Azərbaycan-Çin:
münasibətlər yüksək dinamika ilə davam edir
Azərbaycanla Çin Xalq Respublikası (ÇXR)
arasında yüksək səviyyəli münasibətlər
qurulub. Qədim tarixi köklərə əsaslanan münasibətlər
ötən il strateji tərəfdaşlıq Bəyannaməsinin
imzalanması ilə daha yeni mərhələyə qədəm
qoydu. Bu gün iki ölkə ən müxtəlif sahələrdə
əməkdaşlıq edir və bu əməkdaşlığın
daha da inkişafında, irəliyə aparılmasında
maraqlıdırlar.
Azərbaycan Prezidenti İlham Əliyev "Yeni
dünya nizamına doğru" mövzusunda beynəlxalq
forumda çıxışı zamanı Azərbaycan ilə
Çin arasında strateji tərəfdaşlıq haqqında
Bəyannaməni ikitərəfli münasibətlər
üçün çox əhəmiyyətli nailiyyət
adlandırıb: "Azərbaycan ilə Çin arasında
strateji tərəfdaşlıq haqqında Bəyannamə
ötən il mənim Sədr Si Cinpinlə
görüşümün nəticəsində qəbul
olunub. Bu isə ikitərəfli münasibətlərimiz
üçün çox əhəmiyyətli nailiyyət
oldu. Çünki Çin kimi nəhəng ölkə ilə
strateji tərəfdaşlıq formatına nail olmaq bizim
üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri
ilə fəal çalışırıq. Biz onları
müxtəlif sahələrdə strateji tərəfdaşımız
olmağa dəvət etmişik, o cümlədən
yaşıl enerji sahəsində. Deyə bilərəm ki,
yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən
Çin şirkəti tərəfimizdən seçilib və
bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə
veriləcək. Bununla yanaşı, Çin şirkətləri
Günəş panelləri təchizatçılarıdır
və bu panellər Azərbaycanda başqa ölkələrin
sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə
olunur. Biz, həmçinin Çin şirkətləri ilə
yaşıl enerji sahəsinə birbaşa sərmayə
yatırılması istiqamətində də
danışıqlar aparırıq".
Dövlət başçısı müdafiə sahəsində
də əməkdaşlığa toxunub: "Müdafiə
sahəsində də əməkdaşlıqla bağlı
dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola
bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan
Silahlı Qüvvələrini müasirləşdirməyə
davam edir. Bizim üçün də təchizatın
coğrafiyasını genişləndirmək və birgə
istehsal müəssisələri yaratmaq maraqlı olar".
Azərbaycan və Çini birləşdirən
mühüm layihələrdən biri də "Bir kəmər,
bir yol" təşəbbüsüdür ki, Bakı ilk
gündən bu layihəni dəstəkləyib. Prezident
İlham Əliyev bununla bağlı bildirib: "Orta Dəhlizə
- Sədr Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünə
gəldikdə, nədənsə onu Avropada "qlobal
qapı" adlandırmağa çalışırlar. Səmimi
desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq
"Bir kəmər, bir yol" layihəsinə gəldikdə,
biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə
ictimai bəyanatlarla deyil, həm də sərmayə
yatırmaqla etdik. Biz Xəzər dənizinin ən
böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma
zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş
siyahısı doludur. Biz dəmir yollarımızı
müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir
yolunun Gürcüstandan keçən hissəsinə əlavə
investisiya yatırdıq. Hazırda onun yükötürmə
qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn
yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan
istiqamətindən keçə bilər".
Azərbaycan və Çin eyni zamanda Qlobal Cənubun fəal
ölkələridirlər və hər iki tərəf Qlobal
Cənub dövlətlərinin inkişafı
üçün səylərini birləşdirirlər.
Bu günlərdə Azərbaycanda səfərdə
olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin
Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Lyu Cyançao Çin və Azərbaycanın strateji tərəfdaşlar
olduqlarını, iki ölkənin dostluğunun minillik tarixinə
diqqət çəkərək Qlobal Cənub mövzusuna da
toxunub: "Çin və Azərbaycan Qlobal Cənubun önəmli
üzvləridir. Si Cin Pin həmişə deyib ki, beynəlxalq
vəziyyət dəyişsə belə, Çin hər zaman
Avrasiya qitəsində inkişaf edən dövlətlərin
dəstəkçisi kimi qalacaq. Qlobal Cənub dövlətlərinin
üstünlüyü böyükdür, bu dövlətlər
terrora qarşı çıxış edirlər. Çin və
Azərbaycan Qlobal Cənubun ən effektiv səsi olan dövlətlərinə
çevrilib".
Çin, həmçinin Qoşulmama Hərəkatının
üzvüdür. Azərbaycan bu təsisata 4 il uğurla sədrlik
edib və bu çərçivədə də iki ölkənin
əlaqələrində əhəmiyyətli inkişaf olub.
Göründüyü kimi, Bakı və Pekin çoxşaxəli,
hərtətəfli əməkdaşlığa malikdirlər
və bütün bunlar gələcək üçün
böyük potensialın mövcudluğunu bir daha
nümayiş etdirir.
Onu da vurğulamaq lazımdır ki, münasibətlərin
yüksək səviyyədə olmasında Prezident İlham
Əliyev ilə Çin lideri Si Cinpin arasında
qarşılıqlı inam və etimada əsaslanan dostluq
münasibətləri xüsusi rol oynayır. Azərbaycan və
Çin dövlət başçılarının dostluq
münasibətləri iki ölkə arasındakı
münasibətlərin dinamikasına xüsusi impuls verir və
müxtəlif sahələrdə əməkdaşlığın
genişlənməsində xüsusi rol oynayır. Başqa
bir vacib məqam isə qarşılıqlı rəsmi səfərlərdir
ki, bu da Azərbaycan-Çin əməkdaşlığının
genişlənməsində, dərinləşməsində əhəmiyyət
kəsb edir.
