"Fəxr edirəm ki, sənətdə
tarla yoldaş oldum"
Müsahibimiz
görkəmli tarzən Xalq artisti Zamiq Əliyevdir
- Zamiq
müəllim, müsahibə üçün mənə
yarım saat vaxt verdiniz. Bu yaşınıza qədər
sizə yol yoldaşı olan tardan danışmaq
üçün yarım saat kifayət edərmi?
- Mən
televiziyaya da müsahibə verəndə lakonik
danışıram ki, tamaşaçı bezməsin. İndi sən ver sualını.
- Tarla əlaqələriniz necə
başladı? Onu anlamaq üçün
hansı mərhələlərdən keçdiniz?
- Mən
orta məktəbdə oxuyanda bədii özfəaliyyətə,
sənətə çox həvəs var idi. O vaxt Yuri Qaqarin adına Pionerlər Sarayına yaxın olurduq. Gəncləri ora dəvət edirdilər, bizim məktəbdən
də uşaqlar gedirdi. Mən də getdim və bu
minvalla məndə tara qarşı həvəs
yarandı. Bir də görürsən, kiməsə
sual verirlər ki, neçə ildir sənətdəsiniz?
Deyir ki, bağçada mənim səsimə vuruldular, hardasa
40 il olar. Sənət
bağçadan başlamır, böyük meydanlardan
başlayır. Bağçanı bura qatsan, edəcək
70 il. O düz deyil. Bu il,
qismət olsa, 75 yaşım olacaq. Bu 75 ilin 55
ilini sənətə həsr etmişəm və peşman da
deyiləm. Çünki tar mənə xalqımın
sevgisini qazandırdı. Tarla 50-dən çox
ölkəyə qastrol səfərində oldum və
böyük sənətkarlarla işlədim. İndi onların əksəriyyəti
dünyasını dəyişib. Sevinirəm
ki, o illərimi bu sənətə həsr elədim. Mədəniyyət və İncəsənət
Universitetində birinci kursda oxuyanda mənə Filarmoniyadan dəvət
gəldi. İstedadlı gəncləri
axtarırdılar, mənə dedilər ki, sən də get,
özünü sına. Getdim, yoxladılar,
dedilər, məşqlərimizə gəl. Mənim də həvəsim çox idi. Dərsdən çıxan kimi qaçırdım
evə, tarı götürürdüm, ac-susuz gedirdim
Filarmoniyaya. Belə oldu ki, 1970-ci ilin
yanvarından əmək kitabçam açıldı.
Hələ oxuyurdum ha! Üçüncü
kursda idim. Orda böyük sənətkarları,
tarzənləri, xanəndələri gördüm.
Hacı Məmmədov, Əliağa Quliyev, Bəhram Mənsurov,
Həbib Bayramov, Əhsən Dadaşov - saymaqla bitməz. Onda Filarmoniya ocaq idi. Mən də onların
arasında cavan bir uşaq... Həm konsertlərdə
bir yerdə ifa edirdik, həm rayonlara qastrol səfərlərə
gedirdik. Universiteti bitirib əsgər getdim.
Qayıdandan sonra təyinatım elə
Filarmaniyaya olduğundan orada davam elədim. Bir il olardı ki, orada işləyirdim, mənə
"Dan ulduzu" ansamblından dəvət gəldi. O vaxt həm
Qərb, həm Şərq alətlərindən ibarət bu
ansambl çox populyar idi. Daha sonra Zeynəb
Xanlarova ilə işləməyə başladım. Sənət aləminə belə baş vurmaq, bu
yolla getmək böyük fəxrdir. Ona
görə deyirəm, mən bu gün fəxr edirəm ki, sənətdə
tarla yoldaş oldum. O, mənə hər şey verdi. Mən tar sayəsində ailə qurdum,
dövlət mənə ev verdi, sonra məni
İncəsənət Universitetinə müəllim dəvət
elədilər. Uğurlarım çox oldu.
Amma bunlarla kifayətlənmədim. Bir cavan qızı - Simarə İmanovanı
götürüb hazırladım. O, Ulu öndərin
qarşısında çıxış elədi. 18 yaşında gəncin Prezidentin
qarşısında çıxışı, uğurlu
ifası üçün əlimdən gələni elədim,
ona zamin durdum. Bilirdim ki,
hazırladığım kadr başımı uca edəcək.
Biz çıxış etdik, Ulu öndərin
çox xoşuna gəldi. Azı 5-6
ölkəyə səfərə bizi özü ilə
apardı. Ən böyük uğurumuz Səmərqənddə
oldu. Birinci "Şərq təranələri"
festivalında 46 ölkədən nümayəndə gəlmişdi.
