Elçin: "Teatr həmişə
mənimlə bir yerdə olub..."
XALQ YAZIÇISI ELÇİNLƏ MÜSAHİBƏ
Ə.QAFLANOĞLU. Qubada Sizi xoş gördük,
Elçin müəllim.
ELÇİN. Təşəkkür, Əkrəm.
Bilirsən, Quba mənin çox sevdiyim diyarlardan biridir. Sən
də ki, Quba patriotu! (Gülür) Yox, qoy lap doğrusunu deyim:
Azərbaycan patriotu.
Ə.QAFLANOĞLU. Mən istərdim ki, Sizin budəfəki
Quba səfərinizdə, fürsətdən istifadə edib, ədəbiyyat,
sənət barədə, ümumiyyətlə həyat barədə
söhbət edək. Necə bilirsiniz?
ELÇİN. Mən hazır.
Ə.QAFLANOĞLU. İstəyirəm bu söhbəti
teatrla başlayaq. Mən bilirəm ki, Siz də böyük ədibimiz,
rəhmətlik İlyas Əfəndiyev kimi teatra çox
bağlısınız.
ELÇİN. Bu, Əkrəm, irsi
bağlılıqdan da artıq, təbii bir
bağlılıqdır. Yəni mən lap uşaqlıqdan
teatr ab-havası ilə böyümüşəm. Bu
ab-havanı hiss etmişəm desəm, daha dəqiq olar. 1948-ci
ildə mənim neçə yaşım var idi? Beş
yaşım. "Azdrama"da Ədil İsgəndərov
İlyas Əfəndiyevin "Bahar suları"nı
hazırlayırdı, atam da məşqlərə gedəndə
məni özü ilə aparırdı. Nə qədər il
keçib, hə? O məşqlər, ən əsası isə,
bir az gurultulu çıxmasın, o səhnə sehri mənim
hissiyyatımdadır. Elə o vaxtlar Karyagin (Füzuli)
teatrında baxdığım "Əsli və Kərəm"
tamaşasında Mürşüd Həşimovun
oynadığı Keşiş Qapon məni elə
qorxutmuşdu ki, o unudulmaz və gözəl "teatr
qorxusu" da indiyə kimi mənim hissiyyatımdadır.
Mürşüd kişi sonralar Əməkdar artist oldu, hər
dəfə Bakıya yolu düşəndə, bizə gəlirdi,
atamla nənəm Bilqeyis xanımla
görüşürdü, nənəmin böyük
qardaşı, tanınmış teatr xadimi Cəlil bəy
Bağdadbəyovu xatırlayırdı.
Ə.QAFLANOĞLU. Elçin müəllim, sizin pyesləriniz
Azərbaycandan başqa, bir çox ölkə teatrlarında
tamaşaya qoyulub. Türkiyədə, İngiltərədə,
İtaliyada, Cənubi Koreyada, Rusiyada, Ukraynada, Orta Asiya
respublikalarında... Mən yadıma düşən ölkələri
sadalayıram. Hətta "Şekspir" pyesiniz ABŞ-da,
özü də Brodveydə tamaşaya qoyulub. Ona görə
bunları yada salıram ki, sizə bir sualım var.
ELÇİN. Buyur.
Ə.QAFLANOĞLU. Siz istərdiniz ki, bir pyesiniz də
Quba Dövlət Dram Teatrında tamaşaya qoyulsun?
ELÇİN. Quba Dövlət Dram Teatrında?
Ə.QAFLANOĞLU. Bəli. Vaxtıyla Qubada Dövlət
Dram Teatrı fəaliyyət göstərib. Ancaq çox təəssüf
ki, 1962-ci ildə bağlanıb.
ELÇİN. Hə, bilirəm. Abbasqulu Ağa
Bakıxanov adına olub. Rəhmətlik Səyavuş Aslan elə
oradan başlayıb, ağızdolusu da o teatrdan
danışırdı. Səhv etmirəmsə, Məcnun da
(Hacıbəyov) orada çalışıb. Sənin
sualın da, belə başa düşürəm ki, o
teatrı yenidən bərpa etmək arzusudur, hə?
