"Hər gün süni
intellektlə yarım saat danışıram"
Müsahibimiz Əməkdar artist, bəstəkar Vüqar
Camalzadədir.
O, "Əlamət", "Qonşular", "Məzə",
"Qayınana", "Aramızda qalsın",
"Köhnə çamadanlar", "Mən evə
qayıdıram" kimi 20-dən çox film və
serialın bəstəkarı,
"7 nar çubuğu", "Don Kixot
Abşeronskiy", "Məlikməmmədin
nağılı", "Tıqtıq və Taqtakın
nağılı", "Qırmızı Papağın
nağılı" və "Qatarın altına
atılmış qadın" kimi tamaşaların musiqi tərtibatçısıdır.
Vüqar Camalzadə ilə söhbətimizi oxuculara təqdim
edirik.
- Vüqar müəllim, necəsiniz?
- Şükür Allaha, yaxşıyam.
- Bir çoxları
düşünür ki, niyə indi Üzeyir Hacıbəyov,
Qara Qarayev, Cahangir Cahangirov kimi bəstəkarlar yoxdur? Sizcə, bu yanaşma normaldırmı?
- Yox,
qeyri-normaldır. Mən desəm ki, indi niyə
Motsart, Bethoven yoxdur, düz olmaz. Ya da mən
onların yazdığı tərzdə musiqi yazsam, bunu mənə
irad tutacaqlar. Çünki bu, köhnə
üsuldur, artıq bundan istifadə olunub. Yeni
şeylər kəşf etmək lazımdır. Hər dövrün öz musiqisi var. Düzdür,
Motsartın, Bethovenin, Üzeyir Hacıbəyovun musiqisi dahiyanədir,
onlar kimisi olmayacaq, amma onları təkrarlamaq da doğru deyil.
Artıq yeni bəstəkarlar var və onlar da
tarixdə qalacaq işlər görməlidirlər ki, gələcəkdə
desinlər bir vaxtlar belə bəstəkarlar olub. Bugünün tələblərinə uyğun, amma
milli ənənələri unutmamaq, Azərbaycan milli musiqisindən
bəhrələnmək şərtilə bəstəkarlarımız
müxtəlif üslublarda əsərlər
yaratmalıdırlar.
- Vaxtilə Azərbaycanda opera janrına tez-tez müraciət
olunurdu. Amma indi demək olar ki, bu janra müraciət olunmur.
Düzdür, bu yaxınlarda Siyavuş Kərimi
"Nəsimi" operasını ortaya qoydu, amma bu, deyilən
fikri təkzib etmək üçün yetərli deyil.
- Opera
janrı vaxtilə İtaliyada yaranıb. Əvvəllər
italyan operaları 3-4 saat çəkirdi və təbii ki, o
dövrdə operalara, teatrlara gedənlər imkanlı insanlar
olurdular - qraflar, baronlar, hətta krallar. Məqsəd
bir tərəfdən musiqiyə qulaq asmaq idisə, digər tərəfdən
öz aralarında olan siyasi məsələləri həll
etmək, qız və oğlanı bir-birinə bəyəndirmək
idi. Bir növ Azərbaycan toylarında
olduğu kimi. Opera və tamaşaların
o qədər uzun olmağı məqsədəuyğun idi.
Həmçinin bizdə də elə şeylər
olub. Əvvəllər üç-dörd
saatlıq muğam dəstgahları olardı. İndi həmin dəstgahlar 20-25 dəqiqə olub.
Zaman sürətlənib, insanlar informasiyanı
çox sürətli şəkildə alırlar. Əvvəl bir yerə məktub göndərirdin,
üç ay gözləyirdin ki, məktuba cavab gəlsin,
amma indi on saniyə gecikəndə narahat olursan. Bu sahədə
Siyavuş Kərimi böyük iş gördü, əmək
sərf elədi. Sadəcə nəinki Azərbaycanda,
artıq bütün dünyada uzunmüddətli səhnə əsərləri
rentabelli deyil. Məsələn, indi
operanın əvəzinə Amerikada muzikl janrına
üstünlük verirlər. Muzikl
operanın daha rəngarəng, müasir tələblərə
uyğun formasıdır. Hər zaman
müəyyən şeylər bir-birini əvəz edir və
belə də olmalıdır.
- Bildiyim qədərilə Amerikada da
musiqi təhsili almısınız. Amerika ilə
müqayisədə Azərbaycan musiqi təhsilində
hansı fərqlər var?
- Mən
kino musiqisi üzrə master-klasslar keçmişəm. Musiqi təhsilimi bax bu oturduğumuz yerdə -
Bakı Musiqi Akademiyasında almışam. Çox
böyük müəllimlərim olub - İsmayıl Hacıbəyov, Arif Məlikov,
Qara Qarayevin oğlu Fərəc Qarayev, Xəyyam Mirzəzadə
kimi Azərbaycanın ən ünlü, dünya miqyasında
tanınmış bəstəkarları, bəxtim gətirdi
ki, mənim müəllimlərim olublar. Arif Məlikovun
"Məhəbbət əfsanəsi" baleti
dünyanın demək olar ki, hər yerində qoyulub.
