IV Uşaq Kitab Festivalı
başladı
Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı
açılıb. Tədbir aprelin 13-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, festival Mədəniyyət
Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi və Azərbaycan Nəşriyyatçılar
Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı
ilə baş tutub. Tədbirin sponsoru qismində “Expressbank”
çıxış edib.
Festivalın açılış mərasimi
ANAİB-nin sədri Şəmil Sadiqin salamlama nitqi ilə
başlayıb. O, festivalın uşaq kitab nəşri və
ümumilikdə kitab nəşrinin inkişafı
baxımından əhəmiyyətini vurğulayıb, bu tədbirin
4 il ərzində əldə etdiyi nailiyyətlərdən
danışıb, iştirakçılara uğurlar
arzulayıb.
Daha sonra layihənin direktoru, uşaq
yazıçısı Fatimə Alxazlı minnətdarlığını
bildirərək festival haqqında ətraflı məlumat
verib.
Mərasimi Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova
davam etdirərək belə tədbirlərin əhəmiyyətini
vurğulayıb. O, festivalın uşaqları mütaliəyə
həvəsləndirdiyini, əməkdaşlığın
gücləndirilməsinə və Azərbaycanda kitab nəşrinin
inkişafına töhfə verdiyini vurğulayıb.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Elnarə Akimova festivalı əsl bayram adlandıraraq hər kəsi
təbrik edib. O, bu tədbirin hər il keçirilməsinin
gözəl ənənəyə çevrildiyini,
uşaqları mütaliəyə həvəsləndirdiyini
vurğulayıb və təşkilatçılara uğurlar
arzulayıb.
Sonra Milli Məclisin deputatı Mehriban Vəliyeva
çıxış edərək qeyd edib ki, IV Uşaq Kitab
Festivalı mədəniyyətə, ədəbiyyata dəyər
verən hər kəs üçün sevindirici hadisədir.
“Expressbank”ın nümayəndəsi Raziyə Axundova
təmsil etdiyi bank adından salamlama nitqi ilə
çıxış edib. O, təşkilatçılara təşəkkürünü
bildirib və festivalın keçirilməsində
“Expressbank”ın rolundan danışıb, həmçinin belə
tədbirlərdə iştirakın vacib olduğunu qeyd edib.
Daha sonra yazıçı-dramaturq, publisist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyli
uşaqların təlim-tərbiyəsində, onların mənəvi
inkişafında kitabların mühüm rol
oynadığını vurğulayıb.
Açılış mərasiminin sonunda Şəmil
Sadiq festivala verdiyi dəstəyə görə təşəkkür
əlaməti olaraq xatirə mükafatlarını təqdim
edib.
Elnarə Akimova AZƏRTAC -ın müxbirinə
müsahibəsində mütaliə nəslinin
formalaşması üçün festivalların əhəmiyyətini
vurğulayıb. O qeyd edib ki, belə tədbirlər
uşaqların yazıçıları tanımasına,
kitaba marağının artmasına kömək edir.
Böyüklər üçün onlar ədəbiyyat və
təhsilin müzakirə meydanına çevrilirlər: “Orxan
Pamukun dediyi kimi: “Bir gün kitab oxudum və bütün həyatım
dəyişdi”. Qoy, festivalda alınan kitablar uşaqlar
üçün də eyni təsiri göstərsin”, -deyə
agentliyin həmsöhbəti əlavə edib.
Qeyd edək ki, festivalda həm ANAİB üzvləri,
həm də digər şirkətlər də daxil olmaqla
30-dan çox nəşriyyat evi iştirak edir. Ziyarətçilərə
müxtəlif janrlarda kitablar təklif olunur ki, onların
çoxunu 90 faizə qədər endirimlə almaq olar.
Tədbir çərçivəsində kitab təqdimatları,
yazıçılarla görüşlər, şeir qiraətləri
və uşaqlar üçün əyləncə
proqramları nəzərdə tutulub. Ustad dərsləri,
müsabiqələr, teatrlaşdırılmış səhnəciklər
və interaktiv fəaliyyətlər də təşkil olunur.
Festival üç tematik gündən ibarətdir:
aprelin 11-i Milli Geyimlər Günü elan edilib - uşaqlara
milli dəyərlərin aşılanması və mədəni
irsin qorunması məqsədilə Azərbaycanın milli
geyimləri ilə tanışlıq imkanı
yaradılır.
Uşaqlara peşələri tanıtmaq, onlarda maraq
oyatmaq məqsədi daşıyan Peşələr
Günü aprelin 12-də qeyd olunacaq.
Aprelin 13-də uşaqların təxəyyülünün
inkişafına və onlarda müsbət keyfiyyətlərin
formalaşdırılmasına həsr olunmuş Nağıl
Qəhrəmanı Günü olacaq.
525-ci qəzet .- 2025.- 11 aprel(¹60).- S.9.