Ermənistan Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır

"Tək Azərbaycan deyil, bəşəriyyət qarşısında böyük cinayətlər törətmiş Ermənistan yenə də beynəlxalq birliyin tənbehi ilə üzləşmir"

 

 

Ermənistan dövləti özünü sülhpərvər, barış tərəfdarı kimi göstərsə də, regionda təhlükə yaradan, sülhü pozan addımlar atmaqda davam edir. İrəvan həm sürətlə silahlanır, həm Azərbaycanla şərti sərhəddə atəşkəs rejimini demək olar ki, hər gün pozur. Bütün bunlar isə Ermənistan rəhbərliyinin "Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazır olmaları" bəyanatları fonunda edilir. Bu, bir daha həm də onu nümayiş etdirir ki, Ermənistan etimad göstəriləcək tərəf deyil. Başqa bir məqam isə Ermənistanın davam edən mina müharibəsidir. Azad olunmuş ərazilərimizə basdırılmış kütləvi minalar insanlarımızın həyatlarına son qoymaqda, onların sağlamlıqlarına ciddi zərər vurmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın insan, o cümlədən uşaqlar mina partlayışlarının qurbanı olub. Ümumilikdə 1991-ci ildən Azərbaycanda 3400-dən çox insan minalardan zərər çəkib.

Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndində piyada əleyhinə minanın partlaması nəticəsində 3 nəfər, o cümlədən uşaqlar xəsarət alıb. Eyni gündə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baş verib. Nəticədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı ağır bədən xəsarətləri alıb.

Aprelin 7-də isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Təəssüf ki, bunlar son hadisələr deyil. Ermənistan düzgün mina xəritələrini vermədikcə, minalar can almaqda davam edəcək. İndiyədək verilmiş xəritələrin kiçik bir hissəsi, təxminən 25%-ə qədəri dəqiq olub ki, bu da problemin aradan qaldırılması üçün təbii ki, yetərli deyil. İlkin hesablamalara görə, Ermənistan Azərbaycan ərazilərinə 1,5 milyondan çox mina basdırıb. Onların təmizlənməsi təbii ki, xeyli vaxt tələb edir.

Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı "525"ə deyib ki, mina problemi çox ciddi bir problemdir. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən böyük bərpa-quruculuq işlərinə birbaşa maneə törədir: "Biz bilirik ki, 44 günlük Vətən müharibəsindən sonra baxmayaraq ki, Ermənistan tərəfi kapitulyasiya aktına imza atmışdı, üçtərəfli bəyanatla üzərinə öhdəliklər götürmüşdü, real olaraq sonrakı mərhələdə belə özünün işğalçı siyasətini davam etdirmişdi. Çünki bəlli məsələdir ki, həmin müharibədən sonra ərazilərimizin müəyyən bir hissəsi yenə də Ermənistan silahlı qüvvələrinin nəzarətində qalmışdı, Rusiyanın sülhməramlı kontingenti ilə həmin ərazilərdə müəyyən bir nəzarət var idi. Azərbaycanın suveren hüququ o ərazilərdə bərpa olunmamışdı. 2023-cü ilin sentyabrında baş vermiş 23 saatlıq lokal antiterror tədbirlərinə qədər Ermənistan tərəfi  həmin ərazilərə 2021-2022-ci illərdə istehsal olunmuş minaların basdırılmasına nail olmuşdur. Təqribi hesablamalara görə, bu müddət ərzində ölkə ərazisinə 1 milyondan çox mina basdırılıb. Nəticə etibarilə işğaldan azad olunmuş ərazilərə yaxın və Ermənistanın silahlı qüvvələrinin nəzarətində olan ərazilər belə təmas xətti boyu həmin o minalar basdırılmışdır. Hətta xatırlayıram ki, Laçın rayonunun Qorçu kəndində aşkarlanmış minalanmış ərazilər var idi ki, orada 1 kv. metrə 4-6, hətta 8 mina basdırıldığına bizim istehkam qrupları şahidlik etmişdir. Bu da ondan xəbər verir ki, Ermənistan heç vaxt, hətta 44 günlük müharibədən sonra da sülhdə maraqlı olmayıb. Maksimum çalışıb ki, müharibə bitsə belə, basdırdığı minalara görə keçmiş məcburi köçkünlərin qayıdışını əngəlləsin, azad olunmuş ərazilərdə normal həyata qayıdışa maneə yaratsın, bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilməsin. Çünki bilirlər ki, beynəlxalq praktikada minaların təmizlənməsi daha böyük resurslar hesabına başa gəlir. Eyni zamanda, daha çox vaxt tələb olunur".

Deputat söyləyib ki, BMT-nin ixtisaslaşmış qrupları, beynəlxalq ekspert qrupları tərəfindən 44 günlük müharibəyə qədər azad olunmuş ərazilərimizdə minaların təmizlənməsi ilə bağlı müəyyən qiymətləndirmələr aparılmışdır. Bildirilirdi ki, sülh sazişi imzalandıqdan sonra minalardan təmizləmə üçün 15-25, hətta 30 il vaxt tələb oluna bilər. Amma 44 günlük müharibədən sonra nəzərə alsaq ki, bərpa-quruculuq işləri böyük sürətlə və intensiv şəkildə aparılır, Azərbaycan öz resursları hesabına həmin ərazilərdə minaların aşkarlanması üçün zəruri tədbirlər həyata keçirir. Keçmiş məcburi köçkünlərin qayıdışının daha təhlükəsiz şəkildə həyata keçirilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində mühüm işlər icra edir.

