Bənövşələr qar
göyərdən yerdə əriyən torpaq
"Qalarammı, ölərəmmi?
Bunu Allah bilir, Çingiz..."
Yaradıcı insanda bəlkə hamıdan daha
çox, hər kəsdə olduğundan daha güclü bir
hiss - Məndən Sonra...
Əslində, hər bir insan, ağlı kəsəndən,
həyatı dərk edəndən, bəlkə adını
bilmədən, bəlkə məğzinə varmadan,
üstünə getdiyi bir hissin diktəsilə yaşayır,
nə edirsə, nə yığırsa, necə xərcləyirsə,
bununçündür. Gedəcəyini yəqin bildiyi bu həyatdan,
bir ömür uzunu yaşadığı sevdalardan,
qovğalardan qopmaq, üzülüşmək nədən belə
qorxudur insanı? Və kimin ağlına gəlir ki, elə bu
Qorxuyla güclüdür, bu Qorxuyla gözəldir insan?
İnsanı güclü, gözəl edən Qorxunun bir
adına sevgi deyərlər. Baxdığını Görmək,
gördüyünü Duymaq, duyduğunu Yaşamaqdır
sevgi. Çingiz həyatı belə sevirdi...
lll
"...Mən hər efirə çıxanda... bu, tək
mən deyiləm... Bu həm də babamın, atamın
davamıdır..."
Sevda Ələkbərzadə bu sözləri deyəndə
təkcə bir atanın yox, həm də bir yaradıcı
insanın nigaran duyğularına xatircəmlik
möhürü vururdu. Söhbətimizin əvvəlindən
sonuna mən Sevdanı tək görmədim. Ələkbərzadələr
üçbucağını təkcə eyni soyad
qapamırdı; bu üçlüyü birləşdirən,
ayrılmaz edən daha başqa nəsnə vardı - istedad.
Bu "başqa nəsnə" də təzə
deyildi, əslində. Yubileysiz-filansız, İntiqam
Qasımzadə Çingiz Ələkbərzadəni hər
xatırlayanda bu sözü mütləq işlədirdi. Və
bu yazı ilə bağlı söhbətdə də bu məqam
önə çəkildi.
lll
- İntiqam müəllim, Çingiz Ələkbərzadə
kimdir?
- Çingiz Ələkbərzadə, hər şeydən
əvvəl, istedadlı insandı. İstedadlı şair,
istedadlı nasir,.. çoxdur. Çingiz, ümumən, insan
kimi çox istedadlı idi. O, ədəbiyyatda tam mənada
açılmadı. Baxmayaraq ki, maraqlı
yazıçıydı, xüsusən,
yaradıcılığının son dövr nümunələri
böyük marağa səbəb olmuşdu, Çingizin
yazıçı istedadı tam açılmadı. Hər
halda, Çingiz Ələkbərzadə
altmışın-cılar nəslinin layiqli nümayəndələrindən
biridir.
Yaşıdlarından fərqlənirdi.
Uşaqlıqdan həyatın qaynar yerlərində
böyümüşdü. Küçəyə pəncərədən
baxan uşaqlardan olmayıb; elələri də var,
"dibçəkdə böyüyən" ifadəsini
xatırlayın. Çingiz, məhəllə həyatı
var ha, bax, o həyatı da yaşamışdı.
İstedadının iki qolu vardı. Biri genetik qoldu - görkəmli
yazıçı Əbülhəsənin oğluydu, o biri isə
həyatdan gəlirdi.
Çingiz çox şeyə qeyri-ciddi yanaşa bilərdi,
bəzi məsələlərdə, ola bilərdi ki, üzdən
getsin, amma yaradıcılıqda son dərəcə ciddi idi.
Onun yaradıcılığında saxtakarlıq yox idi.
Çingizdə detalı görmək, həyatı
müşahidə etmək qabiliyyəti vardı. O da Allah vergisidi.
Yaradıcılığının ilkin dövrlərində
yazdığı bir hekayəsi var, yaltağın son dərəcə
orijinal obrazını, yaltaqlığın patoloji
halını vermişdi. Yüz cürünü
görmüşük yaltağın, Çingizin
yaltağı isə "dahiyanə" idi, mən bu gün
də o hekayəni, o yaltağı xatırlayıram.
Çingiz, həqiqəti deməyə şərait nə
qədər imkan verirdisə, onu deyirdi, yazırdı...
lll
"Ədəbi tənqid Çingizi "və
başqaları" siyahısına saldı, halbuki onun
istedadı "və başqaları"
siyahısının çəpərlərinə qətiyyən
sığışmırdı" (Elçin).
..."Yarpaqlar töküləndə" (1964)
kitabı təkcə maraqlı, təbii
yazıçını təqdim etməsilə diqqət
çəkmədi. Deyəsən, bu kitabda toplanan hekayələrdə
sosializm realizminin prinsipləri ilə uyusmamaq meyli vardı, həyatın
ziddiyyətlərindən yox, daha çox insan münasibətlərindən
danışırdı, fərdin xarakterini müşahidəyə
köklənmişdi. Müəllifin ideoloji tendensiyasından
da birmənalı şəkildə danışmağa haqq
vermirdi.
