Görkəmli alimin
zəngin tərcüməçilik fəaliyyəti
AMEA-nın MÜXBİR ÜZVÜ, PROFESSOR
ƏBÜLFƏZ QULİYEVİN 75 YAŞI TAMAM OLDU
Azərbaycan dilçilik elminin və dünya
türkologiyasının inkişafında xüsusi xidmətləri
olan görkəmli dilçi, türkoloq alim, pedaqoq,
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor, Əməkdar müəllim Əbülfəz Aman
oğlu Quliyevin çoxşaxəli
yaradıcılığının bir istiqamətini də tərcüməçilik
fəaliyyəti təşkil edir. O, tərcümə işi
ilə geniş və mütəmadi şəkildə məşğul
olur və tərcüməçilik fəaliyyəti də
elmi tədqiqatları ilə bilavasitə əlaqədardır.
Ə.Quliyevin Azərbaycan ilə Türkiyə arasında
"İki dövlət, bir millət" devizli dostluq və
qardaşlıq işinə xidmət edən fəaliyyəti
yaşadığımız əsrin əvvəllərindən
başlayıb. Hələ 2005-ci ildə Türkiyə
Cümhuriyyəti Ankara şəhərindəki İLESAM təşkilatına
üzv qəbul edilən alimin bu sahədəki xidmətləri
əvəzsizdir. Onun akademik İsmayıl Hacıyevlə birgə
ərsəyə gətirdiyi "Tarihte ve günümüzde
Nahçıvan" əsəri
naxçıvanşünaslığa xidmətin ən bariz
ifadəsidir. Həmçinin sarsılmaz özülə malik
olan milli-mənəvi dəyərlər sistemimizə, milli
keçmişimizə, ümumxalq yaddaşına, el
yaradıcılığına dərin köklərlə
bağlılığın, böyük sevginin sayəsində
ərsəyə gələn "Azerbaycan düğün
türküleri", "Məişət-mərasim nəğmələri",
"Azərbaycan mərasim (toy) nəğmələri"
adlı kitabları folklor və etnoqrafik mədəniyyətimizə
Əbülfəz müəllimin çox dəyərli hədiyyəsidir.
Onun rəhbərliyi altında respublikanın dialekt və
şivələrinin öyrənilməsi istiqamətində səmərəli
elmi-tədqiqat işləri aparılıb. Bu elmi-tədqiqat fəaliyyətinin
müsbət nəticəsi olaraq Naxçıvan dialekt və
şivələri 1998-ci ildən etibarən Türkiyə
Cümhuriyyəti və Naxçıvanın elm adamları tərəfindən
müştərək şəkildə
araşdırılmağa başlanıb. Türkiyə
Cümhuriyyəti Türk Dil Qurumunun qəbul etdiyi layihədən
sonra Əbülfəz Quliyev, professor Tuncər Gülensoy, Paki
Küçükər tərəfindən Naxçıvan Muxtar
Respublikasından toplanmış dialekt materiallarının
transkripsiyası yazıya alındı, fonetik-morfoloji cəhətdən
araşdırıldı və nəticədə 2009-cu ildə
Ankarada "Naxçıvan ağzı" adlı 733 səhifəlik
bir əsər çapdan çıxdı. Bu dialektoloji
lüğət Naxçıvan dialektologiyasının
söz varlığını tamamilə əhatə etmədiyindən,
həmçinin bu görülən işlərin də məntiqi
davamı kimi Ə.Quliyevin 2010-cu ildə Ankara BRC nəşriyyatında
işıq üzü görmüş "Naxçıvan
ağızlarının söz varlığı" adlı
əsəri xüsusi maraq doğurur. Alim bu günə qədərki
araşdırmalarını və toplanmış dil
faktlarını incələmiş, geniş, əhatəli
sözlük hazırlamışdı.
Ə.Quliyevin məzmun və mündəricə
baxımından daha çox diqqəti cəlb edən tərcümə
əsərlərində biri Halil İbrahim Usta ilə birgə
tərcümə etdiyi Rus şərqşünası A.V.Borovkovun
"Orta Asyada bulunmuş Kuran tefsirinin söz
varlığı (XII-XIII yy.)" adlı əsərdir. Bəhsikeçən
irihəcmli bu kitab rus dilindən türk dilinə tərcümə
olunub. Bu əsər 2002-ci ildə Ankarada Türk Dil Qurumunun nəşriyyatında
işıq üzü görmüş, kitabın nəşri
Türkiyədə həmin sahənin tədqiqatçıları
tərəfindən yüksək qiymətləndirilmişdi.
Əbülfəz Quliyevin tərcüməçilik fəaliyyətinin
ən dəyərli səhifələrindən birini görkəmli
türk şairi və sufi mütəfəkkiri Mövlana Cəlaləddin
Ruminin (XIII əsr) "Məsnəvi" əsərinə
müraciət təşkil edir. Bu əsərin Azərbaycan
dilinə tərcüməsini xüsusi vurğulamaq lazımdır.
