Antiutopiya
Yaxın dostum, ölkəmizdə uzun müddət
davam edən bayramları səyahətdə, xarici ölkələrdə
keçirməyi sevir və yüksək maaşından pul
yığaraq, onu həmin səfərlərə xərcləyir.
O, yaşı keçməsinə baxmayaraq, hələ evlənməmişdir, bizdən fərqli
olaraq ailə qayğısı çəkmir, yalnız daim gələcək
yeni səyahət marşrutlarını
düşünür, imkanı müqabilində onları
reallaşdırmağa çalışır.
Novruz və Ramazan bayramları ilə əlaqədar
olan bir dekadalıq istirahət günlərini iri və
çox varlı ölkəyə olan ilk səfərində
keçirmişdi. Birinci dəfə qədəm
basdığı bu torpaq, orada yaşayanların rəngarəngliyini
və müxtəlif təbəqələr arasındakı fərqlərin
bəzən ziddiyyətə çevrildiyini müşahidə
etdikdə, bu, onu xeyli təəccübləndirmişdi. Səyahət
sahəsində yaxşı təcrübəyə və həm
də az-çox biliklərə malik olan bu adam olduqca varlı
bu yeni ölkədə adamların tam firavan yaşamalarına
ümid edirdi. Lakin gördükləri, müşahidə
etdikləri onu öz rəyini dəyişdirməyə məcbur
etmişdi. Burada dərinin rənginə görə adamlar bərabər
sayılsalar da, qanun da bunu diktə edir, əsas əhalini təmsil
edən, əcdadları Avropadan gəlmiş ağlar və
qaradərililər arasında bir-birini qəbul etməmək
kimi fərqli münasibət bəslənməsi hələ də
aradan qalxmamışdır. Ağ adamlar şəhərdə
əks irqin nümayəndələri yaşayan rayonlara getməyə
qorxur, çünki orada olanlara narkoman, cinayətkar
damğası vurmaqla, bu ittiham əsassız da deyildir,
onların da arzulamadığı qonaqlara kəskin cavab verəcəklərindən
ehtiyat edirlər. Bu ölkədə yaşamaq da o qədər
asan deyildir. Bizdəkindən fərqli olaraq nisbətən
bahalıqdır, yaşayış xərclərini ödəməkdən
ötəri çox işləmək, tər tökmək
lazımdır. Bu imkanlılar ölkəsi heç də
hamıya uğur qazandırmır, çox varlı ailələrlə
yanaşı, yoxsul həyat keçirənlər də az
deyildir. Sənaye müəssisələrinin müflis
olması bəzi şəhərlərin sakinlərini öz doğma
yurdlarınını tərk etməyə məcbur
etmişdir.
Dostum bunları xırda problem, zamanın öhdəsindən
gələcəyi bir məsələ kimi qiymətləndirirdi.
Ona görə əsas məsələ, dövlətin yeni
siyasi vektoru seçməsi, bu yolla dünyanı
çalxalamağa çalışmasıdır. Hakimiyyətə
seçki yolu ilə yeni gələn ambisiyalarında,
iddialarında hədd tanımır və qəribə
görünsə də, onun tam fərqli görünən
mövqeyinin bu cəhətləri seçkiqabağı
kampaniya zamanı ona yaxşı köməklik göstərmişdi.
O, vəd etmişdi ki, uzun müddət bürokratiyanın səyləri
hesabına paytaxtda əmələ gələn
bataqlığı qurudacaqdır. Digər tərəfdən
onu bir məşhur vadidə məkan salmış milyarderlər
müdafiə etmişdilər və o da minnətdarlıq əlaməti
olaraq bir neçə milyarderi öz administrasiyasının tərkibinə
gətirmişdir.
Dostum onu da əlavə etdi ki, səfər etməmişdən
əvvəl həmin ölkəni böyük mütəfəkkir
Tomas Morun öz "Utopiya" əsərində təsvir
etdiyi xoşbəxtlik məkanına
bənzədirdi. Həmin utopik şəhər əslində
qeyri-real, əfsanəvi, tam fantastik olmaqla, onun sakinləri nisbətən
az işləsələr də, çox və məzmunlu
istirahət edirdilər. Həm də firavan və rahat
yaşayırdılar. Bu gözəl yaşayış məntəqəsi
ümumi cəhətlərinə görə utopik sosialist
Tommazo Kampnellanın, küçələri monumental heykəllərlə
bəzədilmiş "Günəş şəhəri"ndən
də üstün idi. Bəziləri utopik ölkəni
Platonun təsvir etdiyi, lakin dəniz suları tərəfindən
məhv edilən Atlantidaya bənzədirdi, digərləri isə
onda b.e.ə. VI əsrin sonunda salınmış Babil şəhərinin
cizgilərini axtarırdı. Haraya bənzədilməsindən
asılı olmayaraq, utopiya öz qaydaları, adamların həyat
tərzi ilə, həm də insanların arzuladığı
ideal mənzərəni əks etdirdiyinə görə
oxucuları özünə cəlb edirdi. Kinofilmlərin
aldadıcı təbliğatına uyaraq, mən getdiyim
ölkəni də utopiyanın son nümunəsi hesab edirdim və
çox təəssüf ki, fikrimin əsasən
yanlış olduğu qənaətinə gəldim. Utopik həyat
landşaftını görmək istəyim puç oldu, əvəzində
antiutopiyanı andıran təzadlı bir cəmiyyətlə
tanış oldum.