Əvəzində isə, sənətkarlığın
cizgiləri aydın hiss edilirdi.
Çingiz Ələkbərzadə ilk kitabının
nəşrindən altı il sonra Yazıçılar
İttifaqının üzvlüyünə qəbul
edilmişdi. 70-ci illərdə isə, Çingizin ədəbi
axtarışları insan fəlsəfəsindən həyat fəlsəfəsinə
keçid kimi xarakterizə oluna biləcək mərhələyə
daxil olmuşdu. Bu, yalnız hekayə-povest-roman
ardıcıllığı ilə
ölçülmürdü. "Güllələr dənizdə
sönür" (1973), "Qızıl yəhərli at"
(1976), "Çılpaqlı" (1979) kitabları
Çingiz Ələkbərzadənin yazıçı
istedadının ilk yaradıcılıq nümunələrindən
özünü bəyan edən səciyyəviliyin bədiiliklə
uzlaşması, həyat həqiqətini bədii həqiqətə
çevirə bilmək məharətinə şahidlik edirdi.
Amma ilk kitabdan bəri dəyişməyən ciz-gilər də
vardı və bu sırada ilkin yada düşən
Çingizin dilidir. Bu dil sadə, aydın, səlisdi, oxucunu
yazıçıya yaxınlaşdıran, əsərin təsir
gücünü şərtləndirən təbiilik, təhkiyənin
inandırıcılığıdır.
lll
1970-ci illərdə Çingiz Ələkbərzadə
yalnız yazıçılıqla məşğul olmurdu.
Çingiz Azərbaycan Teleradio Verilişləri Komitəsində
çalışıb, dövri mətbuatda seçilən
imza qoyub. Kinostudiyada fəaliyyəti də bu illərə
aiddir. Rəngarənglik, qaynar və sürətli ritm
Çingizin həyat tərzi və məşğuliyyətləri
üçün ümumiləşdirilmiş cizgilərdi.
Görünür, hər şey xarakterdən su içir.
İntiqam Qasımzadə də söhbətini bu
yöndə davam etdirir:
- Çərçivələrə sığan adam
deyildi. Çingizin çoxlu və müxtəlif dostları
vardı. Onun dostları təkcə yazıçı dəstəsindən
deyildi, həm də sənətə dəxli olmayan
insanlardı. Sanki onları öyrənirdi, amma qəsdən
eləmirdi. Bioqrafiyasını nəzərdə tutub dost
seçmək Çingizin təbiətinə yaddı;
saxtalığı sevmirdi, özündə də qeyri-səmimi
heç nə yoxdu. Çox poetik oğlan idi. Çingizin məhəbbəti
də çərçivə bilmirdi; ölçüsüz
sevirdi və onun üçün başqa şeylər əhəmiyyətsizdi.
Belə sevə bilən insanlar az-az olurlar. Bir xüsusiyyəti
qeyd etmək istəyirəm: sevən, sevməyi bacaran
insanların göyçək, məzmunlu, istedadlı
uşaqları olur.
Söhbətimizin əvvəlində Çingizin
çoxcəhətli istedadının tam
açılmadığını qeyd etdim. Çingiz
çox gözəl oxuyurdu, heyif, müğənni kimi də
açılmadı. İsmayıllıda, May dərəsində
bulaq başında oxumaları, səsi bu gün də
yadımdadır.
Mən Sevda Ələkbərzadənin ilk
ifasını dinləyəndə o dəqiqə hiss etdim ki,
bu cür gözəl, içəridən gələn,
musiqini bu qədər duyan bu səs yalnız Çingiz Ələkbərzadədən
gələ bilər...
...Ruhu şad olsun Çingizin. "Zindan"ı biz
çap etdik; İsa İsmayılzadə rəhmətlik, mən.
Bir an da tərəddüd etmədik, Çingizə də,
İsmayıl Qarayevə də münasibət birmənalı
deyildi, bunu danmaq gərək deyil (hər ikisi həbsdə
olmuşdu axı). İsmayıl da çəkinə-çəkinə
gəlmişdi redaksiyaya. Biz onun yazılarını verdik
jurnalda və maraqla qarşılandı. Çingiz də
inanmırdı onu çap edələr. Ancaq "Zindan"
çox böyük marağa səbəb oldu. Bir halda ki,
söhbətimiz bu məcraya yönəldi, mən bir qənaətimi
də demək istəyirəm. Çingizin həyatında
baş verən o hadisə, mən bu gün də əminəm,
bir qurama idi...
lll
"...Həyat ona qarşı ədalətsiz oldu və
həyat ondan nəyin intiqamını alırdı - bunu mən
heç cürə başa düşə bilmirəm"
(Elçin).
"Həyatın ona qarşı ədalətsizliyi"
Çingizin ömründə bir vulkan oldu. 80-ci illərdə,
əslində, cəmiyyət, rejim vulkan xofu
yaşayırdı.
