Ağdam və
ağdamlılar Böyük Qayıdış yolunda
İşğaldan azad olunan Ağdam şəhərinə
bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata
keçirilməsi planlaşdırılır. Ağdam təxminən
2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini
məşkunlaşdıracaq ölkənin 4-cü ən
böyük şəhəri olacaq. 2026-cı ilə qədər
Ağdama 20-25 min civarında əhalinin
köçürülməsi nəzərdə tutulub. Şəhərin
500 hektarlıq ərazisində müxtəlif infrastruktur
obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət
Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub.
İşğal və Zəfər muzeyləri inşa ediləcək.
2026-cı ilin sonuna qədər yaşayış
üçün zəruri olan bütün məsələlərin
tamamlanması nəzərdə tutulub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli
kəndlərinə də ilk köç olacaq:
"Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi
yaşayış evi tikilib. Bundan başqa, bütün
qeyri-yaşayış obyektlərinin də tikintisi başa
çatıb. Tamamlanma işləri görülüb. Tezliklə
o kəndlərin sakinlərini qəbul etməyə
hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin
inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə
başlanılıb. Şəhərə oktyabr-noyabr
aylarında ilk köç planlaşdırılır".
Millət vəkili Anar Məmmədovun sözlərinə
əsasən, uzun illər işğal altında olan torpaqlar
Azərbaycan Silahlı Qüvvələri tərəfindən
hərbi əməliyyatlar zamanı kəndbəkənd,
qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd
isə növbəti yaşayış məntəqəsindən
düşmənin qovulması üçün strateji
mövqeyə çevrilib. Ağdamın Azərbaycana təhvil
verilməsindən sonra Müzəffər Ali Baş Komandan
İlham Əliyev Ağdama səfər edərək Azərbaycan
Bayrağını burada da qaldırdı. Tarixi Qələbədən
sonra isə milli ideyanın ikinci mərhələsi - azad edilən
torpaqların minalardan təmizlənməsi, düşmənin
xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək,
genişmiqyaslı infrastrukturu qurmaq, Böyük
Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da
Ağdamda böyük quruculuq-bərpa işləri
başlandı: "Ermənilərin vaxtilə viran
qoyduqları ərazilərimizdə hazırda irimiqyaslı
layihələr icra olunur. Ağdam şəhərinin təsdiq
edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli
və yüksək həyat səviyyəsini təmin etmək
məqsədilə müasir tələblərə cavab verəcək
yaşayış məhəllələri salınır.
Ağdam şəhəri elə bir layihə ilə qurulur ki,
onun dünyada bənzəri olmayacaq. Təbii ki, bütün
bunlar ağdamlıların böyük sevincinə və gələcək
arzularına qol-qanad verir. Bəli, artıq Ağdamın bərpa,
yenidənqurma, inkişaf, çiçəklənmə
dövrü başlayıb. Burada aparılan
genişmiqyaslı bərpa və quruculuq işlərinə
dövlətimizin başçısı şəxsən
özü nəzarət edir. Bu mənada Prezident İlham
Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma
işlərinə yeni töhfələr verməkdədir".
A.Məmmədovun fikrincə, Prezidentin işğaldan
azad olunmuş ərazilərə hər səfəri regionun
dirçəlməsi üçün ən vacib infrastruktur
layihələrinin icrası və təməlqoyma mərasimləri,
tarixi-mədəni, dini abidələrin bərpası ilə
müşayiət olunur, Böyük Qayıdışı
addım-addım yaxınlaşdırır.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik
məsələləri nəzərə alınmaqla,
infrastruktur təminatının strateji hədəflərə
uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz
fəaliyyəti üçün yolların çəkilməsi,
telekommunikasiya şəbəkələrinin qurulması,
elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi
prioritet istiqamətlərdəndir. İşğaldan azad
edilmiş digər ərazilərimizdə olduğu kimi,
Ağdam rayonunda da bir sıra mühüm infrastruktur layihələrinin
icrası davam etməkdədir: "Göründüyü kimi,
azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa
və inkişaf dövrü başlayıb. Artıq 4 ildir
bütün dünyaya göstəririk ki, öz yurdumuzu
düşməndən geri almağı
bacardığımız kimi, onu dirçəltməyə,
gözəlləşdirməyə də hər
imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam
Prezidentin rəhbərliyi və nəzarəti ilə
xarabalıqlardan baş qaldırıb ucalır, yenidən
ağ günlərinə qovuşur. Çox keçməyəcək
ki, onun əvvəlki acı mənzərəsinin yerində
müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi
ilə canlanmış gözəl bir şəhər görəcəyik".
