Cəsur ürək
2023-cü il yanvarın 27-də Azərbaycan
Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə
qarşı terror aktı törədildi. Terroru törədən
İran vətəndaşı Yasin Hüseynzadə
"Kalaşnikov" markalı avtomat silahla səfirliyin
binasına soxulub təhlükəsizlik postunu yardı, səfirlik
əməkdaşlarına atəş açdı. Terror nəticəsində
səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov
qətlə yetirildi, xidmətin iki nəfər əməkdaşı
yaralandı. Silahlı hücum
zamanı mühafizəçi Vasif Tağıyev öz vəzifə
borcunu yerinə yetirərkən
həyatını təhlükəyə atdı. Baş verə
biləcək böyük faciənin qarşısını
almaq üçün
şücaət göstərən Vasif Tağıyev
terrorçunu zərərsizləşdirərək,
aldığı güllə yaralarına baxmayaraq, hücuma məruz
qalan insanların həyatını xilas etdi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 3 fevral 2023-il
tarixli sərəncamı ilə insanların həyatı və
sağlamlığı üçün real təhlükə
şəraitində xidməti borcunu yerinə yetirərkən
igid və qətiyyətli hərəkətlərinə
görə Tağıyev Vasif Natiq oğlunu 1-ci dərəcəli
"Rəşadət" ordeni, Əsgərov Orxan Rizvan
oğlunu (ölümündən sonra) və İmanov Mahir
Kamil oğlunu isə "Vətən uğrunda" medalı
ilə təltif etdi.
Vasif Natiq oğlu Tağıyev 1989-cu il martın 24-də
Şuşa şəhərində anadan olub. Atası Natiq
Tağıyev müharibə veteranı, anası Təranə
xanım Tağıyeva isə tibb işçisidir.
Tağıyevlər ailəsi 1992-ci ilin mayında
Şuşanın işğalı ilə əlaqədar
Tağıyevlər ailəsi Bakı şəhərinə köçüb. Vasif
Xocalının Pirşağa kəndindəki 2 nömrəli
tam orta məktəbi bitirib, 2007-ci ildə hərbi xidmətə
çağırılıb. Qarabağa, Şuşaya olan
sevgisi onu Milli Qvardiya
sıralarında xidmətə aparıb, layiqli xidmətinə
görə valideynləri təşəkkürnamə
alıb.
Qəhrəmanımız Vasif Tağıyevin anası
Təranə xanımla ilk dəfə İkinci Fəxri xiyabanda - şəhid
Orxan Əsgərovun ildönümündə görüşdüm. Təranə
xanım özünəməxsus
azərbaycanlı şirinliyi ilə diqqətimi çəkdi.
İlk dediyi bu oldu ki, kaş bizim Orxan da yaralanaydı, amma
sağ qalaydı. Çox heyif.
Bəli, Orxan Əsgərovun şəhadət
baharında vəfat etməsi ilə iki övladı atasız, valideynləri oğulsuz,
gənc həyat yoldaşı
isə arxa-dayaqsız qaldı.
Terror aktında qəhrəmancasına həlak olmuş
baş leytenant Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə
səbir diləyirik!
Təranə xanımın hadisə baş verən
günləri xatırlayır: "O günləri
xatırlamaq çox çətindir. Yanvarın 27-də səhər
tezdən Vasif mənə zəng edərək, "Ana, mən
növbəyə gedirəm, internet zəifdir, ona görə
də hər dəfə əlaqə saxlamaq mümkün
olmur, məndən nigaran olmayın" dedi. Hadisə baş
verən zaman işdə idim. Həyat yoldaşım telefonlar
bu xəbəri mənə verəndə sanki dünyam
alt-üst oldu. Dedim ki, oğlumla görüntülü telefon
bağlantısı etməsəniz, onun özünü
görməsəm, ölərəm. Ağ köynəyinin,
üzünün qana bulaşdığını
gördüm. Bu anları
yaşadım... Çənəsindən aldığı
güllə yarasından bir neçə dəfə əməliyyat
olunan Vasifim xoşbəxtlikdən
9 saat davam edən son əməliyyatdan salamat
çıxdı. Allah mənə onu yenidən bəxş
etdi.
Biz Şuşadan çıxanda Vasifin 3 yaşı
vardı. Torpaqlarımız işğaldan azad olunanda Vasifin
sevinci aşıb-daşırdı, çünki onun
mayası o torpağın suyundan bəhrələnmişdi.
Oğlumuz vətənpərvər olduğundan işinin də
ustası oldu, Tehranda baş vermiş hadisədə
terrorçu ilə sona qədər əlbəyaxa olub
mübarizə apardı".
