Başkeçiddən başlanan yol
Professor Bədirxan Əhmədlinin 70 illiyinə
Şəxsiyyəti, istedadı və elmi fəaliyyəti
ilə ictimaiyyətdə böyük hörmət və
nüfuz qazanmış hər bir alimlə təkcə öz
ailəsi, şəcərəsi deyil, bütün xalq
qürur duyur, fəxr edir. Zaman-zaman xalqımız dəyərli
elm fədailəri və ziyalıları ilə həmişə
fəxr etmiş, onları milli sərvəti saymışlar.
Müdrik Zərdüşt deyib ki, insanın
ucalığı üç meyarla ölçülür:
xeyirxah söz, xeyirxah iş, xeyirxah əməl. Hansı
insanda bu keyfiyyətlər varsa, həmin şəxs mənən
uca insandır...
Ömrünün 40 ildən çoxunu elmə və
təhsilə xidmət edən görkəmli ədəbiyyatşünas,
tənqidçi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Bədirxan Əhmədli elmi
yaradıcılığı ilə respublikamızla xarici
ölkələr arasında bir körpü salan alimlərimizdəndir.
Professor Bədirxan Əhmədli çətin və zəngin
yaradıcılıq yolu keçmişdir. Özünün
yazdığı kimi: "Ədəbiyyata olan marağı
Gürcüstanın Başkeçid rayonunun Az Gəyliyən
kəndində başlayıb". 1973-1977-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində
təhsil alıb. Bir vaxtlar mənim də müəllimlərim
olmuş ustad pedaqoqlar - İsmayıl Şıxlı, Feyzulla
Qasımzadə, Əbdüləzəl Dəmirçizadə,
Məmmədhüseyn Təhmasib, İsrail Mustafayev kimi
ünlü ədəbiyyatşünaslardan dərs alıb.
Bir müddət Sabirabad rayonunun Abdulabad kəndində müəllim
işləyib. Sonra Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil olur. Azərbaycan
Qaçqınlar Cəmiyyətinin "Vətən səsi"
qəzetində şöbə müdiri, Müdafiə
Nazirliyinin "Azərbaycan ordusu" qəzetində
şöbə müdiri və redaktor müavini kimi fəaliyyət
göstərir. B.Əhmədli Milli ordunun zabiti olmuş,
Qarabağ müharibəsi veteranı, ehtiyatda və istefada
olan kapitandır.
Bədirxan Əhmədli 1986-cı ildə "Sabit Rəhmanın
satirası" mövzusunda namizədlik, 2005-ci ildə "Azərbaycan
satirasının inkişaf problemləri (1920-1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir. B.Əhmədlinin
yaradıcılığında Azərbaycan satirik ədəbiyyatının
əsas istiqamətləri və problemləri geniş yer
tutur. "Azərbaycan satirasının inkişaf problemləri"
əsərində Azərbaycan ədəbiyyatının
1920-1980-ci illər dövründə satirik
gülüşün təşəkkülü və problemləri,
estetik mahiyyəti, tədqiq tarixi və nəzəri məsələləri
araşdırılır. Professor bu məsələyə
aydınlıq gətirərək elmi əsaslarla sübuta
yetirir ki: "Tarixən poetik düşüncə tərzinə
(və ifadəsinə) üstünlük verən bədii ədəbiyyatımızda
realist, satirik, yumoristik təfəkkürün özünəməxsus
yer tutması, özlüyündə bədii fikrin təşəkkülü
prosesini intensivləşdirən hadisələrdəndir. Milli
şüurun oyanmasında, xalqımızın milli
özünüdərk prosesinin təsvir, təhlil və tədqiqində
də satiranın imkanlarından maksimum istifadə bunu deməyə
imkan verir". Tədqiqatçıya görə Q.Zakir,
B.Şakir, S.Ə.Şirvani, M.Cəlil, M.Ə.Sabir,
Ə.Haqverdiyev, Ü.Hacıbəyli kimi satiriklərin
gülüşü də məhz milli özünüdərkə
hesablanmış satiranın təzahürüdür.