Ölkənin yeni rəhbəri keçmişi
bütünlüklə inkar etməklə, bu dekorasiya ilə
bəzədilmiş fonda öz şəxsiyyətini
şişirtməklə, xalqı əslində iki hissəyə,
bununla razılaşaraq vəcdə gələnlərə, mənfi
münasibətini gizlətməyərək,
razılaşmayanlara bölməyə müvəffəq
olmuşdur. Bu ölkə hələ bir əsr yarımdan da
çox əvvəl quldarlıq probleminin həllini tapa bilmədiyinə görə qanlı
müharibədə iki cəbhəyə bölünərək,
bir-birini məhv etmək işinə girişmişdi. Gələcəyin
parlaq ümidləri keçmişin iyrənc
qaranlığına üstün gələ bilmiş, birincilərin
qələbəsi ilə ölkənin bölünməsi təhlükəsi
də aradan qaldırılmışdı. Ölkədə
quldarlıq da bütünlüklə ləğv edilmişdi.
Müasir ölkə isə yeni liderin səyi nəticəsində,
onu daha da böyük etmək istəyi kimi cazibədar vəd
verməsi ilə qövsi-quzeh effekti yaratsa da, əhali
arasında əslində gələcək
sarsıntıların yaranmasına yol
açmışdır. Axı bu məqsəd naminə hərəkətə
gətirilən vasitələr vətəndaşların az
qala yarısının düşüncəsində
şübhə toxumunu səpməsi ilə bədbinlik əhval-ruhiyyəsi
əmələ gətirir. Başlanğıcda atılan qorxulu addımlar
dünyadakı kövrək tarazlığın pozulması
ilə də yeni problemlərin və arzuolunmayan
qarşıdurmanın meydana gəlməsinə səbəb
ola bilər. Xarici ölkələrlə ticarətdəki
disbalansı məhv etmək üçün o, idxal edilən
malların gömrük rüsumunu yüksəltmək yolunu
tutmuşdur. Ölkə olduqca böyükdür, onun
idxal-ixrac əməliyyatlarının həcmi də bir
neçə trilyon dollarla ölçülür. Ona görə
də bu siyasətin problemsiz ötüşəcəyinə
ümid azdır. İdxal olunan malların tarif dərəcəsinin
artırılması birja indeksinə təsir göstərməklə
yanaşı, nəticə etibarı ilə pərakəndə
satış qiymətlərinin yüksəlməsinə və
heç şübhəsiz, əhalinin
narazılığına səbəb olacaqdır. Dövlətin
kredit siyasəti də, xüsusən ipoteka kreditində ondan
istifadə edənlərin ziyanına yönəldilmiş metamorfozaya uğrayacaqdır. Bu isə
əsas kütlənin etirazının genişlənməsinə
və böyüməsinə səbəb olacaqdır.
Fond birjaları indeksinin kəskin düşməsi
dünyanın böyük ölkələrinin
hamısında baş vermişdir. Və bunu qlobal
qasırğya bənzədirlər. Bu düşünülməmiş
tədbir, tarif dərəcələrinin böyüdülməsi
ideyasının müəllifinin kompotentliyinə şübhə
yaradır. Çünki bu əməliyyatın ziyanı
birinci növbədə onun öz ölkəsinə dəyəcəkdir,
o, bütün digər dövlətlərin iqtisadi
meydandakı əks-hücumuna məruz qalacaqdır. Hansısa
kompaniyaya dövlət protektsionizmi tətbiq edildikdə, bu, əcnəbi
rəqib şirkətlərə ziyan vurmaq məqsədini
güdür. İqtisadi münasibətlərin və əməkdaşlığın
pozulması isə, hamar yoldan çıxmaqla, daha ciddi zərəri
onu həyata keçirən böyük ölkəyə
ünvanlayır. Büdcə defisitini ləğv etmək məqsədi
altında, iqtisadi münasibətlərdəki
anlaşmazlıqları mexaniki yolla həll etməyi Qordi
düyününü açmaq igidliyi kimi təsəvvür
etmək, dünyabaxışdakı qüsurdan irəli gəlir.