Ə.QAFLANOĞLU. Elədir.
ELÇİN. Əlbəttə, çox yaxşı
olardı. Teatr nə qədər çox olsa, bir o qədər
də mədəni-mənəvi zənginlik deməkdir. Ancaq
bir şərtlə, dostum Əkrəm! Elə teatr ki, belə
bir zənginliyi yaratmaq gücündə olsun. Yəni
teatrın elə yaradıcı kollektivi olsun ki, Şekspiri,
Çexovu, Şounu, bizim Mirzə Fətəlini, ya da Mirzə
Cəlili, Cabbarlını, Cavidi layiqincə təqdim edə
bilsin. Ciddi məsələ budur. Ciddi və çətin.
Ə.QAFLANOĞLU. Elçin müəllim,
yaxşı olardı ki, elə bu çətinlik barədə
danışasınız.
ELÇİN. İlk növbədə aktyorlar və
rejissorlarla bağlı problemlər. Bizim böyük
aktyorlarımızın, mən səhnədə
gördüklərimi xatırlayıram: Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər
Ələkbərov, Gəraybəyli, Sona Hacıyeva, Fatma Qədri,
Barat xanım, Hökumə xanım, Leyla xanım, Mustafa Mərdanov,
Ağahüseyn Cavadov, Sənani, Osmanlı,
Dağıstanlı, Əfqanlı... bu klassiklərin
siyahısını hələ xeyli davam etdirmək olar. Hətta
ikinci dərəcəli, bəzən də lap epizodik
rolları ifa edən Qafqazlı, Sadıq Saleh, Cabbar Əliyev,
Qafar Həqqi, Məcid Şamxalov kimi aktyorlarımız... Bu
gün bu rəhmətliklərimizin sənətini onlara layiq
şəkildə davam etdirən aktyorlarımız da var. Mən
Hacı İsmayılovu, Rafiq Əzimovu, nisbətən
sonrakı nəsildən Nürəddin Mehdixanlını,
yaxud Bəsti xanımı, Firəngiz xanımı, Cəfər
Namiq Kamalı, onlardan da sonrakı nəslin, misal
üçün, Füzuli Hüseynov kimi nümayəndəsini
səhnədə görəndə, elə bil həmin klassiklərin
nəfəsini, teatr eşqini hiss edirəm, görürəm.
Nürəddin bir tərəfdən "Natəvan"da Xasay
xanı, "Mahnı dağlarda qaldı"da Böyük bəyi
oynayırsa, dediyim həmin teatr eşqi ilə Şeyx Nəsrullahı,
yaxud "Almaz"da Hacı Əhmədi oynayır,
çünki yaradıcılıq diapozonu genişdir, roldan
rola girə bilir və inandırır. Ümumiyyətlə
deyim ki, mən "Azdrama"ya gedib-gələn adamam və
bu teatr eşqi oradakı aktyorların hamısı
üçün, ümumiyyətlə, direktor İlham Əsgərov
da, bədii rəhbər Mehriban Ələkbərzadə də
daxil olmaqla bütün kollektiv üçün səciyyəvidir.
Ümumidə belədir, ancaq iş burasındadır ki,
istedadın da dərəcəsi var. Fərdi və prinsipial
yanaşsaq, adını çəkdiyim aktyorlar kimi sənətkarların
sayı çox deyil. Nə üçün belədir? Ona
görə ki, bu rəqəmsal dünyada yalnız istedadla,
yalnız "teatr eşqi" ilə böyük nəticələr
əldə etmək müşkül məsələdir. Sənin
dünyagörüşün, sənin fikrin elmin,
texnologiyanın inkişafı ilə ayaqlaşa bilməlidir.
Bunu necə əldə edə bilərsən? Təzədən
fizikanı, ya kibernitikanı mənimsəməlisən? Yox, əlbəttə.