Ən yüksək mükafatı - "Qran-Pri"ni qazandıq. Bunların
hamısı böyük stimul idi.
- Necə oldu ki, gənc bir
qızı hazırlayıb Prezidentin qarşısına
çıxardınız? Bu cəsarəti
haradan tapdınız?
- Dövlət
tədbirlərinin birində Ulu öndər dedi ki, mən
çox istəyərdim, istedadlı gənclərə dəstək
verilsin. Bu söz məni tutdu və bunu
özümə vəzifə bildim. Beləcə
Ədalət Vəzirovla Simarə İmanovanı böyük
səhnəyə hazırladıq. Bununla
bizim yolumuzda yaşıl işıq yandı. Səmərqənd festivalından sonra neçə
ölkəyə dəvət aldıq. Daha
sonra Ağaxan Abdullayevlə birlikdə üçlük
yaratdıq. Yenə də Amerika, Kanada,
Fransa, Belçika, Almaniya, Niderland, İrana qastrol səfərlərimiz
oldu. Yenə deyirəm, bu sənətdə
ürəklə çalışırsansa, o, səni irəli
aparacaq. Bir dəfə Simarə İmanovaya dedim, gərək
sən elə bir şey oxuyasan ki, yadda qalasan. Beləliklə
"Yar, bu gecə" mahnısı yarandı. Sözləri bayatılardan ibarət, musiqisi isə
mənim idi. Bu mahnıyla efirə
çıxdıq. Oxuyan kimi xalq qəbul
elədi, bu musiqinin müəllifinin mən olduğumu bilmirdilər.
Hətta bəzi yerlərdə deyirdilər ki,
xalq mahnısıdır. O qədər populyar oldu ki, mənə
təsir elədi. Axı xalq mahnısı deyil,
bunun zəhmətini mən çəkmişəm. Sonra haqqımı tələb elədim. Mənə dedilər ki, bu mahnı sənindirsə,
ardı yoxdur? O an özümü böyük bir bəlaya
saldığımı düşündüm. İndi
məcburam, yeni mahnılar yazım, özümü sübut
edim ki, bu da var, ardı da var. Oturdum, düşündüm.
Bir xeyli ölçüb-biçdim və bunun
sirrini tapdım. Allah mənə yar oldu.
Yadımdadır, əvvəlcə Zəlimxan
Yaqubun sözlərinə üç-dörd mahnı bəstələdim.
Onlardan biri də "Allah səni pənahında
saxlasın!" idi. İlk dəfə bunu
Simarə oxudu. Novruz bayramı ərəfəsi
idi. Televiziyaya bizi dəvət elədilər.
Biz də bu mahnı ilə getdik efirə. Bayram günü olduğu üçün azı
yüz oxuyan var idi. Konsert axşam 9-da
başlamışdısa, səhər 5-də bitərdi. Zəlimxan Yaqub da o ərəfədə xəstə
idi, ayağını zədələmişdi. Özü deyirdi, ara-sıra açırdım
televizoru, baxırdım konsertə, sonra
söndürürdüm, yenə açırdım.
Birdən gördüm, bir qız oxuyur: "Allah səni pənahında
saxlasın! Allah səni pənahında
saxlasın!" və bitdi. Dedim, bu mənim
sözlərimdi axı. Hansı bəxtəvər
bunu yazıb oxuyur? Zəng elədim Azərbaycan
Televiziyasına. Dedim, indi bir qız
oxuyurdu. Bir öyrənin görün, həmin qız kimdir,
mahnını kim yazıb?"
Səhərisi gördüm zəng edir mənə. Danışdıq.
Çox sevinmişdi, dedi, səndən xahiş edirəm, o
mahnını bir kasetə yaz, oğlum gəlib götürəcək.
Sonra onun sözlərinə yeni mahnılar
yazdım, səmimiyyətimiz, dostluğumuz yarandı.
Yüzə qədər mahnının müəllifiyəm,
onların hamısını Xalq artisləri, Əməkdar
artistlər oxuyurlar. Bu da bəsimdir. İndinin
özündə də çalışıram ki, gənclərə
dəstək olum, bildiyimi onlara ötürüm.
- Sənət yolunda nə kimi çətinliklərlə
üzləşmisiniz?
- Bu yolda
çox çətinliklərim oldu. Vurulsam da,
yıxılsam da, yenə qalxıb davam edə bildim. Allah mənə dəstək oldu. Ona görə mənə heç kəs bata bilmədi.
