Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
Telman ORUCOV
İnsanlar
özləri haqqında haqsızlığa, ədalətsizliyə
yol verildikdə, onlara ağır mənəvi zərbə
vurulduqda həmin düşmənçilik edəndən qisas
almağa gücü çatmadığından və ya
özünə vurulmuş ziyanın cavabını verə bilmək
imkanı olmadığından, bu düşməninə lənətlər
yağdırmağa başlayır. Bu lənət,
heç də onun yaxın adamları tərəfindən
vurulan zərbəyə görə qisas almağını nəzərdə
tutmur, daha güclü və ədalətli olan qüvvəyə
- Allaha müraciətdə, yalvarışda ifadə olunur.
Zərər çəkmiş adam
inanır ki, Allah onun xahişini, yalvarışını
eşidib, günahsız olduğu halda ona qarşı
haqsızlıq, qəddarlıq göstərənə öz
cəzası şəklində tam tutarlı bir cavab verəcəkdir.
Lənət xırda narazılığa görə
yaranmır, insanın həyatına və mənəvi
dünyasına haqsız şəkildə və olduqca
böyük ölçüdə ziyan vurulduqda, ona məruz
qalmış adamın şiddətlənmiş qəzəbinin,
düşməninə qarşı nəhayətsiz hiddətinin
ifadəsi kimi meydana çıxır. Zərbəyə
məruz qalan cavab vermək, əvəzini ödəmək
iqtidarında olsaydı, heç bir tərəddüdə yol
vermədən cəsarətlənmiş cəngavər
qabiliyyətinə yiyələnib, vaxt itirmədən cavab verər,
düşmənindən hayıfını alardı. O,
özünə qarşı olan ədalətsizliyin təkrarına
yol verməzdi, mümkün qədər ona vurulan zərbənin
fiziki və mənəvi ölçüsündə əvəz
qaytarmağa çalışardı. Axı həddi
aşmaq, yersiz qəddarlıq göstərmək onun təbiətinə
yaddır, o, heç kəsə qarşı öz
gücündən və imkanından istifadə edib, pislik etməmiş,
nalayiq hərəkət törətməmişdi. Məhz buna görə də özünə
qarşı olan haqsızlığa heç də sakit
yanaşa, biganə qala bilmir. Ona əsassız
olaraq hücum edəndən və yara toxundurandan qisas
almağı, mərhəmət və qüdrət sahibi hesab
etdiyi Allahdan xahiş edir, bunu onun ixtiyarına buraxır.
Bu dərin inam bir qədər mistik xarakter
daşısa da, bəzi hallarda təəccüblü qaydada
meydana gəlməsi ilə öz təsdiqini tapır.
Lənətin
həyata keçməsi üçün heç bir zaman
ölçüsü mövcud deyildir, arzu ondan ibarətdir
ki, tez, ya gec hökmən bu qisas həyata keçsin, onun əks-sədası
həm də digər qəddarlıq eşqinə düşənləri,
az da olsa, eybəcər həvəsdən
və əməldən çəkindirsin. Lənət
zəiflərin özündən qüvvətli olanların qəddarlığına,
mərhəmətsizliyinə, haqsızlığına verilən
cavab, əslində umulan qisas şəklini alır. Şəxsi həyatına həmlə edilənlər
bunu hələ sağ olarkən gördükdə sevinir,
haqqın və xeyirin ədalətsizlik və şər
üzərində qələbəsinin baş verməsinə
şad olurlar. Qəddarlıqla həyatlarına qəsd
edilənlən mərhum insanların ruhu da bu qisas hadisəsinin
baş verməsindən sakitləşir, rahatlıq tapır,
onun yaxınları, nəslinin nümayəndələri isə
lənətin baş tutmasından, gözlədikləri qisas
şəklindəki zəfərdən vəcdə gəlir,
qurban getmiş babalarının, atalarının qəzəb
hissinin son anda da qalib gəlməsindən, ali inam bəslənilənin
tərəfindən cəzanın icra edilməsindən,
onları ağır itkilərinə görə kədər
hisslərindən azad olduqlarına, hətta əzici
düşüncələrdən birdəfəlik
uzaqlaşdırılmağa görə, əhval-ruhiyyələrində
müəyyən yüngüllüyün baş verməsi ilə
öyünürlər, şər üzərində qələbəyə
sevinirlər. Axı onlar öz valideynlərinin,
yaxın əcdadlarının qisasını almağa
heç də qadir deyildilər.
Lakin mərhəmətli Allah öz yaratdığına,
ona inanc gətirənlərə qarşı
haqsızlıqların baş verməsinə laqeyd qala bilməyib,
onların həyatını, bütün dünyasını
rəhmsizliklə həmlə ünvanına çevirənləri
cəzalandırmaqla, özünün haqq tərəzisinin saf
ölçünə uyğun olaraq hərəkət etdi. Gec də olsa,
ədalətin zəfərinə nail olundu.
