan olmadı. Həmişə gəlirini el-obasıyla
bölüşməyə çalışdı. Həyatdan
köçərkən etdiyi son vəsiyyətlərindən
biri dünyada qalanlara axırıncı
tapşırıqlarından idi ki, "Səfa" məktəbində
uşaqların oxumasına yardım üçün hər
il ayırdığı 300 qızılı kəsməsinlər.
Kəblə Cahangir yaşa dolandan, həyatın
istisini-soyuğunu dadandan sonra belə olmamışdı. Onun
mayası bu cür yoğrulmuşdu, elə
cavanlığından həmin xasiyyətdə idi. Yolunun əvvəlində,
1896-cı ildə Nəriman Nərimanovun "Dilin bəlası"
tamaşası göstəriləndə satılmış
biletlərdən 1200 rubl yığılmışdı.
Hesabla bu vəsaitin iki yüzü məsrəfləri
bağlamalı idi - səhnəni, libasları icarəyə
götürmüşdülər, əlavə
xırda-xuruş xərclər çıxmışdı. Təmiz
gəlir olaraq 1000 rubl qalırdı ki, tamaşanı
hazırlayanlar arasında bölünməli idi. Cahangir təklif
edir ki, gəlin bu pulu Bakı şəhərinin qiraətxanalarına
peşkəş edək. Ruhu, əxlaqı, mənəviyyatı
ona tən gələn həmkarları tərəddüdsüz
razılaşırlar.
Manatlar, rubllar, qızıllar nədir ki? Onlar həyatlarını
mədəniyyətə, səhnəyə, teatra, xalqa fəda
etmiş insanlardılar.
...Unudulmaz Şəmsi Bədəlbəylinin atası,
əmiləri Cahangir Zeynalovla eyni yolun yolçuları
olmuşdular, birgə çalışmışdılar,
yaxın olmuşdular. Qismət elə gətirdi ki, bu dostluq və
həmkarlığı davam etdirmək övladların -
Şəmsiylə Nəsibənin payına düşdü.
Artıq çox uzaqlarda qalmış 1980-ci illərin
sonlarında Azərbaycan Televiziyası üçün
Lütfəli Abdullayev haqqında veriliş
hazırlayırdım, yaz günləri idi, həmsöhbətlərimin
hamısını evin sahibəsi Sevda xanımın icazəsi
ilə hər qarışı sənətkarın xatirəsini
yaşadan mənzilinə dəvət etmişdim. Süleyman
Ələsgərov, Bəxtiyar Vahabzadə, Şəmsi Bədəlbəyli,
Nəsibə xanım, Səyavuş Aslan, digərləri
toplaşmışdı, mehriban məclis idi. Uzaqdan-uzağa
onsuz da bilirdim, amma indi yaxın məsafədən
müşahidə edərək Şəmsi müəllimlə
Nəsibə xanımın bir-birinə nə qədər məhrəm,
nə qədər doğma olduqlarını duyurdum. Nəsibə
xanımla (1916-2004) Şəmsi müəllimin (1911-1987)
yaş fərqləri çox deyildi. Amma Nəsibə
xanım Şəmsi müəllimə xüsusi bir nəvaziş
və sayğıyla həm silahdaş, həm ustad, həm
böyük qardaş, həm də böyüyü,
ağsaqqalı kimi yanaşırdı.
Moskvada Malıy Teatrda görkəmli sənətkar
Kote Marcanişvilinin yanında təcrübə keçərək
1936-cı ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan
Dövlət Dram Teatrında rejissor kimi fəaliyyətini davam
etdirən Şəmsi Bədəlbəyli Mirzə Fətəli
Axundzadənin "Müsyö Jordan həkim-i nəbatat və
Dərviş Məstəlişah cadukun-i məşhur"
pyesini 1938-ci ildə tamaşaya hazırlamışdı və
Hətəmxan ağanın qızı, 16 yaşlı Şərəfnisənin
40 yaşlı dayəsi rolunu 22
yaşlı Nəsibə Zeynalovaya
tapşırmışdı. Şəmsi məşqlər əsnasında
istədiyini Nəsibədən ala bilməyəndə gənc
aktrisanı hönkürtü ilə ağlayacaq həddə
çatdırmışdı və Nəsibə sinni
qırxdan da xeyli çox olan bir kənd qarısı kimi
mızıldanaraq "Bilirəm e, belə
danışmağımı istəyirsiniz, amma bu cürə
danışmaq mənə nəsə təbii
görünmür" söyləyəndə rejissorun
gözü gülmüşdü ki, ay qız,
öldürdün məni, bunu bayaqdan elə də, əladır,
elə bu cür danış, lap təbii də alınır.
