"Mayorun
elçiliyi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla məşhur rus rəssamı Pavel Andreyeviç Fedotovun
"Mayorun elçiliyi" əsərindən
danışmışıq.
XIX əsrin birinci yarısında
yaşayıb-yaratmış rəssam Pavel Fedotov öz
dövrünün mənzərəsini əsərlərində
tam aydın şəkildə təsvir edib. Rəssamın
çəkdiyi rəsmlər yalnız XIX əsrin birinci
yarısının məişətini yox, eyni zamanda həyatını
və problemlərini satira ilə nümayiş etdirir. Əsərlərindəki
hərbçi obrazları, şux kolorit və incə yumor
onun ilkin yaradıcılıq mərhələsinin əsas
xüsusiyyətləri idi. Lakin sonrakı dövrlərdə
rəssamın əsərlərində kədərli notlar
müşahidə olunur ki, bu da onun maliyyə çətinlikləri,
xəstəlik və psixoloji gərginliklərlə üzləşməsi
ilə bağlıdır. Bu ruh halı "Ankor, yenə
ankor" və "Dul qadın" kimi son dövr əsərlərində
açıq şəkildə hiss olunur. Həyatının
son illərində isə o, maddi sıxıntılar, psixi
pozğunluqlar və yalnızlıqla mübarizə aparmaq məcburiyyətində
qalır.
Rəssamın satira səciyyəsi daşıyan əsərləri
çox vaxt qınaq obyektinə çevrilib, çünki bu
təsvirlərdə gözə çarpan nöqsanlardan
savayı, kiçik detallar da müəyyən
qüsurları aydın şəkildə bəyan edirdi. Bu
xüsusiyyətlər onun ən məşhur əsəri olan
"Mayorun elçiliyi"ndə də aydın
görünür.
- "Mayorun elçiliyi"nin Pavel Fedotov
yaradıcılığındakı yeri. Söhbətimizə
buradan başlayaq.
- Pavel Andreyeviç Fedotovun "Mayorun
elçiliyi" əsəri XIX əsr rus realizminin ilk
mühüm bədii ifadələrindən biri kimi qəbul
olunur. Bu əsər onun rəssam kimi tam
formalaşdığı dövrə təsadüf edir və
təkcə sənət baxımından deyil, həm də
ictimai məna daşıyan məzmunu ilə seçilir.
1848-ci ildə yaradılmış tablo öz zamanında
çox böyük bir səs-küyə səbəb
olmuşdu. İlk baxışdan adi məişət
mövzulu bir əsər kimi görünsə də, diqqətlə
müşahidə etdiyimiz zaman çoxlu sayda rəmzlər və
mənalar aşkar edə bilərik. Pavel Fedotov bu əsərdə
öz dövründə tez-tez rast gəlinən bu növdə,
yəni ancaq xeyir güdən elçilik mövzusunu geniş
kütləyə təsviri sənətlə göstərərək,
bu nöqsanı açıq-aydın cəmiyyətə
nümayiş etdirir.
Fedotov xüsusilə burjuaziya təbəqəsindən
olan tacirlərin titul və nüfuz qazanmaq uğrunda
aristokratların qarşısında yaltaqlanmasını tənqid
edir. O, bu cür davranışların nə qədər
absurd və gülünc olduğunu göstərir. Tacirlər
zadəganları təqlid etməyə çalışsalar
da, əsərlərdə açıq şəkildə
görünür ki, bu cəhdlər uğursuz və komik
alınır. Fedotov beləliklə göstərir ki, zadəganlar
tacirləri heç vaxt öz sıralarına qəbul etməyəcək,
həmişə onlara yuxarıdan aşağı baxacaqlar.
"Mayorun elçiliyi" 1848-ci ildə çəkildiyi
zaman Çar I Nikolay 1825-ci ildə taxta
çıxdığı gündən bəri Rusiyada 23 ildir
hökmranlıq edirdi. Nikolay I, reaksionist hökmdar
anlayışının təcəssümüdür. O,
siyasi islahatların və sosial liberalizasiyanın əksəriyyətinə
qarşı idi. Bəzi tarixçilər onu avtokratik
hökmdarın və ya mütləq hakimiyyətin mükəmməl
nümunəsi kimi təsvir edirlər.
Fedotov əsərin interyerini təsvir etmək
üçün uzun zaman uyğun məkan axtarır. Nəhayət
aşxanalardan birini taparaq onun interyerini tacir evinin daxili məkanı
kimi işləyir. Mayor obrazı üçün
keçmiş əsgər yoldaşını natura kimi istifadə
edir. Digər personajları üçün naturaları tacirlər
arasında uzun müddət axtarır.
- Əsərin rəng həlli necədir?
- Əsər yağlı boya ilə çəkilib.