O, türkiyəli alim professor Adnan Qaraismayıloğlunun
orijinaldan tərcüməsi əsasında türkcədən
çevirdiyi Mövlananın ilk dəfə Azərbaycan dilinə
uyğunlaşdıraq, filoloji tərcüməsini həyata
keçirmiş, Naxçıvandakı "Əcəmi"
Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla 3
cilddə (2012) nəşr etdirmişdi.
Əbülfəz Quliyev ədəbi-bədii fikir
tariximizdə olduğu kimi, dil və ədəbiyyatımızın
inkişafında böyük yeri olan Ədib Əhməd
Yügnəkin "Atabətül-həqaiq" (2018) adlı
nəsihətamiz, əxlaqi-didaktik, fəlsəfi əsərində
işlənən sözlərin lüğətini
hazırlayıb, ona şərh və izah yazıb. Eyni zamanda
"Atəbətül-həqaiq" abidəsinin əlyazmasının
B nüsxəsinin tam mətninin faksimlesi kitaba daxil edilib.
Ədib Əhməd Yügnəkin "Atabətül-həqaiq"
əsərinin ön sözünün müəllifi və
elmi redaktoru akademik Nizami Cəfərovdur. Kitab "Elm və təhsil"
nəşriyyatında çapdan çıxıb. Tərtibçi
əsəri müasir dilimizə uyğunlaşdırmaqla
yanaşı, kitaba "Ədəbiyyatımızın
qaynaqları" başlığı ilə geniş bir
müqəddimə yazıb. Burada qeyd olunur ki, təxminən
250 beytdən ibarət olan bu əsərin dünya muzey və
kitabxanalarında bir neçə əlyazma nüsxəsi
mövcuddur. Təəssüf ki, bu əsər və onun
müəllifi Ədib Əhməd haqqında kifayət qədər
məlumat əldə edilməyib.
Əbülfəz Quliyev tərəfindən Azərbaycan
dilinə tərcümə edilmiş maraqlı əsərlərdən
biri də Taylan Sorqunun müəllifi olduğu görkəmli
türk hərb xadimi Xəlil Paşanın "İttihad və
Tərəqqidən Cümhuriyyətə Bitməyən
savaş" adlı xatirələrindən ibarət
kitabıdır. Ə.Quliyev kitabı çapa hazırlayarkən
bəzi bölmələri ixtisara salıb və yığcamlaşdırıb.
Əsər Azərbaycan dilinə çox uğurla tərcümə
edilib. Bunu da qeyd edək ki, əsərin özü də
olduqca sadə, anlaşıqlı bir üslubda qələmə
alınıb, çox oxunaqlı bir dildə yazılıb.
Görünən budur ki, Xəlil paşanın xatirələrini
çapa hazırlayarkən istedadlı bir qələm sahibi,
publisist olan Taylan Sorqun yazının üslubunu əsl hekayə
dilinə çevirmiş, oxunaqlılığı və
anlaşıqlılığını təmin etmişdi. Tərcümə
zamanı Ə.Quliyev də Azərbaycan dilinin geniş
imkanlarından bəhrələnmiş, söz tərcüməsi
deyil, ən uğurlu, işlək, fikirləri sadə, dəqiq
şəkildə ifadə edən leksik imkanlardan
yararlanmışdı.
Əbülfəz Quliyevin tərcümə etdiyi
"Məhəmməd Salih. Şeybaninamə" əsərinin
tərcüməsi də bu sahədə qiymətli mənbələrdən
biridir. Türk dünyasını bütöv görən,
çox geniş tədqiqatçılıq imkanlarına
malik türkoloq alim Ə.Quliyev özbək şairi Məhəmməd
Salihin "Şeybaninamə" poemasını (XVI əsr) Azərbaycan
dilinə tərcümə edib. Qeyd edək ki, Ə.Quliyev
özbək şairi Məhəmməd Salihin
"Şeybaninamə" əsərinin tərcüməsi
üzərində uzun illər çalışıb. Nəhayət,
tamamlanan bu sanballı iş 2022-ci ildə kitab olaraq çap
edilib, geniş oxucu kütləsinə təqdim olunub. Kitaba
müəllifin yazdığı "Müqəddimə"də
yığcam, lakin təfərrüatlı məlumat
sığdırılıb. Burada "Şeybaninamə" əsəri,
onun müəllifi Məhəmməd Salih haqqında ətraflı
məlumatlar verilib. Əsərin həsr edildiyi özbək-cağatay
hökmdarı Şeybani xan barəsində də müfəssəl
məlumatlar verən müəllif əsərin yazılma səbəbi,
ümumi məzmunu, bədii xüsusiyyətləri və sair
haqqında bəhs edib.
Əbülfəz Quliyevin tərcümə əsərləri
sırasında ali məktəblərin filoloji fakültələrini
tələbələri üçün olduqca əhəmiyyətli
mənbə olan "Əski türk yazılı abidələri
müntəxabatı" adlı dərs vəsaiti də diqqəti
cəlb edir. Bu kitabda verilmiş yazılı abidələr
türk xalqlarının soy-kökünü, tarixini, dil
tarixini, etnoqrafiyasını, ictimai-fəlsəfi təfəkkürünü,
mifologiyasını, ədəbiyyatını, dövlət
anlayışını, dini əqidə və təsəvvürlərini
araşdırmaq və öyrənmək üçün son
dərəcə tutarlı qaynaqdır.
