Tibb məntəqəmiz, sanitar
maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə
məruz qalmışdı
Ruben Vardanyanın məhkəməsi davam edir
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə
bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı
Ruben Vardanyanın barəsində cinayət işi üzrə
məhkəmə prosesi aprelin 8-də davam etdirilib.
525.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən
və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən
açıq məhkəmə iclasında (ehtiyat hakim
Günel Səmədova) təqsirləndirilən şəxs
bildiyi dildə, yəni, rus dilində tərcüməçi,
habelə müdafiəsi üçün özünün
seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi zərərçəkmiş
şəxslərin dindirilməsi ilə davam etdirilib.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş
şəxslərə qanunvericiliklə nəzərdə
tutulmuş hüquq və vəzifələrini izah edib.
Sonra təqsirləndirilən Ruben Vardanyan və onun
hüquqlarını müdafiə edən vəkili Avraam
Berman məhkəməyə müraciət edərək məhkəmənin
iclas protokolları ilə təkrarən tanış olmaq istədiklərini
bildiriblər.
İclasa sədrlik edən Zeynal Ağayev onlara
protokollarla tanış olmaq üçün yenidən şərait
yaradılacağını deyib.
İclasda Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi və iştirakı,
şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş
və təlimatları, maddi, texniki, şəxsi heyətlə
verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında,
eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə
yaradılmış, Ermənistan dövləti tərəfindən
aparılan təcavüzkar müharibənin gedişində
çoxsaylı cinayət faktları törətmiş cinayətkar
birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan
2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən
törədilən cinayətlər nəticəsində zərərçəkmiş
şəxslər dindirilib.
Zərərçəkən Vahid Əliyev təqsirləndirilən
şəxslə tanışlığının
olmadığını, R.Vardanyanı sosial şəbəkələr
və media vasitəsilə tanıdığını
bildirib. O, Ermənistan ordusunun hərbi təxribatı
zamanı açılmış atəş nəticəsində
yaralandığını, döyüş
yoldaşlarının bir neçəsinin isə şəhid
olduğunu və müxtəlif xəsarətlər
aldıqlarını deyib.
Zərərçəkmiş Anar Cəlalov ifadəsində
Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı
zamanı atılmış artilleriya mərmisinin partlaması
nəticəsində xəsarət aldığını
bildirib. O, hadisə zamanı hərbi hissənin qərargah rəisi
olduğunu söyləyib və əlavə edib: “Qarşı
tərəfdən top atəşləri
açılırdı. Həmin vaxt xidmət
yoldaşlarımdan xəsarət alanlar və şəhidlik
zirvəsinə ucalanlar oldu”.
Bundan başqa, zərərçəkmiş Xocavənd
istiqamətində atəşkəsin tez-tez pozulduğunu,
qarşı tərəfin bütün atıcı silahlardan
istifadə etdiyini bildirib.
İfadə verən zərərçəkmiş
Emin Şahbazov dövlət ittihamçısı Fuad Musayevin
suallarını cavablandıran zaman Ağdamda
yaralandığını bildirib.
Kəllə-beyin travması almış hərbçi
hospitala aparıldığını, orada danışa bilmədiyini,
istəklərini həkimlərə yazı vasitəsilə
çatdırdığını deyib.
O, yaralanması hadisəsini belə danışıb:
“Düşmənin iki postu var idi. Onlar hərbi təxribat
törətmək istəyərkən biz bunun
qarşısını aldıq. Sonra onların artilleriya
hücumu başlandı. Nəticədə yaralandım.
Müxtəlif hospitallarda müalicə olunmuşam. Müalicəm
indi də davam edir”.
Zərərçəkmiş Hilal Həsənov
dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını
cavablandıran zaman Ağdərə istiqamətində
düşmənin hərbi təxribatının
qarşısını alarkən yaralandığını
bildirib və deyib: “Düşmən hərbi təxribat
törədərək əvvəlcə artilleriya atəşi
açır, sonra canlı qüvvə ilə hücuma
keçməyə cəhd edirdi, lakin bu təxribatın
qarşısı alındı. Şəhidlərimiz,
yaralılarımız oldu”.
Zərərçəkmiş Zamiq Həsrətov ifadəsində
düşmən təxribatının qarşısını
alarkən minaatandan atılan atəş nəticəsində
yaralandığını deyib.
Zərərçəkmiş Elnur Həsənov
dövlət ittihamçısı Təranə Məmmədovanın
suallarını cavablandıran zaman Ermənistan tərəfinin
açdığı atəşlər nəticəsində
dəfələrlə yaralandığını bildirib. O, 3
güllə yarası aldığını, bədənində
olan qəlpələrdən 70-nin
çıxarıldığını, 30-dan artıq qəlpənin
hazırda bədənində olduğunu bildirib və deyib:
“Hazırda xidmətdəyəm, xidmətimi davam etdirirəm”.