Parlaq rənglər kompozisiyanın rəssamın erkən
yaradıcılıq dövrünə aid olduğunu göstərir.
Qızın bəyaz libası onu vizual olaraq ön plana
çıxarır. Anası da açıq rəngli geyimdə
təsvir olunub. Ailə başçısı olan ata isə
qara geyimdə və səhnənin küncündə verilib,
bu da onun roldan kənarlaşdırıldığını
göstərir. Hətta rəssam onu "əridərək"
görünməz hala gətirib. Mayor qara geyimdə
olmasına baxmayaraq, arxa fonda
işıqlandırılmış şəkildə verilməsi
onun diqqətçəkici mövqeyini vurğulayır. Məxmər,
krujeva və ağac teksturaları aydın şəkildə
hiss olunur. Rəssam, ustalıqla libasların, mebellərin və
materialların təsvirini dəqiq
verib.
- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?
- Əsər çoxfiqurlu kompozisiyaya malikdir və
burada hadisə bir teatr səhnəsi kimi qurulub. Hadisənin mərkəzində
isə gələcək gəlin dayanır. Kompozisiya mayorun
qapıda dayanmış fiqurundan başlayaraq, qulluqçulara
qədər inkişaf edir. Evdə təlaş və tələsik
hazırlıq hökm sürür - hər kəs bir tərəfə
qaçır, hazırlıqlar görülür,
narahatlıq və gərginlik havadan hiss olunur. Gəlinin
atası hələ də geyinməkdədir, anası isə
yeni libasda olsa da, başında kəndli qadınlarına məxsus
çəpçik var. Bu isə onun sadə mülkədar həyatından
yeni ayrıldığını və mayorun gəlişi xəbərini
eşidən kimi tez-tələsik paltarını dəyişdiyini
göstərir. Qulluqçuların narazı üz ifadələri,
onların tələsik hərəkətləri də bu təlaş
və narahatlığı əks etdirir. Onlara sahibləri tərəfindən
tez bir zamanda masa hazırlamaq əmri verilib, biz bu anı
kompozisiyanın sağ tərəfində aydın
görürük.
Hadisənin əsas məğzi evə mayorun
elçiliyə gəlməsidir. O dövrün rus cəmiyyətində
mayor yüksək mövqe tutan, aristokrat bir fiqur kimi qəbul
olunurdu. Bu səbəbdən ailə üçün bu elçilik
həm fəxarət, həm də sosial yüksəliş
fürsəti kimi qiymətləndirilir. Əgər bu nikah
baş tutarsa, ailə zadəganlar təbəqəsinə
daxil ola bilər.
Mayor qapıda bığlarını buraraq məğrurcasına
dayanıb. Onun duruşu, özündən razı
baxışları, bu elçiliyə özü gəldiyini
və bu ailəyə qarşı üstdən
baxışını açıq şəkildə göstərir.
Nə çiçək, nə hədiyyə - bu, onun bu ailəyə
verdiyi dəyərin azlığını simvolizə edir.
Onun fikrincə, özü və mövqeyi artıq yetərlidir.
Bu da tacir ailələrinə qarşı təkəbbürlü
münasibətini göstərir. Mayorun qarşısında
yerləşdirilmiş oturacaq isə diqqətçəkicidir.
Oturacağın əyri ayaqları sanki onun əyilmiş
ayaqlarının davamıdır. Bu incə detal vasitəsilə
rəssam Fedotov mayorun həm fiziki, həm də mənəvi
eybəcərliyini simvolik formada çatdırır.
- Gəlin narazı görünür.
- Gələcək gəlinin kədərli və
çarəsiz üz ifadəsi onun bu nikaha razı
olmadığını göstərir. Onun sifətindəki
acı və susqunluq, boyun və əl quruluşunun zərifliyi
ilə birgə bizə saf və incə bir qəlbə sahib
olduğunu çatdırır. Qızın üzərindəki
libas o dövr üçün qeyri-etik sayılırdı.
Elçilik zamanı gənc qızların bağlı və
təvazökar geyimlər geyinməsi adət idi. Lakin burada
qız açıq-saçıq, gecə ballarına
uyğun bir paltardadır. Əynindəki zinət əşyaları
- üzük və sırğalar artıq ərdə olan
qadınlara məxsus aksesuarlar hesab olunurdu. Bu, həm etik
qaydalara ziddir, həm də ailənin süni aristokrat
görünməyə çalışan halını
nümayiş etdirir. O dövrdə tacir ailələrinin
qızları tez-tez zadəgan qadınları təqlid etməyə
çalışır, lakin bu cəhdlər çox zaman
uğursuz alınır və ictimai qınağa səbəb
olurdu.
Qızın qaçma səbəbi ilə
bağlı iki fikir mövcuddur. Birincisi, mayorun qoca və
çirkin olmasıdır. Digəri isə, qızın
ürəyinin başqa birinə bağlı olmasıdır.
