Dayanıqlı
sülhə töhfə verən əməkdaşlıq
Sosial şəbəkədə yazılanlar
Fəqan Əliyev, texnika elmləri doktoru:
- Hər bir vətəndaş vətəninin, yaşadığı
şəhərin, qəsəbənin memarlıq və
inşaatının gözəlliyindən sevinir. Tarix boyu
yerli adamlar memarlıq əsərindən, tikintisindən
danışırlar. Ayrı-ayrı adamlar inşa etdiyi bina ilə
fəxr edirlər və gələcək nəsillər
üçün miras qoymağı belə fikirləşirlər.
Bakı şəhərində istər qədim
memarlıq binaları, istərsə də Bakı milyonerlərinin
inşa etdirdiyi binalar və onların tarixi əsərləri
üçün yatırdığı sərmaye, həmçinin
individual olan köhnə binalar da diqqətə layiqdirlər.
Mərakeşdə, Avtsriyada qədim binalar necə restevrasiya
olunur, müasirləşir və gözəlləşir.
Çox təəssüf ki, keçmiş Sovetskidə bir dənə
belə bina, ev, möhtəşəm küçə
qapıları saxlanılmadı. Yadıma düşür ki,
sovet dövründə gümüş qabları, qədim
mebelləri, xalçaları, palazları, kilimləri
atırdılar. İnsanlar başa düşmədiyindən,
qiymətli, dəyərli, ata-babadan qalan əsərləri,
köhnə mebelləri belə tullayırdı. Vaxtilə Azərbaycan
Politexnik İnstitunun dəyərli professoru, alimi, rəhmətlik
Nazıyev Şuşa Xanqızının nəvəsi ilə
ailə qurmuşdur. Təbii ki, qızına verdiyi cehizdə
qədim fransız mebeli, üstündə gümüşlə
işlənmiş əl işləri var idi. Bu mebelin köhnəldiyini
bilərək köhnə mebel kimi bağ evinə aparıb
tullamış, bağ evindən onu
oğurlamışdılar. Professor bir köhnə mebel kimi
ona əhəmiyyət də verməmişdir. Ona görə
ki, təzə sayılan, içərisi süni olan mebel, onun
yerinə alınmış bəh-bəhlə köhnə
mebeli əvəz edirdi. Zər qədrini zərgər bilər.
Şəhərimizdə yeni tikilən bəzi
binalarımız da buna bənzəyir.
Əvvəla, söküntü olmalıdır, ancaq
qaydalara uyğun yerinə yetirilməlidir. Memarlıq
ölçülərinə, ənənəsinə,
meyarlarına cavab verməlidir. Bakımızda axır onillikdə
tikilən binaların birinci mərtəbəsində
yağışdan, günəşdən qorunmaq
üçün istifadə olunan passaj yoxdur. Vaxtilə
Bakımızın mərkəzində olduqca səliqəli,
gözəl tikilmiş passaj nümunəsi var. Görün,
götürün yaxşı olardı. Bütün Avropa
ölkələrində passajdan istifadə olunur. Başa
düşürəm, passaj pul gətirmir. Bakı şəhərində
bir dənə də belə bina yoxdur ki, binanın
üstündə günəş enerjisindən istifadə etmək
və ya günəş su qızdırıcısı olsun.
Bizdən ekvatora daha uzaq olan ölkələrin şəhərlərində
belə damlardan istifadə olunur. Məsələn,
İstanbulda, Türkiyədə, Danimarkada və s.
Şəhərimizdə böyük abadlıq işləri
gedir, xüsusilə keçmiş sovet küçələri,
H.Əliyev Konfrans Mərkəzində möhtəşəm
parkın şəhərimiz üçün xüsusi yeri
var. Bu boyda parkda bir dənə belə meyvə ağacı
yoxdur. Bakıda dadlı meyvə ağacları çox
gözəl görünür, dadlı olur. Günəşin
istiliyi, şüaları, küləyin intensivliyi,
dinamikası, torpağın qumlu olması Bakı meyvələrinə
xüsusi dad verir. Parklarımızda meyvə ağacları
(tut, əncir, üzüm, badam, püstə, zeytun, iydə,
innab, əsl qızıl güllər) olmalıdır.