2019-cü ilin aprelində Pekində keçirilən
"Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak
edən Prezident İlham Əliyevin bu səfəri çərçivəsində
iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən
10 mühüm sənəd imzalanıb. Onların həyata
keçirilməsi nəticəsində Azərbaycan-Çin
ticari-iqtisadi əməkdaşlığı sürətlənib.
İki ölkənin iqtisadi münasibətləri ildən-ilə
inkişaf edir. Çin Azərbaycanın beş əsas ticarət
tərəfdaşından biridir. 2023-cü ildə Azərbaycan
ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard
ABŞ dolları təşkil edib. 2024-cü ildə iki
ölkə arasında xarici ticarət dövriyyəsi 20,7
artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Təkcə
bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında
ticarət əməliyyatlarının həcmi 745,4 milyon
ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni
aylarındakı göstərici ilə müqayisədə 262,1
milyon ABŞ dolları və ya 54,2 faiz çoxdur. Hesabat
dövründə Çin ilə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,37
faizi həcmində olub. Bu cür yüksək dinamika nəticəsində
Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından
birinə çevrilib. Əgər 2018-ci ildə Çin Azərbaycanın
6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü
iri ticarət tərəfdaşıdır. Bu rəqəmlərin
müqayisəsi göstərir ki, son illərdə
ticari-iqtisadi sahədə artan xətlə davam edən əməkdaşlıqların
əsası qoyulub. Bu, digər sahə və istiqamətlərdə
də əlaqələrin genişlənməsinin möhkəm
bazası kimi çıxış edir.
Çin şirkətlərinin Azərbaycana
marağı da artmaqdadır. Azərbaycanda 300-dən çox
Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye,
kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat
və xidmət sahələrində aktiv fəaliyyət
göstərirlər.
Çin güclü imkanlara malik ölkədir və iqtisadiyyatına görə
dünyada ikincidir. Qlobal iqtisadi böhran vəziyyətində
belə, bu ölkə diqqət mərkəzində qalmaqda
davam edir.
2024-cü ilin statistikasına əsasən Çin
ardıcıl səkkizinci ildir ki, ümumi ticarət həcminə
görə dünyada birinci yerdədir və xidmətlər
sahəsində ümumi xarici ticarəti ilk dəfə olaraq 1
trilyon ABŞ dollarını keçib. 400 milyondan çox
orta gəlirli istehlakçıya malik böyük daxili bazar
transmilli şirkətlərin əməliyyat artımına təkan
verir. Çinin hərtərəfli istehsal sistemi və
yaxşı inkişaf etmiş təchizat infrastrukturu transmilli
şirkətlərə istehsalın səmərəliliyini
artırmaq və bazar risklərini azaltmaq üçün
möhkəm zəmin yaradıb. "ThyssenKrupp"un baş
direktoru Migel Lopez qeyd edib ki, Çin təkcə ən
böyük bazarlardan biri deyil, həm də dünyada ən
inkişaf etmiş istehsal və təchizat zəncirinə, eləcə
də yaxşı logistika sisteminə malik ölkədir.
Çin həmişə inkişaf imkanları axtaran
iddialı transmilli şirkətlər üçün prioritet
bazar olub.
Çin bazarına möhkəm inam əlaməti
olaraq Britaniyanın əczaçılıq nəhəngi
AstraZeneca mart ayında Pekində altıncı qlobal tədqiqat
və inkişaf mərkəzini tikmək planlarını
açıqlayıb. Bundan əlavə, ABŞ-ın pərakəndə
nəhəngi "Costco"da daxil olmaqla 13 transmilli korporasiya
bu yaxınlarda Şanxayın Pudon yeni bölgəsində
regional qərargahlarını açmaq qərarına gəliblər.
Analitiklər xəbərdarlıq edirlər ki, Çinin
iştirakı olmadan qlobal iqtisadi artım ciddi maneələrlə
üzləşəcək. Dünyanın ikinci ən
böyük iqtisadiyyatı illərdir qlobal artımın təxminən
30 faizini təşkil edən qlobal genişlənmənin əsas
mühərriki rolunu oynayır.
Dünyada artan qlobal qeyri-müəyyənliyə
baxmayaraq, Çin iqtisadiyyatı güclü əsaslar
nümayiş etdirməkdə davam edir, möhkəm və
sabitdir. Çinin böyük daxili bazarı,
yaxşılaşan biznes mühiti və yüksək səviyyəli
açıq siyasət birləşərək qlobal müəssisələr
üçün uzunmüddətli sabit investisiya mühiti
yaradıb. Ölkə transmilli investisiyalar üçün əsas
istiqamətlərdən biri olaraq qalır.
Təkcə 2024-cü ildə Çində 60 minə
yaxın xarici investisiyalı müəssisə
yaradılıb, bu da 2023-cü ilə nisbətən 9,9 faiz
çoxdur. Çinə birbaşa xarici investisiyaların gəlirliliyi
son beş ildə təxminən 9 faiz səviyyəsində
qalıb ki, bu da dünyada ən yüksək göstəricilərdən
biridir.
Göründüyü kimi, Çin keçmişdə
olduğu kimi, bu gün də və gələcəkdə
çoxlu imkanlara malik cəlbedici ölkə olaraq qalacaq. Təbii
ki, Azərbaycan da geniş potensiala, xüsusilə nəqliyyat-logistika
imkanlarına sahibdir. Üstəgəl, tarixi bağlar, əlaqələr
iki dövlətin münasibətlərinin təməlini daha
da möhkəmləndirir və gələcəyini daha parlaq
edir.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.-
15 aprel(№62).- S.5.