Alimin "Azərbaycan mühacirət ədəbiyyatı.
Təşəkkülü, problemləri, şəxsiyyətləri"
adlı fundamental tədqiqat əsərində bu mövzuda
fikir söyləmiş müəlliflərdən fərqli
olaraq Azərbaycan mühacirəti dörd mərhələ
üzrə təsnif edilir. Müəllif zəngin faktlara və
elmi mənbələrə istinad edərək ədəbi
şəxsiyyətlərin yaradıcılığını
və ədəbiyyatın problemlərini əhatəli tədqiq
edir. Əsərdə əhatə olunan konseptual problemlər
mövzu aktuallığına görə tədqiqata bir
tamlıq gətirir. Tədqiqat əsərinin elmi sanbalını
dəyərləndirən əsas amillərdən biri də
mövzuya yeni rakursdan yanaşma tərzində, elmi-nəzəri
mülahizələrin təzəliyində, mövzu ilə
ilgili mənbələrə münasibətdə öz əksini
tapmışdır.
Bədirxan Əhmədlinin "Bir istiqlal
yolçusu" (2003) monoqrafiyasında ilk dəfə olaraq
görkəmli ədəbiyyatşünas alim, ədəbiyyat
tarixçisi, şair Əmin Abidin (Gültəkin) həyat və
yaradıcılığı araşdırılır.
Respublika Prezidentinin sərəncamı ilə çıxan
Əmin Abidin "Seçilmiş əsərləri"
kitabının nəşri (əsərlərinin
toplanması, tərtibi və ön sözün
yazılması) professor B.Əhmədliyə
tapşırılmışdır. Professor B.Əhmədlinin
"Türkçülüyün üçlü formulu: nəzəri
və tarixi aspektləri" monoqrafiyasında
üçlü formulun inkişaf yolu və mərhələləri,
Azərbaycan və türk dünyasının böyük
düşünərlərinin bu sahədəki fəaliyyəti
araşdırılır. Müəllif üçlü
formulu bir sistem kimi Z.Göyalpın
formalaşdırdığını, Azərbaycan Cümhuriyyətinin
ideologiyasına isə M.Ə.Rəsulzadənin gətirdiyini
faktlarla təsdiq edir. Bu formulların hər birinin şərhini
onun ideoloqlarının irsi üzərində ümumiləşdirən
müəllif belə nəticəyə gəlir ki,
"Türkləşmək, müasirləşmək,
islamlaşmaq" formulu müəyyən məqamlarda öz əhəmiyyətini
və məzmununu qoruyub saxlayır. Müstəqilliyin bərpasından
sonra formulun yeni həyatı başlanıb. Üçlü
formul bir məfkurə kimi öz işini
görmüşdür, formalaşdıqdan sonra türklər
bir toplum olaraq özünü tanımış, kimliyini bəlirləmiş,
ictimai məqsədini müəyyən etmiş, siyasi təfəkkürünü
inkişaf etdirmişdir. Üçlü formul türk
xalqlarına (ən azından Türkiyə türkləri, Azərbaycan,
Kazan, Krım türkləri) keçmişini
tanıtmış, gələcəyə səsləmişdir".
Bədirxan Əhmədli istedadlı alim-tədqiqatçı
olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçıdır.