Və mən deyə bilmirəm ki, Çingiz Ələkbərzadənin
80-ci illərdə çıxan tək bir kitabını
"Vulkan" adlandırması yazıçı
intuisiyasıydı, ya tale xəbərdarlığıydı,
yoxsa adi təsadüf?! Hər halda, növbəti dəfə
oxucular yazıçı Çingiz Ələkbərzadəni
yeni ampluada gördülər. "Həyat və həqiqət
aşiqi" Çingiz "Vulkan"dan sonra "üzdə
gülüb, içdə ağlamaq yeri olan "Zindan"
sakinlərini, onların dünyasını bütün
çılpaqlığı, sərtliyi və
amansızlığı ilə oxucu mühakiməsinə verdi.
Səhv etmirəmsə, bu, Azərbaycan ədəbiyyatında
yeni mövzuydu - hər halda, "Brilyant məsələsi",
"Qara Volqa" kitablarından sonra, "Zindan" (1992),
"Qumarbaz" (1993), "Türmə mənim
ahımdı" (1993) kitabları "içəridən"
yazılmış əsərlər kimi əl-əl gəzirdi.
Sonuncu kitabında şeirləri toplanmışdı və
"içdə doğulan göz yaşı hardasa gəlib
şeirə dönəcəkmiş" deyən Çingizin
həbsxana divarları arasında yanan illərinin söz şəklidi.
lll
Yaradıcılığının bu səhifəsini
tale oyunu hesab etmək olarmı? Hər halda, çox acı oyundu.
Bu, hər nəydisə, Çingiz onu əvvəl-əvvəl
ciddiyə almamışdı.
"Əvvəl elə başa düşdüm ki,
zarafat edirlər. Axı niyə tutmalıydılar məni?
Çoxları ilə tanışam, bəziləri
kitabımı oxuyub. Aralarında çörək kəsdiyim
adamlar da olub. Hər şey o yana, hansı günahın sahibiyəm?"
Bu "zarafat" Çingizi "Azadlıq var, ya
xülyadı?" sualı qarşısında
çaş-baş qoydu. Bu sualdan sonra dünyanın, həyatın
bütün sualları cavabsız qaldı. Cavabsız suallar
dünyanın, həyatın rənglərini qaraya
düyünləyirdi, vaxtı itkin salırdı.
Allahım, gözümnən bu dərdi
çıxart,
Yerinə bir zərrə işıq səpələ.
- (Şeir Çingizindir).
Vaxtı tapmaqçün istədiyi bir zərrə
işığı nə qədər gözləməli
oldu? Beş dəqiqə, bir il, ya bir ömür boyu? Və
bunun fərqi vardımı? Çingiz "payını"
götürmüşdü.
Lap yaşa əllini, yüzü, yetmişi,
Kədərim gözümnən silinən deyil.
Nə yaxşı, bu dağı aşmaqçün
Dünən vardı....
Bilirsən nə idim azadlığımda,
Cənnətə oxşayan dünyam
varıydı. (Bu da
Çingizindir)
Bu daş qəfəslər də onu bircə zərrə
işığın, bircə qətrə ümidin qiymətiylə
sınağa çəkirdi.
"Bir dəfə bütün insanlara, cəmiyyətə
nifrət elədiyim bir vaxtda varanok (dustaq aparan maşın -
red.) məni Ali Məhkəməyə aparırdı. Birdən
maşın ayaq saxladı. Mən şəhəri görə
bilmirdim. Küçədən kiminsə səsi gəldi: -
"Ey, saldat, maşında dustaq var?" "Var" dedilər.
- "Xahiş edirəm bu siqareti verin ona".
Bir qutu siqaret idi. Mən "Prima"nın birini
yandırdım. Varanoka dolan tüstünün dumanında bir
aydınlıq gördüm. Mənə elə gəldi ki,
siqareti verən adamın gözləri bu dəmir
qaranlığı əritdi və həmin o anda da varanok mənim
aləmimdə dayandı, cəmiyyətin hərəkəti
başlandı. Mənim vaxt əqrəbim işə
düşdü, zaman addımladı, yer təzədən
günün başına dolandı".
"Bu bir damcı məhəbbət" Çingizin
azad dünyada qalan cənnətinə, Niyalın quzey
qarına dönəcəyinə işarəydimi? Hər
halda, bu misralar belə düşünməyə vadar edir:
Yaşıl budaq olub təzdən bitməyə,
Təmiz vicdan ilə evə getməyə,
Hakim düzlüyünü bayraq etməyə
bəraət istəyirəm.
lll
Həyatı, Azadlığı
ölçüsüz sevən, sevdiyi Azadlığı əlindən
qəfil alınıb, əzizlərindən, Günəşdən,
Səmadan, genişlikdən əli üzülən bir
insançün məhbus həyatı yaşamağın əzabından
sonra çəkiləcək bir Ağrı ola bilərdimi
görəsən? O həyat bir məhək daşı
olmuşdu. Dostlar - sınaqdan sınıq çıxanlar lap
çox olmuşdu. İnam - o daş qəfəsdə
yaralanmışdı. "Zindan"da da, "Qumarbaz"da da
həyatın sərt üzünü,
amansızlığını yaşamış
yazıçının Ağrısı qarşısında
Həyatın bütün rəngləri sönükdü,
oxucu nədənsə özünü xəcalətli hiss edirdi.