O, qazancı naminə yalnız bir lələyini itirəcəyini düşündüyü halda,
qanadından ağır yara aldığı qənaətinə
gələcəkdir.
Dövlət başçısı
reallığı düzgün qiymətləndirmək əvəzinə,
onu dəyişdirmək üçün inqilabi yol tutmağa
üstünlük verir. Ancaq onu nəzərə almır ki,
öz ölkəsi iqtisadi cəhətdən nə qədər
güclü olsa da, qlobal dünyanın bir, həm də
böyük hissəsidir. Xarici siyasətdəki
düşünülməmiş, səhvlərə aparan
siyasət birinci növbədə öz ölkəsi
üçün mənfi rol oynayaraq, ona ziyan vurmamış
ötüşməyəcəkdir. Digər dövlətlərin
əks reaksiyaları onu, gözləmədiyi ağır
çətinliklər qarşısına qoyacaqdır. Hələ
Napoleon Çin adlanan şirin oyanması perspektivini qeyd etdiyi
halda, belə bir gur inkişaf edən ölkəni
sıxışdırmaq, qiymətlər buxovu ilə ona zərər
toxundurmaq heç də cavabsız qalmayacaqdır. Necə deyərlər,
daş atmaqla müşayiət olunan həmləyə, yəqin
ki, qonşu xalqın tarixi silahı olan katana kimi iti
qılıncla cavab veriləcəkdir.
Bəzi adamlar şirin xəyalların təsiri
altında onun əsirliyinə düşdükdə, arzular
qanadında uçmağa başlayır, reallığa məhəl
qoymadan paralel dünyada yaşamağa üstünlük verir.
Yeni lider öz ölkəsinin ərazi cəhətdən
dünyada tutduğu yerlə
razılaşmadığından, bütün vasitələrdən
istifadə etməklə, onu xeyli böyütmək istəyir.
Bu məqsədlə dünyada ərazisinə görə
ikinci yerdə olan qonşu ölkənin və ən
böyük buzluq adanı ölkəsinin ərazisinə birləşdirmək
istəyir. Beləliklə, onun dövləti yeni nəhəng
imperiyaya çevrilib, ərazicə özünə bərabər
olanı tanımayacaqdır. Bunlar onun arzusudur. Lakin bu layihənin
həyata keçməsi dünyanın xeyli hissəsinin
müqaviməti ilə qarşılaşa bilər. Hərbi cəhətdən
də ölkə hamıdan güclüdür. Lakin çox
sayda ölkələrdə nüvə silahının
olmasına görə, cavab verənlərin səyi güman
edilən həddi aşsa, Üçüncü Dünya
müharibəsinin başlanmasına gətirib çıxara
bilər. Xəyal hədd tanımayanda, xoşbəxtlik əvəzinə
böyük bədbəxtliyin meydana gəlməsinə səbəb
olur.
Özünün ərazi
iddialarına haqq qazandırmaq üçün bir iri dövlətin
öz kiçik və zəif
qonşusuna təcavüzünü də müxtəlif
uydurmalar yolu ilə. bunun haqq işi olduğunu qeyd edir. Hətta
böyük tapşırığı yerinə yetiməli
olan onun bir emissarı sülh barışığının
bağlanmasına can atmaq əvəzinə, işğala məruz
qalmış dövlətin beş vilayətinin əhalisinin
milli tərkibinə görə aqressiya törədən
dövlətin tabeliyinə keçməsini qanunauyğun bir
hal hesab etdiyini bildirmişdi. Görünür, aqressor onu da
öz şefi kimi, səfehliyin əlaməti şəklində
aldatmağı bacarmışdı. Yəqin ki, bu məmur həmin
səbəbi əsas götürən Hitlerin
"anşlyus" adı altında Avstriyanı anneksiya etməsi
faktından bixəbər imiş.
Təcavüzkara rəğbət bəsləmək,
özünün bu iddialı siyasətinin gələcəkdə
bənzər cığıra qədəm qoymasına haqq
qazandırmaq üçün guya mənəvi inam yaradır.