Ədəbiyyatşünas alim dünyanın bir sıra məşhur
elm və təhsil mərkəzlərində, beynəlxalq elmi
simpoziumlarda və konfranslarda respublikamızı ləyaqətlə
təmsil edib. Onun Almaniya, Çin, Hindistan, Pakistan, Polşa,
Türkiyə, Rusiya, Qazaxıstan, Tatarıstan, Özbəkistan
və Gürcüstanda keçirilən konfranslarda dünya ədəbiyyatının
aktual problemlərinə həsr edilmiş məruzələri
xarici ölkə alimlərinin diqqətini cəlb edib, bir
sıra məqalələri isə xarici ölkələrin
nüfuzlu elmi dərgilərində dərc edilib. Rəhbərlik
etdiyi Azərbaycan-Asiya ədəbi əlaqələr
şöbəsində Çin, Yaponiya, Hindistan, Koreya,
Əfqanıstan, Pakistan, İndoneziya, Vyetnam, Monqolustan ədəbiyyatlarının
aktual problemləri araşdırılır. Müxtəlif
elmi dərgilərdə B.Əhmədlinin özünün və
şöbə əməkdaşlarının müntəzəm
olaraq Asiya ədəbiyyatı ilə bağlı məqalələri
dərc olunur. 2021-ci ildə B.Əhmədli görkəmli
Hindistan yazıçısı Rabindranat Taqora həsr etdiyi
monoqrafiyasında onun ictimai-siyasi fəaliyyətini və bədii
irsinin bütün özəlliklərini tədqiqata cəlb
edib. Kitabda Hindistan ədəbiyyatına dünya şöhrəti
qazandıran, Asiya xalqları arasında ilk Nobel mükafatı
alan Rabindranat Taqorun Azərbaycan ədəbi mühiti ilə
ilişgilərinə də geniş yer ayırır. Əsərin
elmi əhəmiyyətini artıran və ona orijinallıq gətirən
keyfiyyətlərdən biri budur ki, müəllif zəngin
elmi mənbələrdən bəhrələnmiş, fikirlərini
isbatlamaq üçün istifadə etmişdir. Professorun
dünya şöhrətli bu sənətkarı "Mənim
Taqorum" adlandırması da təbiidir, çünki
özü demiş: "Artıq deyə bilərəm:
dünya taqorşünaslığında mənim də imzam
var". B.Əhmədli bir neçə il əvvəl
Hindistanda olmuş və Quvahatı Universitetində təşkil
olunmuş beynəlxalq konfransda məruzə ilə
çıxış etmişdir.
Yüksək elmi-nəzəri hazırlıq, öz
ixtisasını dərindən bilmək, müstəqil və
obyektiv düşüncə tərzinə malik olmaq,
miqyaslı tədqiqatçılıq səriştəsi,
beynəlxalq konfranslarda aktual elmi mövzularda öz fikirlərini
məntiqli ifadə etmək qabiliyyəti ona böyük
hörmət qazandırıb. Alimin fikrincə, əsl vətəndaş
Vətən naminə vətənin adını hər yerdə,
həm daxildə, həm də xaricdə uca tutmalı, bu vətənin
layiqli övladı olmağa çalışmalıdır.
Professor Bədirxan Əhmədli elmi fəaliyyəti
ilə yanaşı, həm də ali təhsil müəssisələrində
böyük pedaqoji iş aparır. O, müxtəlif dövrlərdə
Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət
Universiteti, Türkiyədə Qars-Qafqaz Universitetində Asiya
xalqlarının ədəbiyyatına aid mühazirələr
oxuyur. Bu bir həqiqətdir ki, müəllimlik sənətini
seçən adamda öncə müəllimlik istedadı
olmalıdır. O, dərin biliklə, dünyəvi elmlərlə
mükəmməl silahlanmalı, öz sənətinin
vurğunu olmalıdır. Bir müddət Bədirxan Əhmədli
ilə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində pedaqoji fəaliyyət
göstərmişik. O, tədris müəssisəsində Azərbaycan
ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi,
müasir ədəbi proses və ədəbi tənqid fənlərini
tədris edirdi. Dünya pedaqoqlarının yekdil bir qənaəti
var: "Yaxşı müəllim izah edir, əla müəllim
nümunə göstərir, həqiqi müəllim isə həvəsləndirir
və arxasınca aparır". Bu baxımdan B.Əhmədli
müəllimlik peşəsinə qəlbən bağlı
olan təcrübəli müəllimdir. Onun dərsləri həmişə
yüksək elmi səviyyəsi ilə seçilib.