Zərərçəkmiş Fariz Manafov da ifadəsində
təqsirləndirilən şəxsi sosial şəbəkələr
vasitəsilə tanıdığını,
yaralandığını bildirib. F.Manafov hadisə zamanı
qarşı tərəfin iriçaplı silahlarla və
artilleriya silahları ilə atəş
açdığını vurğulayıb və deyib: “Xocavənd
rayonunun Çartaz kəndi istiqamətində motoatıcı
taqım komandiri vəzifəsində xidmət etmişəm.
Düşmən tərəfinin təxribatları tez-tez
olurdu. İriçaplı silahlardan, artilleriyadan istifadə
edirdilər”.
O, hərbçi yoldaşlarından 14-nün
yaralandığını, 2 əsgərin və 1 nəfər
gizirin isə şəhid olduğunu deyib.
İfadə verən zərərçəkmiş
şəxs, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində
tibb xidməti rəisi olmuş Aqşin Balakişiyev deyib:
“Düşmən təxribatı nəticəsində arxa məntəqədə
düşmən artilleriyasından açılan atəş
nəticəsində yaralandım”.
O, çalışdığı səyyar tibb məntəqəsinin
döyüş şəraitindən 5-10 kilometr arxada
olduğunu, məntəqənin tibb məntəqəsi
olmasını göstərən işarənin
(qırmızı aypara şəkli) mövcudluğuna
baxmayaraq atəşə tutulduğunu söyləyib: “Orada
bütün həkimlərin və sanitarların qollarında
qırmızı bayraq olur. Bizim tibb məntəqəmizlə
yanaşı, həm sanitar maşınlarımız, həm
sanitarlarımız, həm də həkimlərimiz
düşmən təxribatı nəticəsində
artilleriya zərbələrinə məruz qalmışdı.
Yəni, beynəlxalq konvensiyanın tələbləri
pozulub”.
Zərərçəkmiş Habil Quliyev ifadəsində
yaralandığını bildirib. “Düşmən mütəmadi
olaraq atəş açırdı”, - deyə o əlavə
edib.
Zərərçəkmiş Fərhad Tağıyev
Ağdamda yaralı hərbi qulluqçuları təxliyə
etmək üçün sanitar avtomobillə gedərkən nəqliyyat
vasitəsinin vurulduğunu bildirib və deyib: “Avtomobilin
üç tərəfi qızıl aypara şəkli ilə
işarələnib. Yəni, açıq-aydın bilinir ki,
bu, yaralıları təxliyə edən maşındır.
Maşınımız raketlə vuruldu. Nəticədə mən
və maşında olan digər 4 hərbçi
yoldaşım xəsarət aldı”.
Onunla birlikdə həmin sanitar nəqliyyatında
olmuş digər zərərçəkmiş Fərid
Zeynalov F.Tağıyevin ifadəsini təsdiqləyib. O,
maşının idarəolunan raketlə vurulduğunu söyləyib.
Zərərçəkmiş Hicran Sultanov Ağdamda
düşmən təxribatının qarşısını
alarkən yaralandığını bildirib və deyib: “Qrup
komandiri vəzifəsində olmuşam. Döyüş
yoldaşlarımızı - yaralılarımızı və
şəhidlərimizi təxliyə edərkən tibb
maşınını vurmaq istəyirdilər. Tibb
maşınını vurmaları alınmadı.
Düzgün nişan ala bilməmişdilər, atıcı səhv
etmişdi. Hər halda tank əleyhinə olan “Faqot”u iki nəfərə
görə atmazdılar. Əsas mərmi bizdən 10-15 metr
aralı düşdü. Bəxtimiz gətirdi ki, olduğumuz
yer torpaq idi, boşluq idi. O qədər qəlpənin
hamısı üstümüzə gəlmədi”.
Zərərçəkmiş Ruslan Heydərov Xocavənddə
snayper tüfəngindən açılmış atəş
nəticəsində sağ çiynindən
yaralandığını bildirib.
Digər zərərçəkənlər - Nəbi
Babayev, Vüqar Məmmədov, Emil Nəbiyev, Mahir Zeynalov,
Sübhan Əlirzayev, Əfran Kamilov, Təbriz Əhmədov,
Cavidan Talıblı, Niyaməddin Əsgərov, Həsən
Qurbanov və başqaları ifadələrində
qarşı tərəfin müxtəlif silahlardan onların
mövqelərinə atəş açdığını
bildirib, özlərinin müxtəlif xəsarətlər
aldıqlarını deyiblər.
Məhkəmə prosesində zərərçəkmiş
şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi
ekspertizasının rəyləri də elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 15-nə
təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini
deportasiya etmə və məcburi köçürmə), 109
(təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd
azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1
(muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini
pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1,
29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən
adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz
sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1
(terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun
komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ
keçirmə və ya onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2,
279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və
318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
525-ci qəzet .- 2025.- 10 aprel(¹59).- S.5.