"Azərbaycanın
xarici siyasət xətti bundan sonra da olduğu kimi davam edəcək"
ZAUR MƏMMƏDOV: "ERMƏNİSTAN
TƏLƏBLƏRİ YERİNƏ YETİRSƏ,
AZƏRBAYCAN DA ADEKVAT ADDIMLAR ATACAQ"
Aprelin 9-da ADA Universitetində xarici ekspertlərin, alimlərin,
analitiklərin iştirakı ilə keçirilən "Yeni
dünya nizamına doğru" mövzusunda beynəlxalq
forumda Prezident İlham Əliyev aktual məsələlərlə
bağlı sualları cavablandırdı, mühüm mesajlar
verdi. Dövlət başçısı dünya gündəminin
əsas məsələlərinə Azərbaycanın
baxışını, münasibətini açıqladı.
Politoloq Zaur Məmmədov "525-ci qəzet"ə
müsahibəsində forumda səsləndirilən əsas
tezislərlə bağlı fikirlərini
bölüşüb:
- Dövlət başçısı hər zaman
olduğu kimi, dünyada baş verən proseslər,
ayrı-ayrı aktorların Azərbaycana münasibəti ilə
bağlı öz fikirlərini açıq və səmimi
şəkildə qeyd etdi. Bir sıra məsələlər
var ki, onlar xüsusi maraq doğurur. Bunlar bölgə ətrafında
baş verən proseslər, bəzi ölkələrin Azərbaycana
olan münasibəti ilə bağlıdır. Ümumilikdə
biz belə nəticəyə gələ bilərik ki, müəyyən
məsələlər, bölgə ətrafında cərəyan
edən bir sıra çağırışlar var ki, onlar Azərbaycanı
narahat edir. Amma bütün bunlara rəğmən, Azərbaycanın
götürdüyü xarici siyasət xətti bundan sonra da
olduğu kimi davam edəcəkdir.
Biz, qarşılıqlı maraqlar əsasında bu və
ya digər beynəlxalq aktorlarla, ölkələrlə əməkdaşlığımızı
davam etdirməkdəyik. Əgər Azrbaycanın xarici siyasəti
haqqında ümumi danışsaq, bu, beynəlxalq münasibətlərin
neorealist nəzəriyyəsinə uyğun olaraq milli maraqlar və
qüvvələr balansına istiqamətlənib. Ümumiyyətlə,
Prezident İlham Əliyevin apardığı xarici siyasət
onun nəzəriyyə və təcrübəni çox
yaxşı həyata keçirdiyini göstərir. Qonşu
ölkələrdən fərqli olaraq real siyasətin real nəticələrini
də görməkdəyik. Azərbaycan artıq dünyada
sayılan-seçilən və xüsusi statusa malik olan
ölkələrdən biridir. Əgər 44 günlük
müharibəyə qədər Azərbaycan xarici siyasətinin
prioriteti, əsas hədəfi Prezidentin də qeyd etdiyi kimi,
Qarabağı işğaldan azad etmək, Ermənistanla məsələləri
həll etmək idisə, 2020-ci ildən sonrakı hadisələr
bizim xarici siyasət arealımızın daha da genişlənməsinə
şərait yaratdı. Nəticə etibarilə Azərbaycan
bu gün artıq bir çox qitələrdə böyük
işlər görməklə məşğuldur, o cümlədən
Asiya və Afrika ölkələri və xalqları
üçün həm siyasi, həm də iqtisadi dividendlər
verən bir aktora çevrilmişik. Bu kontekstdə Cənubi
Afrikadan olan alimin sualına cavabda da cənab Prezident tamamilə
haqlı olaraq qeyd etdi ki, artıq Afrika qitəsində də
Azərbaycan müxtəlif investisiyalar təklif edir, eyni
zamanda müəyyən layihələrin həyata
keçirilməsində kömək göstərməyi də
hədəfləyir.
Azərbaycan həm COVİD-19 zamanı, həm də
ondan sonrakı dövrlərdə ehtiyacı olan cəmiyyətlər
və xalqlar üçün həm də maliyyə
yardımı edən ölkədir. Biz bunun da nəticəsini
bu və ya digər şəkildə həmin o dövlətlərin
beynəlxalq təşkilatlarda Azərbaycan üçün
prinsipial məsələlərdə göstərdikləri
mövqedə, mütəmadi olaraq Azərbaycan Prezidentinə
onlara göstərilən dəstəyə görə minnətdarlıqlarında
da görmüş oluruq.
- Forumda səsləndirilən maraqlı məsələlərdən
biri də İsrail və Türkiyə arasında
barışığın Azərbaycanın vasitəçiliyi
ilə əldə edilməsi ilə bağlı oldu. Bu həm
də ilk dəfə rəsmi şəkildə
açıqlandı. Sizcə, bunu ölkəmizin beynəlxalq
münasibətlər sistemində vacib rola malik olması kimi
şərh etmək olar?