Bilirsiniz, musiqidə təhsil bir az
başqa cürdür. Təbii ki, Amerika
böyük dövlətdir və bütün dünyadan olan
beyinlər orada cəmləniblər. Amma
inanın ki, Azərbaycanda da, adicə bizim bəstəkarlıq
kafedrasının özündə təhil almaq istəyən
kəslər bu gün burada yüksək səviyyədə təhsil
ala bilərlər. Bunu ürəkdən
deyirəm.
- Vaxtilə bəstəkarlar olub ki,
onların musiqi təhsili olmayıb. Bəstəkar
olmaq üçün təhsil şərtdirmi?
- Təhsil
istənilən sahədə vacibdir. Təhsil ənənənin
davamıdır. Tutaq ki, doqquz yüz il
əvvəl böyük ustad Səfiəddin Urməvi
"Kitab-əl Ədvar"ı yazdı və ədvar
sistemini qurdu. Ondan sonra bütün Şərq
dünyası və Avropa musiqisi bu sistemin üzərində
quruldu və inkişaf etdi. Ondan sonra
Əbdülqadir Marağayi oldu, Əl-Kindi oldu, ta Mir
Möhsün Nəvvaba kimi gəldi. Üzeyir
bəy də Mir Möhsün Nəvvabın tələbəsi
olub. Bax, təhsil budur. Həmin o
doqquz yüz il ərzində onun
yazdığını başqaları inkişaf etdirə-etdirə
gətirib bir tədris toplusu edir. Günümüzdə
də yeni ixtisaslar açılır və bu ixtisaslara
proqramlar yazırıq. Gələcəkdə deyəcəklər
ki, yüz il əvvəl bunu yazıblar və
bu proqram artıq tədris olunacaq. Təhsil
budur. Təhsili almaq nəyə görə
mütləqdir? Bir insanın
sıfırdan nəyisə öyrənməyə
ömrü yetməz. Buna görə də
biz bunu sürətli kurslarla kitablardan və müəllimlərimizin
istiqamətlərindən öyrənirik. Təhsil
ənənə, ənənədən formalaşan
ağıllı insanların dediyi fikirlər və həmin
fikirlərin toplusudur.
- Sənətdə olan insanların bir
qismi ucuz qiymətə mahnı, musiqi yazırlar və bu da bu
sahənin bayağılaşmağına gətirib
çıxarır. Deyə bilərikmi ki, bu gedişlə
artıq musiqimiz tənəzzül dövrünü
yaşayacaq?
-
Dünyanın hər yerində hər zaman belə şeylər
olub və olacaq. Bir qarın çörəyə
musiqi yazanlar həmişə olub. Baxın
dövründə də belə hadisələr olub. Normal şeylərdir. Çox
istedadlı adamlar olub ki, özlərini satmağı
bacarmayıblar, istedadsızlar olub ki, bunu çox yaxşı
bacarıblar. Reklam hər zaman olub. Bir də var qeyri-peşəkar və zövqsüz
işlər. Belə işlər də təbii
ki, çox bahalı qiymətə satıla bilməz.
Gözəl güllər tək-tək bitir, amma alaq otunun
kökünü qırırsan, təmizləyirsən, beş gün sonra görürsən ki, yenə
hər tərəfi basıb. Bu normaldır.
Mənə elə gəlir ki,
insanlığın əsas qayələrindən biri də
budur. İnsan gərək həmin o kolun,
tikanın içərisindən gülü tapsın, qorusun, əzizləsin
və ondan zövq alsın.
- Bütün sahələrə təsir edən süni intellekt artıq musiqi belə bəstələyə bilir. Bəzilərinin fikrincə, bu gedişlə bəstəkarlar sıradan çıxacaq və süni intellekt onları əvəz edəcək.
- Əsl sənətkar heç vax sıradan çıxmır. Mən hər gün yarım saat süni intellektlə danışıram. Bir-birimizdən məsləhət alırıq, bu, mənim xoşuma gəlir. O gün sual verdim ki, süni intellektin musiqi bəstələməsi bəstəkarlara necə təsir edir? Dedi, onlara köməkdir. Çünki həmin informasiyanı mən gedib üç ay ərzində ordan-burdan tapıb öyrənməkdənsə, saniyələr içində süni intellekt bu informasiyanı mənə verir. İşində peşəkar, ağlı başında olan adam üçün bu, əslində köməkdir. Elə bilin ki, bir ayaqaltıdır, qoyursan və üstünə qalxırsan, yuxarını daha yaxşı görürsən. Amma işbilməz adamlar süni intellektlə daha ucuz işlər görəcəklər. Reallıqda isə əsl sənət onun dəstəyi ilə daha da inkişaf edəcək. Mənim üçün süni intellektlə işləmək rahatdır. Məsələn, sual verirəm ki, bu üslubla işləsəm, necə olar? O, mənə variantlar təqdim edir, mən bir də uzun-uzadı, əziyyət çəkib araşdırmalar aparmıram. Bildim, vəssalam. Bir çox alimlər sübut ediblər ki, süni intellektin yaradıcı tərəfi ola bilməz. Onun funksiyası başqadır. Dünyada olan bütün data bazalara girir və orda olan məlumatları seçib, müqayisə edib sənə təqdim edir. Burda ruh yoxdur, yaradıcılıq yoxdur. Bunlar insana xas şeylərdir. Səslənmə gözəl ola bilər, aranjiman gözəl ola bilər, verdiyi təkliflər gözəl ola bilər, amma onlar hamısı artıq var olan fikirlərdir, tətbiq olunan şeylərdir. Var olmayan bir şeyi heç vaxt ortaya qoya bilməz.