Gənc Nəsibə yaşlı qadın cildinə o
gündən necə girdisə, sonrakı onillərdə onun
yaratdığı Tükəz də, Kəblə Fatma da, Cəhrə
xala da, Cənnət... də təbii gözəlliyi və
inandırıcılığı ilə görən hər
kəsi sehrlədi. Ancaq bu səmtdə ona ilk qiyməti verən
Üzeyir bəy olmuşdu.
Üzeyir bəylə qan qohumu - xalanəvəsi
olmaqdan savayı, Şəmsini böyük bəstəkara
bağlayan həm də ustadın bilavasitə tələbəsi
olması, konservatoriyada ondan dərs alması idi. Həmin səbəbdən
də nə qədər ki Üzeyir bəy həyatda idi,
Şəmsi hər böyük işini ilkin olaraq ona göstərməyi
həm borc, həm daxili ehtiyac hesab edirdi.
Artıq tamamlanmış "Müsyö Jordan"a
baxan Üzeyir bəyin diqqətini Xanpəri surəti yaman
çəkir. Şəmsidən soruşur ki, bu yaşlı
aktrisanı hardan tapmısan, niyə indiyəcən ondan xəbərimiz
olmayıb? Şəmsi cavab verir ki, yaşlı deyil, cavanca
qızdır. Üzeyir bəy Şəmsiyə təəccüblə
baxır. "Üzeyir bəy, Cahangirin
qızıdır". "Hansı Cahangirin?" "Cahangir
Zeynalovun".
Üzeyir bəy dalğınlaşır, kövrələrək:
"Ot kökü üstündə bitər", - deyir.
Bu əhvalatı Şəmsi müəllim də
danışardı, elə bu düzümdə Nəsibə
xanım da oğlu Cahangirə söyləyibmiş, Cahangir də
mənə nağıl etdi.
Cahangir Zeynalov zəngin adam olub, ancaq onun sərvətindən
nə yeganə qızına, nə də nəvəsinə,
onların özlərinin də dediyi kimi, bircə
çöp də qalmayıb. Amma istedad ki qalıb, şərəfli
ad ki qalıb, iftixar ki qalıb.
Nəsibə xanıma qəni-qəni rəhmət,
balasına atasının adını vermişdi. Cahangir
Novruzov da anası kimi, babası kimi həyatını teatra həsr
etdi, Xalq artisti mərtəbəsinədək ucaldı, bu
gün də nəslin şanlı sənət estafetini ləyaqətlə
davam etdirməkdədir.
Bir dəfə Cahangirə təklif etdim, "gecdir"
söylədi, amma zənnimcə, gec-zad deyil, bu istəyə əməl
olunarsa, Nəsibə xanımın da, Kərbəlayı
Cahangirin də ruhu şad olar. Umuram ki, artıq görkəmli
rejissor və aktyorlarımız cərgəsində öz yeri
olan Cahangir Novruzov ikili soyad daşısın, babası ilə
sadəcə adaş yox, ikiqat adaş olsun - Cahangir Zeynal
Novruzov!
...Gözəl "İsmailiyyə" yenə əvvəlki
əzəməti ilə ucalır. Orda 1918-ci ildə "Azərbaycan
Xeyriyyə Cəmiyyəti" qərar tutmuşdu və
1918-ci ilin 9 martında Cahangir Zeynalov orda qurulmuş səhnədə
"Hacı Qara"da son dəfə rol oynamışdı.
Yenə əsas surəti - Hacı Qaranı ifa etmişdi. Yenə
ötən illərdə olduğu kimi ehtirasla, həvəslə
oynamışdı.