Millət vəkili Vüqar Rəhimzadə qeyd edib ki,
tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri təbii
ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq
işlərinin həyata keçirilməsi,
soydaşlarımızın mərhələ-mərhələ
doğma yurd-yuvalarına qayıdışıdır. Son
dörd ildən artıq dövrdə
soydaşlarımızın qayıdış
ünvanlarının say tərkibinə diqqət yetirdikdə
bərpa-quruculuq işlərinin miqyası daha aydın
görünür. Prezident İlham Əliyev tarixi Zəfərimizdən
dərhal sonra bərpa işlərinə başlanan andan belə
bir çağırış etdi ki, Qarabağ və Şərqi
Zəngəzur cənnət məkana çevriləcək,
bura qayıdan soydaşlarımızın rahat
yaşayışı üçün bütün zəruri
addımlar atılacaq. Bu gün böyük əminliklə
qeyd edirik ki, Qarabağda və Şərqi Zəngəzurda
görülən işlər Azərbaycanın şəhərsalma
təcrübəsinin dünyaya təqdimatıdır. 30 illik
işğal dövründə tamamilə dağıdılan,
yerlə-yeksan edilən torpaqlarımız müasir tələblərə
uyğun olaraq yenidən qurulur, bu ərazilərdə
müasir yeniliklər tətbiq edilir. Bu torpaqlarda müasir idarəçilik
sisteminin yaradılması təqdir edilir. Azad olunan
bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz
Azərbaycanın dünyaya təqdim etdiyi yeni təcrübə
- "ağıllı şəhər" və
"ağıllı kənd" layihələri üzrə
yenidən qurulur: "Qeyd edim ki, "ağıllı kənd"
layihəsinin ilk tətbiq olunduğu ərazi Zəngilan
rayonunun Ağalı kəndi oldu. İlk "ağıllı
şəhər" isə Ağdam şəhəri olacaq. 30
illik işğal dövründə tamamilə
dağıdılan Ağdam şəhəri, rayonun
bütün kəndləri bir daha düşmənin xislətinin,
düşmənçiliyinin göstəricisidir. "Təsadüfi
deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər
edərkən öz təəccübünü və hətta
hiddətini gizlədə bilmirlər" - deyən Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, onları Ağdamı
"Qafqazın Xirosiması" adlandırırlar. Amma fərq
ondadır ki, Xirosima atom bombası nəticəsində viran
qoyulub, Ağdamı isə 30 il ərzində erməni
oğrular, talançılar sökərək
daşlarını da aparıb müxtəlif yerlərdə
satırdılar. Bu, misli görünməmiş vəhşilikdir.
Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir.
Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində
xüsusi diqqət göstərilən məsələlərdən
biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam
şəhərinin, rayonun kəndlərinin timsalında da
aydın görmək mümkündür. Ağdam-Bərdə
yolu yenidən quruldu. Ağdam-Xankəndi yolu inşa edilir. Dəmir
yolu çəkilir. Bu il istifadəyə veriləcək.
Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün
olacaq. Vağzal kompleksi inşa edilir. Birinci bərpa olunan bina
Ağdam məscidi oldu. Muğam Mərkəzi inşa edilir.
"İmarət" Kompleksi bərpa edildi. Natəvanın qəbri
bərpa olundu. Xaçınçay su anbarı yenidən quruldu.
Məktəb binası, xəstəxana tikilir, böyük sənaye
kompleksi fəaliyyət göstərir. Artıq Ağdamda bir
neçə müəssisə fəaliyyət göstərir
ki, bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən
böyük sənaye kompleksi olacaq. Bir neçə
yaşayış kompleksi inşa edilir, bu il istifadəyə
veriləcək".
Vüqar Rəhimzadə bildirib ki, bərpa-quruculuq
işlərində hər bir bölgənin turizm imkanları
da nəzərdə tutulur. Bu baxımdan Ağdamda iki mehmanxana
artıq fəaliyyətə başlayıb. Əgər
bütövlükdə azad edilmiş torpaqlarda gedən
işləri götürsək, qısa müddət ərzində
bu qədər bərpa işləri heç bir ölkədə
heç vaxt görülməyib".
Millət vəkilinin dediyinə görə,
işğaldan azad edilmiş ərazilərdə təhsil
infrastrukturunun bərpası istiqamətində Prezident
İlham Əliyevin müvafiq sərəncamları və
tapşırıqları ilə hazırda mühüm işlər
görülür. Bu, "Azərbaycanın işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"nda da
öz əksini tapıb. Yeni məktəb binalarının
inşası işğaldan azad olunmuş ərazilərimizə
köçən şagirdlərin savadlı və bilikli yetişməsi
məsələsinə Azərbaycan dövlətinin nə qədər
həssaslıqla yanaşdığını aydın
nümayiş etdirir.
Millət vəkili Könül Nurullayeva qeyd edib ki,
işğaldan azad olunmuş bütün ərazilərimiz
kim, Ağdamın da siması dəyişir: "Burada şəhər
və kəndlər müasir standartlara uyğun şəkildə
bərpa olunur. Müharibədən sonra Ağdamın mənzərəsi
dəhşətli idi. Burada daş üstə daş
qalmamışdı. Ağdam şəhəri faktiki yox idi.
Yalnız Cümə məscidinin qalıqları
qalmışdı, düşmən onu hərbi məqsədlər
üçün, artilleriya atəşinin tənzimlənməsi
niyyəti ilə saxlamışdı. Düşmənin bu
davranışın bir neçə səbəbi var idi.
Prezident İlham Əliyev Ağdama səfər zamanı da
bildirmişdi ki, bunun ilk səbəbi bizə olan nifrət idi.
"İkincisi, Azərbaycan xalqının mədəni irsini
bu torpaqlardan silmək məqsədi və əlbəttə
ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki,
Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin".
K.Nurullayevanın sözlərinə görə,
Ağdam həmçinin ən çox mina ilə çirkləndirilmiş
bölgədir: "Bununla belə, son 5 ildə Ağdamda
genişmiqyaslı abadlıq-quruculuq işləri
aparılır. 2021-ci il müstəqillik günündə -
mayın 28-də Ağdam şəhərinin bərpasına
başlandı. Bu tarix də təsadüfən seçilməmişdi.
Beləliklə, azad edilmiş torpaqlarda birinci Baş Plan
Ağdamda təsdiqləndi. Əsas plan 33 kəndin ətrafında
quruldu. Kəngərli, Baş Qərvənd, Sarıcalı
kimi onlarla kəndin təməli qoyuldu. Bu gün Ağdamda
irimiqyaslı sənaye parkları inşa edilib, tarixi-mədəni
abidələr bərpa edilməkdədir. Vaxtilə ərazisi
700-800 hektar olan Ağdam şəhəri indi iki dəfə
böyüdülüb".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.13.