İsa Hüseynovun qəhrəmanlarının
etiraz silahı - ayamalar
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq yazıçısı İsa
Hüseynov (Muğanna) yaradıcılığının əsas
özəlliklərindən biri də obrazlarının ayama,
təxəllüs, "laylağı" kimi "ikinci
adlarının" olmasıdır. Məhz onun qələmində
Azərbaycan ədəbiyyatında Qılınc Qurban kimi
tanınan obrazdan sonra Kollu Koxa, Cında qarı, Dəli Səməd,
Çax-çux Xalıq kimi obrazlar da yarandı. O, bu
baxımdan ölməz Mirzə Cəlil
yaradıcılığını xatırladır. Onun da əsərlərində
obrazlar ən çox ayamaları ilə tanınır.
Xüsusən, "Danabaş kəndinin əhvalatları"
əsərini xatırlaya bilərik.
Ədibin məşhur əsərlərindən olan
"Kollu Koxa" povesti bu baxımdan səciyyəvidir.
Povestin süjeti çox sadə mövzu üzərində
qurulub. Belə ki, Koxa adlı gənc kolxozçu kənddə
hamıya "laylağı" - ləqəb qoşur.
Əvvəllər buna heç kim əhəmiyyət verməsə
də, çox keçmir ki, bu əhvalat gedib rayon mərkəzinə
qədər çatır. İsa Hüseynovun digər əsərlərindən
tanıdığımız Qılınc Qurban burada da
qarşımıza çıxır. Lakin o biri əsərlərdə
mərd, haqlının tərəfdarı, qüvvətli
şəxsiyyət kimi tanıdığımız
Qılınc Qurban özü də hiss etmədən əyrilərin
yanında yer alıb; vəziyyəti, yerli təbii şəraiti
nəzərə almadan kolxozların "podrata"
götürür. Buna görədir ki, Koxa heç kimdən
çəkinmədən Qurban kişiyə də bir ləqəb
qoşur: Podrat Qurban.
Əvvəlcə kiçik oyun kimi başlayan bu
"laylağılar" zaman keçdikcə doğrudan da
ciddi məsələyə çevrilir, kolxoz sədri
Cavanşiri, Qılınc Qurbanı narahat etməyə
başlayır. Əslində bu, Koxanın cəmiyyətə
qarşı seçdiyi bir mübarizə üsulu idi.
Koxanı düşündürən, beynini, hisslərini məşğul
edən, narahat edən məsələlər var. Bu məsələlər
həyatın, zamanın tələbindən doğur. Kollu
Koxa öz "laylağı"larına belə haqq
qazandırır: "Məsəl var, atamı
öldürmüşəm ki, goruna and içim. Haşım
kişini Həsir Haşım eləmişəm ki, bunun ona
xeyri dəysin". Eləcə də Cında Qarı, Dingə
Dəmir, Podrat Qurban, Limbuz Cavanşir və sair.
Əsər irəlilədikcə görürük ki,
Kollu Koxa bu əməllərinin heç birində şəxsi
mənafe güdmür. Başqaları tərəfindən mənasız,
lazımsız hesab edilən bu işlər əslində
ciddi, ağrıdıcı mətləblərin
carçısıdır. Yazıçı Koxa
obrazının bədii mahiyyətini açıb göstərə
bilmək üçün daxili monoloqlara müraciət edir.
Obrazın bu daxili monoloqları ilə həqiqi
düşüncələri göstərilir. Ancaq bu, elə də
üstünlük təşkil etmir. Koxa obrazı
özünü daha çox dialoqlarda, başqaları ilə
mübahisələrdə ifadə edir. Adi kolxozçu
olmasına baxmayaraq, kolxoz sədri Cavanşirlə, nüfuz
sahibi Qurban kişi ilə açıq mübahisələrə
qoşulur. Koxanın ayrı-ayrı adamlara
yaraşdırdığı "laylağı"ları əslində
Cavanşirlərin, Qurbanların əsl faciəsi idi. O ləqəblərin
hamısı onların günahlarını üzlərinə
çırpır.
Povestin sonuna doğru oxucunun əvvəllərdə
üzündə təbəssüm yaradan bu
"laylağı"lar ciddi məsələyə
çevrilib onu düşündürür. Sonlara doğru
Koxa bir növ doğruluq güzgüsünə çevrilir.
O, düzü düz, əyrini əyri göstərməyin tərəfdarıdır.