Qaranın qara, işığın işıq rəngini
itirib, hər şeyin bozluğa büründüyü həyatda
Çingizin məhbəs günlərinə
"şükürlü" deyə biləcəyi
ağıla gələcək bir şey deyildi... amma... oldu. Və
məhz bu məqamda Çingiz Ələkbərzadənin vətəndaş
qayəsi, milli heysiyyəti Yazıçı
baxışıyla birləşib, İnsanı, onun
duyğularını, qənaətlərini heç bir elektron
qurğunun "oxuya bilməyəcəyi mətnə"
çevirdi.
Qazamatda cəza çəkilər gedər,
Vaxtı çatanların biri də qalmaz.
Elə cəza verdi mənə şəhidlər,
Bu cəzanı çəkib qurtarmaq olmaz.
lll
90-cı illərin əvvəllərində
Çingiz Ələkbərzadə "yaşıl budaq olub
təzədən bitmək, təmiz vicdan ilə evə getmək"çün
gözlədiyi Bəraəti alıb, Azadlığa
qayıtmışdı. Amma bu, artıq onun
Azadlığı deyildi; rəngini, tamını dəyişmiş
bu "yeni" Azadlıqda Çingizin iki dayağı
vardı; biri ailəsi, biri də Söz. Bir hiss də
vardı ki, onu Çingizdən heç nə ala bilməmişdi,
onu heç bir pislik, namərdlik, "həyatın dibində"
yaşadıqları da sındıra bilmədi və
Çingiz həyatın ən ağır məqamlarında,
məişətin ən çətin anlarında da vətənpərvər
duyğularına xəyanət etmədi, milli heysiyyətinə,
Məninə dönük çıxmadı.
"Bir dəfə Moskvadan bir milyonçu zəng
edib, atama təklif etdi ki, onun "Zindan" əsərini
ekranlaşdırmaq fikrindədir. Buna görə atama 50 min
ABŞ dolları qonorar vəd olunurdu. O adamın bir şərti
vardı ki, filmdə rus aktyorları oynayacaq. O zaman
üçün bu məbləğin nə demək
olduğunu, xüsusən də bizim vəziyyətimizdə, təsəvvür
edirsiniz də. ...Sevinirdik, çox sevinirdik. Ancaq atam nə desə
yaxşıdır: "Bu, Azərbaycan həyatıdır,
onu heç bir Alyoşa oynaya bilməz!" ...Mən sonralar
başa düşdüm ki, o cür çətin vəziyyətdə,
elə şirnikləndirici təklifin qabağında belə
cavabı ancaq Çingiz Ələkbərzadə verə bilərdi...
Çox vətənpərvər insandı..."
(Qızı Sevdanın dediklərindən).
lll
Bu, sadəcə, bir övladın atası haqqında
düşündüyü deyildi, bir yaradıcının,
peşəkarın başqa bir peşəkarı,
yaradıcını anlaması, ona haqq
qazandırmasıydı.
"Alman şərabı"nı da çəkmək
istədilər Bakıda. Birisi həmmüəllif kimi öz
adının da yazılmasını təkid edirdi. Atam buna da
razı olmadı..."
Görünür, Çingiz Ələkbərzadə
o söz adamlarındandı ki, sözünün qiymətini
bilirdi, ehtiyac üzündən, ya başqa səbəbdən
sözünü satıb, sonra kənardan boyun büküb həsəd
və həsrətlə sözünün dalınca boylanmaq
onun işi deyildi. Yeri gəlmişkən, Çingiz Ələkbərzadə
70-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında
da fəaliyyət göstərib, ilk çoxseriyalı filmin
("Abşeron") ssenari müəllifi olub. 70-ci illərin əvvəlləri
kinostudiyanın qızıl dövrüydü və o
dövrdə kinostudiyada çalışan əksər
insanlar üçün peşəkarlığın, sənətə
münasibətin ölçüləri başqaydı.
Çingiz Ələkbərzadənin film çəkilişlərinə
münasibətdə belə mövqeyində həm də həmin
o dövrün ab-havası duyulur.
lll
Sevda Ələkbərzadənin peşəkar səhnədə
hər çıxışı ifaçılıq mədəniyyətimizin
uğurlarına yazılır. Çoxcəhətli
istedadının bu adı dünya səhnəsinə
çıxaracağına onun sənətini izləyənlər
əvvəldən inanırdılar. Bir neçə il əvvəl
Sevda Bülbül, Şövkət Məmmədova, Azər Zeynalov,
Fidan Hacıyevadan sonra Azərbaycan peşəkar musiqisinin səviyyəsini
İtaliyada yada salmışdı. Bu istedadlı müğənninin
"Şəbi-hicran" layihəsi Azərbaycan
tamaşaçısına möhtəşəm ifa və
gözəl səsin zövqünü yaşatdı.