Torpaqdan istifadə ediriksə, elə belə faydalı meyvə
ağaclarından istifadə edək.
Elşad Hacıyev, Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinin rəisi:
- Paytaxtın Xətai rayonunda itkin
düşmüş kimi axtarışa elan olunan məktəbli
polis əməkdaşları tərəfindən "Play
station" oyun salonunda tapılıb. Onun itkin düşməsində
kriminal tərkib yoxdur.
Asif Nərimanlı, jurnalist:
- Bayramov və Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində
görüşüb. Bu, sülh sazişi mətninin
razılaşdırılmasından sonra iki ölkə rəsmiləri
arasında ilk təmasdır.
Son aylar tərəflər arasında təmaslar səngiyib,
xüsusilə İrəvanın Bakının tələblərini
müzakirə etməmək üçün
danışıqlardan yayınması fonunda. Əliyevlə
Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında
Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə
Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti
çərçivəsində Əliyevlə
görüşdən imtina etdi. Məqsəd Avropa siyasi
düşərgəsində təşkil olunan Bakı-İrəvan
danışıqlarında balansın yaranmasının, Ermənistanın
istəmədiyi situasiyanın formalaşmasının
qarşısını almaq idi.
Xarici işlər nazirləri isə ötən ilin
sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda
keçirilən 79-cu sessiyası çərçivəsində
ABŞ-ın həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü
ilə görüşüb. Daha sonra oktyabr ayında
İstanbulda keçirilən "3+3" regional məşvərət
platforması çərçivəsində bir araya gəlib.
Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin
Malta toplantısında Vaşinqton yeni görüş təşkil
etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan
yönümlü siyasəti təmasın qurulmasına mane
oldu.
Bu müddətdə yeganə təmaslar Azərbaycan
və Ermənistan sərhəd komissiyaları arasında davam
edib, digər səviyyədə görüşlər
olmayıb. Sülh sazişi mətninin
razılaşdırılmasından sonra Ermənistan tərəfi
görüşlərin keçirilməsinə ciddi səy
göstərir, hətta bütün səviyyələrdə.
Misal üçün, Ermənistan parlamentinin xarici əlaqələr
komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan
parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri ilə
görüşmək istəyib, belə bir
görüşün sülh sazişinin imzalanmasında nə
qədər rol oynaya biləcəyi sual altında olsa da.
Ermənistanın məqsədi
razılaşdırılmış sülh sazişi mətninin
qısa müddətdə imzalanmasına nail olmaq,
Bakının digər tələblərini gündəmdən
çıxarmaq, ən azı arxa fona keçirməkdir. Azərbaycanla
təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi
Bakı isə davamlı sülhə töhfə verməyəcək
nəticəsiz müzakirələrə o qədər də
isti yanaşmır, çünki İrəvanın yerinə
yetirməli olduğu tələblər - konstitusiyanın dəyişdirilməsi
və s. - var və bu kimi məsələlərdə irəliləyiş
olmadığı təqdirdə, təmasların effektivliyi də
sual altına düşür.
Bu kontekstdə Bayramovla Mirzoyanın ADF çərçivəsində
görüşü diqqət çəkir. İrəvan
üçün bu görüş "nəhayət təmasın
qurulması" olsa da, Bakının irəli
sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib.
İstisna deyil ki, Bakı görüşə məhz
Türkiyədə keçirilməsinə görə
razılaşıb və məqsəd ADF-nin dialoq
platforması rolunu gücəndirmək olub.