- İsrail-Türkiyə məsələsi çox həssas
mövzudur və əlbəttə ki, bu və ya digər
şəkildə Azərbaycanı da maraqlandırır. Bu məsələdə
Azərbaycan Prezidenti xarici siyasətimizdə olan bir çox vacib
elementi açdı. Dövlət başçısı
bildirdi ki, bir çox məsələlər var ki, Azərbaycan
onu qapılar arxasında edir, amma ictimailəşdirmir.
Çünki bunun üçün həmin ölkələrin
özünün izni olmalıdır. Bu cür məsələlərdən
biri də vaxtilə Azərbaycanın İsrail və Türkiyə
arasında münasibətlərin korlanmasından sonra
apardığı siyasətin nəticəsində onlar
arasında yaxınlaşmadır. Bu vasitəçilik
Türkiyə ilə İsrail arasında münasibətlərin
yenidən durulmasına gətirib çıxardı. Bu
gün də İsrail və Türkiyənin Yaxın Şərqdəki
hadisələr fonunda münasibətlərində bir gərginlik
var. Heç də istisna deyil ki, bu gün də Azərbaycan səy
göstərir ki, bizə qardaş olan Türkiyə və
çox vacib tərəfdaşımız olan İsrail
arasında münasibətlər əvvəlki kimi
yaxşı olsun və inkişaf mərhələsinə qədəm
qoysun.
Azərbaycan Prezidenti çıxışının
digər hissəsində suala cavab olaraq Ukayna və Rusiya
arasında baş verənlərə toxundu və bir daha təsdiqlədi
ki, Azərbaycan üçün ərazi
bütövlüyü məsələsi prioritetdir. Eyni
zamanda, Ukrayna hadisələrinə toxunaraq bildirdi ki, orda ciddi
şəkildə ziddiyyətlər var və bu ziddiyyətlərin
aradan qaldırılması heç də yaxın vaxtlarda
proqnozlaşdırılmır. Ümumilikdə bir diplomat kimi
bu məsələyə yanaşaraq, beynəlxalq münasibətlərin
prinsiplərini ortaya qoyaraq, əslində beynəlxalq ictimaiyyəti
necə seçim etmək dilemması qarşısında
qoymuş oldu.
- Prezident ABŞ-Azərbaycan münasibətlərinə
də toxundu. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Bəli, dövlət başçısı
ABŞ-Azərbaycan münasibətləri ilə bağlı
sualın cavabında Bayden-Blinken administrasiyasının
apardığı siyasəti ifşa etdi. Bu administrasiya bəlkə
də iki ölkə arasında olan münasibətlərdə
ən ziyanverici olub və bu, 2020-ci ildən sonra münasibətlərimizin
bütün istiqamətlərində əks olundu. Ermənistanla
Azərbaycan arasında davam etməkdə olan sülh
danışıqları ilə bağlı Blinkenə müəyyən
ümidlərin olmasına baxmayaraq, çox təəssüflər
olsun ki, Bayden-Blinken komandasının rəhbərliyi
dövründə ABŞ Ermənistana münasibətdə
birtərəfli mövqe tutdu, getdikcə bu münasibəti
daha da gücləndirdi və nəticədə
danışıqlarda tərəfsizlik prinsipini itirmiş oldu.
Bayden-Blinken administrasiyası tərəfindən təkcə
Qarabağ erməniləri, Ermənistanla bağlı deyil,
eyni zamanda, digər istiqamətlərdə də Azərbaycana
qarşı təzyiqlər var idi. Bu, onlara
yaxınlığı ilə seçilən və Trampın
da ifşa etdiyi media resursları, eyni zamanda USAID tərəfindən
həyata keçirilirdi. Bu gün Azərbaycan hökumətinə
artıq tapşırıq verilib ki, USAID-in ölkəmizlə
bağlı qərəzini ifşa etsin və bu hesabat həm
də ABŞ Prezidenti Donald Trampa göndəriləcək,
hansı ki, bu gün doğrudan da Dövlət Departamentinin
qolu sayılan USAID-ə qarşı mübarizə aparır.
- Azərbaycanın enerji siyasəti beynəlxalq
müstəvidə böyük maraq kəsb edir. Hazırda
ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminində
vacib rol oynayır və ixrac arealını genişləndirir.
Forumda həm də bu mövzu diqqətdə oldu...
- Əlbəttə, forumda həmişəki kimi Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən və
resurslarından sayılan enerji siyasətindən bəhs
edildi. Tamamilə açıq şəkildə qeyd edildi ki,
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz nəql
edirdisə, bu gün artıq həmin rəqəm 13 milyard
kubmetrdir, bu isə kifayət qədər ciddi artımdır.