Lənət insanın yaşadığı acı hisslərin
məcmuu olaraq meydana çıxır,
haqsızlığın həddən ziyadə olan
ölçüsünə zəif tərəfin cavabı
rolunu oynayır. Lənət və onun tam əksi olan
xoşbəxtlik arzulamış adamlara, ədalətinə və
mərhəmətinə görə xeyir-dua şəklində
minnətdarlığını bildirmək kimi insanın
özünə qarşı olan pisliyin və
yaxşılıqların cavabı, ifadəsi şəklində
özünü göstərir. Düşməni
demonizatsiya etməyə xidmət edən lənət adətən
müəyyən ölçüdə olan məkanda baş
verən müxtəlif fenomenləri ifadə edir, bu, heç
də aşağı ölçüdə, xırda bir
incikliyə görə baş vermir. Lənət
başlıca olaraq,
bir sıra hadisələr meydana gələndə
işlənir, bu vaxt ağır zərər dəymiş
adam, öz rəqibinin, düşməninin müvafiq qaydada cəzalandırılmasını,
özünə qarşı edilən haqsızlığın
müəllifinə müvafiq ölçüdə cavab
verilməsini arzu edir. Bu arzunu isə o, kimlərəsə
deyil, ədalətliliyinə və mərhəmətliliyinə
möhkəm inandığı Allaha ünvanlayır. Bəzən ona xətər toxunduran elə qüdrət
sahibi olur ki, özünü qanunların təsir dairəsindən
kənarda hiss edir, buna görə də cəzasız
qalacağına tam əmindir. Qanuni yolla
onu yerində oturtmaq da mümkün deyildir, çünki
qanunları özü hazırlatdırıb, imzalamaqla, ondan
xalqın əleyhinə istifadə etməyə
başlayır. Qanun, xalqın qalxanı
olmaq vəzifəsini dayandırıb, hökmdarın iti
silahına çevrilir. Onun cəzalandırılmasını isə qanunların
gücsüzlüyünə görə yalnız Allahdan
xahiş etmək, onun qüdrətinə olan əminliyə
şübhə etməmək vasitəsilə nail olmaq olar. Çünki insanlara qəddarlıq göstərənlər
heç bir qanunu tanımır, Allahdan da qorxmur. Çünki o, özünü Misir faraonları
kimi Yer üzərindəki canlı Allah hesab edir. Lakin anlamır ki, faraonların özünü də
yalnız Allah cəzalandırırdı, hətta onlar o
dünyanı, axirəti özlərinin əbədi həyatının
davamı hesab etsələr də, canlı həyatdan
uzaqlaşdırıldılar. Piramidalarda
isə onların guya o dünyadakı mövcudluqları
üçün hər cür şərait
yaradılırdı. Lakin əsas nəticə
ondan ibarət idi ki, onlar həyatda, Yer üzündə əvvəlki
qəddarlıqlarını göstərməkdən məhrum
olurdular.
Lənətin haqladığı adamlar da malik
olduqları nəhayətsiz səlahiyyətlərdən,
insanların taleyinə heç bir güzəşt olmadan
hakim kəsilmələrini artıq bacarmırlar, gözləmədikləri
halda ağır dərdə, xəstəliyə
düçar olur və həyatdan gedirlər. Onların
çox saydakı əməlləri ölçülüb,
biçildikdə, haqsızlıqları, ədalətsizlikləri
bütünlüklə təsdiqini tapdıqda məhz lənətdə
arzu olunanlar baş verir və bu, Allahın qüdrətinə
olan inamı daha da artırır. Qədim
Misirdə o dünyada adamların xeyir və şər əməlləri
Anubisin tərəzisində müəyyən olunurdu. İndi isə öləndən sonra adamlara qiymət
verilməsinə, çoxluğun onun haqqındakı rəyinə
əsaslanır.
Lənətdən fərqli olaraq, xoşbəxtlik
arzulanması, sağlam düşüncədə deyilsə,
kiminsə köməyi ilə yaxşı şeylər
baş verəndə və ya müsbət nəticələrə
gəlib çıxanda istifadə edilir. Ona
yaxşılıq edən adamın bu mərhəmətə
layiqincə cavab vermək imkanı olmadıqda, hisslərinin
gur ifadəsi kimi ona ünvanladığı minnətdarlıq
barədə intim ifadələrini tələffüz edir,
öz himayəçisinə xoşbəxtlik arzulamaqla
qızğın razılıq həyəcanında
rahatlıq tapmağa başlayır. Gələcəyin
arzulanan haqq təməli minnətdarlıq hissləri
daşıyanların razılıq kəlmələrindəki
ilk bünövrə timsalında meydana çıxır.
Lənət və xoşbəxtlik arzulamaq şərə
və xeyirə görə insanların hisslərini ifadə
edir. Bu əks hisslər medalın iki üzü xarakterini
daşıyır. Xoşbəxtlik arzulamaq
ilahi qüvvə tərəfindən verilən
yaxşılığın dilə gətirilmə ifadəsidir.
Beləliklə, fərdlərin minnətdarlıq
hisslərinin, mərhəmətlilik göstərənə
Allahın izni ilə xeyirə çatmaq arzusudur. Lənət də cəza arzusu olmaqla, həmin
faktın Allah tərəfindən icra ediləcəyinə bəslənən
inam, əminlikdir. Əgər Allah göstərişlərinə
əməl etməməsinə və onun göstərdiyi
yoldan çıxana ünvanlanan lənət hökmən
öz işini görəcəkdir. Bu
xahiş onu tanıyanların və ona sitayiş edənlərin
inamına uyğun olaraq, Allahın qərarına
çevrildikdə, hökmən baş verir.