"Şəbi-hicran"ın məşqləri gedəndə
qəflətən yadıma düşdü ki, atamla babam ailəmizdəki
məclislərdən birində "Şəbi-hicran"
oxumuşdular, onun kaseti də var. Bu, 1983-cü ildə
olmuşdu. Sonra babam Əbülhəsənin
(yazıçı Əbülhəsən Ələkbərzadə)
dəfnini xatırladım. Onu da "Şəbi-hicran"la
yola salmışdılar... Və indi mən, böyük səhnədə
"Şəbi-hicran"ı ifa edirəm...
lll
Bir vaxtlar babası Əbülhəsənin baş
redaktor olduğu "Azərbaycan" jurnalının
redaksiyasında Sevda Ələkbərzadə neçə il əvvəl
atası - yazıçı Çingiz Ələkbərzadə
haqqında danışmışdı və bu
görüşdən aldığım ən ümumi təəssürat
bu olmuşdu ki, hansı sahədə işləyir-işləsin,
nədən danışır-danışsın, peşəkar
insanla ünsiyyətdən həmişə məmnun hisslər
qalır. Bu söhbətdə Sevdanın bütün
uğurlarından görünən zərif, kölgəli bir
nisgili hiss etməmək mümkün deyildi...
Və bir də Çingiz Ələkbərzadəni -
çox əsərlərini oxuduğum bir
yazıçını mənə daha çox tanıdan,
yaxınlaşdıran İntiqam Qasımzadənin təklifində
nə qədər haqlı olduğunu hiss etmişdim:
"Çingiz haqqında danışmaqçün ən
yaxşı həmsöhbət onun övladı olacaq, Sevda
Ələkbərzadə ilə görüşməyin məsləhətdi".
lll
- Sevda xanım, Çingiz Ələkbərzadənin
tərcümeyi-halında yazılıb ki, Bakıda anadan olub,
Tovuzda orta məktəbi bitirib. Ələkbərzadələr
ailəsinin həyatı və fəaliyyəti isə Bakı
ilə bağlı olub.
- Atam o qədər dəcəl uşaq olub ki,
Bakıda oxumadığı məktəb olmayıb və belə
qərar olub ki, orta təhsilini Tovuzda bitirsin. Tovuzda da dəcəlliyi
ilə yadda qalıb.
- Tərcümeyi-halında diqqəti çəkən
onun fəaliyyət yerdəyişmələridir. Müəllimlik,
teleradio şirkəti, mətbuat, kinostudiya, yenə
jurnalistlik... Səncə, nədir bu, - özünü
axtarmaq, özünüifadə cəhdi?
- Mən buna özünü axtarmaq deməzdim. Atam
yazıçıydı, həm də jurnalistdi, gözəl
jurnalistdi, ssenari də yazırdı. Hərdən məndən
də soruşurlar ki, nə oxuyursan - bu, cazdır, muğamdır,
popdur, caz-rokdur, xalq musiqisidir?
Əslində, mən sənət adamıyam. Mən
bunların hər birində oxumağı bacarıram. Əgər
sən həmişə eyni şeyi eyni cür oxuyursansa, deməli,
sən böyümürsən, inkişaf etmirsən. Bir var
dar profilli, bir də var geniş profilli. Atam geniş profilli
idi. Buna baxmayaraq, azad insan idi, televiziyada ştat üzrə
işləmirdi, ştat hardasa onu bağlayırdı, qoy
ştatdankənar işçi olum, amma azadlığım
olsun, - deyirdi. Heç bir iş onu tutub saxlaya bilmirdi, bir
gün bir yerdə dura bilmirdi atam. Azadlığı çox
sevən insandı. Ona görə də gedib o həyata
düşmək onunçün çox böyük stresdi. Həmişə
deyirdi ki, mən 50 yaşımdan sonra yazmağa
başlayacağam.
50 yaşını da, elə oldu ki, məhbəsdə
qarşılamalı oldu və "Zindan",
"Qumarbaz" məhz o yaşında yazıldı. Bir tərəfdən...
gördü, yazdı, babam da müharibəni görüb,
orada iştirak edib yazmışdı, atam da o həyatı
yaşayıb yazdı.
- Ailədə necəydi Çingiz Ələkbərzadə?
- Atamı tanıyan hər kəs onu deyib-gülən,
yeyib-içən, şən, mehriban, səmimi insan kimi
xatırlayır. Ailədə ağırxasiyyətdi, bizə
qarşı çox ciddi idi. Yazıçı ailəsində
böyüyürdük, amma burada heç nə
formalaşdırılmırdı, hər şey
alınırdı. Məsələn, biz musiqiyə haradan gəldik?
