Yaxın tarixə
aydın ədəbi baxış
ŞÖVKƏT ZƏRİN HOROVLUNUN "AXIRINCI
GEDİŞ" ROMANI HAQQINDA QEYDLƏR
Tanınmış şair və yazıçı
Şövkət Zərin Horovlunu ilk dəfə Cəbrayıl
rayonunun Soltanlı kəndində görmüşdüm. Mən,
deyəsən, 10-cu sinifdə oxuyurdum, o isə cavan, gözəl
bir xanım idi. Hüseyn müəllim özünə
ömür-gün yoldaşı Şövkəti,
eşitdiyimə görə, onlar bir yerdə oxuyanda
tapmışdı. Horovlu kəndi Soltanlıdan 40 km. aralı
idi. Onların camaatı ilə bizim camaat fərqlənirdi.
Dedilər, Hüseyn müəllimin külfəti Bakıdan gəlib.
Bir xanım Araz çayının bir qolu olan Bəydilli
arxının üstə durub düşüncəli-düşüncəli
İrana tərəf baxırdı. Əlində dəftər-qələm
də var idi. Nəsə yazırdı. Sonra öyrəndim ki,
"Arazdan gələn səs" romanını
yazırmış. Ayağı yalın idim.
Yanından keçdim, ürkək bir nəzərlə,
uşaq ədası ilə salam verdim. "Kimin
uşağısan" - dedi. "Qonşunun" - dedim.
"Torpağın üstündə elə ayaqyalın gəzmək
yaxşıdır", - dedi.
Şövkət xanım həm şeir yazır, həm
də nəsr əsərləri. Hər ikisində çox
böyük uğur qazana bilib.
Aradan illər keçib. İndi biz Bakıda
yaradıcılıq məkanlarında, tədbirlərdə
görüşürük. Bir el adamı kimi hal-əhval tuturuq.
Yazdıqlarımızdan bir-birimizin xəbəri var.
Professor Hüseyn müəllim mənim çox istədiyim
şəxsiyyətlərdən idi. Bakıya gələndə
AZİ-də bir neçə dəfə mühazirəsini
dinləmişdim. İndi tələbələrə
mühazirə oxuyanda bir onun, bir də müəllimim -
ustadım Qəzənfər Kazımovun yerişini, yerimək
isəyirəm ki, tələbələrin xoşuna gəlim.
Şövkət xanım şeiri birinci yazıb, ya nəsri,
deyə bilmərəm, nəsri ilə də keçmişin,
bu günün, hətta gələcəyin həqiqətlərini
bəyan edir. Bir oxucu kimi bu həqiqətlərə inanmaq və
dərk etmək olur. Təzəcə oxumağa
başladığım "Axırıncı gediş" romanı
("Apostrof-A", Bakı-2023, 380 səh.) təsvir edilən
zamanın, insanların (Əbdülqədir, Osman, Səriyyə,
Şiringül, Xumnara və b.) həyat həqiqətlərini
yüksək bədii formada verə bilirsə, onu qəbul etmək
ədalətli bir gedişdir. Bu əsər də kamil bədii-estetik
və tarixi bir örnəkdir. Ədəbi fikrimizdə bu
örnəyində mühüm yer tutacagına inanmaq olar.
Bütün əsərlərində olduğu kimi, məhz bu
gözəl romanında da müəllifin öz bədii qayəsi
görünür, sözü görünür, fikri
görünür. Üslub özünəməxsusluğunu
çox faktlar əsasında izah edə bilərik.
Yazıçı gördüyü, hiss etdiyi tarixi hadisələri
(1905-11-ci illərdə Səttarxan məşrutə
inqilabının süqutundan sonra mərkəzi Rəşt
şəhəri olan Gilan "Cəngəllilər"
(meşə adamları) hərəkatı, Əfqanıstanda,
Kabildə baş verən hadisələr və s.) dəqiq və
həssas, yerli-yataqlı müşahidə edir və bunu nəsrində
bədiiləşdirir: Onlar maşına oturanda tutqun payız
günəşi gah görünür, gah da dörd yandan
Kabilin üstünə əyilən dağların
arxasında yox olurdu. Əsrlərlə həsrətin çəkdikləri
bu Azadlıq günəşi Əfqanıstanın dumanlı
göylərində bir də görünəcəkmi! Kim
bilir...
Şövkət Zərin bu romanda da mövzu
tapıntısına, ideya və düşüncəsinə,
dil və üslubuna görə zəmanəsinin fədəkar
qızıdır.
Hər bir təfərrüat, demək olar ki,
"Axırıncı gediş" romanının
başlıca ideyasını aça bilir, mövzunun müəyyən
bir cəhətinin aydınlaşmasına yardım edir.
Yazıçının yaratdığı obrazlar tufanlardan
keçir, həyat yollarında bərkiyir, möhkəmlənir.
Onlar sonda dəyişir. Hərəkət və
düşüncələri başqalaşır. Təkcə
öz taleləri üçün fikirləşmirlər,
bütün xalqı düşünürlər. Əsərdəki
obrazlar, əlbəttə, qorxulu yollar keçərək
şübhəli adamlar tərəfindən izlənilir. Surətlər
həsrətli baxışları ilə yadda qalır.
