Şərurdan Dərələyəzə
RUHUMUZU OXŞAYAN YALLILAR
Şərur deyəndə ilk ağlımıza gələn
yallı olur. Bu qədim torpağın əsrlərlə
yaşatdığı və simvolu halına gəlmiş
yallı. Dahi bəstəkar Üzeyir Hacıbəyli Şəruru
"Azərbaycan folklor mədəniyyətinin beşiyi"
adlandırırdı. Xalq artisti Əminə Dilbazi isə
xatirələrində yazırdı: "Yallı mənbəyimiz
Naxçıvanda - Şərur torpağındadır".
Şərurun barlı bağlarında, bərəkətli
torpaqlarında da sanki yallının səsi duyulur. İnsanlar
əl-ələ verib, zəhmət çəkib, torpaqdan min
bərəkət hasil edirlər. Zəhmətin, birliyin,
qarşılıqlı yardımlaşmanın, torpağa
bağlılığın rəmzi əlamətləri folklora
da yansıyıb. Beləcə, yallı bu torpaqda ayaq tutub, bərkiyib,
məktəb yaranıb: yallı məktəbi.
Şərur Mədəniyyət Sarayının
önündən bir səs ucalır. Bu səsə yoldan
ötənlər ayaq saxlayıb tamaşa edir.
Yaşlılardan ibarət "Nurani" Yallı
Ansamblının nuraniləri ağır-ağır yallı
gedir - "İrəvani" yallısı. Hər elementində
bir məna, bir estetik zövq, bir millilik, tarixilik və birlik
var. Şərur Xalq Yallı Ansamblı həm də Qərbi
Azərbaycan yallılarını yaşadır. Biz bu
yallını 2023-cü ildə Naxçıvanda keçirilən
"Qərbi Azərbaycana qayıdış"
konqres-festivalında da izlədik. Ruhumuzu ovsunlayan "İrəvani"
yallısını "Nurani"nin ifasında izləmək
ayrı zövq verirdi insana.
Milli irs məhz belə qorunur. Böyükdən-kiçiyə.
Səhnəyə gənclərdən ibarət Şərur
Xalq Yallı Ansamblı çıxır. Dərələyəzin
"Ələyəz" yallısı ilə. Yenə səs
ərşə qalxıb, insanın ruhuna birlik, mübarizlik,
qayıdışa inam hissini qatır. Bir zamanlar Şərur-Dərələyəz
qəzası İrəvan quberniyasının tərkibində
olub. Qədim Azərbaycan torpaqlarında adət-ənənələr,
folklor nümunələri də təbii olaraq yanaşı
inkişaf edib, qorunub. Dərələyəz torpaqları,
İrəvan mahalı tarixi gedişatda ermənilərin fitnəsi
ilə qəsb olunsa da, öz tarixi torpaqlarından deportasiya
olunanlar milli irsi abidə kimi qoruyub yaşadıblar. Azərbaycanın
müxtəlif bölgələrində və daha çox
qonşu Naxçıvanda məskunlaşan Qərbi azərbaycanlılar
el şənliklərində, müxtəlif mərasimlərdə
adətlərini yaşatmaqla yeni nəslə
ötürüblər. Və budur, biz bu gün
yallının beşiyi Şərurda Qərbi Azərbaycana məxsus
el yallılarını böyük şövq və sevgi ilə
izləyirik. Şərur Xalq Yallı Ansamblının bədii
rəhbəri, Azərbaycan Respublikasının Əməkdar
artisti Əfsər Novruzov deyir ki, ötən il Batabatda
keçirilən "Qərbi Azərbaycana
qayıdış" festival-konqresində kollektivin ifası rəğbətlə
qarşılandı. Gələn qonaqlar da yallı gedənlərin
sıralarına qoşuldu. Bu festival həm də
sarsılmayan birliyimizin göstəricisi idi. Hamı bir oldu,
birlik oldu. Bu şənliyin, əzəli yurd yerlərimizə
çağırışın sədaları, əlbəttə
ki, dağların o biri üzündə də əks-səda
verdi...
Repertuarımızda olan "Ağbaba", "İrəvani",
"Ələyəz", "Qənimo", "Hoynəri"
yallılarıdır. Təbii ki, yeniləri də əlavə
olunacaq. Məqsədimiz Qərbi Azərbaycan
yallılarını yaşatmaq və təbliğ etməkdir.
Qərbi Azərbaycan yallılarını sənətşünaslıq
üzrə fəlsəfə doktoru Rauf Bəhmənli nota
köçürüb və bizə də təqdim edib. Həmin
notlar əsasında kollektiv çalışıb. Mənim
özümün də ata-babalarımızdan yaddaşımda
qalanlar var idi. Beləcə, birgə əməyin nəticəsi
olaraq biz bu yallıları meydana çıxardıq və
festivallarda da yüksək qarşılandı. Qarşıda
duran əsas məqsədlərdən biri erməni
plagiatına məruz qalmış yallıları da repertuara
daxil etməkdir.
Bu qayıdış bir başqa olacaq. Silahla, topla, atəş
səsləri ilə deyil, gül-çiçəklə,
musiqi sədaları və yallı ilə... Bu gün Şərurda
səsi ərşə bülənd olan yallı havaları
İrəvanda, Dərələyəzdə, Göyçədə
eşidiləcək. Yallının sıralarında birləşən
əllər kimi birlik olduqca, qayıdışımız da
bir o qədər tezləşəcək...
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin məsul
katibi
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.9.