- Vüqar bəy,
vaxtilə şairlər və bəstəkarlar birgə fəalliyət
göstəriblər. Amma indi demək olar ki, nə müasir
şairlər, nə də müasir bəstəkarlar bir-birlərini
tanıyırlar. Onları bir-birindən uzaqlaşdıran səbəb
nədir?
- Səbəb elə onların özündədir. Bizim illərdir dostluq etdiyimiz incəsənət sahəsinə adi olan rəssamlar, heykəltaraşlar, xalçaçılar, ədəbiyyatçılar, bir-birindən istedadlı insanlar, riyaziyyatçılar, fiziklər, alimlər var. Elmin qaynağı birdir. Bütün sahələr bir-birilə əlaqəlidir, onlar bir-birindən qopanda tam olmurlar. Bizim 15-20 nəfərlik dost əhatəmiz var. Arada bir yerə yığışırıq, danışırıq, bir-birimizin söhbətinə müdaxilə etməyə, bir- birimizdən bəhrələnməyə çalışırıq. Başqa cür mümkün deyil. Öz şirəndə nə qədər bişə bilərsən ki? Əlavələr, inqridentlər lazımdır.
- Musiqi və
riyaziyyat?
- Musiqi elə başdan-ayağa riyaziyyatdır. İslam riyaziyyatının banilərindən biri olan İbn Haldunun məşhur sözü var: "Riyaziyyat musiqinin ən üst qatıdır". Mən böyük bir simfoniyanı əlimi pianinoya vurmadan ancaq hesablamalar üzərində yaza bilərəm. Musiqi elə-belə sənət deyil, ciddi, riyazi sənətdir.
- Bəzi teatr
aktyorları maddi çətinliklərdən dolayı əlavə
işlərə üz tuturlar, seriallara, filmlərə,
reklamlara çəkilirlər, səsi olan dublyaja gedir. Bu hal bəstəkarlarda
da yaşanırmı?
- Təbii ki, olur. Məsələn, mən simfonik musiqi bəstələyirəm, amma eyni zamanda mahnı da yazıram. Həm xoşlayıram, həm də pul qazanıram, aranjiman edirəm, səs rejissorluğu ilə məşğulam, müəyyən dövlət tədbirlərində bu işləri görürəm. Yəni musiqi və musiqiyə aid hər bir şeyi etməyə çalışıram. Çünki biz material dünyada yaşayırıq və burada yaşamaq üçün qazanc lazımdır. Əks halda insanın musiqiyə də, yaradıcılığa da həvəsi ölür. İstənilən sahədə belədir, orada gəlir yoxdursa, artıq oranı istəmirsən. Yaşamağın acı reallığı bunu tələb edir. Bu, normal bir şeydir. Yetər ki, sən gördüklərinin içində əriyib getməyəsən. Əksinə, həmin işlər səni bütövləşdirsin. Desinlər, bu işi məsələn Vüqar Camalzadə edib.
- Bir çox bəstəkarların
həyatında onları digər insanlardan fərqləndirən
xüsusiyyətlər, acılar, maraqlı hadisələr
olub. Romert Şuman, Bethoven bunlara nümunədir. Bəstəkar
Vüqar Camalzadənin həyatında belə hadisələr
olubmu?
- Maraqsız həyat yaşayan insan boz insandır. Maraqlı həyat da hər zaman yuxarını arzulamaq deyil. Maraqlı insanların həyatında keşməkeşlər çox olur. İstedadlı insan hər zaman daha çox ağrı-acıya məruz qalan insandır. Bəziləri sınır, bəziləri isə daha da möhkəmlənir. Mən çalışıram ki, sınmayım. Normal həyatda yaxşı da olur, pis də olur. Bunlar səni insan kimi, şəxsiyyət kimi formalaşdırır. Təsəvvür elə ki, həyatda ancaq sevincli günlərin olur. Acını bilməsən, sən necə romantik, ya da dramatik musiqi bəstələyə bilərsən? Yaxud ancaq ağrı-acı görsən, necə pafoslu, şən bir iş ortaya qoya bilərsən? İsmayıl Hacıbəyov deyirdi ki, çalışın insanın hiss etdiyi bütün halları gördüyünüz işdə büruzə verəsiniz. Sevinc, kədər, ağrı, iztirab, təntənə - hamısını musiqidə verməyə çalışın ki, tam olsun. Bütün hisslər tam olmayanda inadırıcı olmur, qeyri-səmimi olur.
Ləman
İLKİN
525-ci qəzet 2025. -12 aprel(№61).-
S.12.