Azərbaycan Yazıçılar Birliyi və Türk
Dünyası Yazarlar Birliyinin Türkiyə üzvü olan
Əbülfəz Quliyev bədii yaradıcılıqla da
davamlı şəkildə məşğul olur. Azərbaycanın
Türkiyədəki ilk səfiri həmyerlimiz İbrahim
Əbilovun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa
Kamal Atatürklə dostluğundan, birgə əməkdaşlığından
poetik bir üslubda bəhs edən "Qazi Mustafa Kamalın
dostu" sənədli povesti Azərbaycan-Türkiyə
dostluğuna həsr olunan, Azərbaycan-Türkiyə
dostluğunun şanlı tarixinin öyrənilməsi
baxımından qiymətli bir mənbədir.
Əbülfəz Quliyev 1920-1921-ci illərdə
Naxçıvanın erməni işğalından xilas edilməsində
böyük fədakarlıq göstərən türk sərkərdəsi
general Veysel Ünüvarın Naxçıvan
tarixşünaslığı baxımından böyük əhəmiyyətə
malik olan Türkiyədə nəşr olunmuş xatirələrini
Azərbaycan dilinə uyğunlaşdıraraq
"Naxçıvan: təlatüm və burulğanlar
(1920-1921)" adı ilə 2007-ci ildə, həmçinin
Veysəl Ünüvarın "Səkkiz ay bolşeviklərlə
üz-üzə" xatirələrini ikinci dəfə
2014-cü ildə daha da təkmilləşdirilmiş şəkildə
"Əcəmi" nəşriyyatında çap etdirib.
Tərcüməçilik fəaliyyətini davam etdirən
professor Ə.Quliyevin yeni çap etdirdiyi "Azərbaycan
xalqının taleyinin ikiyə bölən məkan: Türkmənçaya
bir baxış" adlı əsər də elmimizə dəyərli
bir töhfə olaraq qiymətləndirilə bilər. Əsərin
müəllifi Cənubi Azərbaycandan olan Hüseyn
Qaraağacdır. Əsər farsca yazılıb, Ə.Quliyev əsərin
Azərbaycan dilinə tərcüməsini uğurla həyata
keçirib. Əsərin əhəmiyyəti ondadır ki, Azərbaycan
tarixi üçün faciələrə yol
açmış Türkmənçay müqaviləsinin
imzalandığı Türkmənçay yaşayış
yeri haqda demoqrafik, etnoqrafik və tarixi məlumatlar burada
geniş yer alıb. Adıgedən əsər 1978-ci ildə Təbrizdə
nəşr olunduqdan sonra geniş oxucu kütləsinin
marağına səbəb olmuş və bu maraqdan irəli gələrək
1988-ci ildə yenidən nəşr edilmişdi. Ə.Quliyev əsərin
dəqiq tərcümə işinə böyük zəhmət
sərf edib, məzmun etibarilə düzgün
anlaşılmasına nail olub. Azərbaycan dili mütəxəssisi
olan tərcüməçi əsəri çevirərkən
ana dilinin bütün imkanlarını səfərbər edib
ki, tərcümə uğurla alınaraq əsərin dəqiq
anlaşılmasına xidmət göstərsin.
Uzun illərdən bəri fasiləsiz şəkildə,
böyük səbr və iradə ilə aktual mövzularda
qiymətli tədqiqatlar aparan, çoxsaylı kitablar və məqalələr
nəşr etdirən Əbülfəz Quliyev elmdə məxsusi
mövqeyi və xidmətləri olan ustad alim məqamını
qazanıb. Ə.Quliyev Türkiyə və Azərbaycan
arasında elmi, mədəni əlaqələrin
inkişafındakı əvəzsiz xidmətlərinə
görə Avrasiya Qurumunun xüsusi mükafatına layiq
görülüb. Professor Ə.Quliyevin öz diqqətini
çəkən, yaradıcılıq üslubuna və
ideya-estetik prinsiplərinə uyğun gələn əsərləri
tərcümə etməsi onun imzasını elmi mühitdə
tanıtmaqdan başqa, ona geniş oxucu auditoriyası
qazandırıb. O, rəsmi sənədləri bədii təxəyyüllə
işləməyin və tarixi faktlara poetik ruh verərək
publisistik ovqat qazandırmağın gücünün alimə
hər zümrədən olan pərəstişkar
qazandıracağını sübut edib. Geniş mütaliə
imkanları, zəngin təcrübə, dolğun, bol həyat
müşahidələri, elmi üslubun
aydınlığı və şirinliyinin vəhdətində
bədii üslubda da qələmini sınamağın təsadüfi
olmadığını göstərib. Həmçinin bu xidməti
ilə hər iki ölkənin - Azərbaycan və Türkiyə
oxucusunun könlünü fəth edib.
Zülfiyyə İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi İDƏİ-nin elmi katibi
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.13.