Ailədən. Bizim axşamlarımız bilirsizmi necə
keçirdi? Qonaqsız günümüz yox idi.
Yazıçı dostları gəlirdi, böyük bir stol
arxasında keçən o saatlar təkcə yeyib-içmək
məclisi olmurdu, yaradıcılıq gecələriydi.
Şeir deyirdilər, mütləq və mütləq musiqi
olurdu, atam muğam oxuyurdu. Yadımdadır, "Leyli və Məcnun"u
əzbərdən bilirdi. Leylinin partiyasını da, Məcnunun
partiyasını da tək ifa edirdi. Təsəvvür edin, mən
səhərlər royal arxasında muğam oxuyan atamın səsinə
oyanırdım. Və mən aludə idim o oxumalara. Əgər
xanəndə olsaydı, atam korifey xanəndələrdən
biriydi indi. Musiqiyə sevgimiz atam tərəfdən gəlib. Nənəmin
gözəl səsi vardı, nənəm də aşıq
mahnılarını ifa eləyirdi. Mən xalq musiqisini, caz
musiqisini sevirdim, atam da muğam oxuyurdu, Pitersonu oxuyurdu. Elmira
uşaqlıqdan musiqi ilə məşğul olurdu; pianoya
gedirdi. Axşamlar bacım pianoda ifa edirdi, mən Üzeyir
Hacıbəyovun "Sənsiz"ini oxuyurdum.
Alqışlar-filan... Yəni axşamlarımız belə
keçirdi. Buna baxmayaraq, mənim bu sənətə gəlməyimə
icazə vermirdilər. Dedilər səhnəyə
çıxmayacaq. O vaxt çətindi, məsələn, mənim
anam (biz nənəmə ana deyirdik) atama icazə verməyib
oxusun, əslində, atamın da istəyi oxumaq olub... Bir dəfə
məktəbdən gəldim evə, oturub royal arxasında ifa
edirdim. Birdən atam qapını açıb girdi içəri,
dedi ki, Allah qızıma istedad verib və mən bu istedadı
qızımın əlindən ala bilmərəm. Onda icazə
verdi mənə, çünki gördü və duydu ki, mən
sənəti necə dərindən sevirəm, nəyinsə
xatirinə oxumaq istəmirəm. Üstündən illər
keçəndən sonra, birinci albomum çıxanda ("Dəli
ceyran") bir gün görürəm oturub pəncərənin
qabağında, maqnitofonu yandırıb "Dəli
ceyran"a qulaq asır; elə dinləyir ki... hiss etdim ki,
gözləri dolub. Çəkildim bir kənara, heç məni
görmədi, onda bildim ki, üzümə heç vaxt tərifləməsə
də, mənimlə fəxr edir. Amma üzümə həmişə
tənqid eləyirdi, məsləhət verirdi. İlk dəfə
Azərbaycan televiziyasına da əlimdən tutub atam
aparıb; hansısa müsabiqəydi. Sonra Rafiq Babayevlə,
Vaqif Gərayzadə ilə də tanış etdi, diqqətlə
izləyirdi, baxırdı ki, harada, necə məşq edirəm,
oxuyuram. Bir sözlə, hər cəhətdən dəstəkdi
bizə. Sənətdə də, sənətə
yanaşmaqda da, tərbiyədə də...
Bizim evə heç bir vaxt asan heç bir şey gəlməyib.
Babam yaza-yaza, atam da elə... Olub ki, biz çox yaxşı
yaşamışıq, heç nədən korluq çəkməmişik.
Amma elə vəziyyət də olub ki, çox çətinlik
görmüşük. Yəni həmişə enmə-qalxma...
Atam bizə deyirdi ki, biz pulumuzu əzab-əziyyətlə
qazanmalıyıq. İndi də eyni şeydir...
- Həyatının
çətin günlərində
atanızın dostlarından mənəvi dayaq
gördünüzmü?
- ...O hadisəyə qədər qapımızın
dabanı dayanmırdı yerində, atamın
qohumlarının, dost-tanışların gəlmədiyi
gün yox idi. Mən heç bir ad çəkməyəcəyəm,
bir neçə nəfər oldu ki, onlar doğrudan da sadiq
qaldılar atama. Amma çoxundan elə hərəkətlər
gördük ki, ayaq altından yer qaçırdı. O səs-küylü
ev birdən-birə boşaldı. Yəqin atam sonradan bildi ki,
dost çox olmur... Nə yaxşı ki, anam atamı çox
sevirdi, nə yaxşı ki, o, gözəl gəlin idi,
atamın arxasınca hara lazımdı, getdik, atam harada oldu,
biz də həmişə orada olduq... Mənim yanımdan indi
də türmə maşını keçəndə
gözüm yaşla dolur; o vaxtlar yadıma düşür...
Nənəm Moskvayacan getdi, bizə açıq-aşkar
deyirdilər ki, bu həbs sifarişdir. Hər yerdə hörmət
edirdilər atama, şair deyə yuxarı başda oturdurdular.
