Uşaqlığımızın
İsmayılı
Ürəkləri dağlayan, son illiklərin ən təsirli
filmlərindən olan "Fəryad" filminə
baxmısınızmı?! Çətin ki, bu filmə dönə-dönə
baxmayanlar olmasın. Həmin filmdə baş obrazı
canlandıran aktyor uşaqlıq illərimizin ən sevimli
kinolarından olan "Ögey ana" filmində
İsmayıl rolunu canlandıran, rolları ilə geniş
tamaşaçı məhəbbəti qazanmış Xalq
artisti Ceyhun Mirzəyevdir.
İncəsənətin bir sahəsi kimi kino insanlara
daha yaxındır. Tanıdığım elə insanlar var
ki, az qala baxmadıqları, hətta sözlərini əzbər
bilmədikləri filmlər yoxdur.
Hər bir kino aktyoru da filmlərdə
canlandırdığı obrazlarla yaşayır, tamaşaçıların
ömürlük yaddaşına köçür.
Ceyhun Mirzəyev kino sahəsinə 11 yaşında gəlib.
Rejissor tapıntısı olan 11 yaşlı Ceyhun ilk rolunun
öhdəsindən uğurla gəldi. İlk debütündə
nə Ceyhunun, nə də filmdə ona rol təklif edənlərin
ağılına belə gələrdi ki, bu obrazla Ceyhun Mirzəyevin
gələcək sənət taleyi həll olunacaq.
Cəmi bir il sonra Ceyhun Mirzəyev həmin illərdə
populyarlıq qazanmış "Ögey ana" filmində rol
aldı. Yaşıdlarından fərqli olaraq, Ceyhun Nəsibə
Zeynalova, Nəcibə Məlikova və bir çox artıq
tanınmış aktyorlarla bir meydanda filmə çəkilirdi.
Bu filmdə canlandırdığı İsmayıl obrazı
ona əsl şöhrət gətirdi. Tamaşaçılar
İsmayılı - Ceyhunu sevdilər, onu
alqışladılar. 12 yaşlı Ceyhun Mirzəyev ilk
tamaşaçı məhəbbətini belə
qazanmışdı.
Kino, hələ 11 yaşında sənət aləminə
qədəm qoyan Ceyhun Mirzəyevin həyatının
mühüm bir parçasına çevrilmişdi.
Hərdən düşünürəm ki,
"Görüş" filmini çəkən rejissor Ceyhun
Mirzəyevi kəşf etməsəydi, yəqin ki, kinomuz
çox şey itirəcəkdi. Nə yaxşı ki, yerinə
düşən, insanın gələcək həyat yolunu həll
edən xoş təsadüflər var.
Ceyhun da çox erkən yaşında
canlandırdığı bu iki obrazla sonralar Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
İnstitutunda aktyorluq sənətinə yiyələnsə də,
bir daha dərk etdi ki, o, başqa bir sahədə
çalışa bilməz. Kino artıq onun həyatının
ayrılmaz bir hissəsi idi.
Həm kinorejissor, həm rejissor assisenti kimi
çalışan Ceyhun Mirzəyev artıq sənətdə
sözünü demiş aktyor kimi filmlərə də
çəkilirdi. O, "Bakıda küləklər əsir",
"Cazibə qüvvəsi", "Dəli Kür",
"Yenilməz batalyon",
"İşarəni dənizdən gözləyin",
"Ən vacib müsahibə" filmlərində
yaratdığı obrazlarla adını əbədi olaraq kino
tariximizə yazdı.
Məşhur "Fəryad" filmində
yaratdığı obraz isə Ceyhun Mirzəyev sənətinin,
mən deyərdim ki, zirvəsi oldu. Bu filmə baxmayan, filmdəki
ağrı-acıları yaşamayan yəqin ki, az adam olar.
Qarabağ müharibəsi illərindən bəhs edən
bu filmə sakitcə baxmaq olmur. Xüsusilə yaralanaraq əsir
düşmüş Azərbaycan əsgərinin - Ceyhunun
canlandırdığı obrazın iztirabları, ona verilən
əzablar tamaşaçıların qəlbini
parçalayır.
Bu filmdə böyük rejissor əməyi var, aktyor
heyəti uğurlu seçilib, xüsusilə erməni
vandallarının insanlığa sığmayan vəhşiliyi
bütün çılpaqlığı ilə ortaya qoyulub.
Tamaşaçılar Ceyhunun ifasında edilən zülmlərə
mərdliklə sinə gərən Azərbaycan əsgərinin
obrazını görürlər.
"Fəryad", peşəkar aktyor kimi Ceyhun Mirzəyevin
rol aldığı son film idi. Bu filmdə yüksək
peşəkarlıqla yaratdığı obraza görə
"Humay" mükafatına layiq
görülmüşdür.
Qəfil ürək tutmasından vəfat edən
aktyor cəmi 47 il ömür sürdü. Bu ömrün sənətə
həsr etdiyi 35 ilində yaratdığı obrazlarla o, bu
gün də bizimlədir.
Fuad BİLƏSUVARLI
525-ci qəzet .- 2025.- 10 aprel(¹59).- S.10.