Bunu biz onun jurnalistlə mübahisəsində də
görürük. O, jurnalistə deyir ki, hamınız üzdəki
ilə yetinirsiniz, üzdə gözəllik
görürsünüz, daha altındakı ilə
maraqlanmırsınız. Yaxud üzdə çirkinlik
görürsünüz, altındakı ilə işiniz
yoxdur, elə bilirsiniz ki, çirkindir. Halbuki jurnalist qələmi
ondan ötrüdür ki, yaxşının yaman tərəfini
də göstərib onun başdan-ayağa yaxşı
olmasına çalışsın. Koxa istəyir ki, pis, şər
iş görənlər tutduqları işin mahiyyətinə
varsınlar, bunlardan nəticə çıxartsınlar.
Onları öz vicdanları mühakimə etsin.
Povestin finalında Koxanın
danışığı ideal səslənsə də,
inandırıcı təsir bağışlamır. Əvvəldə
kənd camaatının səsi olan qəhrəman birdən-birə
müəllif ideyalarının daşıyıcısına
çevrilir. Onun danışığı poetik xarakter
daşıyır. Nəsihətverici istiqamət alır:
"- Bilirsənmi niyə Cında qoymuşam Pəpə-Kökə
nənəmizin adını? Onun nəvələriynən
işim yoxdu, uzaqdadılar, əlim çatmır. Səndən
xəbər alıram ki, Pəpə-Kökə nənə
niyə dönüb Cında olub?! Çünki pəpəsini,
kökəsini yeyib, özünüzün əliniz pəpəyə
çatandan sonra onu lazımsız cında təki
atıbsınız! İyirmi beş ildi ki,
çıxıbsan bu qara damdan. Uzağa getməyibsən.
Buradaca, gözümüzün qabağındaca gəzirsən,
sədrlik eləyirsən, de görüm, bu iyirmi beş ildə
bircə kərə baş salıbsanmı bu qara dama ki,
görəsən Pəpə-Kökə nənəmiz necə
dolanır, dərdi-səri nədi?! Baş salmayıbsan!
Çünki səndən ötrü bu saat bu qarıynan səhər
- səhər evdən çıxanda çəkməni silib
tulladığın cındanın heç bir tafoutu yoxdu!
Çünki sənin sinəndə ürək əvəzində
daş asılıb, Cavanşir! Özündən savayı,
heç kəs sənin vecinə deyil! Yapışıbsan
Qurban əmiyin ətəyindən, onun adını
götürübsən üstünə, elə bilirsən
Qılınc Qurbanın adının altında nə təhər
istəsən o cürə də yaşayıb kef sürəcəksən?!
Mən Cəfalı deyirdim sənə. Çünki o vaxt
doğrudan da cəfa çəkirdin. Daha Cəfalı deyilsən,
Limbuz Cavanşir!"
Əlbəttə, təxəllüs məsələsi
İsa Hüseynov yaradıcılığının şah əsərlərindən
olan "Məhşər"dən də yan ötə bilməzdi.
Lakin "Məhşər"dəki təxəllüslər
"cında", "çax-çux", "dəli",
"qılınc" kimi deyildi. Əsasən, təxəllüsdən
hürufiçilər öz aralarında danışarkən
tanımamaq və ya tanıtmamaq üçün istifadə
edirdilər. Elə təkcə Fəzlullah Nəimi ilə
İmadəddin Nəsiminin onlarla təxəllüsü var
idi. Bundan başqa, onlar öz aralarında Əmir Teymuru
"Div", İbrahim şahı "Adıyüksək"
adlandırırdılar. "Yarı pünhan", "Karvanımızın
sarvanı", "Əmin Məhrəm", "Pərvanə",
"Bir adam", "Əbədiyyət atlısı",
"Dərviş" kimi gizli adlar hürufilər arasında
kodlara çevrilmişdi. Bundakı əsas məqsəd isə
daim təqibdə, göz önündə olan hürufilərin
öz aralarında məktublaşdığı və ya
söhbətləşdiyi zaman yad insanın onların sirlərindən
xəbərdar olmasının qarşısını almaq idi.