Biz məhkəmədə olurduq, o məhkəmələr
filmləri xatırladırdı. Yalançı şahidlərin
ora-bura vurnuxmaları... Antipodlara bənzəyirdilər.
Atamın operatoru, hansı ki, ailəsi ilə bizim evdə
olurdu, o, atama qarşı çıxdı. Sonra atam bəraət
alıb qayıdanda gəldi evimizə, atamın qarşısında
diz çökdü, ağladı ki, bağışla.
- İnsanlara münasibəti
necə, çoxmu dəyişdi atanın?
- Oradan çıxanda tamamilə dəyişmişdi
atam. Əslində, yenə də xeyirxahdı, heç nəyə
baxmayaraq, deyib-gülürdü. Yadımdadır ki, yanına
bir çox jurnalistlər gəlirdi, məsləhət
alırdılar ki, məsələn, bu süjeti necə
hazırlayım. Mənə dünən Ənvər
Qafarlı dedi ki, atam ilk jurnalistdi ki, sərbəstliyi gətirib
jurnalistikaya. Əvvəl hər şey qabaqcadan
yazılırdı, yoxlanılırdı, amma Çingiz
improvizəni xoşlayırdı və onun verilişləri elə
də gedirdi efirə...
O ki qaldı dəyişməyə, oradan
çıxandan sonra da asan deyildi. Əslində, o bəraət
də boş şeydi, hər şey onun
sağlamlığından, ömründən keçib getdi,
bax, onu dəyişmək olmadı...
lll
- Bütün bu yaşananlar, sizcə, nəyi dəyişdi?
- Mən onda ikinci sinifdəydim. Bizim olanlara
reaksiyamız əslində böyüklərdən gəlirdi.
Biz görürdük ki, necə əziyyət çəkirdilər,
nənəm xəstələnib yatağa düşdü. Nənəmi
o əsəb, o stress apardı. Biz öyrəşməmişdik
belə şeylərə. Bunlar ağıla gələ bilməzdi,
atamın sərt jurnalist olmasından yanaydı. Nə qədər
deyirdilər ki, sən də hamı kimi ol, yox, o deməliydi
sözünü... Hər şey gəldi-gedərdi. İnsana
ya rəhmət qalır, ya lənət. Mən hara gedirəm,
atam haqqında elə gözəl, isti sözlər eşidirəm
ki... demirlər Sevda Ələkbərzadə, deyirlər
Çingizin qızı, bax, bu, mənim başımın
ucalığıdır. Mənim sənətlə məşğul
olmağım-filan atamın başının
ucalığıdır. Babam yazıçıydı,
sırf yazıçı-jurnalistdi, mən oxuyuram, bu da sənətin
davamı deməkdir. Atam babam Əbülhəsənin sənətinin
davamı olub, mən babamla atamın sənətinin
davamıyam. Bəlkə gələcəkdə uşaqlar sənətlə
məsğul olacaqlar, ya olmayacaqlar, bilmirəm. Əsas
insanın mərd olmağıdır, hörmət
qazanmağıdır. Ola bilsin ki, sən üçqat Xalq
artistisən, rusların bir məsəli var: "Mojno zavoevat
polojenie, no nevozmojno zavoevat uvajenie. Samoe qlavnoe - eto zavoevat
uvajenie".
İnsan, mənim fikrimcə, ilk növbədə,
insanların hörmətini qazanmalıdır. Atam da, nə
yaxşı ki, gözəl sənətkar olub,
yazıçı, jurnalist olub, ilk növbədə və ən
əsası, gözəl insan olub və böyük hörmət
qazanıb... Atamın kitablarının
satıldığını, kiminsə əlində
oxuduğunu görəndə çox sevinirəm. Bu, tez-tez
olur, səfərlərə gedəndə aeroportda çox
rastlaşmışam belə insanlarla.
lll
- Əbülhəsənin 100 illik yubileyi olanda Sevda
Ələkbərzadə televiziya kanallarından birinə
müsahibə verirdi və bu, deyək ki, emosional, bir qədər
də ismarış notları sezilən bir müsahibəydi...
- Bilirsinizmi, təkcə öz babam, atam
üçün demirəm, yazıçı öz ailəsi
üçün yazmır, xalqı üçün yazır.
Mənim babam, atam da Sevda, Elmira, Zaur üçün yazıb
qoymayıb. Çox əfsuslar olsun ki, sən zəng vurub,
qapı döyüb xatırlatmalısan ki, Əbülhəsən
Ələkbərzadənin yubileyi yaxınlaşır...
Əbülhəsən Azərbaycan sovet ədəbiyyatında
ilk romanın müəllifidir. Deməli, mən yoxamsa, bu
yubiley də olmayacaq... Əvvəllər mən bunu dərk edə
bilmirdim. Düşünürəm ki, bu tədbirləri bu
işlə bağlı təşkilatlar, dövlət
keçirir. Mən belə xahiş etməyə utanıram,
ayıb bilirəm. Atamın yubileyi ilə bağlı da mən
heç yerə məktub yazıb müraciət etməmişəm...