Və təbii ki, tamaşa edənlər hamısı
keçmiş illərdə olduğu kimi, yenə məftun
idi, yenə coşqu ilə alqışlayırdılar. Ancaq
kimsəyə əyan deyildi ki, bu, vida tamaşasıdır.
Bir neçə gün ötəcək, Bakıda ermənilər
azərbaycanlılara qarşı quduz qırğınları
başladacaq, 1918-ci ilin mart soyqırımı çox
insanların həyatını əlindən alacaq.
Cahangir Zeynalov Bakıdakı qarışıqlıq ərəfəsində
həyat yoldaşı və körpə Nəsibəsiylə
şəhərdən çıxmışdı. Kərbəlayı
Cahangirin zövcəsi Hüsniyyə xanımın atası
ticarət işləri ilə əlaqədar İranda, Ənzəlidəymiş.
Bunlar da ara sakitləşənəcən, ta oktyabr ayınacan
orda qalmışdılar.
Onlar "Ərdəhan" adlı gəmi ilə
Bakıya sarı istiqamət götürəndə artıq
erməni zülmü də sona yetmişdi, Azərbaycanda da
Cümhuriyyət qurulmuşdu. Ancaq Bakıya çatmağa az
qalmış Xəzərin dəliliyi tutur. Günlərcə
sakitləşmək istəməyən qasırğa
başlanır. Dənizdəki təlatüm imkan vermir ki, gəmi
sahilə yaxınlaşsın. Düz səkkiz gün
mühasirədəymişlər kimi vahiməli dənizdə
fırlana-fırlana, qorxu, təlaş caynağında
qalırlar. Gəmidə ərzaq lap azalır, su da tükənir.
Natəmizlikdən gəmidəkilərin arasına cürbəcür
yoluxucu xəstəliklər düşür. Yer balaca, məkan
qapalı, istər-istəməz xəstəlikləri də əlüstü
bir-birlərinə ötürürlər. Cahangir Zeynalov da həmin
"Ərdəhan" gəmisində yatalağa tutulur.
Nəhayət, gəmi lövbərini atır,
Bakıya yetişirlər. Ancaq Cahangir Zeynalovun artıq ayaq
üstə dayanmağa heyi yoxdu. Son nəfəsinə gəlib
çatmışdı. Hələ nə yaşı
vardı ki? Hələ Azərbaycan teatrında da, mədəniyyətdə
də, ictimai həyatda da çox faydalar verə bilərdi.
Ancaq 1918-ci ilin 22 oktyabrında gözlərini əbədi
yumur.
Mart ayında ermənilər minlərlə azərbaycanlını
qanına qəltan etdikləri qırğınları törətmişdilər.
Cahangir Zeynalova erməni gülləsi açılmadı, erməni
xəncəri sancılmadı. Ancaq o da ermənilərin
törətdiyi həmin soyqırımının zərbə
dalğasının qurbanı oldu.
Həyatla vida astanasında olduğu günlərdə,
güman ki, Cahangir Zeynalovun gözlərinin önündən
bütün həyatı keçmişdi. Həyatının
bütün günlərini yaddaşında sıralayarkən,
əlbəttə ki, o əziz günü -
yaradıcılığının 25 illiyinə həsr
olunmuş axşamı da xatırlamamış olmazdı. O əziz
axşamda "Günəş" qəzetinin də təbriki
oxunmuşdu: "Günəş"çilər
"Sağ olunuz!" deyirdilər, "Siz öz müqəddəs
məsləyinizdə davam edib də bundan sonra da səhnədən
əl çəkməyiniz,
çalışınız!" çağırışını
edirdilər, "Səhnə aynadır, ayna nə qədər
böyük və geniş olar isə, o qədər artıq
nəfi (faydası - R.H.) olar" deyirdilər.
Və "Günəş" qəzeti, təbii ki,
yalnız öz adından deyil, Cahangir Zeynalova borclu və minnətdar
olan bütün tamaşaçıların dilindən vəd
edirdi: "Millət sizi unutmaz!"
O millət vədi qüvvədədir. Möhtərəm
sənətkar, böyük ustad, Sizi unutmuruq!
18 mart 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025. -9 aprel(№58).- S.10-11;12.