"Ürəyim yenə də
yazıb-yaratmaq arzusu ilə döyünür"
75 İLLİYİ TAMAM OLAN
ŞAİR-PUBLİSİST ŞİRXAN ARANLI:
"MƏNİ YAŞADAN DAVAMLI YARADICILIQ
İSTƏYİDİR"
Dəyərli söz adamı, fədakar maarifçi,
şair-publisist Şirxan Aranlı qələmə
aldığı misraları ilə oxucu könlünə yol
tapan yaradıcı şəxsiyyətdir. Ömrünün
75-ci baharını yaşayan şair xalqımızın
yüz illər boyu təşəkkül tapmış
yüksək milli-mənəvi dəyərlərinin
qorunması, adət-ənənələrimizin
yaşadılması naminə yorulmadan yazıb-yaradıb. O,
azərbaycançılıq məfkurəsinə dərindən
bağlı olan və özünüdərkə
çağıran çoxsaylı yazıları ilə bu
sahəyə töhfələr verir. Pak və ülvi hisslərin
tərənnümü müəllifin əsərlərində
öz aydın təcəssümünü tapır. Azərbaycan
tarixinin, mədəniyyənin öyrənilməsi sahəsində
axtarışlarının bəhrəsi olan əsərləri
də daim ictimaiyyət tərəfindən maraqla
qarşılanır.
Şirxan Aranlı 1950-ci il aprelin 13-də
İmişli rayonunun Əlipənahlı kəndində anadan
olub. Ailəsi 1952-ci ildə Ağcabədi rayonuna
köçüb. Orta təhsilini Ağcabədidə alan
Ş.Aranlı 1971-ci ildə Bakı Dövlət Universitetini,
1992-ci ildə isə Jurnalist Sənətkarlığı
İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1971-ci
ildə Ağcabədi rayon Komsomol Komitəsində
başlayıb. 1975-ci ildə Bakı şəhəri
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında
metodist, 1975-77-ci illərdə Bakı şəhəri
Respublika Kitab Palatasında şöbə müdiri, 1977-80-ci
illərdə Ağcabədi şəhər 5 saylı orta məktəbdə
hərbi rəhbər olub. 1980-88-ci illərdə Ağcabədi
rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru, 1988-90-cı
illərdə Ağcabədi rayon Partiya komitəsində təlimatçı,
1991-2000-ci illərdə Ağcabədi rayon Əhalinin Məşğulluğu
Mərkəzində peşəyönümü üzrə
baş mütəxəssis, 2001-2016-cı illərdə
Ağcabədi Pedaqoji Kollecində pedaqoji təcrübə rəhbəri
və kollecin "Sabahın müəllimi" qəzetində
redaktor olub. 2018-2020-ci illərdə isə Ağcabədi rayon
İcra Hakimiyyətinin orqanı olan "Aran" qəzetinin
redaktoru vəzifəsində çalışıb.
2017-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Şirxan Aranlının "Mehribanlıq məhəbbətin
tacıdır", "Harda qaldın Qarabağım",
"Ürək sevəndə", "Mərhəmət
yollarında", "Yurd həsrəti", "Ağcabədi:
ensiklopedik toplu", "Mən olmayanda" adlı
kitabları çapdan çıxıb.
Yazıçının "Əlil arabasında gələn
qazi" povesti, "Həsrət yurduna qayıdış"
kitabları çapa hazırlanır.
Vətəninə, torpağına, elinə
bağlı olan bir insan kimi Şirxan Aranlı
ömrünün böyük bir qismini boya-başa
çatdığı Ağcabədinin qədim tarixini, mədəniyyətini
araşdırmağa həsr edib. Uzun müddət arxivlərdə
və kitabxanalarda araşdırmalar aparmaqla Ağcabədi
rayonuna aid naməlum sənədləri, faktları üzə
çıxarıb, səriştəli, peşəkar mütəxəssis
kimi onlardan yerli-yerində faydalanmaqla rayonun
tanıdılması və təbliği istiqamətində
mühüm əhəmiyyət kəsb edəcək
böyük bir ensiklopedik toplu
hazırlayıb. Bu toplunu araya-ərsəyə gətirmək
üçün səkkiz il gərgin əmək sərf edib.
2021-ci ildə çap olunan toplu ictimaiyyət tərəfindən
maraqla qarşılanıb: "İki akademikin müsbət rəy
verdiyi Ağcabədi Ensiklopedik topludur. Sevinirəm ki, bu
toplunun ilk təbliğatçısı "525-ci qəzet"
və xüsusən qəzetin baş redaktoru Rəşad Məciddir.
