Bakıda gənc rəssamın fərdi sərgisi
açılıb
Bakıda Gənc rəssam Həsən Haqverdiyevin
" Non-obvious observations" adlı sərgisinin
açılışı keçirilib. Burada onun rəsm, heykəltaraşlıq
əsərləri və videoinstalyasiya nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Elnarə Nəsirlinin
qalereya-studiyasında baş tutub və gənc rəssamın
orijinal işlərini böyük maraqla izləyən
qonaqlarda səmimi maraq doğurub.
Sərginin kuratoru elə Həsən Haqverdiyevin
özü olub, musiqi müşayiəti ilə
özünün bəstələdiyi kompozisiyalar təqdim
edilib.
"Mənim üçün həqiqi sərgi uzun
onilliklər boyu gizli saxladığım özümün bir
hissəsinin aşkar olmasıdır ki, bunun da şahidi
yalnız mənə yaxın insanlar olublar. Belə deyim ki,
bunda müəyyən bir intimlik var. Mənim həmişə
deyəcək sözüm var, lakin “sözün səslənməsi”
üçün kənardan düzgün verilmiş suallar
eşidilməlidir. Bu isə o qədər də tez-tez baş
vermir. Ancaq elə bir an gəlir ki, özünü ifadə
etmək zəruri olur", - deyə Həsən etiraf edir.
Həsən Haqverdiyevin əsərləri müəyyən
bir mistik formaya müraciət, xarici təsirlər tərəfindən
müəyyənləşdirilən şərti koordinat
sistemində daxili hissiyyata fərqli bir baxışdır.
Sərginin annotasiyasında deyilir ki, "şəhərlərdə
doğulub böyüyərək biz metal, beton, plastik və
sair ilə əhatələnmiş bir mühitdə
yaşayırıq. Günəşi görmək
üçün başımızı qaldırırıq,
torpağın qoxusunu duymaq üçün uzaqlara səfər
edirik. Tikililər, binalar zaman keçdikcə bir-birini əvəz
edir, getdikcə daha steril görünüş əldə
edir. Lakin oksigen, su, külək və bir çox digər təbii
faktorlar bu müasir dizaynın mükəmməlliyinə təsir
edir. Həm də bunu maraqlı bir şəkildə edir".
"Mən mistikaya valeh olmuşam. Bəli, və
yumşaq desək, mövcudluğun qaranlıq tərəfinə
də. Bu mənim üçün əslində daim cəlbedici
təvazökar və sakit bir dünyadır. Səssizlikdə,
sakitlikdə və qaranlıqda həmişə maraqlı nə
isə var. Demək olar ki, bu istiqamətdə nə isə
axtarıram", - deyə rəssam qeyd edir.
Rəssamın etiraf edir ki, bu cür qeyri-adi
yaradıcılıq forması ilə ona metaforalar və
metamorfozalar dünyasına dalmaq qorxulu deyil. Öz işləri
vasitəsilə vizionerlik atmosferini yaradır: "Mən sadəcə
bu böyük qaranlıq sürrealizm-ekspressionizm
dünyasına öz töhfəmi verməyə
çalışıram".
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.9.