A.Allahverənov əlavə edib ki, Ermənistan guya ki, Azərbaycana basıdırılmış minaların və ya minalanmış ərazilərin xəritələrini verib, amma sonrakı mərhələdə dəqiqləşdirmələr aparıldıqdan sonra bəlli olmuşdu ki, həmin xəritələrdə reallığa uyğunluq 15-25 faiz arasındadır: "Bu o deməkdir ki, verilən xəritələr də belə tam reallığı əks etdirmir. Ermənistan bilərəkdən vaxtı uzatmaqla, manipulyasiya etməklə çalışır ki, müharibədən sonra da sürünən düşmən kimi dəyərləndirilən minalar vasitəsilə öz terror fəaliyyətini davam etdirsin. Təəssüflər olsun ki, bir neçə gün əvvəl baş vermiş mina partlayışları zamanı mülki şəxslər ağır xəsarətlər alıblar. Bu da ondan xəbər verir ki, mina müharibəsi hələ də davam etməkdədir. Əgər Ermənistan sülh istəyirsə, birmənalı şəkildə reallıqlara uyğun koordinatları təqdim etməlidir. Azərbaycan tərəfi də minadan təmizlənmə işlərini həyata keçirməlidir. Ermənistan özünü sülh göyərçini kimi təqdim edir, amma real hərəkətləri bunun əksini göstərir. Ermənistan yalnız verbal şəkildə özünü sülh tərəfdarı olaraq qələmə verməyə çalışır".

A.Allahverənov beynəlxalq ictimaiyyətin bu prosesə təsiri məsələsinə də toxunub. Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyətə, BMT-nin ixtisaslaşmış qurumlarına, müxtəlif dövlətlərin rəhbərlərinə ünvanlanan müraciətlərinə baxmayaraq, xarici aktorlar Ermənistanı bununla bağlı adekvat addımlar atmağa məcbur etməyib: "Ermənistan-Azərbaycan məsələsi gündəmə gətiriləndə xarici qüvvələr hər zaman Azərbaycanla bağlı hansısa tələblər irəli sürürlər, şərtlər qoyurlar, hətta Avropa parlamentində qətnamələr belə qəbul edirlər. Otuz ilə yaxın müddət ərzində qonşu ölkəyə qarşı işğalçılıq siyasəti aparan Ermənistan ərazilərimizdə genosid, urbisid, soyqırımları törədib. Şəhərlər, qəsəbələr kəndlər yerlə-yeksan edilib. Bütün evlər dağıdılıb, sökülüb, satılıb, təbii sərvətlər istismar edilib, məscidlər, kilsələr dağıdılıb, başqa məqsədlər üçün istifadə edilib. Bu, bir daha onu göstərir ki, tək Azərbaycan deyil, bəşəriyyət qarşısında çox böyük cinayətlər törətmiş Ermənistan tərəfi yenə də beynəlxalq birliyin tənbehi ilə üzləşmir, hər hansı formada təzyiqlərə məruz qalmır. Beynəlxalq ictimaiyyət Ermənistanın bu tip davranışlarına yenə də tolertant yanaşma sərgiləyir. Baxmayaraq ki, Ermənistan Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır, zamanında da bu bölgədə terroru birbaşa dəstəkləyib, onun hər hansı bir formada üzə çıxmasına rəvac verən bir tərəf idi, amma onda da beynəlxalq aktorlar, beynəlxalq tərəfdaşlar Ermənistanla bağlı hər hansı sərt qərar qəbul etmədilər. Yəni bu ikili, ümumiyyətlə çoxtərəfli standartların mövcudluğunu göstərir. Həmin qüvvələr yenə də qərəzli, reallığa uyğun olmayan saxta məlumatlar əsasında antiazərbaycan ritorikasının hər zaman irəliyə aparılmasında, təbliğ olunmasında maraqlıdırlar. Ermənistana bu şəkildə sığal çəkməklə revanşist qüvvələrə də dəstək göstərmiş olurlar. Onun siyasi elitasının zaman-zaman çox ziddiyyətli və sülhə təhlükəli yarada biləcək addımlarına rəvac verirlər. İstər hərbi cəhətdən sürətli şəkildə silahlanma, istər institutsional, maliyyə və digər səpkidə yardımların göstərilməsi ilə təbii ki, Ermənistanda belə bir əhval-ruhiyyənin hələ də gündəmdə qalmasına gətirib çıxarırlar. Bir sıra beynəlxalq təşkilatların, institutların, dövlət başçılarının və güc mərkəzlərinin ermənipərəst siyasətləri təbii ki, Azərbaycan xalqı tərəfindən mənfi qarşılanır və xalqımız artıq bu işğal dönəmində özünə qarşı ədalətsiz mövqeyinin sərgilənməsinin hər zaman şahidi olub".

Deputat onu da qeyd edib ki, bütün bunlara rəğmən, güclü Azərbaycan hər zaman öz sözünü deyir, beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzu gündən-günə artır: "Məhz Azərbaycan üzərindən çox mühüm Avrasiya qitəsini əhatə edən infrastruktur layihələri həyata keçirilir. Bu gün Ermənistan tərəfindən çıxış edən dövlətlər belə, Avropa dövlətləri yenə də Azərbaycanın bu tip imkanlarından, xüsusilə də enerji təhlükəsizliyinin təmin olunması potensialından maksimumm yaralanmağa çalışırlar".

 

Pərvanə  

525-ci qəzet .- 2025. -9 aprel(№58).- S.5.