Qadınlar illərdən bəri öz səadət və
xoşbəxtliklərini axtarırlar. Onların ürək
odlayan həyat tarixçələri var. Əsas məsələlərdən
biri də qız-gəlinlərimizin cəhalətin əlindən
yaxa qurtarmasıdır. Bəzən dini qaydalar onların əl-qolunu
bağlayır. Onlar sözünü, istək və arzusunu,
sevgisini dilə gətirməkdən qorxurlar. Dar ayaqda, çətin
günlərdə Şövkət xanımın obraz və
personajları bir-birinə kömək əli uzadırlar.
Yazıçının toxunduğu məsələlərin
bu gün də əhəmiyyəti böyükdür.
Əfqanıstan və başqa torpaqlarda insanların
dözülməz və faciəli həyatı romanda
ağrılı bir dillə təsvir olunur.
"Axırıncı gediş"də 70-ci illərin sonundan
müəllifin Əfqanıstan torpaqlarında müşahidə
etdiyi hadisələr, əhvalatlar təsvir olunur. Onlar
azadlıq günəşinin doğmasını səbirsizliklə
gözləyirlər. Kabil şəhərində insanların
əli işdən soyuyur, onlar ağ günə
çıxmaq ümidi ilə küçələrə
çıxırlar. Mitinqlər səngimək bilmirdi. Camaatda
baş qaldıran narazılıq kinə, nifrətə
çevrilir. Qadın qəhrəmanın
aldadılmasını, düşdüyü ağır vəziyyəti
həyəcansız oxumaq olmur.
Bir qədər də romanın dili barədə. Dil
şair və yazıçının yaradıcılıq
qabiliyyətinin ilk addımıdır, o, bədii əsərin
taleyini həll edir. Həmin qabiliyyət Tanrının insana bəxş
etdiyi ilahi bir bacarıqdır. Cəmiyyət bütün incələmələrini,
bütün kəşf və ixtiralarını, bütün
yaradıcılıq gücünü, əlbəttə, dil
sayəsində qoruyur və gələcəyə
ötürür. Dil olmasaydı, mədəniyyət də
olmazdı. Dil olmasaydı, irəliləmə, inkişaf,
öyrənmə marağı və təşəbbüsü
də ola bilməzdi.
Şübhəsiz, insan həyatındakı kimi, bədii
əsərlərin özündə də dilin əhəmiyyəti
böyükdür. Dil vasitəsilə yazıçı həyat
hadisələrini, onun içərisində olan həqiqətləri,
yalanları və başqa cəhətləri əks etdirir. Yəni
ədəbiyyatın, ədəbi-bədii əsərlərin,
o cümlədən, "Axırıncı gediş"in mənim
tərəfimdən də təhlili sağlam bir dil
şüuru və dil zənginliyi ilə mümkün olub.
Hələ əvvəllər də hiss etmişəm
ki, həm şeirlərində, həm də nəsrində
Şövkət Zərin ana dilini yaxşı duyur, dilimizin
qrammatik-üslubi qayda-qanunlarından baş
çıxarır, dili sevir, ona məhəbbət bəsləyir,
duyğuları ilə onu yaradır, şivə
materiallarından çox da istifadə etmir,
yazdığının içində dil möcüzələri
- məcazlar da yaradır. Bu baxımdan onun fikir və hissləri
təbiidir, aydındır, hadisə və obrazların
dolğun və ətraflı təsviri xoşagələndir.
Qeyd etdiyimiz təhkiyə əsərin sonrakı gedişində
obraz nitqi ilə çulğalaşır, bürünür,
qapanır və beləliklə, sintez formalaşır.
Şövkət xanımı bu əsərin dilinə görə
tənqid etmək olmaz. Ona görə ki, burada bədii dilin
bütün estetik-qrammatik, norma prinsipləri gözlənilib.
Təhkiyə ustalığına baxaq: "Yayın qızmar
günü idi. Kollarda cırcıramaların səsi həzin
bir musiqini xatırladır, bağın lap ortasından axan
suyun səsinə qarışıb insanın əsəblərini
sakitləşdirirdi. Orda-burda meyvə alıb bazarda baha
satanların səsi eşidilirdi. Tək-tək həyətlərdən
yanan ocağın, ya təndirin tüstüsü burula-burula
isti havaya qarışıb havanı bir az da
cansıxıcı boğunuq edirdi. Həyətin tən
ortasındakı qollu-budaqlı iydə ağacının
altında azca sərinlik hiss olunurdu ki, babasının
gündüzlər oturduğu, gecələr
yatdığı taxtı orda qoyulmuşdu..."
Bu mikromətndə onun üslubu mədənidir və
yazıçı Azərbaycan dilinin təbii imkanlarından
ustalıqla istifadə edə bilib. Müəllif bəzən
özü susur, obrazları danışdırır: "Sən
bu kafirlərin xislətini bilmirsən, bala. Atam deyərdi ki,
onlara inanmaq, ya ürək açmaq olmaz. Onlar dovşanı
araba ilə tutanlardı.