Sən aktyorsan. Sənin dünya teatrından xəbərin
olmalıdır, dünya dramaturgiyasını mənimsəməlisən
və onu qiymətləndirməyi bacarmalısan. Sən gərək
sosial şəbəkə ilə kifayətlənməyəsən.
Mütaliə və mütaliə, Hamlet demişkən,
"budur məsələ". Tamaşanın sahibi isə
rejissordur, tamaşanı yaradan rejissorun zövqü,
savadı, prinsipiallığı, estetik cəsarəti,
fantaziyasıdır. Bu gün bizim Ədil İsgəndərov,
Tofiq Kazımov, Mehdi Məmmədov, İsmayıl Hidayətzadə,
Şəmsi Bədəlbəyli... kimi teatr rejissorlarımızın
sənətini müasir dövrdə bu müasirliyə layiq
şəkildə davam etdirən rejissorlarımız varmı?
Var, ancaq burada da say məsələsi ortaya çıxır.
Rejissor qıtlığıdır. Var, ancaq azdır. Bizim
teatr tariximizə və ənənələrimizə nisbətən
azdır.
Ə.QAFLANOĞLU. Maraqlıdır, misal
üçün, kimləri nəzərdə tutursunuz?
ELÇİN. Kimləri? Misal üçün, indi
adını çəkdiyim Mehriban Ələkbərzadənin
yaradıcılığını yada salaq. Vaxtıyla biz
"Poçt şöbəsində xəyal"ı,
"Qatil"i onunla bir yerdə işləmişik və mən
onun istedadı, "teatr eşqi" ilə bərabər, sənətkar
məsuliyyətinin, zəhmətinin,
dünyagörüşünün yüksək olduğunu da
elə o vaxtlardan görmüşəm. Mehriban bir müddəğ
"Yuğ" teartında çalışdı və orda
o tamaşaları hazırladı ki, rəhmətlik Vaqif
İbrahimoğlundan sonra oranın, indi dəbdə olan sözlə
desəm, "imicini" bərpa etdi. O tamaşalar
yurdsuz-yuvasız "Yuğ"u yenidən müasir mədəniyyət
mərkəzlərindən birinə çevrildi. Mehribanın
Atuqavanın məşhur novellası əsasında
hazırladığı tamaşa mənim son on-on beş ildə
Azərbaycan səhnəsində gördüyüm ən
uğurlu, səviyyəli tamaşalardan biri, birincilərdən
biri idi. Sonra yenə "Yuğ"da Mehriban İlqar Fəhminin
Nəsimi haqqındakı istedadlı və bunu xüsusi qeyd
etmək istəyirəm, hay-küylü, patetik yox, mətləbli
pyesini tamaşaya qoydu. Bax, orta əsrlərin
çılğın Şərq koloriti və fəlsəfəsi
hara, uzaq Yaponiyanın elə bil ki, başqa bir sivilizasiyaya aid
olan rasional mühakimələr dünyası hara - gör
söhbət nə qədər müxtəlif qütblərdən
gedir. Ancaq hər iki tamaşa alındı, ikisi də hadisə
oldu. Nə üçün? Çünki rejissor bədii mətnin
dərinlərinə - əgər bu dərinlik varsa - getməyi
bacarırsa, əsərin fəlsəfəsi onu tutursa, modern tərtibat
da, modern işıq da, polifonik musiqi də ona kömək edəcək,
bu rejissorun istədiyini edəcək. Dərinə gedə
bilmirsənsə, yaxud mətndə də, sənin
düşüncələrində də o dərinlik, o fəlsəfə
yoxdursa, estetik modern - modern yox, əllaməçilik olacaq.
