Milli kimliyin dərki və
qorunmasında uğurlu Azərbaycan modeli
Azərbaycan dövləti öz vətəndaşlarının
milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə
uğurlu milli siyasət həyata keçirir ki, onun da mahiyyəti
azərbaycanlıların milli xüsusiyyətlərinin
saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin,
Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin,
milli dövlətçiliyinin qorunması, xaricdə
yaşayan azərbaycanlılarla siyasi, mədəni və
iqtisadi əlaqələrin genişləndirilməsindən
ibarətdir. Bununla paralel olaraq mənəvi dəyərlərin
qorunması siyasəti yürüdülür ki, onun da
kökündə unudulmuş və məhv edilmək təhlükəsi
qarşısında qalmış mənəvi dəyərlərin
bərpası, İslam normalarının yerli ənənələr
və milli xüsusiyyətlər nəzərə alınmaqla
tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi
istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir
ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində
milli kimliyini qoruyub saxlaya bilib.
O ki qaldı milli kimliyin formalaşması məsələsinə,
bu proses bir sıra məqamlara əsaslanır. Bunlar milli
kimliyin milli dövlətçilik ideologiyası üzərində
qurulması və dövlətçiliyə xidmət etməsi,
milli kimliyi formalaşdırarkən tarixi inkişafın nəzərə
alınması; milli kimliyin milli və mənəvi dəyərlərin
qorunması ilə müasir dövlət quruculuğunun sintezi
və balanslaşdırılması üzərində
qurulmasından ibarətdir.
Milli şüur millətə, xalqa aid xüsusiyyətləri
hər hansı bir fərdin özündə cəmləşdirmək
bacarığıdır. Milli şüur insanın hisslərinin,
duyğularının milli səviyyədə əxz
olunmasıdır. Burada vicdan, milli mənlik kimi hisslər
önəmli rol oynayır. Odur ki, gənclər arasında bu
xüsusiyyətlərin formalaşdırılması nəticə
etibarilə vətənpərvərlik hissinin inkişafına
gətirib çıxarır. Nəticədə vicdanı
olan hər bir gənc doğulduğu torpağın qədrini
bilməyi özünə mənəvi borc hesab edir.
Azərbaycan gənclərinin milli kimliyinin
formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir
və tarixi şəxsiyyətləri, o cümlədən,
digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik
şüuru sayəsində millət, xalq və etnik qruplar
tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri
bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik
şüuru, vəzifəsindən, tutduğu mövqeyindən
asılı olmayaraq, hər bir vətəndaşa xas olan
keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda
böyüməsi üçün mənəviyyat məsələsi
də mühüm əhəmiyyət kəsb edir. Heç kimə
sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik
şüurundan, vətənpərvərlikdən söhbət
gedə bilməz. Ümummilli lider Heydər Əliyevin təbirincə
desək, "Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur.
Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə
sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı
olmaq-budur vətənpərvərlik". Məhz gənclər
də Azərbaycan xalqının qaymaqlarından yararlanaraq nəinki
özlərini vətənpərvər ruhda tərbiyə etməli,
həmçinin bu ideyanın təbliğatçısına
çevrilməlidirlər. Gənclik dərk etməlidirlər
ki, Azərbaycan xalqı ta qədimdən döyüşlərdə
bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi
keçib. Onlar torpaqlarını öz qanları, canları
bahasına qoruyub. Tariximizin şanlı səhifələrini
vərəqləsək, mütləq
ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən
bəhs edən faktlarla rastlaşacağıq. Müasir Azərbaycan
gəncliyi bu qəhrəmanlardan ibrət dərsi almalı, Vətəni
qorumağı özlərinə şərəf hesab etməlidir.
Prezident İlham Əliyevin vurğuladığı
kimi, Azərbaycan xalqının çox güclü iradəsi
və öz doğma torpağına
bağlılığı var.
İşğalçıların aləmində əsas
ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq,
yaşlı camaat unudacaq, sonra vaxt keçəcək
yaşlı camaat təbii olaraq həyatdan gedəcək:
"Gənclər, başqa şəraitdə
böyüyüb başa çatan insanlar isə heç vaxt
buraya qayıtmaq istəməyəcəklər. Bax, bu,
onların böyük səhvi idi. Çünki biz qəlbində
güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə
edib yetişdirdik. Hətta buranı görməyən hər
bir gənc, - indi sən görməmisən buraları, sən
də görməmisən, - bir arzu ilə yaşayıb ki,
qayıtsın öz doğma torpağına, ədalət bərpa
olunsun və artıq biz bunu görürük".