İstədilər, ancaq dözdüm. Bu gün ayaqüstəyəm, öz işimlə məşğulam,
sağlamam və fəxr edirəm ki, tarzənəm. Amma mənə təsir edən bəzi məqamlar
var. Təəssüf ki, tarzənlərin, elə kaman
ifaçılarının da xanəndələrin yetişməsində
böyük rolları olduğu bəzən unudulur. Hərdən xanəndələr yüksək mərtəbədə
olsalar da, müşayiətçilər yaddan
çıxır. Ya da, olur ki, baxıram televiziyaya,
görürəm, cavan bir jurnalist özü kimi bir gənci
tutub soruşur: "Şövkət Ələkbərova
haqqında nə deyə bilərsiniz?" O "dünənki
uşaq" da deyir ki, Şövkət xanım o vaxt mənə
bağçada dedi ki, sənin böyük gələcəyin
var. Uydurmadır. O heç Şövkəti görməyib,
yalan danışır. Sən niyə bunu
yazırsan? Axı biz hələ ölməmişik.
Onlarla qastrollarda, dünya səyahətlərində,
konsertlərdə çiyin-çiyinə olmuşuq. Bizlərdən soruşmurlar. Sən
gəl ünvanından soruş da. Baxıram,
deyirəm ki, bu qədər camaatı aldatmaq olmaz. Biz axı hələ varıq. Ekranda-efirdə
nağıl danışırlar camaata. Siz
hara gedib çıxmısınız? Belə
şeylər də var. Uman yerdən küsərlər.
- Söz açılmışkən,
vaxtilə sizin də aparıcısı olduğunuz
verilişlər gedib, qonaq kimi də az dəvət
almamısınız. Ümumiyyətlə, bugünkü
verilişlərdən razısınızmı, dəvətləri
qəbul edirsinizmi?
-
Çalışıram ki, tez-tez getməyim. Dəvət
alanda da deyirəm ki, öz proqramımla iştirak edəcəm.
Yəni bir-iki mahnımı ifa edəcəm,
mahnılarımı da oxuyanlardan iki-üç nəfər
çağıracam və bütövlükdə öz
yaradıcılığımdan danışacam. Mən istəmirəm ki, yanımda başqa biri
otursun. Elə olanda getmirəm. Bir
ayda beş dəfə verilişə gedə
bilmərəm. Ayda, ya iki ayda bir dəfə
gedirəm. Əvvəla, gedəndə
yaradıcılığımla bağlı xalqıma hesabat
verirəm. Bir də tamaşaçı sənət
adamı üçün darıxmalıdır. Bu gün elə ifaçılar var, özlərini televiziya
ilə gündəmlə saxlayırlar. Bir
ay televiziyada görünməsələr, heç kəs
onları axtarıb tapmayacaq. Elə də
unudulacaqlar. Toy bazarında oxuyanlar hər
gün efirdədirlər. Böyük sənət
zəhmət tələb edir. Biz də
toya getmişik vaxtilə. Yaqub Məmmədov
da, Hacıbaba Hüseynov, Arif Babayev, Ağaxan Abdullayev də
gedib. Hamı toya gedib. Mağar
toylarında böyüyüb təcrübə
toplamışıq. Günah deyil bu. Amma
bu gün efirdə hər gün görünənlər
tamaşaçını bezdirirlər. Ucuz reytinq
dalınca gedən adam sənəti məhv
edər.
- 50-dən çox ölkədə
qastrol səfərində olmusunuz. Mənə elə gəlir
ki, Zülfü Adıgözəlov adına
muğam üçlüyü ilə Təbrizə etdiyiniz səfər
ən yadda qalanıdır.
- Zülfü Adıgözəlov adına muğam üçlüyü Xalq artisti Ağaxan Abdullayev, mən və Ədalət Vəzirovdan ibarət idi. Bizə İrana getmək təklif olundu. Dövlət səviyyəsində kitab sərgisi keçirilirdi. Şairlər, yazıçılar, elm, sənət adamları, musiqiçilərdən də biz orda idik. Bu səfərin əsası Tehranda oldu. Orada on dəqiqəlik çıxış elədik. Bizim sərgi günümüzə İranın mədəniyyət naziri gəldi. İfamız onu cəlb elədi. Sona qədər qulaq asdı və bizi təbrik elədi. Dedi ki, çıxışınız çox xoşuma gəldi, burda qalıb konsertlər verə bilərsinizmi? Biz də dedik ki, yaxşı şərait yaradılsa, niyə də qalmayaq. Dedilər, biz təşkil edərik. Amma dedik ki, bizim bir xahişimiz var. Əgər burda qalsaq, Təbrizdə konsert verə bilərikmi? Dedi ki, olar. Səhəri gün getdik nazirliyə. Ağaxan Abdullayevdən soruşdular ki, orda nə oxuyacaqsan? Dedi, muğamlardan "Şur", "Çahargah", "Segah". Mədəniyyət naziri oxuyacağı qəzəllərdən bir parça deməyini istədi. Ağaxan da sevgi mövzusunda bir qəzəl dedi. Nazir qayıtdı ki, baba, belə şey oxumaq olmaz. Ağaxan dedi niyə? Nazir dedi, sevgi, sevirəm, belə şeylər olmaz. Ağaxan dedi, siz elə bilirsiniz, bunu hansısa sevgilimə oxuyuram? Yox, bunu Allaha olan sevgimə görə oxuyuram. Bunu deyəndə nazir tutulub qaldı, sonra dedi ki, ikinci qəzəli də oxu (gülür). Biz orada ay yarım qalıb konsertlər verdik. Bizdən başqa da sənət adamlarımız var idi. Amma onları Təbrizə buraxmadılar. İlk dəfə Təbrizdə konserti biz verdik. Bu, çox qürurverici hadisə oldu.