Ancaq Avropa İttifaqı əgər bu rəqəmlərin
daha da artmasını istəyirsə, o zaman həm də bunun
maliyyə tərəfləri və investisiyalar haqqında
düşünməlidir. Azərbaycanın Avropanın şərq
hissəsində həm ənənəvi, həm də
yaşıl enerji ilə bağlı ixrac arealını
genişləndirməsindən də dövlət
başçısı söz açdı. Yeri gəlmişkən,
bir də sevindirici, həm də müsbət məqamlardan
biri ondan ibarətdir ki, söhbət təkcə təbii
qazın nəqlindən getmir, hətta bəzi ölkələrdə
onların qaz təchizatını, qaz infrastrukturunu genişləndiririk.
Necə ki, vaxtilə Azərbaycan bunu Gürcüstanda
etmişdi, bu gün Albaniyanın qazlaşdırıması
istiqamətində işlər Azərbaycan tərəfindən
aparılır. Bolqarıstanda bəzi yerlərin
qazlaşdırılması istiqamətində ölkəmiz
işlər aparır. Hətta bəzi ölkələrin
ümumi qaz idxalında Azərbaycanın payı 50 faizi
ötür. Məsələn, Bolqarıstan kimi ölkələrin
timsalında. Bu, əlbəttə ki, bizim Şərqi Avropa
ölkələri ilə ikitrəfli əməkdaşlığımızı
gücləndirən amillərdən biridir.
Onu da vurğulayım ki, dövlət
başçısı forumda türk dövlətləri,
türk xalqları ilə bağlı danışdı və
tamamilə açıq şəkildə qeyd etdi ki, Türk
Dövlətləri Təşkilatı Azərbaycan
üçün prioritetdir, bizi bir çox amillər
bağlayır, yaxşı olardı ki, indiki fürsətdən
istifadə edərək bu inteqrasiya meylləri daha da güclənsin.
- Ermənistan-Azərbaycan sülh prosesi ilə
bağlı da forumda rəsmi Bakının mövqeyi bir daha
açıqlandı. Sizcə, İrəvan öz mövqeyində
dəyişiklik edəcək?
- Əlbəttə ki, hər kəsin maraqla izlədiyi
istiqamətlərdən biri məhz Ermənistan-Azərbaycan
sülh prosesi və ikitərəfli münasibətlərin gələcəyi
ilə bağlı idi. Burada da cənab Prezident bir daha Azərbaycanın
sərhədlərinin nədən ibarət olduğunu
dünya ictimaiyyətinin diqqətinə çatdırdı və
Ermənistana da birbaşa mesaj yollayaraq onları tez bir zamanda həmin
tələbləri yerinə yetirməyə və sülh
müqabiləsini imzalamağa çağırdı. Bu da
xüsusi maraq doğurur. Çünki biz bilirik ki, martın
13-də Azərbaycan və Ermənistan tərəfi bəyan
etdilər ki, sülh müqaviləsinin bütün 17 bəndini
razılaşdırıblar. Elə ondan bir neçə
gün sonra, martın 16-dan başlayaraq Ermənistan bu günə
qədər mütəmadi olaraq Azərbaycan Ordusu istiqamətində
atəş açır. Bu o deməkdir ki, daxildəki və
xaricdəki bəzi qüvvələr iki tərəf
arasında münasibətlərdə yeni mərhələnin
başlanmasını istəmirlər. Amma əgər təxribat
Ermənistanın daxilindən, ordusu tərəfindən
edilirsə, bu təxribatın arxasında kimin olmasından
asılı olmayaraq bütün məsuliyyət və
bütün yük məhz Nikol Paşinyanın üzərinə
düşür. Elə təsadüfi deyil ki, revanşizmi bu
gün Ermənistan müxalifətində deyil, iqtidarın
özündə də sezmiş oluruq, sadəcə olaraq
iqtidar bunu daha mədəni revanşizm formasında edir.
Onların Zəngəzuru hərbi texnika ilə doldurmaları,
bölgəni hərbləşdirmələri, Azərbaycana
qarşı ən müasir və öldürücü
silahlarla silahlanmaları, məhz ondan xəbər verir ki, bu vəziyyət
hətta günü sabah iki tərəf arasında ziddiyyətlərin
ən radikal formaya qədər davam etməsinə gətirib
çıxara bilər. Hər bir halda Azərbaycan sülhə
hazırdır, ölkəmiz inkişaf mərhələsini
davam etdirir, əgər təxribatlar olarsa, buna qarşı
adekvat addımlar atılacaqdır. Əgər Ermənistan tələbləri
yerinə yetirəcəksə, Azərbaycan da adekvat
addımlar atacaq və siyasi münasibətlərdə yeni mərhələnin
əsası qoyulacaqdır. Ona görə də belə məsələlərdə
top Ermənistanın üzərinə düşür.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.5.