"Tikəndən bərgi-gül
izhar olur"
Qismət Cəfərovun və Səmra Həsənzadənin
həmmüəllifliyi ilə hazırlanmış
"Ümumi dilçilik oçerkləri" (Bakı,
"Elm və təhsil", 2024) kitabını böyük həvəslə
oxudum. Mövzu ilə bağlı indiyədək
yazılmış kitablara və onların müəlliflərinə
böyük ehtiramımı qəti azaltmamaq şərtilə
çox sevinirəm ki, nəhayət, Ümumi dilçilik təlimi
aydın və anlaşıqlı tərzdə oxuculara
çatdırıldı. Dilçilik elminin əsas məsələlərini
sistemli və elmi şəkildə təqdim edən
"Ümumi dilçilik oçerkləri" kitabı həm
dilçilik üzrə ixtisaslaşan tələbələr,
həm də bu sahəyə maraq göstərən geniş
oxucu kütləsi üçün maraqlı, oxunaqlı, zəngin
bir vəsaitdir.
Dilin elmi şəkildə öyrənilməsi,
başqa sözlə desək, ümumi dilçiliyin meydana gəlməsi
dünyada böyük bir tarixə malik olsa da, hətta
Bakı Dövlət Universiteti təsis edilərkən ilk
kafedralarından biri "Ümumi dilçilik" adlansa da, Azərbaycanda
dilçiliyin ənənəvi sahələri ilə
müqayisədə ümumi dilçilik çox gec - XX əsrin
50-ci illərindən sonra təşəkkül tapmağa
başlayıb. Bunun da səbəbi orta əsrlərdən
başlayaraq, Azərbaycan dilçiliyinin ərəb
dilçilik məktəbinin təsiri altında olması idi,
həm də Şərq ölkələrində dilin öyrənilməsində
leksikoqrafiya sahəsi prioritet istiqamət olub. Doğrudur, Azərbaycanda
bu işin bünövrəsi 1924-cü ildə professor Bəkir
Çobanzadənin "Türk-tatar lisaniyyətinə mədxəl"
kitabı ilə qoyulub. Həmin il Azərbaycanda ümumi
dilçiliyin bir elm kimi ilk rüşeymləri meydana gəlib.
Öz dövrü üçün əlamətdar hadisə
sayılan bu əsər türkologiyada ümumi (nəzəri)
dilçiliyə dair ilk araşdırma olsa da, 1937-ci ildə
müəllifi vətən xaini hesab edilərək özü
də qadağan edilmiş, 1966-cı ildə Nəsir Məmmədovun
"Dilçiliyin əsasları" kitabı çapdan
çıxana qədər respublikamızda bu sahəyə aid
heç bir vəsait olmamışdı. Ötən əsrin
60-cı illərindən sonra Azərbaycan dilçiliyində
Nəsir Məmmədov, Ağamusa Axundov, Musa Adilov,
Əbülfəz Rəcəbli, Afad Qurbanov, Nizami Cəfərov
kimi alimlər bu sahədə fundamental araşdırmalar
aparıb, nəzəri və praktik məsələləri
izah etmək məqsədilə bir çox əsərlər
yazıblar. Hesab edirəm ki, Qismət Cəfərov və Səmra
Həsənzadənin "Ümumi dilçilik oçerkləri"
adlı kitabı da bu sahədə mühüm hadisələrdən
biridir.
"Ümumi dilçilik oçerkləri"
kitabı dilçilik elminin əsas məsələlərini,
onun müxtəlif aspektlərini və inkişaf istiqamətlərini
geniş və aydın izah edir. Kitabın məzmunu doqquz
bölməyə ayrılıb və hər bölmə
dilçiliyin müəyyən aspektlərinə həsr
edilib. Burada dilin mahiyyəti, onun strukturu, ünsiyyətdəki
rolu, tarixi inkişafı, dilin sosial məziyyətləri və
digər nəzəri məsələlər geniş yer
alır. Kitabda həm klassik, həm də müasir
dilçilik nəzəriyyələri
işıqlandırılıb, müxtəlif dilçilik məktəblərinin
baxışları müqayisəli şəkildə təqdim
edilib. Kitab müasir elmi məlumatlarla zəngin olması və
dilçiliyin aktual problemlərinə toxunması ilə də
seçilir. Həmçinin, elmi məlumatların aydın və
anlaşıqlı dildə izah edilməsi onu yalnız mütəxəssislər
üçün deyil, eyni zamanda geniş oxucu auditoriyası
üçün də faydalı və əlçatan edir.
Sistemli və elmi əsaslara söykənən
yanaşmaları ilə fərqlənən Qismət Cəfərov
və Səmra Həsənzadə dilçiliyin mürəkkəb
nəzəri məsələlərini sadə və aydın
şəkildə izah etməyi bacarmışlar.
Kitabın nəzəri əhəmiyyəti onun
dilçiliyin əsas problemlərini geniş və əhatəli
şəkildə izah etməsi ilə bağlıdır.