Vasif Tağıyev 2009-cu ildən Əlahiddə
Ümumqoşun Ordusunda, 2015-ci ildən Azərbaycan
Respublikasının Tehran, Moskva, İstanbul, Gürcüstan səfirliklərinin
Xüsusi Dövlət Mühafizə Xidmətində
çalışıb, dəfələrlə
"Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib.
Həyatlarını xilas etdiyi səfirlik əməkdaşlarının
valideynləri, həyat yoldaşları, övladları
ardı-arası kəsilmədən Vasifin görüşünə
gəlirmişlər. Hadisənin şahidi olan Çinarə
xanım o günü belə xatırlayır: "Vasifin dəhşətli
səsi indi də qulaqlarımdadır. O,
qışqıra-qışqıra deyirdi ki, uşaqları
yuxarı mərtəbələrə aparın. Biz tez, hələ
yuxudan oyanmamış, gecəköynəyində, ayaqyalın
uşaqları yuxarı mərtəbələrə
qaçırtdıq. Atışma səsləri kəsilmirdi.
Dəhşət içərisində idik. Yaralanan kim idi,
qalan kim idi, bilmirdik. Bu gün yaşadığımıza
görə hamımız Vasif müəllimə sonsuz minnətdarıq".
Təranə xanımın dediklərindən: "Vasifin mehriban aiəsi var. Həyat
yoldaşı Pərvin xanım alitəhsilli müəllimdir.
Qızları Aysu 14, Zeynəb 11, oğlu Muhəmməd 10 yaşındadır. Vasif Bakıya
qayıdanadək həyat yoldaşı və uşaqları
ilə birlikdə çox çətin günlər
yaşadıq. Səfiriyin əməkdaşlarını və
ailələrini gətirən təyyarə yerə enəndən
sonra arxayın olduq ki, onlar artıq etibarlı əllərdədir.
Vasif deyir ki, təyyarədə həyatını
qurtardığım uşaqların səsini eşidəndə,
ağladım. Ölümün pəncəsindən qurtulan bu
günahsızların yaşayacaqlarına sevindim. Ali Baş
Komandanın ailəmizə göstərdiyi qayğılardan
biri də Vasifin övladlarının Lev Landaunun adını
daşıyan məktəbdə təhsil
almalarıdır".
Allah xalqımızı, dövlətimizi qorusun.
Dünyamıza əmin-amanlıq bəxş etsin. Allaha
şükür, torpaqlarımız Vətənimizin qeyrətli
oğullarının qanı bahasına işğaldan azad
edildi, qazilərimizə cansağlığı diləyən
Təranə xanıma deyirəm: O vaxtı atanız
anasının (nənənizin) gözünə nur verən Zərifə
xanım Əliyevaya təşəkkür məktubu göndərmişdi.
Uzun zaman keçdikdən sonra siz övladınız Vasifin Vətənə
salamat qayıtdığına və eləcə də 1-ci dərəcəli
"Rəşadət" ordeni ilə təltif edildiyinə
görə Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür
məktubu göndərdiniz. İki fərqli an, iki fərqli
zaman, iki fərqli həyat - amma hər ikisində həyatla
ölüm-dirim mübarizəsi!
Vasif Tağıyev Ali Baş Komandana müraciətində
dövlətə bundan sonra da sadiq əsgər kimi xidmət
edəcəyinə söz verir. Əsl Vətənpərvər!
Əsl Vətənsevr!
Vasif Tağıyevin ailəsilə görüşəndə
düşündüm ki, o, başqa cür hərəkət
edə bilməzdi. Onun seçimində ailə tərbiyəsi,
torpağa - Vətənə məhəbbət əsas yer
tutur. Üzümü onun valideynlərinə tutub deyirəm:
Vasif seçimində səhv edə bilməzdi. Axı onun
mayası Şuşadan bəhrələnib. Nənə-babalarının,
valideynlərinin doğulub-böyüdükləri
Qarabağı görməsə də, düşüncəsinə
Vətənimizin düşməndən azad edilməsi fikri
hakim kəsilib. Ehtimal etmək olar ki, Vasif Tağıyev 44
günlük Vətən müharibəsinin şiddətini
aydın dərk edirdi. Təranə xanımın dediyi kimi:
"Mənim üçün çox əziz olan
Şuşaya ölkəmin qeyrətli övladlarının
sayəsində yenidən ayaq basdım".
...Vasif Tağıyevin - bizim qəhrəmanımızın
bu il 36 yaşı tamam oldu. Ona sağlam və sakit həyat
arzulayaraq deyirəm: Neçə-neçə ailəni
ölümün pəncəsindən qurtaran İgid,
uğurların bol olsun!..
Dilarə AĞAMUSA
Tarix üzrə fəlsəfə doktoru,
yazıçı-publisist
525-ci qəzet .- 2025.- 16 aprel(¹63).-S.13.