Onun baxışlarındakı həsrət və iztirab sevgi
acısına işarə edir. Maraqlıdır ki, mayor da
üzünü başqa tərəfə çevirmişdir -
bu da onun üçün kiminlə evlənməyin heç
bir fərq etmədiyini göstərir. Qız və mayorun
bir-birinə üz tutmaması onların arasında
soyuqluğun artıq əvvəldən mövcud olduğunu
bildirir. Qızın ağ, mayorun isə qara libas geyməsi də
bu iki fiqurun ziddiyyətini, uyğunsuzluğunu vizual olaraq
vurğulayır.
Əsərdəki mühüm detallardan biri də
aradüzəldən qadındır. O, qapıda dayanıb və
qırmızı məxmər kaftan geyinib. Bu kaftan
elçilik müvəffəqiyyətlə başa
çatdıqda oğlan tərəfinin svaxaya - "vasitəçisi"yə
hədiyyəsi kimi verilərdi. Rəssam bu detalla bizə
elçiliyin uğurlu olduğunu və nikahın baş
tutacağını çatdırır.
Nəticə etibarilə Fedotov bu əsərində təkcə
bir ailənin təlaş və hazırlığını
deyil, dövrün sosial ziddiyyətlərini, sinfi fərqləri,
elitar görsənmək istəyən burjuaziya ailələrinin
süni həyat tərzini və şəxsiyyətlər
arasındakı emosional uçurumu incə satira və dərin
simvolika ilə ustalıqla təsvir edib.
- Çox güman, rəssamın məhz bu mövzuya
müraciət etməsinin xüsusi səbəbi var.
- Pavel Fedotov "Mayorun elçiliyi" əsərini
bir növ "səhnənin quruluşu" prinsipi əsasında
işləyib. Rəssam hadisələri sanki teatr səhnəsindəki
bir an kimi təqdim edir. Kompozisiyada hər bir fiqur güclü
jest və mimikalarla ifadələndirilib ki, bu da rəsmə
dramatik təsir və hekayə dərinliyi qatır. Əsər,
bir filmin ən emosional kadrının donmuş anını
xatırladır - elə bil bu kadr bütün hekayəni
özündə ehtiva edir. Rəsm 19-cu əsr Rusiyasında
geniş yayılmış bir adəti - uyğun bəy və
xanımın tanış olub ailə qurmaq məqsədilə
görüşməsini əks etdirir. Kompozisiyanın sağ
tərəfində, qapının ağzında mayor
dayanıb. Onun bədəni arxadan gələn sarımtıl
işıqla işıqlandırılmış, demək olar
ki, siluet şəklindədir. Buna baxmayaraq, üzündəki
mimikalar - xüsusilə də sıxılmış ifadəsi
- aydın görünür. O, cəsur və romantik bir ərdən
çox, ağıllı və real düşüncəli
bir həyat yoldaşı obrazını təqdim edir. Onun
duruşunda sevgi yox, etibar və məntiqlilik hiss olunur.
Səhnədə ata daha arxa plandadır - tünd,
uyğun olmayan bir paltarda təsvir olunub. O, demək olar ki,
fonla qarışıb gedir. Yalnız ağsaçlı
başı və qızarmış sifəti onu fərqləndirir.
Ailə başçısı olsa da, vizual olaraq əsas diqqət
arvadı və qızına yönəlib. Ata uğurlu bir
tacirdir və bu uğur otağın zəngin tərtibatında
əks olunur: mozaik döşəmə, rəngli tavan panelləri,
qızıl çərçivəli mebellər və incə
işlənmiş stəkanlar evin rifahını göstərir.
- Bu tablonun rəssamın digər əsərləri
ilə ortaq və fərqli cəhətləri
hansılardır?
- Fedotovun son dövr əsərlərindəki gəmgin
və pessimist notlar, onun həyatında baş verən çətinliklərin
sənətinə təsir etdiyini göstərir. Bu
çatlar onun bütün işlərində hiss olunur. Lakin
"Mayorun elçiliyi" adlı əsəri bu baxımdan
fərqlənir və özünün şən və nikbin əhval-ruhiyyəsi
ilə seçilir. Bu əsərdəki dinamik kompozisiya, zəngin
detallar və rəngarənglik Fedotovun sonrakı dövr
yaradıcılığında artıq müşahidə
olunmur.
Məsələn, "Ankor, yenə ankor" və
"Oyunçular" əsərlərində fon və
ümumi mühit daha bulanıq və qeyri-müəyyən təsvir
olunub. Obrazların işlənməsində də əvvəlki
diqqət və incəlik yoxdur. Lakin "Mayorun
elçiliyi" əsərində təkcə əsas
fiqurlara deyil, parça fakturasına, ətraf mühitə və
kompozisiyanın hər bir detalına xüsusi önəm
verilib.
