Şəhidlərin sorağı ilə
Sovet dövründə 22 aprel - Leninin doğum
günü, 7 noyabr - Böyük Oktyabr Sosialist
İnqilabının qələbəsi günü, 5 dekabr -
SSRİ Konstitusiyası kimi hər il qeyd olunurdu və bu
"bayramlar" poeziyada da
öz əksini tapırdı. Amma zaman dəyişdi, Azərbaycanda
müstəqillik uğrunda mübarizə yeni bir dönəm
aldı. Təbii ki, bu mübarizə qansız başa gəlmədi.
20 Yanvar müasir Azərbaycanın tarixində matəm
günü kimi qeyd edildi. Azərbaycan poeziyasında 20 Yanvar -
Şəhidlik mövzusu da həmin qanlı hadisənin elə
ilk günləri meydana gəldi. Əlbəttə, bu elə
bir mövzudur ki, 35 ildir hər şairin ürəyindəki
sarı simi dilləndirir. 90-cı illərdə Bəxtiyar
Vahabzadənin "Şəhidlər", Qabilin "Mərsiyə",
Məmməd Aslanın "Ağla qərənfil,
ağla" poetik çağırış-haraylarından
sonra şəhidlik salnaməsinə yeni adlar, imzalar
qoşuldu. Son 10 ildə bu salnamədə özünün
çoxsaylı şeirləri və kitabları ilə
Güləmail Murad da öz sözünü deməkdədir.
Onun Azərbaycan şəhidlərinə həsr etdiyi iki
kitabından söz açmaq istəyirəm.
Güləmail Muradın şəhidlərimizə həsr
olunan kitablarından biri "Beş ulduz" adlanır. Bu
kitabda müəllif antiterror əməliyyatları zamanı həyatını
qurban vermiş beş şəhidin xatirəsini əbədiləşdirir.
Şair, tərcüməçi, Yazıçılar
Birliyinin katibi Səlim Babullaoğlu kitaba yazdığı
"Beş ulduz"lu qırxıncı qapı" ön
sözündə qeyd edir ki: "Şair Güləmail
Muradı haqqıyla, ürəklə çağdaş Azərbaycan
"Vətəndaş şeiri"nin zərif öndərlərindən
hesab eləmək olar. Xüsusən, son illərdə
yazdığı əksər şeir və poemaları,
publisist əsərləri məhz millətimizin uzaq və
yaxın tarixindən bəhs edir, əsərləri
xalqımızın saf düşüncə və
arzuları, azadlıq duyğusu, ictimai problemlər, doğma
yurda, elə-obaya sevgi ilə" dolub daşır".
Mən bu dolub daşan sevgini Güləmail
xanımın beş şəhidimizə - beş qəhrəmana
həsr etdiyi oçerklərdə izlədim. Tahir Əliyev,
Eşqin Omarov, Seyfəddin Muradov. Elşad Həsənov, Orxan
Novruzəlizadə - onlar Ağstafa rayonunun müxtəlif kəndlərində
dünyaya göz açmışlar.
Şəhidlik zirvəsinə yüksələndə
Eşqin Omarovun 19, Tahir Əliyevin 20, Orxan Novruzəlizadənin
25, Seyfəddin Muradovun və Elşad Həsənovun 29
yaşı vardı - gəncliyin
başlanğıcı və gənclik illəri...
Yaşanılmayan illərin ağrısını isə
onların doğmaları çəkir, bir də Güləmail
xanım "Beş ulduz" poertretlər kitabında o şəhidlərin ruhunu kövrək, adamın ürəyinə
işləyən şeirləri isə şəhidlərimizə
elegiya kimi səslənir. Amma hər bir şeirin
yazılmasına müəyyən bir hadisənin səbəb
olduğu da diqqətdən yayınmır. Məsələn,
şəhid Tahir Əliyevdən söz açanda onun öz
anasına olan məhəbbəti "Ana laylası"
şeirində ifadə olunursa, Elşad Həsənovun
anası Məlahət xanımın söylədiyi
bayatılar nalədi, ahdı:
Qızıldanmı dan yeri?
Göyün qızaran yeri?
Ürəyimdə güllə var,
Köynəyimdə qan yeri.
Ümumiyyətlə, Güləmail Muradın "Beş ulduz" kitabında
anaların obrazları, onların qəmli ürəyindən
axan kədər selləri bir silsilə təşkil edir.
Dağılır ölkələr, yurdlar, vətənlər
Saralır bağçalar, güllər, çəmənlər.
Neçin məhəl qoymur gəlib-gedənlər?
Bir ana ağlayır məzar başında.
Bu ah şəhidi də oda yaxacaq,
Qulaq ver, məzardan nalə çıxacaq.
İndicə içindən lalə çıxacaq,
Bir ana ağlayır məzar başında.