Əlbəttə, istərdim, çox istərdim ki,
uğurlarımı atam da görsün, eşitsin, amma... mən
qəti əminəm ki, o, bütün bunları görür
də, eşidir də...
- Olur ki, yorulursan, darıxırsan, özünlə
qalmaq, atanla oturub nədənsə danışmaq istəyirsən...
- Olur, çox olur. O zaman daha çox şeirlərini
oxuyuram. Düzdür, romanlarını, hekayələrini də
oxuyuram. Nəsrində obrazlar var, filan.., amma şeirdə tam
özüdür. Bizə yazdığı şeirləri də
var atamın. Amma bilirsiniz, sakit, həyəcansız oxuya bilmirəm.
Məsələn, götürdüm Puşkini, Axmatovanı
oxudum, bu, başqa şeydir, atamı oxumağım başqa.
Atamın şeirlərini tam başqa hisslərlə oxuyuram...
- Maraqlıdır, Sevda Ələkbərzadə
atasının ona çox yaxın olan, Çingiz Ələkbərzadənin
obrazını gördüyü bir şeirini layihələndirməyi
düşünübmü?
- Əgər şeirlərini oxumusunuzsa, bilirsiniz ki, mənim
atam nəğməkar şair deyil. Amma onun babama həsr etdiyi
bir şeiri var. Babamın yubileyi ərəfəsində
axşam mənə maraqlı bir ideya gəldi ki, bunu musiqi ilə
yaratmaq olar. "Natiq" ritm qrupu ilə birgə onu işlədik.
Bu, fərqli bir kompozisiya idi, atamın o şeiri
yazdığı anlardakı vəziyyətini,
duyğularını verməyə, mənə elə gəlir
ki, az da olsa, müvəffəq olduq...
Qaldı ki, bir övlad kimi atamın bir şeirinə
klip çəkdirib verim efirə ki, gündəmdə olsun,
onu eləmərəm. Mən atamın, babamın
yaradıcılığına da, şəxsiyyətinə də
hörmət edirəm.
Atamın yubileyinin qeyd olunmasına gəlincə, mən
belə düşünürəm ki, mənim hər bir layihəm
atamın yubileyidir. Mən hər səhnəyə
çıxanda, bu, tək mən deyiləm. Bu, həm də
babamın, atamın davamıdır!
Və mən hesab edirəm ki, atam Çingiz Ələkbərzadə
çox xoşbəxt insan olub. İstədiyini yazdı, istədiyi
kimi yaşadı, başlıcası, azadlığını
qoruyub saxladı. Amma heç o günlərini də
danmadı. Kitabı çıxanda məhbus şəklini
verdi kitaba. Biz onu daşındırmaq istədik fikrindən.
Dedi, yox, mən axı bunu da yaşamışam...
lll
...Valideyn üçün ən əsası odur ki, o,
ailəsinin böyüyüdür, ailəsində sevilir.
Çingiz Ələkbərzadə məhz belə ata, belə
ailə başçısı olduğuyçün xoşbəxtdi.
Son dəqiqələrində də biz - ailəsi onun yanındaydıq,
onunlaydıq. Mən dəqiq bilirəm ki, ölüm yoxdur, həyat
dəyişir. Atam da həyatını çox ləyaqətlə
dəyişdi. Gedəndə də bizi
düşünürdü, bizə dayaq dururdu, təsəlli
verirdi... "Qorxmayın - deyirdi, - hər şey yaxşı
olacaq... Gedirəm e... hm..."
Bu, atamın son sözləri oldu...
...Gözləri aydın, geniş, açıq...
lll
İnsanın torpaq olmaq istəyinin təhtəlşüurunda
onun vətəndaşlıq qayəsi durur. Bilərəkdən,
hesablanmış duyğu deyil bu, ola da bilməz. Sevda Ələkbərzadə
"Əriyim bir ovuc torpağım qalsın" misralarını
atasının vətənpərvər hisslərinin, Azərbaycana
sevgisinin ifadəsi kimi qəbul etdiyini deyirdi.
Çingiz Ələkbərzadə haqqında
eşitdiyim xatirələr, nəsrindən və şeirlərindən
tanıdığım şairanə ruhlu bu insan,
"Səpələnib torpaq olub
İtəcəmmi
izsiz-izsiz"
- nigaranlığını yaşayıbsa, "əridiyində"
adi, boz torpaq olmağı çətin arzulaya.
İsmayıllının, Niyal dağın adama
özünü unutduran gözəlliyinə vurğun
Çingiz təbiətli, Çingiz ruhlu bir insan torpaq olmaq
istəyirdisə, bu, hökmən və mütləq bənövşələrin
qar göyərtdiyi yerdə əriyən torpaq ola bilərdi...
Bahardan, yaşıllıqdan, sevgidən müjdə verən
o bir əlcə torpaqdan sızan həyat eşqinə...
eşq olsun!
Südabə AĞABALAYEVA
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.10-11;12