Dostum dedi ki, o, firavan həyat yaşayan bir ölkəni
görəcəyini düşünürdü, lakin son siyasət
zəminində, dövlətin dünyadakı
tarazlığı pozması cəhdi, mənim zənnimcə,
öz ayağına güllə atmaq təsiri
bağışlayır. Bu ölkə XX əsrdə
dünyanı lərzəyə salan iki böyük miqyaslı
müharibədə təcavüzə qarşı
çıxış etməklə, haqqın qələbəsinin
qazanılmasına köməklik göstərmişdir.
İndi isə təcavüzkarı müdafiə etmək və
həm də özünü belə hərəkətə
hazırlamaq kimi qorxulu bir siyasətə imza atır. Nəhəng
olmaq dünyaya öz iradəsini təlqin etmək deyildir, bu,
cəngəllikdə hakim kəsilən qanundur. Dünyanı
yenidən cəngəlliyə çevirmək isə
özlüyündə ağılsız bir işdir.
Dostum öz danışdığı əhvalatlara
heç də sevinmirdi. Həmin dövlətin siyasətindəki
qəribə dəyişikliklərin mənfi
çalarlarına kədərli hisslərlə
yanaşırdı. Axı dünyada hansısa ədalətsizlik
baş verəndə, bu ölkənin hərbi dəstəyi
ilə tiranlar cəzalandırılmış, bütün
xalqa qarşı yönəldilmiş haqsızlıqlara son
qoyulmuşdur. Əlbəttə, onun həyata keçirdiyi kəskin
tədbirlərə münasibət heç də birmənalı
deyildir, haqsızlığı müdafiə edənlər də
vardır. Lakin bir fövqəldövlət kimi beynəlxalq
siyasətdə onun haqqı bərpa etmək sahəsindəki
fəaliyyətinin böyük əksəriyyət
düzgün qiymətləndirir və müdafiə edir.
Sonda dostum öz söylədiklərini
yekunlaşdırdıqda, hər ikimiz xalqımızın həmin
dövlətin düzgün siyasət yürütdüyünə
olan inamını qeyd etdik. Düzdür, uzun müddət
ölkəmizin ərazisinin işğalına göz yumulsa
da, son fazada, müharibə yolu ilə dövlətimizin ərazi
suverenliyi bərpa edildikdə, biz, işğalçıya əvvəlki
tək rəğbətlə yanaşılmasını
müşahidə etmədik. Haqq işimizə, ədalətin
zəfərinə heç kəs mane olmadı.
İşğalçı isə gözləmədiyi halda,
himayədarlarının qayğısından əsasən məhrum
oldu. Buna görə də biz həmin iri dövlətə
minnətdarlıq nəzərləri ilə baxırıq və
şübhə etmirik ki, dolaşıq təyinatlı tədbirlər
dilə gətirilsə də, həyata keçirilməyəcək,
bununla da dünya yeni geniş miqyaslı müharibə təhlükəsindən
xilas olacaqdır.
P.S. Dostumun proqnozları artıqlaması ilə
doğru çıxdı, bir həftə əvvəl
olduğu ölkəni etiraz dalğası bürüdü.
Ölkənin hər yerində mitinqlərdə prezidentə
impiçment və onunla həm prezidentlik edən ən
varlı milyarderin hökumətdən qovulması barədə
tələblər səsləndi. Prezidentə qarşı
mitinqlər həmçinin qonşu ölkədə və
Avropada da keçirildi. İlk dəfədir ki, uğursuz siyasətə
dünyanın əksər guşələrində kəskin
etiraz səslənir. Yalnız radikal dəyişikliklər
layihəsindən imtina edilməsi nisbi sabitliyin bərpasını
mümkün edə bilər. Bu böyük ölkə inqilab
xarakterli vəziyyətlərlə üzləşməməlidir.
Adətən qarşıdurmanın nəticəsi sərt
mövqeyi ilə seçilən fanatiklərdən
asılıdır, siyasi maşın səhvə yol verdikdə,
onlar bundan yaxşı istifadə edirlər. 1991-ci ilin
avqustunda Moskvada QK ÇP mitinqçilərə qarşı
şəhərin küçələrinə tank
çıxardıqda, bir neçə ay sonra isə Xocalı
faciəsinin gizlədilməsinə görə
etirazçıların çıxışına
prezidentliyi yenicə ələ keçirən Mütəllibov
lovğalanıb hədə ilə cavab verdiyinə görə
dərhal onlar iflasa uğradılar. Haqqında söhbət
gedən ölkədə fanatiklər dəstəsi prezidenti
müdafiə edir. Orada
qarşıdurmanın böyüməsi və ciddi
şəkil alması böyük təhlükə mənbəyi
olduğuna görə, belə vəziyyətin
yaranmasını biz istəməzdik.
06.04.2025-ci il
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 10 aprel(¹59).- S.14.