- O nə deməkdir, baba, - Mahmud dilləndi.
- Bu o deməkdir ki, səni tovlayıb elə söz
alarlar ki, heç özün də bilmədən tora
düşərsən, güdaza gedərsən".
Göründüyü kimi, obraz və personajların
danışığı fərdi keyfiyyətlərə
malikdir, bu, etik-estetik cəhətdən də yüksək təsir
bağışlayır.
Şövkət xanımın üslubu
dünyabaxışı ilə, təsvir etdiyi tarixi mərhələnin
sosial gerçəklikləri ilə birləşir,
özünəməxsusluq yaradır. Həmin özünəməxsusluq
onun ədalət, azadlıq və həqiqət
axtarışlarında, müxtəlif cəmiyyətlərin
(Azərbaycan, İran, Əfqanıstan) problemlərinin bədiiləşdirməsində,
sevgi, mənəviyyat və əxlaq məsələlərinə
aydınlıq gətirməsində hiss olunur. Bunlar tam şəkildə
xalqların milli-müstəqillik uğrunda mübarizəsi və
bu şüurun formalaşması və inkişafında əsas
rol oynayan mövzulardır. Şübhəsiz, belə aktual
mövzular hərtərəfli səviyyədə təqdim
olunur, üslubu da cəlbedici və vüsətlidir.
Şövkət xanımın sözügedən
romanda gerçəkləşən ideyası, dili və
üslubu onun, əlbəttə, vətəndaş
mövqeyini, cəmiyyətə, ətraf aləmə,
xalqın mentalitetinə, ümumxalq dilinə, ədəbi dilə
münasibətini, əsaslandığı estetik prinsipləri
müəyyənləşdirməyə imkan verir və
bütün bunlar toplu halda onun fərdi bədii dəsti-xəttini
xarakterizə edir.
Bədii həmcinslər bu romanın dilində sinonim
vasitə kimi çıxış edir. Başqa
yazıçılarda bu xüsusiyyəti çox da görmək
olmur. Cümlə ortasında eynimənalı söz və
ifadələrin işlənməsi Şövkət
xanımım sintaktik üslubunu səciyyələndirə
bilər. Mənə elə gəlir ki, bu həmcins üzvləri
sıralamaq çox çətindir: "Bu dilsiz
baxışlar, lal sükutlar nələr demirdi, İlahi! Səriyyənin
gözləri qaraldı, başı gizəlləndi.
Üzünə kölgə salan uzun kirpiklərinə, geniş
alnında qıvrılan tellərinə, solğun
yanaqlarına bir daha nəzər saldı".
Mənə elə gəlir ki, bu üslubi norma
üslubiyyatımızda, sənətkar tapıntısı
kimi daha geniş tədqiq edilməlidir.
Bənzətmələr də romanın dilini bəzəyir:
"Şiringülün çətir kimi qara, uzun kirpikləri...";
"Dünya gözünə gah bal kimi, doğma, gah da uzaq
görünürdü".
"Axırıncı gediş"də
yazıçı sözünün qüdrəti, sözə,
fikrə estetik münasibəti aşkarca görünür.
Yazıçının təsvir etdiyi dövrün
sosial-siyasi məsələlərinə münasibəti,
mövqeyi bilinir. Bu romanda xalqların milli ruhunu,
mübarizliyini və döyüşkənliyini görmək
olar. Əsərin iştirakçıları milli-mənəvi
ruhda inkişaf edirlər. Yazıçı əsərin
yönünü tarixə tutur. Tarixi keçmiş bədii ədəbiyyatda
kifayər qədər işıqlansa da, hələ də bu
aspektdə deyiləsi sözlər çoxdur.
Bu romanı oxuyanda görkəmli
yazıçımız Fərman Kərimzadənin
"Axırıncı aşırım" romanını
xatırladım. Axırıncı sözünün bir
anlamı da ən yeni, yenicə meydana çıxan deməkdir.
Güman etmək olar ki, burada müəllif axırıncı
sözünü demir. Hələ deyiləcək söz,
yazılacaq tarix çoxdur. Uğurlu gedişlər bir
işin, hadisənin inkişafını səciyyələndirir.
Bu əsərdə hadisələrin, inqilabi hərəkatın,
mübarizənin və qəhrəmanların həyatının
gedişi var. Şövkət xanım yaradıcılıqda
düzgün yol tutub, bu yolla gələcəyə, ədəbiyyatın
və ictimai həyatın sabahına nüfuz edə bilir.
Mən bu roman haqqında obyektiv və subyektiv
düşüncələrimi yığcam şəkildə
bildirməyə çalışdım. Yəqin ki, bir vaxtlar
zaman da bu mükəmməl yaradıcı düşüncənin
məhsulu olan əsər haqqında öz sözünü
deyəcək. Müəllifə cansağlığı, yeni
aktual, dəyərli gözəl əsərlər
yazmasını arzulayıram.
14 fevral 2025-ci il
İsmayıl KAZIMOV,
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun şöbə müdiri, professor
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.8.