Mehriban dərinə, mahiyyətə varmağı bacarır və
onun estetik bir kateqoriya kimi, müasirliyini də bu bacarıq
yaradır. Mehribanın Gənc Tamaşaçılar
Teatrındakı "Kod adı VXA" tamaşasına
baxdım. Dörd saat çəkdi, bəlkə bir az da
çox. Təsəvvür edirsən? Fundamental
tamaşadır. Vaxta görə yox, mətləbinə və
dərinliyinə görə. Teatrın, məncə,
bütün yaradıcı kollektivi səhnədə idi. Faciə
göstərirdilər, ancaq Əkrəm, mənə elə gəlirdi
ki, aktyorların "teatr eşqi" o faciə içində
onları xoşbəxt etmişdi, çünki özlərini
ifadə edə bildilər, rejissor buna nail oldu. Mehriban Ələkbərzadənin
"Azdrama"dakı "Əsrə bərabər
gün"ü də eləcə. O, mahiyyətə
varmağı bacardığı üçün Koktonu, yaxud
Sartrı da Cavid kimi uğurla tamaşaya qoyur. Başqa
rejissorlarımız da var. Mərahim Fərzəlibəyov Bələdiyyə
Teatrında rəhmətlik Amaliya Pənahovanın irsini bu irsə
layiq şəkildə davam etdirir. Yaxud "Şekspir"
pyesimin premyeraları çox olub, Azərbaycan səhnəsində
də, kənarda da bu tamaşaların bir qisminə
özüm də baxmışam, amma sənə deyim ki, bu
tamaşaların arasında ən yaxşılarından biri Bəhram
Osmanovun vaxtıyla ÜNS teatrında hazırladığı
tamaşa idi. Yaxud Loğman Kərimovu deyim. Şuşa
Dövlət Teatrının baş rejissoru, indi eşitmişəm
ki, oradan gedib. Niyə gedib, bilmirəm, ancaq istedadlı
rejissordur, güclü potensial imkanları var və o cür
rejissorların imkanlarına teatrımızın da ehtiyacı
çoxdur. Cənnət Səlimova uzun illərdir Azərbaycan
teatrına effektlə xidmət edir. Bunu da deyim ki, Mehriban
Ələkbərzadə indi "Azdrama"da mənim
"Baş" romanım əsasında tamaşa
hazırlayır. Belə
çıxmasın ki, mən buna görə bu rejissoru tərifləyirəm.
Əvvəla, mən tərifləmirəm, onu bir teatr rejissoru
kimi səciyyələndirirəm. İkincisi də, səninlə
uzun illər bir yerdə işləmişik, mən elə adam
deyiləm.
Ə.QAFLANOĞLU. Mən də bunu yaxşı bilirəm,
Elçin müəllim.
ELÇİN. Daha bir məsələ də var,
Əkrəm. Biz qısaca da olsa, aktyorlardan, rejissorlardan
danışdıq, ancaq bir vacib məsələ də var:
teatr tənqidi. Bu gün biz professional, yəni
ixtisaslaşdırılmış teatr tənqidi deyəndə
fikrimizə üç-dörd imza gəlir: İlham Rəhimli,
Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın
Talıbzadə... Daha kim? Bəzən Sevda Sultanovanın, Aliyənin
maraqlı məqalələri olur, ancaq təəssüf ki,
adda-budda, yəni təsadüfdə-təsadüfə... Az
deyil? Aydın məsələdir ki, söhbət primitiv həvəskar
mülahizələrindən yox, səriştəli sözdən
gedir. O biri tərəfdən də İlham Rəhimli daha
çox teatr tarixi ilə məşğul olur və bu sahədə
çox iş görür, Məryəm xanım, İsrafil
pedoqogika ilə, Aydın bədii ədəbiyyatla məşğuldur,
görünür, bunlar da çox vaxt alır. 1964-cü ildə
İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"
əsərini Tofiq Kazımov "Azdrama"da tamaşaya qoydu
və rəhmətlik Cəfər Cəfərov bu tamaşa
haqqında "Təklik faciədir" adlı məşhur
məqaləsini yazdı. "Sən həmişə mənimləsən"
Azərbaycan dramaturgiyasında, Tofiqin quruluşu müasir teatr
tariximizdə necə bir mərhələ oldusa, Cəfər
müəllimin həmin məqaləsi də teatr tənqidimizdə
elə bir mərhələyə çevrildi.