Rəng palitrasına gəldikdə isə, bu əsər
Fedotovun son dövr yaradıcılığındakı
tünd və boğuq tonlardan fərqli olaraq daha canlı və
müxtəlif rənglərlə zəngindir. Bu da ona
xüsusi bir vizual parlaqlıq və cazibə bəxş edir.
Eyni zamanda, erkən dövr əsərlərinə xas olan
teatral işıqlandırma burada da özünü göstərir
və bu, sonrakı əsərlərdəki şam
işığı effektindən onu aydın şəkildə
fərqləndirir.
- Əsər harada saxlanılır?
- Tablo Moskvada Dövlət Tretyakov qalereyasında
saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- XIX əsrdə rus cəmiyyətinin ən aktual
müzakirə mövzularından biri nikah anlayışı
idi. Pavel Fedotov bu problemi öz yaradıcılığında
tənqidi və satirik baxımdan əks etdirərək həm
cəmiyyətdəki eybəcərlikləri üzə
çıxarır, həm də tamaşaçını
düşünməyə vadar edir. Rəssamın əsərlərində
təkcə nikah mövzusu deyil, həmçinin təbəqələrarası
sosial ədalətsizlik, burjuaziya və aristokratiya
arasındakı münasibətlər də aydın şəkildə
təsvir olunur.
Eyni zamanda rəssam təkcə burjuaziyanı deyil,
aristokratiyanın da eybəcər xüsusiyyətlərini
ifşa edir. Fedotov onların qapalı və özündən
razı dünyagörüşünü, başqa təbəqələrə
qarşı göstərdikləri laqeydliyi və təkəbbürlüyü
tənqid edir. Aristokratlar, cəmiyyət içində
hörmət sahibi olsalar da, bu mövqeləri onların mənəviyyatında
və davranışlarında görünmür. Onlar öz
statuslarından yalnız şəxsi mənafelərini təmin
etmək üçün istifadə edir, dünyəvi
maraqları və var-dövlət ehtirasları əsas həyat
məqsədinə çevrilir.
Fedotovun bu kimi əsərlərində ən diqqətçəkən
məqamlardan biri də odur ki, aristokratların tacir ailələri
ilə qurduğu nikahlar əsasən maliyə maraqlarına əsaslanır.
Rəssam göstərir ki, zadəganlar üçün tacir
ailələri ilə yaxınlıq qurmaq, onların sərvətlərindən
faydalanmaq üçün bir vasitədir. Bu da bir daha sübut
edir ki, cəmiyyətin hər iki əsas təbəqəsi -
həm burjuaziya, həm də aristokratiya - öz mənfəətləri
naminə ikili standartlar sərgiləyir.
Pavel Fedotov bütün bu sosial ziddiyyətləri incə
yumor və kəskin tənqid yolu ilə təqdim edir. Onun əsərləri
sadəcə vizual sənət nümunəsi deyil, həm də
güclü ictimai mesaj daşıyan sənədli bir
baxışdır.
Bu əsər sadəcə tamaşaçını
güldürmək məqsədi daşımır. Əksinə,
Fedotov gülüş vasitəsilə cəmiyyətdəki
saxtakarlıq, mənəvi dəyərlərin pozulması və
riyakarlıq kimi problemləri gündəmə gətirir. Bu
da onun sənətə yanaşmasında sadə məişət
mövzularına belə fəlsəfi və sosial məna
yükləmək bacarığını göstərir.
Zamanında dostları və ailəsi onu bir zamanlar ümid verən,
parlaq bir gələcəyi olan, lakin öz sənətinə
dərin ehtirası səbəbindən çətinliklərə
düçar olmuş bir insan kimi xatırlayırdılar.
Fedotovun həyatı, bəzən sənətin içində
yaşanan tənhalıq, uğursuzluq və çətinliklərin
gətirdiyi ağır bir nəticəni
simvollaşdırır. Bununla belə, Fedotov, həyatının
son illərində çəkdiyi əsərlərlə yadda
qaldı. Xüsusən, 1848-ci ildə yaratdığı
"Mayorun elçiliyi" əsəri, onun sənətinin
zirvəsinə çatdığı anlardan birini təmsil
edir. Bu əsər yalnız sosial həyatı, ailə
münasibətlərini və cəmiyyətdəki təbəqə
fərqlərini təsvir etmir, həm də sevgi, pul və
prestij arasındakı mürəkkəb əlaqələri
araşdırır. Bu mövzular günümüzdə də
aktuallığını qoruyur və sənətsevərlərə
hər dövrün insanın içindəki ən dərin
təbəqələrə və ziddiyyətlərə dair əhəmiyyətli
suallar verir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 16 aprel(№63).-S.12;13.