- Zamiq müəllim bu gün şəhərin mərkəzində, yeraltı keçidlərdə tar çalan gənclərə rast gəlirik. Sizcə, onlar tara olan sevgidən oradadılar, yoxsa maddi problemlərdən?
- Bilirsiniz, bütün dünyada musiqi ilə məşğul olanlar bəzən küçədə də ifa edirlər. Onların taleyi sənətdə alınmayıbsa, nə edə bilərlər? Gənclərimizdə də görürəm bu halı. Onları qınamıram da. Amma dünyada təsadüfən elə şeylər olub ki. Küçədə bir gənc mahnı ifa edib, yoldan keçən bir nəfər də ayaq saxlayıb qulaq asıb, deyib ki, nə gözəl ifa edir. Gəlib yaxınlaşıb, soruşub ki, sən nə işinə baxırsan? Gənc də deyib ki, heç nə, mən sənəti bilirdim, amma taleyim gətirmədi. Ürəyimi boşaltmaqdan ötrü başqa çarəm yoxdur, gəlib burada ifa edirəm. Həmin adam gəncə deyir ki, sən sabah gəl filan yerə, mən sənlə söhbət edəcəm. Daha sonra gənci göndərir bir orkestrə. Gənc ora gedir. Maestro onun ifasını dinlədikdən sonra soruşur ki, sənin təhsilin var? Gənc deyir, yoxdur. Baxır görür ki, onun daxilində bir istedad yatır, vulkandır, amma sönüb. Üzərində işləyə-işləyə həmin gənci böyük sənətkar edirlər. Fikir ver, təsadüfi görüşlər gör hara gəlib çıxır. Onun da taleyində bu yazılıb. İndi bizim gənclər də pis işlə məşğul olmurlar ki. Oturub bir küncdə tar çalırlar da. Xoşlayırsan, get qulaq as, əlini at cibinə, hörmətini elə, eləmirsən də canın sağ olsun. Yəni burada əcaib bir şey yoxdur. Bəlkə elə onların taleyində gözəl günlər qarşıdadır? Mən onları alqışlayıram. Yenə deyirəm, bu gün çox istedadlı gənclərimiz var. Görək onlar sənətdə uğurlu finala gəlib çıxa biləcəklərmi? O vaxt tara böyük axın var idi. Bu gün mən beş nəfərin adın saya bilərəm ki, çətinliklərə sinə gərib bu yerə - finala gəlib çıxdılar. Qalanlarında cürbəcür səbəbdən alınmadı buracan gəlmək. Tar sənəti ağırdır, bunun gərək daşıyıcısı ola biləsən, buna dözəsən. Bu gün də tar ifaçılığına axın var. Mənə də maraqlıdır ki, bəs gələcəkdə o dünyadan baxanda sonradan finala gəlib çıxan neçə nəfəri görəcəm? Bilirəm ki, yenə də belə olacaq, bəzilərində alınmayacaq. Çünki bu sənət ağır sənətdir. Sən ailəni dolandıra bilmirsənsə, məcbur gedib başqa işlə məşğul olursan. O qədər istedadlı tarçalan tələblərim olub ki. Biri bir gün gəlib mənə dedi ki, mən daha tar çalmayacam. Dedim, niyə? Dedi, evin tək oğul övladı mənəm və çox əziyyət çəkirik. Dedim, nə işlə məşğul olacaqsan? Dedi, kənddə karxana var, gedib orda daş atacam. Başqa çarəsi yox idi. O gündən gəlmədi. adamın ürəyi ağrıyır. Ona görə mənə maraqlıdır ki, sonda neçə nəfər qalacaq. Çox ola bilməz. Yaxşı şeylər az olur. Amma dözə bilsələr, yaxşı olar.
Ləman
İLKİN
525-ci qəzet 2025. -12 aprel(№61).-
S.18;19.