Toplu barədə fəlsəfə doktoru olan iki alimin
geniş təhlili qəzetin bütöv iki səhifəsində
verilib. Çoxsaylı arxiv sənədləri və
yaşlı insanların xatirələri əsasında
yazılan bu kitab Ağcabədinin və onun kəndlərinin
yaranma tarixini, toponomiyasını, ilk sakinlərini, əhalinin
sayını, mətbuat, səhiyyə, təhsil, mdəniyyət
tarixini, həmçinin bu sahələrin görkəmli
adamlarının fəaliyyətini özündə əks
etdirir. Bu kitab Ağcabədi tarixi barədə ilk sanballı
kütləvi vəsait kimi ağcabədililərin
stolüstü kitabına çevrilib. Tirajı az
olduğundan kitabın hər həftə sosial şəbəkələrdə
hissə-hissə oxuculara təqdim olunması mənə mənəvi
güc verir".
Şirxan Aranlı 21 il Azərbaycan Qızıl Aypara
Cəmiyyəti rayon bölməsinin sədri olub: "Fəxrlə
deyə bilərəm ki, rayondakı köməksizlərin, tənhaların,
kimsəsizlərin yaddaşında xeyirxah sədr kimi
qalmışam. Maddi ehtiyacı olan xəstə, qoca, tənha
insanlar bu Cəmiyyətin qapısını ümidlə
açıblar. Ərzaq, paltar yardımından əlavə,
354 nəfər ehtiyaclı tənhanı həftədə iki
dəfə evində isti ət yeməyi ilə təmin
etmişik. Cəmiyyətdə xidmət illəri
ömrümün ən mənalı illəri olub. Ölkədə
ilk təşəbbüs olaraq Qızıl Aypara Cəmiyyətinin
rayon bölməsinin tarixi, müasir fəaliyyəti barədə
"Mərhəmət yollarında" adlı kitab yazıb
çap etdirmişəm. Qızıl Aypara medalı və Fəxri
fərmanlar almışam".
Bədii yaradıcılıqla davamlı məşğul
olan Şirxan Aranlının bugünədək çox sayda
şeir, poema, esse, hekayə və publisistik yazıları, bir
neçə kitabı çap olunub. "Ürək sevəndə"
romanını müasir gəncliyin problemlərinə həsr
edib. "Yurd həsrəti" romanı isə Birinci
Qarabağ müharibəsinə, bu müharibədə igidlik
göstərən qəhrəmanlarımıza və o
ağır günlərdə qarabağlıların, o
bölgədə yaşayan insanların həyatına,
qarşılaşdıqları məhrumiyyətlərə həsr
edilib. Romanda təsvir etdiyi hadisələri, insanları dərindən
müşahidə edib, baş verən faciələri də, müharibənin
gedişatını da, ermənilərə qarşı
mübarizə aparan igidlərimizin qəhrəmanlığını
da oxunaqlı şəkildə diqqətə çatdıra
bilib. Müharibədən bəhs edən bir roman
üçün bütün bunlar vacib şərtlərdir.
"Yurd həsrəti" əsərini hadisələr
romanı kimi səciyyələndirmək olar. Lakin istənilən
bir romanda insan obrazları, yəni o hadisələrin mərkəzində
duran personajlar həlledici rol oynayır. Hadisələr və
obrazlar - roman üçün ən əsası bunlardır.
Ancaq bir şərtlə: müəllif gərək hadisələri
hərəkətə gətirən obrazları sənətkarlıqla
təsvir edə, hər bir obrazın mükəmməl səciyyəsinə
nail ola.
İnsanın şəxsiyyət kimi
formalaşmasında, onun təhsil və inkişafında
müəllimin rolu danılmazdır. Şərəfli, ancaq
çətin və ən məsuliyyətli peşə sayılan
müəllimliyi seçən bir vəzifənin öhdəsindən
layiqincə gələn müəllim şagirdlərinin
yaddaşında ömür boyu xüsusi yer tutur. Şirxan
Aranlı da dərs dediyi tələbələrin
yaddaşında ömürlük qalan və bu günədək
haqqında hörmətlə danışılan müəllimlərdəndir.
Bir ömür karvanın alıb çiyninə,
Ömrün ocaq kimi çatar müəllim.
Yorulub bezməyi almaz eyninə,
Gecəni gündüzə qatar müəllim.
Şirxan Aranlının Ağcabədi Pedaqoji Kollecində
pedaqoji fəaliyyətlə yanaşı, "Sabahın
müəllimi" qəzetində redaktor kimi fəaliyyəti
də uğurlu olub: "Kollecdə işlədiyim müddətdə
"Sabahın müəllimi" qəzetində redaktor vəzifəsində
çalışırdım. Mən yazıdan, yazmaqdan əl
çəkə bilməzdim. Qəzetdə təkcə
kollecin fəaliyyəti, gördüyü işlərlə
yanaşı, Ağcabədinin tarixi, mədəniyyəti, incəsənətini
tələbələrə aşılayan yazılar verirdim.