Elxan Şahinoğlu, politoloq:
- Nüfuzlu "Newsweek" dərgisi dünyanın
ABŞ, Çin və Rusiyanın maraq dairəsinə
bölünəcəyini əks etdirən xəritə dərc
edib. Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər
mübarizə getdiyini yazıb. Dərginin bölgüsünə
görə, Çinin təsir dairəsi Cənub-Şərqi
Asiyanı, o cümlədən Pakistan, Hindistan və
Yaponiyanı əhatə edəcək. ABŞ "Monro
doktrinasına" görə Şimal Amerikaya, o cümlədən
Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi "pay" da
maraqlıdır. Dərginin məntiqinə görə,
Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz
ölkələri Rusiyanın təsir dairəsində olacaq.
Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi
Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya
və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında
bölüşdürülməyib.
"Newsweek" kimi ciddi dərginin dünyanı 3
ölkə arasında bölüşdürüləcəyini
ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və
Çinin maraqlarına cavab verir. Çin və Rusiya dərgidə
onlara aid edilən ölkələri "pay" almağı
məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və
Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir
dairəsinə düşməzlər, əksinə, Tokio və
Dehli Çinin regonda möhkəmlənməsi təşəbbüslərinə
qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi
deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə
müxtəlif əməkdaşlıq formatları təsis
edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp da Hindistan və
Yaponiyanın Pekinin təsiri altına düşməsinə
imkan verməz.
Avropanın tamamını, Türkiyəni və Cənubi
Qafqazı Rusiyaya "pay" verən ABŞ dərgisinun bu
"məntiqi" də mübahisə predmetidir. Əlbəttə,
Rusiya - Ukrayna müharibəsini öz xeyrinə bitirərsə,
başqa planlarını həyata keçirməyə
çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi
Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi
dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri
Rusiya ilə normal münasibətlərin tərəfdarı
olsalar da, keçmiş imperiyanın hər hansı başqa
formada qayıtmasına razılaşmazlar. Mərkəzi Asiya
və Cənubi Qafqaz ölkələri məhz elə buna
görə, Rusiya və Çinlə yanaşı, digər
nüfuzlu ölkələrlə də sıx əlaqələr
qurublar. Avropaya qaldıqda, köhnə qitə bu gün
Ukraynanı məhz ona görə dəstəkləyir ki,
Rusiyanın qələbəsi rəsmiləşməsin və
Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin
aparıcı ölkələrindən birinə çevrilən
Türkiyənin Rusiyanın təsiri altına düşməsi
isə xam xəyala bənzəyir.
Fərid Pərdəşünas, texnobloger:
- Bu arada, "Embawood"a əhsən! Ana səhifəm
bu qarışıq gündəmdə ancaq onlar haqqında
olan paylaşımlarla doludur.
Belə çətin gündəmdə öz
adlarını gündəmə gətirməyi bacarmaq asan məsələ
deyil. Nəzərə alsaq ki, hadisə faciə ilə nəticələnməyib,
ölüm və ya ağır yaralanma yoxdur, dəyən zərərlər
də sığorta çərçivəsindədir.
Belə bir anda bütün sosial mediada adından bəhs
etdirmək uğurlu strateji addım idi. Brendin adını illərdir
unutmuşdum, yenidən yadıma düşdü. Yəqin ki,
növbəti mebeli oradan alaram.
Mütləq şəkildə bu kampaniyanı
düşünənlər marketinq forumlarına spiker kimi dəvət
olunmalı, təcrübələri dinlənilməli və
bir daha marketinq fəaliyyəti ilə məşğul
olmalarına qadağa qoyulmalıdır.
Vüqar Bayramov, millət vəkili:
- "ABŞ Azərbaycanın suverenliyinin, ərazi
bütövlüyünün sarsılmaz dəstəkçisi
olaraq qalır". Bu fikirlər Birləşmiş
Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham
Əliyevə təbrik məktubunda qeyd olunur.
Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə,
idxalını isə 8.4 dəfə artıran Birləşmiş
Ştatlar ilə ölkəmiz
arasındakı əməkdaşlığın yeni
dönəmdə dərinləşəcəyi gözlənilir.
Bu regionda dayanıqlı sülhün formalaşması və
güclənməsinə töhfə verən faydalı əməkdaşlıqdır.
525-ci qəzet .- 2025.- 15 aprel(№62).- S.8.