Qəhrəmanlıq
salnaməsi
Qəlbi vətən eşqi ilə döyünən
Tosif Abdullayev 44 günlük
haqq savaşımız başlayan andan göz qırpmadan
düşmənə qarşı döyüşüb. Son nəfəsinə
qədər ermənilərin kabusuna çevrilən Tosif
ömrünün 22-ci baharında əbədiyyətə
qovuşsa da, qəhrəmanlığı dillərdə
dastana dönüb. İndi təkcə dünyaya göz
açdığı Cəlilabad rayonunun Qara Kazımlı kəndi
deyil, bütün Azərbaycan xalqı onu əsl övlad kimi
ürəyində bəsləyir. Harada bir günəş
müqəddəsliyi var, qəhrəman Vətən
sevdalısının sorağı oradan gəlir.
Əlçatmaz, ünyetməz göylərdə parlaq ulduz
ömrünü yaşayan Tosif Abdullayev dövlət tərəfindən
də "Vətən uğrunda", "Suqovuşanın
azad olunmasına görə" medallarına layiq
görülüb.
Mənfur düşmənin xalqımıza
qarşı apardığı yersiz torpaq iddiaları, Qarabağımızın ədalətsiz
işğalı bütün qeyrətli vətən
övladları kimi Tosifi də narahat edib. Odur ki, 2017-ci ildə
əsgərlik yaşı çatanda yağıdan qisas almaq
məqsədilə ordu sıralarına gedib. Vətənin
keşiyində ayıq-sayıq dayanıb, düşməndən
qisas almaq üçün məqam axtarıb. Xidmət etdiyi hərbi
hissədə cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi,
ən əsası düşünülmüş
ağıllı hərəkətləri ilə böyük
hörmət sahibi olub. Təlimlərdə xüsusi fəallıq
göstərib. Ürəyində bir istək vardı:
mübarizə meydanında mənfur yağını
qırıb zəbt edilmiş Vətən torpaqlarının
və şəhidlərin qisasını almaq. Həmişə
də əsgər yoldaşlarına deyib:
"Qarabağımızın torpağına-daşına
şəhid qanı həkk olunub. Unutmaq olmaz ki, erməni
dığalarının belə bir müqəddəs yerə
ayaq qoyması günahdır. Vətən öz qeyrətli
övladlarından əsir Qarabağın
azadlığını istəyir".
Tosif Abdullayev üzüağ əsgərliyini başa
vurub. Amma Vətənin bir parçası düşmən
tapdağı altında olduğu üçün dalda-bucaqda
gün keçirməyi heç cür şəxsiyyətinə
sığışdıra bilməyib. Elə Qarabağın
azadlığı naminə həyatını hərbiyə
bağlayıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin
Ağdam rayonunda yerləşən "N" saylı hərbi
hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət qulluqçusu kimi fəaliyyətə
başlayıb. Aldığı tapşırıqları,
xidməti vəzifəsini ləyaqətlə yerinə yetirib.
Düşmənə öz gücünü göstərməkdən
ötrü cəbhə bölgələrində keçirilən
sınaq təlimlərini uğurla başa vurub. Qanında vətən
eşqi, torpaq sevgisi olan Tosif Abdullayev seçdiyi peşəyə
görə qürur duyub, bunu
özünə şərəf bilib və bildirib ki, son
damla qanına qədər düşmənlə vuruşub
qisas alacaq. Bunu özünə vətən
qarşısında ən müqəddəs borc sayıb.
44 günlük müharibənin
başlandığı ilk gündən Tosif ən qaynar
nöqtələrdə düşmənlə
döyüşə girib. Göstərdiyi hünər,
yağıya vurduğu zərbələr
gündən-günə artıb. Neçə-neçə
ağır döyüşdən uğurla qayıdıb. Vətənə
olan sevgisi, qəhrəmanlığı yeni-yeni zəfərlərlə
nəticələnib. Oktyabrın 14-də Suqovuşanda son
gülləsinə kimi düşmənə göz açmağa imkan vermir.
Özü şəhid olsa da, daha bir zəfər
bayrağımız göylərə ucalıb.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.14.