ABŞ-İran
danışıqlara başlayır: hansı gözləntilər
var?
ABŞ ilə İran arasında gərginlik xeyli
müddətdir ki, davam edir. Hətta ekspertlər bu gərginliyin
müharibəyə çevrilmə ehtimalını da istisna
etmirlər. Prezident Donald Trampın onun dönəmində
müharibələrin olmayacağı barədə bəyanatları
İranla müharibə ehtimalını azaltsa da, tam aradan
qaldırmayıb. Çünki Ağ Ev rəhbəri hədələrini
davam etdirir və martın sonunda bəyan edib ki, Vaşinqton və
Tehran İranın nüvə proqramı ilə bağlı
razılığa gəlməsələr, ABŞ İrana zərbə
endirəcək.
Bir neçə gün əvvəl bəlli oldu ki,
aprelin 12-də Omanda ABŞ və İran nümayəndə
heyətləri bir araya gələcək.
Prezident Donald Tramp ABŞ və İranın
Tehranın nüvə proqramı ilə bağlı
birbaşa danışıqlara başlamağa hazır
olduqlarını açıqlasa da, İranın xarici işlər
naziri Abbas Əraqçi nümayəndə heyətlərinin
Omanın vasitəçiliyi ilə görüşəcəklərini
bildirib. İran diplomatiyasının rəhbəri deyib ki,
Tehran ABŞ-nin təzyiqindən qaçmaq üçün
danışıqları vasitəçilərlə aparmaq
variantını seçib və Omandakı görüşdən
sonra formatı dəyişdirməyi planlaşdırmır.
Qeyd edək ki, görüşdə Omanın xarici
işlər naziri Bədr əl-Busaid vasitəçi qismində
çıxış edəcək.
Danışıqlarda Ağ Evin nümayəndə heyətinə
prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi
Stiv Uittarker, İran təmsilçilərinə isə xarici
işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.
İran son həftələr ərzində Trampın
nüvə proqramı ilə bağlı birbaşa
danışıqlar tələbinə müqavimət göstərib.
Tramp "NBC News" telekanalına müsahibəsində
deyib: "Əgər razılıq əldə olunmasa,
bombardman olacaq. Bu, onların heç vaxt görmədiyi bir
bombalama kampaniyası olacaq".
ABŞ və İran Co Baydenin prezidentliyi
dövründə dolayı danışıqlar aparıblar,
lakin bu danışıqlarda irəliləyiş əldə
olunmayıb. İki ölkə arasında məlum olan sonuncu
birbaşa danışıqlar ABŞ prezidenti Barak Obamanın
dövründə baş tutub. Obama Trampın sonradan imtina
etdiyi 2015-ci il beynəlxalq nüvə sazişinə vasitəçilik
edib.
Xatırladaq ki, 2015-ci il iyulun 14-də altı beynəlxalq
vasitəçi və İran nüvə sazişi üzrə
razılığa gəlib və birgə hərtərəfli
fəaliyyət planı qəbul olunub. Plana əsasən, BMT Təhlükəsizlik
Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən
daha əvvəl İrana tətbiq edilən iqtisadi və maliyyə
sanksiyaları aradan qaldırılıb. Bu
razılaşmanın yerinə yetirilməsi o zaman ABŞ
prezidenti olan Donald Trampın 2018-ci ildə birtərəfli
çıxmasından sonra mümkün olmamışdı.
2017-ci ildən 2021-ci ilə qədər prezident kimi
ilk müddətində Tramp ABŞ-ı sanksiyaların
yüngülləşdirilməsi müqabilində İran və
dünya gücləri arasında 2015-ci ildə
imzalanmış və İranın nüvə
proqramını məhdudlaşdırmaq məqsədi
daşıyan sazişdən çıxmışdı.
Tramp, həmçinin ABŞ-nin hərtərəfli sanksiyalarını
bərpa edib.
Hazırda Trampın İrana qarşı mümkün
hərbi əməliyyatlarla bağlı hədələri
İsrailin HƏMAS və Livan Hizbullahına qarşı
müharibələri, koalisiyanın Yəmənə raket zərbələri
endirməsi və Suriyada rəhbərlik dəyişikliyindən
sonra bölgədə onsuz da gərgin vəziyyəti
alovlandırıb. Bölgədəki hərbi
varlığını artıran Tramp silahlı münaqişəyə
girməkdənsə, İranın nüvə proqramı ilə
bağlı razılığa gəlməyə
üstünlük verəcəyini bildirib.
Martın 7-də o, İranın ali dini lideri Ayətullah
Əli Xameneiyə görüş təklifi ilə mesaj
göndərdiyini açıqlayıb. Martın 30-da İran
prezidenti Məsud Pezeşkian Tehranın ABŞ-la birbaşa
danışıqlar təklifini rədd etdiyini bildirib. Bu,
Trampın müraciətinə ilk rəsmi reaksiya olub. O, iki tərəf
arasında birbaşa danışıqların
mümkünlüyü rədd etsə də, vasitəçilik
yolu ilə danışıqlara açıq olduğunu və
heç vaxt danışıqlardan
yayınmadığını vurğulayıb. İran
prezidenti əlavə edib ki, yerinə yetirilməmiş vədlər
İran və ABŞ arasında etimadın bərpası ilə
bağlı problemlərə gətirib çıxarıb,
danışıqların taleyini Vaşinqtonun
davranışı müəyyənləşdirir.