Məsələn, əsərin əvvəlində Fəzlullah
Nəimi öz müridlərinə bir məktub yazır. Məktubu
oxuyan adi şəxs heç bir şey anlamaz, daha doğrusu, məktubun
alt qatındakı mənanı ancaq bir hürufi başa
düşə bilər. Müəllif özü isə məktuba
belə aydınlıq gətirir: "...Müridlər Fəzlin
müşayiətçilərinin dəst-xətlərini ilk
baxışdan tanıyırdılar. Məktubdakı rəmzlər
də hamıya məlum idi: "Allah" Fəzlə, uca minbər
- şah təxtinə, "Adıyüksək" -
şahın özünə, "Bir adam" - Şeyx Əzəmə,
"Ordu" - teymurilərə işarə idi. "Namaz
qılmaq" isə gizlin danışıq demək idi".
İsa Hüseynovun "Muğanna"ya çevrildiyi
"İdeal" romanının qəhrəmanları da
ayamalardan yan ötə bilməyiblər. Romandakı Dəli Səməd,
Çax-çux Xalıq, Göbələk Məmiş,
Lüt Cəfər, Xızr Abı, KQB Dudiyev, Qılınc
Qurban, Xəlvət Rəhim, cığalı Gülgəz, əfəl
Məsim, Qıllı Qeybalı, Çürük
Aşıq, Təftiş Abbas, Qaradonlu Badsəba kimi obrazlar
oxucunun yaddaşında elə bu ayamaları ilə əbədiləşiblər.Bu
xüsusiyyət əsərdəki xalqın səsinin nə qədər
güclü olduğunun göstəricisidir. Bu adları
özünəməxsus və təbii edən əsas cəhət
isə hər adın öz sahibinə yaraşmasıdır.
Məsələn, Qılınc Qurbanı
"Qılınc"dan ayrı təsəvvür etmək
imkansızdır. Sanki bu ad elə onun özü ilə
doğulub. Onun xarakterindəki kobudluq, haqsızlığa
qarşı kəsərlilik "qılınc" adına
necə də uyğundur. Eləcə də Təftiş
Abbas, Göbələk Məmiş və sair. Heç bir
obrazın ayaması ona lağ etmək və ya
gülüş məqsədi daşımır, əksinə,
sosial-mənəvi problemlərin əksi kimi
görünür. Bir sıra ləqəblər isə sahibinə
mənfi münasibətin, gözdən salmanın göstəricisidir.
"Mirqəzəb" və "Dudiyev" kimi adlarda
prototipi yaxınlıq və həmin obraza mənfi münasibətlə
advermə vardır.
Bəzən yazıçı bu ad vermənin mənbəyini
də göstərir. Bu zaman bəlli olur ki, əslində ayamaların
hamısının bir tarixçəsi, sosial - ictimai hadisələrlə
bağlılığı varmış. Məsələn, hər
kəsin hörmət bəslədiyi Cəfər əmi necə
olur ki, Lüt Cəfərə çevrilir. Bunu biz Səmədin
Lüt Cəfər haqqındakı düşüncələrində
görürük. Aydın olur ki, bu da mənfur qudalıların
çirkin oyunu nəticəsində yaranıb. Belə ki, hələ
müharibədən əvvəl Qudalı Rəhim Cəfər
əmini möhkəm içirib yanına qarmonçalan Şəmbə
adlı gəzəyən bir qadın salıb və taxtda
Şəmbə ilə lüt-üryan yatan Cəfəri hər
kəsin içində biabır edərək, "baxın,
görün kimdi böyüyünüz" demişdir. Bu
hadisədən sonra Cəfər el arasında hörmətdən
düşüb Lüt Cəfər olur.
Bəzən hətta bu ayamalar o qədər şəxsiləşir
ki, artıq obrazların adına ehtiyac qalmır, elə ləqəbləri
ilə tanınırlar. Məsələn, Çax-çux, Təftiş,
Xızır, Göbələk, Dantes və sair.
Yazıçı bu priyomla qəhrəmanlarına bir
növ etiraz silahı vermişdi. Yəni onlar əsl
düşüncələrini, əsas özəlliklərini
bu bir-iki sözdən ibarət ayamalarla ortaya qoyurdular. Ancaq
daha geniş şəkildə yanaşsaq, əslində, bu,
yazıçının özünün yaşadığı
cəmiyyətə, sovet quruluşuna və hakimiyyətin
başındakılara qarşı etirazının bir
növü idi. Zamanla isə İsa Hüseynov
yaradıcılığını, Muğanna qələmini
Azərbaycan ədəbiyyatında fərqləndirən ən
mühüm özəlliklərdən birinə çevrildi.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.15.