Məhşərə
qalmayan ədalət
AZAD AĞDABANDAN ABAD SUQOVUŞANA...
Bu ilin 8 aprel günü Ağdaban faciəsindən 33
il ötdü. Bu faciə Ermənistanın Azərbaycana təcavüzünün
ən qanlı və ən dəhşətli səhifələrindən
biridir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə
Ermənistan silahlı birləşmələri Dağlıq
Qarabağdakı separatçı erməni quldur dəstələrinin
köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə
hücum etdilər. 130 evdən ibarət Ağdaban kəndi
tamamilə yandırıldı, hətta yer üzündən
silindi. Bəşər tarixinin ən ağır qətliamlarından
olan Ağdaban faciəsində kəndin 779 nəfər dinc
sakininə qeyri-insani işgəncələr verildi, 67 nəfər
qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2
azyaşlı uşaq, 7 qadın diri-diri yandırıldı.
Eləcə də 2 nəfər itkin düşdü, 12 nəfərə
ağır bədən xəsarəti yetirildi, 5 nəfər
isə girov götürüldü.
Ermənilərin tək hədəfi insanlar deyildi.
Onlar həm də mədəni irsimizə qarşı növbəti
vandalizm əməllərini törətdilər. Erməni
quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət
abidələri dağıdıldı, müqəddəs ziyəratgah
və məzarlıqlar təhqir olunaraq viran qoyuldu. Şah
İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal
ocağının nəsli davamçısı, şair
Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin
ustadlarından olan Dədə Şəmşirin əlyazmaları
məhv edildi, ailə üzvləri dəhşətli işgəncələrə
məruz qaldı. Dədə Şəmşirin nəslindən
olan 15 nəfər sakin də bu faciənin qurbanı oldu. Erməni
cəlladları Dədə Şəmşirin 28 yaşlı
nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda
yandırdı, 8 yaşlı Ülviyyənin gözləri
qarşısında atası Camalı güllələyib,
özünü isə kartof quyusunda diri-diri basdırdılar.
Lakin nə yazıq ki, bu, ağdabanlıların
yaşadıqları son qırğın, son işğal
deyildi. Faciədən bir il sonar - 1993-cü il mart
ayının 27-də erməni separatçıları Kəlbəcər
rayonuna hücum edən zaman işğalı yenidən
Ağdaban kəndindən başladılar. Erməni
silahlıları yenidən kəndə hücum edərək
onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində
ikinci faciəni törətdilər və aprelin 2-də Kəlbəcər
tamamilə işğal olundu.
Ağdaban faciəsinə ilk hüquqi-siyasi qiymət
verilməsini təmin edən Ümummilli lider Heydər
Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə
qarşı törədilən ən böyük cinayət
adlandırıb, bunu bütün insanlıq adına utanc kimi
səciyyələndirib.
Ağdaban faciəsinin canlı şahidlərindən
və zərərçəkənlərindən biri də
şair Savadsız Arzuman Ağdabanlıdır. Hər zaman
öz yaradıcılığında, şeirlərində
Ağdaban, Kəlbəcər nisgilini ifadə edən şair
sonralar da erməni hücumundan qurtula bilməyib. Belə ki,
2022-ci ilin sentyabrın 13-dən 14-nə keçən gecə
erməni təxribatı nəticəsində ayağından
qəlpə yarası alıb. Ancaq təbii ki, bu onun qələbə
ovqatını pozmadı. Çünki onun doğulduğu
Ağdaban və Kəlbəcər də daxil olmaqla
işğal altındakı Qarabağımız, doğma
torpaqlarımız 2020-ci ilin 44 günlük Vətən
müharibəsi nəticəsində Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusu tərəfindən azad edilmiş, öz
azadlığına qovuşmuşdu. Bu qələbə ilə
ermənilərin xalqımıza qarşı törətdiyi
bütün qətliamların qurbanları kimi, Ağdaban
şəhidlərinin də qisası alındı və əminik
ki, bu gün onların ruhları şaddır.
Azərbaycanımızın, xalqımızın
haqqı olan ədalət məhşərə qalmadı. 30
il sonra da olsa, yenə xalqımız, millətimiz, Ali Baş
Komandanımız tərəfindən bu ədalət bərpa
olundu, şəhidlərimizin qanı, qisası alındı.
Faciə qurbanlarının, torpaqlarımız
uğrunda canından keçən şəhidlərimizin
ruhları həm də ona görə şaddır ki, bu
gün Arzuman da daxil olmaqla öz elliləri yenidən
Qarabağımıza qovuşur, azərbaycanlılarımız
o yurdlara yenidən qayıdırlar.
Bir neçə gün öncə növbəti
köç karvanı ilə Ağdərə rayonunun
Suqovuşan kəndinə gələn ailələrə mənzillərin
açarları təqdim olundu. 53 ailə olmaqla, 174 nəfər
keçmiş məcburi köçkün doğma yurda
qovuşdu.
Onların içərisində Ağdaban faciəsinin
canlı şahidlərindən olan Orucov Arzuman İman oğlu
- şair Savadsız Arzuman Ağdabanlı da var. Şair öz
sevincini və qürurunu "525-ci qəzet"lə
bölüşdü: "Mən doğma kəndim
Ağdabanın başına gətirilən faciədən 33
il sonra azad Suqovuşan kəndinə köç etmişəm.
Bu, böyük sevinc və sonsuz qürurdur. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə
cansağlığı versin, dövlətimizi, ordumuzu
qorusun".
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
"Dəmir yumruq" əməliyyatını uğurla
davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində
mühüm strateji əhəmiyyətə malik Suqovuşan və
Talış kəndlərini işğaldan azad etdi.
İşğaldan azad edildikdən sonra kənddə
böyük tikinti quruculuq işləri həyata
keçirildi. Köç karvanları ilə isə
Suqovuşana və digər işğaldan azad olunmuş ərazilərimizə
doğma nəfəs qayıtdı: bu dəfə əbədilik!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.13.