Unudulmaz Yaşar Qarayevin teatr tamaşaları
haqqında yazdığı ardıcıl məqalələri
xüsusi qeyd etmək istəyirəm. Hətta Abbas Zamanov, ya
da Gülrux Əlibəyova, Cəlal Məmmədov kimi müəlliflərdə
də təzə nəfəs və teatr tənqidinə həvəs
yaranmışdı, yeni tamaşalar haqqında yazmağa
başlamışdılar. Bu gün isə teatr tənqidimiz
durğunluq içindədir. Halbuki teatr estetikasının
inkişafı, yəni klassik irsdən qidalanan və faydalanan
modern teatrın uğurlar əldə etməsi
baxımından teatr tənqidi mühüm rol oynaya bilər və
burasını əmrvari deyirəm: oynamalıdır. Belə
bir vəziyyətin səbəbləri barədə ayrıca
danışmaq, onu ayrıca təhlil etmək lazımdır.
Ə.QAFLANOĞLU. Elçin müəllim, Sizin
özünüzün də teatr haqqında, dramaturgiya
haqqında çoxlu məqalələriniz var. Yaxşı
xatırlayıram, hələ Siz Yazıçılar
İttifaqında işlədiyiniz vaxtlar idi, Aktyor Evində
Sizin Moskvadakı "Teatr" jurnalında dərc olunan məqalələrinizin
müzakirəsi keçirildi, bu barədə Teatr Xadimləri
İttifaqının sədri Şəmsi Bədəlbəyli
məruzə etdi, bütün zal aktyorlarla, rejissorlarla dolu idi.
ELÇİN. Hə, mənim də yadımdadır.
Gözəl günlər idi... (Gülür) Öz
cavalığıma görə demirəm, teatr tənqidinin
şıdırğı günləri idi. Rəhmətlik Rza
Təhmasibin də sanballı çıxışı
yadımdadır. "Literaturnaya qazeta"dan Henrix Mitin,
"Teatr" jurnalından Şvıdkoy da gəlmişdi,
sonralar Rusiyanın mədəniyyət naziri oldu. İndi də
hərdən Bakıya gəlib-gedir. Nə isə... Bir cəhəti
də demək istəyirəm: dramaturgiya. Dramaturgiya teatrı
yaradır, teatr da dramaturgiyanı. Bu, zəncirvari bir
düzümdür. Şekspir "Qlobus" teatrını
yaratdı, "Qlobus" da Şekspiri yaratdı.
"Şekspiri yaratdı" - yəni ona yeni-yeni pyeslər
yazdırdı, onun daxilindəki "teatr eşqini"
sönməz etdi. 500 ildir ki, bu proses davam edir: yüz dəfələrlə,
hətta min dəfələlə tamaşaya qoyulmuş
"Hamlet"də, "Otello"da, "Kral Lir"də
yeni-yeni rejissor kəşfləri, rejissor özünüifadələri
və rejissor özünütəsdiqləri yalnız teatr aləmində
yox, bəşəri mədəniyyətdə hadisəyə
çevrilir. "Qlobus" Şekspiri yaradır və
yaşadır. Milli dramaturgiyasız milli teatr yoxdur. Biz milli teatrımızdan
danışırıqsa, bu - həmin Şekspirlə, Molyerlə,
Şillerlə bərabər, "Müsyö
Jordan"dır, "Ölülər"dir,
"İblis"dir... İndi bizim müasir dramaturgiyamıza
baxaq. Professional dramaturqlarımız kimdir? Əli Əmirov? Bəli,
istedadlı və artıq tamaşaçıların
yaxşı tanıdığı və sevdiyi dramaturqdur.
Firuz Mustafa, bəli, səhnəni hiss edən istedadlı
dramaturqdur. Sonra? Biz sırf dramaturqlardan
danışırıq, elə deyil? Daha kim? İlqar Fəhminin
adını çəkdim, ancaq o, bir çox sahələrdə
fəaliyyət göstərir və mən istəməzdim ki,
bu sahələr onun dramaturgiyasını kölgədə
qoysun, çünki, məncə, Fəhmi fitri dramaturqdur.