"Akula ləqəbli kəşfiyyatçı"
kitabı isə 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz
döyüşlərində öz hünər və
şücaəti ilə hər iki döyüşdə bir kəşfiyyatçı
kimi fərqlənən mayor Anar Novruzova həsr olunub. Məsələ
burasındadır ki, o, mənim həmkəndlimdir, amma etiraf
edim ki, onun ata-anasını, bacı və
qardaşlarını az-çox tanıdığım halda,
özünü görməmişəm. Amma Güləmail
Muradın bu kitabında mən Anar Novruzovu - bu igid həmyerlimi
tanıdım, sevdim, onunla qürur hissi keçirdim.
Bəxtiyar Vahabzadənin "Şəhidlər"
poemasında şəhidlik qəhrəmanlıq kimi təqdir olunur.
Hər bir şəhid həm də qəhrəmandır.
Əslində, bu fikir dahi Füzulinin "Hədiqətüs-süəda"
əsərində belə ifadə olunub:
İcz ilə dönmək ədudən səhldir,
himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!
Güləmail Murad da Anar Novruzovu şəhid qəhrəman
kimi təqdim edir. Anar Novruzov haqqında yazılan bu kitab bir də
ona görə əhəmiyyətlidir ki, qəhrəmanının
doğulduğu kəndi, onun keçmişini və indisini,
ailəsinin hər bir üzvünü, onun döyüş
yoldaşlarının xatirələrini də qələmə
alır. Bu məqamda polkovnik-leytenant Güloğlan
Bağırovun yazısından bir misal gətirmək istəyirəm:
"Tovuz döyüşlərində əməliyyata general
Polad Həşimov rəhbərlik edirdi. Anar və əsgərləri
Qazaxda yerləşən hərbi hissədən Tovuz rayonuna təcili
ezam olunaraq, bu əməliyyatda iştirak etməli idilər.
Anar öz əsgərləri ilə təyin olunmuş
bölgəyə gəlib, düşmən təxribatının
qarşısını qəhrəmancasına ala bildi. Bununla
da düşmən geri oturdularaq layiqli cavabını aldı.
Azərbaycan-Ermənistan sərhədi bərpa olundu. Bu
döyüş Anar və yoldaşları - general Polad Həşimov
və polkovnik İlqar Mirzəyev üçün son
döyüş oldu. Anar, Polad və İlqarla birgə əbədi
olaraq bu dünyaya göz yumdular. Bu döyüş bizim 44
günlük qələbəmiz üçün zəmin
yaratdı".
Güləmail Murad Anarı təkcə igid
döyüşçü kimi deyil, həm də bütün
gözəl insani keyfiyyətlərini öz mənəvi aləmində
əks etdirən bir insan kimi təsvir edir. Qardaşları Sucəddinin,
Hidayətin, bacıları Tünzalənin, Gülcahanın,
Sabahətin, Sevanənin, həyat yoldaşı Nazilənin,
ilk müəllimi Solmaz Bağırovanın Anarla bağlı
xatirələri çox kövrək notlar, həm də
qürur hissilə müşayiət olunur.
Güləmail Muradın bir şair kimi öz
obrazını da bu kitabda görə bilirik. Belə ki, onun
Anarın doğmaları ilə hər bir müsahibəsinin
sonu şeirlə bitir. Məsələn, qardaşı Sucəddinin
ürək döyüntülərini belə ifadə edir:
Tale verməyibdir aman, getmisən,
Sən gedəli donub zaman, getmisən.
Bircə təsəllim var, qurban getmisən
Vətənin torpağı, düzünə
qardaş!
Belə şeirlərin sayı çoxdur və bu
kitab həm də poetik tablonu xatırladır.
Güləmail Muradın hər iki kitabında toplanan
şeirlər onun yaradıcılığında uğurlu
poetik nümunələr kimi diqqəti cəlb edir. Dəxli
yoxdur, bu şeirlərin əksəriyyəti kədərlidir,
amma bu kədər hissləri həm də poeziyanın
QƏMİdir və QƏMin poeziyasıdır. Amma bunu da qeyd
edim ki, Gülamail xanımın
hər iki kitabında Qələbənin, İnamın
poeziyası da öz əksini tapır və mən bu qeydlərimi
Güləmailin "Azərbaycan ordusu" şeirindəki bu
iki bəndlə bitirirəm:
Sən xalqımın aldığı nəfəsdən
yaranmısan,
Azadlığa sevgidən, həvəsdən
yaranmısan,
Oddan-alovdan keçən bir səsdən yaranmısan,
Dilimizin nidası, sözümüzün vurğusu,
Azərbaycan Ordusu, Azərbaycan Ordusu!
Yurdun hər qarışını sən qorudun
qanınla,
Torpaqlara can verdin nəfəsinlə, canınla.
İftixar mənbəyimsən öz adınla,
sanınla!
Sarsıda bilməz səni heç bir düşmən
qurğusu,
Azərbaycan Ordusu, Azərbaycan Ordusu!
Vaqif Yusifli
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.14.