Millət vəkili Zahid Oruc deyir ki, bu gün Azərbaycan
əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir.
Hər keçən gün onların cəmiyyətdə
çəkisi və rolu artır. İndiki dövrdə gənclərin
dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən, də
müasir informasiya-kommunikasiya texnologiyalarının
timsalında bu özünü daha qabarıq göstərir.
Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər
ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən
hesab olunur. Gənclərin milli
mənlik şüurunun və vətənpərvərlik hisslərinin
yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan
dövlətinin qarşısında duran prioritet məsələdir.
Prezident İlham Əliyevin təbirincə söyləsək,
"Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc
nəsil lazımdır. Bilikli, savadlı, bütün
dünyada gedən proseslərə bələd olan, gözəl
təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın
gələcək inkişafına töhfə verəcək gənc
nəsil lazımdır, vətənpərvər gənc nəsil
lazımdır". Aydın məsələdir ki, bunları
dərk edən gənclərdə milli mənlik
şüurunun inkişafı yüksək səviyyədə
olacaq. Hər bir vətəndaşın milli mənlik
şüurunun formalaşdırılması onun cəmiyyətdə,
ictimai münasibətlərin bütün sistemində
tutduğu və oynadığı rolu müəyyənləşdirir,
onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə
çevirir. Maddi və mənəvi zəmində tərbiyə
olunan gənc özünün, xalqının
varlığını dərk edir, torpaq, Vətən, xalq,
millət kimi böyük arzular və müqəddəs
amallar dünyasına daxil olur. Bu, çox mürəkkəb
prosesdə onun mənəviyyatı, əqidəsi,
dünyagörüşü formalaşır. Hər bir gənc
aydın şəkildə dərk edir ki, əzəmətli
ağaclar öz kökləri üzərində
dayandığı kimi, fərdlər də öz xalqı,
öz milləti içərisində təşəkkül
tapır, öz xalqına, öz millətinə xidmət edir.
Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət
tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti
dərk edir ki, millət və xalqın, Vətənin,
doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal
və arzuların tərkib hissəsinə çevrilir. Belə
bir şəraitdə Azərbaycanda böyüməkdə
olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə
edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın
onlara düzgün öyrədilməsində aydınların
üzərinə böyük vəzifələr
düşür.
Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.
Belə ki, milli şüurun inkişafında bütün
ictimai-siyasi hadisələr-sosial sarsıntılar, milli
mübarizə motivləri öz izini qoyur. Məlum olduğu
kimi, milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin
əsasını insanın - hər bir fərdin mənsub
olduğu millət və ya xalqın onu əhatə edən
sosial həyatın bütün sahələrinə bəslədiyi
subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni
sevmək, doğma yurda məhəbbət bəsləmək,
təbii sərvətləri qorumaqla bağlı olan sosial
keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən,
tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşında olmalıdır. Çünki milli mənlik
şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz.
Milli mənlik şüuru insanın özünün fikir və
hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə
yönəlir. Bu halda insanın daxili aləmi şüurun
obyekti kimi çıxış edir. Mənlik şüuru hər
bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə
olan münasibətini ifadə edir. Sosial şəratidən
asılı olaraq mənlik şüuru dəyişir,
insanın öz hərəkət və
davranışını sərbəst surətdə
seçir, başqaları qarşısında məsuliyyət
daşıdığını dərk edir. Təsadüfi
deyil ki, Azərbaycan gənclərinin milli kimlik şüurunun
inkişaf etdirilməsi həm də onların məsuliyyətinin
artırılması ilə nəticələnib.
Milli kimlik, milli ideologiya və vətənpərvərlik
tərbiyəsi heç də müxtəlif istiqamətlər
deyil, bir bütövün hissələri kimi bir-birindən
asılıdırlar. Bunların birini digərlərindən
ayrı təsəvvür etmək mümkün deyil.
Hazırda Azərbaycanda həyata keçirilən siyasətin
mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məfhumları
bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində,
onların düşüncələrinə, əxlaqlarına,
hisslərinə, iradəsinə təsir edə biləcək
məzmunda aşılansın. Çünki sahiblənmə
hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi
olmayanın milli ideologiyası, milli ideologiyası olmayan
xalqın isə vətənpərvər övladlar
yetişdirməsi mümkün deyil. Məhz bunun nəticəsidir
ki, gənclərdə formalaşan milli mənlik şüuru
onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinə
böyük təsir göstərir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.15.