Daha bir
"Ulduz"lu görüş: bu dəfə Azər Turanla
"Ulduz"lu görüşlər"in növbəti
qonağı tənqidçi, publisist, "Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan olub. AYB-nin "Natəvan"
klubunda keçirilən görüşdə Azərbaycan
Universitetinin tələbələri iştirak ediblər.
"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs
türk məfkurəsini öz həyat amalına çevirən
Azər Turanın həyat və
yaradıcılığının əsas məqamlarına nəzər
salaraq, görüşü açıq elan edib.
"Ulduz" jurnalının şöbə redaktoru
Taleh Mansur dəyərli kitablar müəllifi Azər Turanla
görüşün tələbələr üçün
əhəmiyyətli olacağını vurğulayıb.
Azər Turan görüşü təşkil etdiyinə
görə "Ulduz" ədəbiyyat dərgisinə minnətdarlığını
bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər
salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü,
özünüdərk, vətən və millət
mövzuları ətrafında fikirlərini bölüşüb.
Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd
Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının
öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Sözügedən mövzularda
tələbələri maraqlandıran suallar
cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları
hədiyyə edilib.
Layihənin növbəti qonağı şair Baba Vəziroğlu
olacaq.
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.13.