Burada dilin yaranması, inkişafı, müxtəlif
dilçilik məktəblərinin nəzəriyyələri,
dilin semantik, sintaktik və fonetik xüsusiyyətləri
haqqında dəyərli bilgilər yer alıb. Dilçilik
sahəsində yazılmış digər fundamental əsərlərlə
müqayisədə, "Ümumi dilçilik oçerkləri"
daha sistemli və müasir yanaşma tərzi ilə
seçilir. Müəlliflər dilin inkişafında
texnologiyanın, medianın və qlobalizasiya proseslərinin təsirini
də analiz edirlər ki, bu da kitabın müasir elmi tələblərə
cavab verdiyini göstərir.
Kitabın digər mühüm üstünlüklərindən
biri onun geniş və sistemli tərzdə
yazılmasıdır. Müəlliflər dilçiliyin
müxtəlif aspektlərini əhatə etməklə
yanaşı, onları müqayisəli şəkildə təqdim
edirlər. Kitabda nəzəriyyələrin tarixi
inkişafı və müxtəlif baxış bucaqları
ardıcıl və məntiqi şəkildə izah edilib. F.de
Sössür, N.Xomski, V.fon Humboldt, L.Yelmslev kimi dünya
şöhrətli dilçilərin nəzəri
baxışlarının doğma dilimizdə aydın şərhi,
müasir texnologiyalar və qloballaşma kontekstində dilin dəyişməsi
kimi yeni mövzulara toxunulma, müasir dilçilik problemlərini
araşdırılması aktual elmi məlumatlarla zəngin
kitabın maraqlı tərəfləri hesab edilə bilər.
Bu xüsusiyyəti kitabın həm akademik dairələrdə,
həm də geniş oxucu kütləsi arasında daha əlçatan
və başa düşülən olmasına kömək
edir.
Kitabda müasir linqvistik yanaşmalardan geniş istifadə
olunur, strukturalizm, generativ dilçilik, koqnitiv dilçilik,
Kartezian dilçiliyi, Por-Royal qrammatikası, Gənc qrammatiklər
nəzəriyyələri ətraflı təhlil edilir. Müəlliflər
dilin sosial-mədəni kontekstdə dəyişməsinə
diqqət yetirir, dilin fəlsəfi mahiyyəti
araşdırılır.
Azərbaycanda elmi dilçiliyin 100 ildən artıq
yaşı (Mahmud Kaşğarilərə, Mirzə Kazım bəylərə
Allah rəhmət eləsin!) vardır ki, ilk nəsildə
Aleksandr Samoyloviç, Yevgeniy Bertels, Nikolay Aşmarin, əslən
Krım tatarlarından olan Bəkir Çobanzadə kimi əcnəbi
alimlər dayansa da, ikinci nəsildə artıq milli kadrlar
üstünlük təşkil edirdi -
Əbdüləzəl Dəmirçizadə, Məmmədağa
Şirəliyev, Muxtar Hüseynzadə və digərləri.
Üçüncü nəsil bir qədər də irəli
gedərək Müasir Azərbaycan dilinin əsas istiqamətlərinin
nəzəri əsaslarını, hətta məktəblərini
yarada bildi -
Ağamusa Axundov, Əlövsət Abdullayev, Fərhad
Zeynalov, Yusif Seyidov, Tofiq Hacıyev və başqaları.
Dördüncü nəsil isə - Nizami Cəfərov, Kamal
Abdulla, Firudin Cəlilov, Kamil Vəliyev, Tofiq Müzəffəroğlu
və digərləri yaradılmış əsasların
üzərində daha aydın, daha dərin və daha milli
dilçilik konsepsiyası yaratmağa müvəffəq
oldular. "Ümumi dilçilik oçerkləri"
kitabını oxuduqdan sonra bir daha əmin oldum ki, beşinci nəsil
də uğurla bu sıraya qoşulmaqdadır. Bununla birlikdə
beşinci nəslin missiyası digərlərindən fərqli
və bəlkə, daha da mürəkkəbdir. "Dəmir pərdələrin"
götürüldüyü, dünya elm xəzinəsinə
qapıların açıldığı, İKT
imkanlarının geniş şərait yaratdığı
müasir dövrdə bu nəslin əsas qayəsi indiyədək
mövcud olan dərslikləri, dərs vəsaitlərini,
monoqrafiyaları aydın və səlis Azərbaycan dilində
oxucuya çatdırmaqdır. Kitabı vərəqlədikcə
bu nəslin ağır və məsuliyyətli bir yükü
çiyinlərinə götürdüyünü hiss etdim,
Füzulinin məşhur beyti yadıma düşdü:
Məndə tovfiq olsa,
bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən
bərgi-gül izhar olur.
Sevindiricidir ki, dilçilik elmimizin
"novbaharı" artıq gəlib yetişib və Muxtar
Hüseynzadələrin, Ağamusa Axundovların əkdikləri
qızılgüllərin "tikənlərindən bərgı-gül
izhar olmağa" başlayıb. Arzu edirəm ki, bu yarpaqlar və
çiçəklər hələ uzun illər təravətini
qoruyaraq Azərbaycan ümumi dilçilik elmini öz rayihəsi
ilə rövnəqləndirsin və yeni güllərin
açılmasına meydan yaratsın.
Fikrət ŞİRİYEV
Bakı Dövlət Universitetinin dosenti
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.12.