Bu yazılar böyük maraqla oxunurdu".
Onun 50 illik əmək fəaliyyətinin son illəri
Ağcabədi rayonunun yerli mətbuat orqanı, ictimai-siyasi qəzet
olan "Aran" qəzeti ilə bağlı olub. Qəzetin
redaktoru vəzifəsində çalışan
Şaranlının rəhbərliyi ilə qəzetdə
Ağcabədinin, eyni zamanda digər bölgələrin
tarixini, mədəniyyəti barədə bir-birindən
maraqlı yazılar yer alıb: "Üç il əvvəl
90 illiyini qeyd etdiyimiz qəzetin mən sayca 30-cu redaktoru
olmuşam. Təbii ki, hər bir redaktor kimi mənim də
öz fəaliyyət yönümüm, iş üslubum olub.
Məncə, qəzet fəaliyyət göstərdiyi bölgənin
güzgüsü olmalıdır. Sabir demiş, düzü
düz, əyrini əyri əks etdirməlidir. Biz də
kiçik kollektivimizlə çalışmışıq
ki, bu amala sadiq qalaq. Qısa xəbərlərdən
tutmuş, təsərrüfat sahələri barədə, bədii,
elmi, tarixi mövzuda, həmçinin rayonun görkəmli elm,
mədəniyyət adamları, yaradıcı insanları barədə
yazılar qəzetimizdə ardıcıl yer alıb. Təbii
ki, bunlarla yanaşı, tənqidi yazılara da xüsusi yer
verilib. Belə yazılar nöqsanlara, müəyyən neqativ
hallara qəzetin birbaşa müdaxiləsi, oxucularına təqdimatıdır.
Mərhum Ənvər Əhməddən, Fazil Sarvandan, Yusif
Əhmədovdan sonra tənqidi yazılara həsrət
qalmış qəzetdə işlədiyim müddətdə
ilk sayından etibarən öz təşəbbüsümlə
"Mirzə Biləndərin bildikləri" adlı yeni tənqidi
rubrika yaratdım. Oxucular tərəfindən böyük
maraqla qarşılanan həmin rubrikada tənqidi yazılara
müntəzəm olaraq verildi. Ağcabədi tarixini
araşdırarkən bu bölgədə yaşayan əhalinin
keçmiş həyat tərzinin, məişətinin, məşğuliyyətinin,
adət-ənənələrinin,
dünyabaxışının, şifahi xalq
yaradıcılığının, etnoqrafiyasının
öyrənilməsi də, bizcə, vacib amillərdəndir.
Ağızdan-ağıza keçərək nəsildən-nəslə
ötürülən şifahi xalq
yaradıcılığı, adamlarımızın
yaratdığı müxtəlif folklor nümunələri
bu bölgənin həyat tərzi, etnoqrafiyası, tarixi, məişəti,
coğrafiyası haqqında dolğun məlumat verir.
Qarabağın bir bölgəsi kimi Ağcabədinin qədim
türk, oğuz eli olduğunu, bu oymağın hər
daşında, torpağında türkün izi
qaldığını sübut edir. Bu barədə yazılar
qəzetdə daim yer alıb və geniş oxucu
auditoriyasını maraqlandırıb. Mən qəzetdə
çalışdığım müddətdə
çalışırdım ki, insanları maraqlandıran,
düşündürən yazılar yer alsın. Yazmaq,
insanları maarifləndirmək mənim böyük həvəslə,
sevgi ilə gördüyüm işdir. Təəssüf ki, səhhətimlə
əlaqədar qəzetdəki işimlə vidalaşmalı
oldum. Amma ürəyim yenə də yazıb-yaratmaq arzusu ilə
döyünür, məni yaşadan davamlı
yaradıcılıq istəyidir. Görməli olduğum
işlər, yazmalı olduğum yazılar, deməli,
olduğum sözlər var".
Ş.Aranlı deyir ki, insanın ömür yolu onun əməllərinin
ensiklopedik toplusudur. Bu topluya tez-tez nəzər salmaq
lazımdır ki, yaşadığın ömrün
yaxşısını və pisini görəsən. Bundan ibrət
alıb gələcək fəaliyyətini düzgün tənzimləyəsən:
"Bu baxımdan yaşadığım ömür
payında bədii yaradıcılıqla bərabər, digər
sahələrdəki fəaliyyətim də mənə mənəvi
rahatlıq verir".
Şirxan Aranlını 75 illik yubileyi münasibətilə
"525-ci qəzet"in kollektivi olaraq səmimiyyətlə təbrik
edir, ona möhkəm cansağlığı, fəaliyyətində
yeni uğurlar diləyirik!
S.QARAYEVA
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.12.