Sonra kim? Professional dramaturgiya ilə bizdə daha kim məşğul
olur? Adam bu siyahını uzatmağa çətinlik çəkir,
düzdür? Və bu, çox pisdir. Nisbətən cavanlar gəlir:
Cavid Zeynallı, Pərvin, Ülviyyə Heydərova... Ancaq
onların dramaturgiyada özlərini təsdiq etməsi yəqin
ki, hələ gələcəyin hadisəsidir. Bir sözlə,
Əkrəm, lap qısaca desəm, teatrla bağlı mənim
gördüyüm mənzərə belədir. Bizdə yeni
teatrların açılması ilk növbədə bu mənzərəni
zənginləşdirməklə şərtlənir. Hərdən
şikayətlənirik ki, teleekranlarda teatr adıyla şit,
primitiv, hətta eybəcər tamaşalar göstərirlər
və tamaşaçıların da zövqü
korşalır. Bunun qarşısının alınması
üçün, təkrar edirəm, gərək mənzərə
zənginləşsin. Teatr canlı bir orqanizmdir, üm-küs
də, bu gün küsüb, sabah barışmaq da
bütün zamanlarda teatrla bir yerdə olub. Çünki bu fədakar
insanlar səhnədə necə qəhrəmandırlarsa, həyatda
bir o qədər kövrək, türklər demişkən,
nazikdirlər. Mənə elə gəlir ki, hər
üm-küsünü də ictimailəşdirməyə
ehtiyac yoxdur. Yenə Şekspirin ölməz bənzətməsi
yada düşür: "Həyat teatrdır, insanlar da onun
aktyorları!" Beləliklə, Əkrəm, biz səninlə
bu söhbəti Qubada başladıq, gəl, Qubayla da qurtaraq
Ə.QAFLANOĞLU. Ancaq bu şərtlə ki, gələcəkdə
Qubada da davam etdirəcəyik...
ELÇİN. Oldu, ardını saxlayaq sonraya. İndi
yadıma bilirsən nə düşdü? İlyas Əfəndiyevin
bacısı Məhbubə müəllimə də, onun həyat
yoldaşı Hədis müəllim də, qızları
Atlas, oğlanları Oqtay və Fikrət də Qubadakı
12-ci sovxozda, sonralar Zərdabi adına oldu, müəllim
işləyirdilər. Beş nəfərdən ibarət ailənin
beşi də eyni məktəbdə! Repressiya qurbanı Hədis
müəllim Sibir sürgünündən qayıdandan sonra,
ora göndəriş almışdı, axıracan da elə
orada qaldılar. Biz də tez-tez onlara dəyirdik. Nə isə,
60-cı illərin lap əvvəlləri idi, mən universitetdə
oxuyurdum, yenə Qubaya getmişdik. İlyas Əfəndiyev də,
sən yaxşı bilirsən, nə qədər mülayim idisə, hərdən o qədər
də codluğu var idi, sözü üzə deyirdi. O vaxt
Qubanın partiya rəhbərinin adı-familiyası indi
yadımda deyil, ancaq heç vaxt yadımdan çıxmır
ki, İlyas Əfəndiyev onunla birlikdə Qubada gəzişərkən:
"Bu, Fətəli xanın tikdiyi Qubadır, - dedi. - Bəs
sizin tikdiyiniz Quba hanı?" Bu gün Quba Fətəli
xanın tikdiyi Quba ilə bərabər, yeni Qubadır. Hara
baxırsan yeni müasir tikintilər, yeni yollar görürsən.
Qubaya və sən də içində olmaqla bütün
qubalılara bir daha salam deyək. Arzu edək ki, vaxt yetişəndə,
Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram
Teatrı da yenidən fəaliyyətə başlasın.
Müsahibəni Əkrəm QAFLANOĞLU apardı
525-ci qəzet .- 2025. -9 aprel(№58).- S.9;13.