Professor B.Əhmədli geniş məlumatlı,
yüksək elmi səviyyəli bir alim kimi bir neçə
namizədlik və doktorluq dissertasiyalarının ərsəyə
gəlməsində də fəal iştirak edib. Yüksək
mənəvi zənginlik, güclü yaddaş, dünya ədəbiyyatını
dərindən bilmə məharəti və miqyaslı
düşüncə onun elmi fəaliyyətində
böyük rol oynayıb. Professorun şərəfli
ömür yolu və zəngin elmi
yaradıcılığı ədəbiyyatşünaslıq
elmimizin tərəqqisinə həsr olunub. Ədəbiyyatşünaslığın
müxtəlif problemlərinin tədqiqi üzrə
apardığı fundamental işlər onun istedadının
və zəhmətkeşliyinin bəhrəsi kimi yaranıb.
Yunan filosofu Sokratın fikridir: "Əsl ziyalı öz elmi
təfəkkürünü təsdiq edən, intellektini həyata
və cəmiyyətə tətbiq etməyi bacaran,
müdrikliyi ilə örnək ola bilən insanlardır.
Ziyalı insan cəmiyyətin nuru, ziyası, aparıcı
qüvvəsidir". Tədqiqatçılıq, müəllimlik,
şöbəyə rəhbərlik, aspirant və dissertantlara
elmi rəhbərlik, dissertasiya şuralarında iştirak, alim
adı alanlara opponentlik, elmi konfranslarda məruzə və
çıxışlar onun əsas fəaliyyət sahələridir.
Ürək təmizliyi, sadəlik, daxili saflıq,
xeyirxahlıq, təvazökarlıq kimi mənəvi dəyərlər
onun şəxsiyyətini tamamlayan ən mühüm keyfiyyətlərdir.
Bədirxan Əhmədlinin elm aləmində tutduğu
mövqeyi, nüfuzu, onun sanballı kitablarını,
çoxsaylı məqalələrini, pedaqoji fəaliyyətini,
yetişdirdiyi ədəbiyyatşünas alimləri, bir
sözlə, bu günə qədər gördüyü
işləri gözümün önünə gətirəndə
deyirəm: Bədirxan müəllim yorulmaq bilmədən
ömrünü ancaq elmə həsr edib. Elmə və təhsilə
xidmət onun həyat amalı olub. Çox gənc
yaşlarından elm sahəsində böyük uğurlar qazanan
Bədirxan müəllim zəhməti ilə görkəmli
alim səviyyəsinə ucalıb. Çoxşaxəli elmi fəaliyyətinə
görə mən ona akademik kimi baxıram. O, heç vaxt kimdənsə
umacaqlı olmayıb. Qürurlu şəxsiyyətinə
güvənib.
Bədirxan müəllim çox etibarlı, vəfalı
insandır. Həm dostlarının, həm də tələbələrinin
sevimlisidir. Həmişə alnıaçıq,
üzüağ yaşayıb. Əsas həyat kredosu isə ədəbiyyatımıza
xidmət etmək, haqqa tapınmaq, ailəsinə və
insanlara tükənməz sevgidir. Ona da inamlıyam ki,
istedadlı və zəhmətkeş elm xadiminin
yaradıcılığı layiqli qiymətini alacaq.
Başkeçiddən başlanan uzun və
işıqlı yolun yolçusu öz miqyaslı fəaliyyəti
ilə çeşidli elmi əsərlərə yeni-yeni
üfüqlər açır. Aprel ayının 20-də
doğulduğu kəndin ilk alimi - professor Bədirxan Əhmədlinin
70 yaşı tamam olur. 70 illik yubileyini təbrik edirəm, əziz
dostum. Sənə cansağlığı, yeni-yeni
yaradıcılıq uğurları diləyirəm.
Vəfa XANOĞLAN
Sənətşünaslıq üzrə elmlər
doktoru, professor
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.14.