İsrailin Baş naziri Netanyahu ilə
görüşdə İranla danışıqların
gözlənildiyini açıqlayan Tramp yenidən Tehranı
təhdid edib. Tramp bazar ertəsi Oval kabinetdə deyib:
"İranın nüvə silahı ola bilməz və danışıqlar
uğursuz olarsa, mən əslində İran üçün
çox pis gün olacağını düşünürəm".
Həm ABŞ, həm də İranla yaxşı
münasibətlər saxlayan Oman uzun müddətdir ki, Tehran və
Vaşinqton arasında kommunikasiya kanalı olub. İran
hökumətinə bağlı "Nournews" qəzeti Trampın
birbaşa görüş barədə
açıqlamasını "daxili və beynəlxalq ictimai
rəyə təsir etmək məqsədi daşıyan
psixoloji əməliyyatın" bir hissəsi kimi qiymətləndirib.
Netanyahu Vaşinqtonda deyib ki, diplomatiya Liviyada olduğu
kimi, Tehranın nüvə silahı əldə etməsinə
tam mane ola bilsə, bu, yaxşı olardı.
Qərb ölkələri İranı uranı
yüksək səviyyədə zənginləşdirməklə
nüvə silahı hazırlamaq üçün gizli
planlarda ittiham edir. Tehran nüvə proqramının tamamilə
dinc məqsədlər üçün olduğunu deyir.
"Reuters" agentliyi İran hökumətindəki
mənbələrə istinadən xəbər verir ki, Tehran
iki ay ərzində tezliklə yeni nüvə sazişinin
imzalanmasına ümid edir, çünki İran hakimiyyəti
danışıqların çox uzanacağı təqdirdə
İsrailin hava hücumlarından ehtiyat edir.
Müasir İranın Öyrənilməsi Mərkəzinin
direktoru, politoloq Rəcəb Səfərov hesab edir ki, uzun
müddətdir iki ölkə arasında dialoqun olmaması səbəbindən
tərəflər hələ ki, birbaşa
danışıqlara başlamağa hazır deyil.
Onun sözlərinə görə, həm
Vaşinqton, həm də Tehran etimadın qurulması
üçün şərait yaratmalıdırlar, amma ilkin mərhələdə
vasitəçilər olmadan buna nail olmaq çətindir:
"ABŞ və İran nümayəndələrinin
yaxın gələcəkdə hər hansı
razılığa gələ biləcəkləri ehtimalı
azdır. Ölkələr arasında münasibətlərin
düşmənçilikdən normal vəziyyətə
keçməsi üçün çox vaxt tələb
olunur. Hər halda, danışıqlara hazır olmaq artıq
müsbət nəticədir".
Martın əvvəlində Trampın İran tərəfinə
məktub göndərməsindən sonra ABŞ-İran
münasibətləri ciddi şəkildə pisləşib.
Vaşinqton Tehrana nüvə sazişi bağlamaq
üçün iki ay vaxt verib və əks halda hərbi əməliyyatların
başlanacağı ilə hədələyib. Xarici media
yazır ki, Tehran Türkiyə, İraq, Küveyt, BƏƏ,
Qətər və Bəhreyn səlahiyyətlilərinə
ABŞ-nin İrana potensial hücumuna hər hansı dəstəyin,
o cümlədən hava məkanını ABŞ Hərbi Hava
Qüvvələrinə açmağın İran tərəfindən
düşmənçilik hərəkəti kimi qiymətləndiriləcəyi
barədə xəbərdarlıq göndərib.
Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin
eksperti Yuri Lyamin isə hesab edir ki, İranın hərbi strategiyası
müdafiə xarakteri daşıyır - təhlükə
yaranarsa, o, operativ-taktiki raketlərinin əhatə dairəsi
Yaxın Şərqdəki Amerika hədəflərini vura bilər.
Onun sözlərinə görə, Tehranın bu silahların
istehsalı və müdafiəsini təmin etmək
üçün kifayət qədər imkanları var. Ekspert əlavə
edib ki, İran Fars körfəzini bütün Qərb gəmiləri
üçün bağlaya bilər. Nəhayət,
İranın da Nüvə Silahlarının Yayılmaması
Müqaviləsindən çıxmaq ehtimalı var.
Amerikalılar sentrifuqaların bəzilərini sıradan
çıxarsalar belə, qalanları nüvə bombası
istehsal etmək üçün kifayət edəcək.
MAQATE-nin son hesabatlarına görə, hazırda
İranda 60%-ə qədər zənginləşdirilmiş
274 kq uran var ki, bu da asanlıqla 90%-ə qədər zənginləşdirilə
bilər. Bu, bir neçə nüvə yükü yaratmaq
üçün kifayətdir.
Lyamin İran və ABŞ arasında ciddi hərbi
münaqişələrin başlayacağına şübhə
edir: "Bir tərəfdən amerikalıların Yaxın
Şərqdə ciddi münaqişə üçün kifayət
qədər gücü yoxdur, digər tərəfdən isə
ABŞ-la silahlı münaqişə İran və
bütün region üçün fəlakətli nəticələrə
gətirib çıxaracaq".
Pərvanə
525-ci qəzet .- 2025.- 10 aprel(№59).- S.6.