İnsanlar, onlara qarşı törədilən
haqsızlığa, ədalətsizliyə cavab vermək, onu
icra edənlərə əvəz kimi qaytarmaq gücünə
qadir olmadıqda, adətən özünün yeganə
müdafiəçisi kimi Allaha müraciət etmək yolunu
tutur və xahişini dilinə gətirdiyi lənət ifadələrində
tələffüz edir. Onlar güman edirlər ki, düşmənləri
Allah tərəfindən hökmən cəzalandırılacaqdır,
onlar Allahın varlığına şübhə etmədikləri
kimi, buna da tam şəkildə inanırlar. Bu cəza tezliklə baş verdikdə, onların
Allaha ünvanlanan minnətdarlıqları daha da yüksəlir.
Çünki insanlardan fərqli olaraq, Allah
heç vaxt haqsızlığın tərəfində olmur,
onun hər bir qərarı yalnız ədalətdən və
mərhəmətdən xəbər verir. Allahın cəzası ilə müqayisədə,
insanların cəzası çox hallarda subyektiv marağa tabe
olmaqla, onun bilavasitə ifadəsi kimi özünü büruzə
verir. Allah isə mərhəməti və
bağışlaması ilə yalnız xeyirxahlıq simvolu
olduğunu yenidən büruzə verir.
İnsan özünə qarşı olan
yaxşılığı və pisliyi daim qiymətləndirməyə
cəhd edir, birincini müəlliflərindən razı
qalaraq, onlara xoşbəxtlik arzulayır, ikinciyə imza
atanlara isə tam nifrəti ölçüsündə lənət
yağdırır. Bu arzuların və xahişlərin
gözlənilən həyata keçirilməsi isə
Allahın iradəsindən irəli gələn imkanlara
buraxılır.
Xoşbəxtlik
arzulamaq o qədər də çox
yayılmamışdır, çünki adamlar öz
uğurunu, bəxtinin gətirməsi kimi və ya öz
qabiliyyətinin qiymətləndirilməsi nəticəsi hesab
edir, ona yaxşılıq edənləri ya düşüncəsində
tamamilə yoxa çıxarır, yaxud da tezliklə
unutmağa başlayır. Bunu əsaslandırmaq
üçün, özünün də başqalarına
yaxşılıq etdiyini və onlardan minnətdarlıq
görmədiyini irəli sürür.
Lənət bəslənməsi isə öz
miqyasına görə daha çox yayılmışdır,
çünki insanlar özlərinə dəyən ziyanı
şişirtməyə meyl edir, özünün
günahsız olmaması düşüncəsi ilə
yaşayır, ona ziyan vuranları isə demonizasiya etməklə
lənətləyir, onlara ən ağır və dəhşətli
cəzaların verilməsini arzu edir. Lənət bir qayda
olaraq ölçü hissini tanımır, təkcə ona
pislik edənlə kifayətlənməyib, onun bütün nəslinin
bədbəxtlik dənizində batmasını arzu edir. Ona görə də lənət öz təsirinin
yalnız bir nəfərin üzərində həyata
keçməsi ilə kifayətlənmir, nifrin şəklində
həmin şəxsin nəslinin bədbəxtlikdən göz
açmamaları diləyini əhatə edir. Hüquq elmində və praktikasında bir cinayətə
görə iki dəfə cəza verilməsi
qeyri-mümkün hesab edilsə də, lənət
dalğası tsunami xarakteri daşıyaraq, ona ziyan vuranın
gələcək nəsillərinin də əzablı həyata
düçar olmasını əsas götürür. Beləliklə, lənət bütöv bir nəslin
acı tale yaşamasına səbəb olur. Bu barədə həyatda çox sayda misallara rast gəlmək
mümkündür. Bəşər tarixi
də lənətlərin həyata keçməsini təsdiq
edən çox sayda hadisələrlə doludur.
Qədim yunan mifologiyası və Bibliya da lənətin
işlənməsi və nəticəsi barədə çox
sayda olan nümunələri nəzərə
çarpdırır. Mifologiyada lənətin
ünvanlandığı şəxsin təkcə
özünə deyil, bütün ailəsinə də acı
faciələr qismət olur, məşhur bir hökmdar ailəsinin
taleyinə zəhər qatılır. Qəribə
hal burasındadır ki, qızının Allahlara qurban kimi
öldürülməsinə görə, ana öz ərinin
qəddarlığından və rəhmsizliyindən dəhşətə
gəlib, ağır səfərə yollanan bu adama nifrin
yağdırır və onun layiqincə cəzalandırılacağına
ümid bəsləyir. On il davam edən
müharibədən qələbə ilə vətəninə
dönən çar öz haqsız əməlinin tutarlı
cavabını alır.
(Ardı var)
525-ci qəzet 2025. -12 aprel(¹61).- S.22.