HƏR GÜN PERRONA
APARAN ÜMİD
İlk dəfə o sahillərdə
dayandığım günlərdə həmin yerlərdə
dəhşətlərin cərəyan etdiyi vaxtlardan 70 ilə
yaxın zaman keçirdi. Ancaq uzaqlarda qalmış müharibə
hələ də lap yaxında hiss edilirdi. Mənə
kitablardan, filmlərdən tanış olan Triyest şəhərinin
küçələrindən, məhəllələrindən
keçirdim.
Şəhər gündəlik sakit həyatını
yaşayırdı. Ancaq ara-sıra gözə İkinci
Dünya müharibəsindəki dəhşətli
partlayışlardan xəbər verən mənzərələr
dəyirdi. Bilmirəm həmin müharibə
xarabalıqlarını ətrafdakı digər gözəl
tikililərə bənzəyən başqa binalarla əvəz
etməyə hələ əlləri
çatmamışdı, ya bu viranəlikləri qəsdən
saxlamışdılar ki, müharibənin acı xatirəsi
göz önündə olsun, yaddaşı
ağrıtsın, keçmiş acıları unudulmağa
qoymasın?
2011-ci ilin may günlərində Mehdi Hüseynzadəni
ilk dəfə ziyarət etdiyim çağlarda onun bir zamanlar
döyüşdüyü İtaliyaya da getdim - Triyest şəhərini
də gəzib dolaşdım. Sonra gəlib Adriatik dənizinin
sahilində oturdum. Axşamüstü idi, qürub
çağı idi. Bir suyu Xəzərə bənzəyən
dənizə baxırdım, batan günəşi seyr edirdim və
istər-istəməz Mehdini xatırlayırdım. Bu səhnə
xəyalımda bütün aydınlığı ilə
canlanırdı ki, Adriatik dənizinin sahilində, illər
öncə, elə beləcə bir gündə bir cavan ləpədöyəndə
dayanıbmış. Burda olmağına burda - İtaliyada, Triyest şəhərində
imiş, amma həm də burda deyilmiş, düşüncələr
onu əlçatmaz uzaqlara, bu dənizin, bu şəhərin bənzəri
olan uzaqlara, doğma Bakısına aparıbmış.
Özümün dayandığım həmin sahildə
bu mənzərəni dəqiqliyi ilə təsəvvürümə
gətirməyim səbəbsiz deyildi. Çünki
bakılı bir cavanın haçansa məhz o sahildə
dayanaraq düşüncələrə dalması, cismən
burda, ruhən Vətəndə - büsbütün ayrı
sahillərdə olması haqda duyğularını əks
etdirən misraları oxumuşdum. Ancaq bir neçə gün
sonra həmin təəssüratlarım barədə
Sloveniyada, Nova-Qoritsa şəhərində qocaman partizanlara
danışanda onlardan biri anidən duruxdu və dilləndi ki,
həqiqətən, Mixaylo azacıq imkan olan kimi Adriatik dənizinin
sahilində təkcə əyləşər, uzun-uzadı
sulara baxar, sonra qüruba baxardı və tez-tez də
Bakını yad edərdi. Mehdi Hüseynzadə ordakı
söhbətlərində Bakını yad edər, bu sahilə
bənzəyən Kaspi sahillərindəki günlərindən
danışardı.
Görünür, Mehdi yalnız həmin sahildə
dayanıb sulara baxarkən deyil, hər gün, hər an
Abşeronla, Xəzərlə, Vətənlə imiş ki,
1944-cü ilin fevralında bu şeiri də qələmə
alıbmış.
Üstündən nə qədər illər ötsə
də, onu daim elə qərib şəhərdəki bir ləpədöyəndə
Vətənlə birgə göstərən "Adria sahillərində"
adlı şeirini:
Gecə ay üzünə salarkən işıq
Dalğalı suyuna verir yaraşıq.
Burax bu qəmzəni, olmaram aşıq,
Çünki o Kaspinin vurğunuyam mən.
Bütün varlığımla onun varıyam,
Müqəddəs eşqinin səcdəkarıyam,
Yazıq ki, halım yox, gəzəm, arayam,
Keçdiyim yolların yorğunuyam mən.
Nədir bu dalğalar, nədir bu qəmlər?
Mənimtək ürəyin, inan, vərəmlər.
Qoy sənə desinlər ordan gələnlər,
O coşqun çayların durğunuyam mən.
Deməm gözəllikdə geri qalırsan,
Sən də bir pərisən, könül alırsan.
Bu qərib könlümə yada salırsan,
Açılmış güllərin solğunuyam mən.
Onun sahilində bir diyarım var,
Hicrana can verən nazlı yarım var,
Ondan dodağımda yadigarım var,
İtirmiş sevgimin sorğunuyam mən.
Gənclik həyatıma qədəm qoyunca
Gəzmədim suyunda mən də doyunca.
Qurbanı olaydım sahil boyunca,
Çünki o Kaspinin vurğunuyam mən.
...Mehdi şəkil çəkməyə 1920-ci illərin
ortalarından - uşaqlıq illərindən, məktəb
dövründən başlamışdı. Həmin günlərdən
qara karandaşla çəkdiyi bəzi rəsmlər də
yadigar qalıb. Vaxtilə o şəkilləri mənə qəhrəmanın
bacısı oğlu, görkəmli bəstəkarımız,
unudulmaz Aqşin Əlizadə vermişdi, mən də muzeydə
yerləşdirdim ki, hər kəsə görünsün.
Uşaqlıq dövründə, məktəb illərində
kim şəkillər çəkmir ki! Ancaq şagird Mehdinin
yadigar rəsmlərinə baxınca sezirsən ki, bu ilk şəkillərdə
artıq sadəcə şəkil çəkməyə təbii
uşaqlıq marağı deyil, peşəkarlığa
doğru bir canatma duyulur. Elə belə də varmış. O,
əsl rəssam olmağı arzulayırmış. Bu istəyin
yönəltməsi ilə də 1932-ci ildə gəlib
Bakı Rəssamlıq Məktəbinə daxil olur. Rəssamlıq
məktəbində onunla birgə oxuyanlardan biri sonranın məşhur
rəssamı, sənətşünası, unudulmaz Mürsəl
Nəcəfov idi. Mehdi ilə eyni ildə doğulmuş, onunla
dost və qonşu olmuş Mürsəl müəllim
nağıl edirdi ki, yaşıdlarımız arasında Mehdi
rəssamlığa və şeirə xüsusi
vurğunluğu ilə seçilərdi, onda şeirə və
rəssamlığa sevgini ailəlikcə yaxın olduqları
iki adam oyatmışdı. Şair Mirmehdi Seyidzadə
(1907-1976), rəssam Hüseynqulu Hüseynov. Mürsəl
müəllim danışırdı ki, Mehdi Hüseynqulu
Hüseynovun yanına tez-tez gedər, çəkdiyi şəkilləri
göstərib ondan məsləhətlər alardı. Mürsəl
müəllim bunu da etiraf edirdi ki, onun rəssamlığa
bağlanmasının səbəbkarı da elə Mehdi olub.
Onunla son dəfə 1941-ci ilin avqustunda əsgərliyə getməzdən
qabaq görüşmüş Mürsəl Nəcəfov əziz
dostu ilə birgə rəsm çəkməkdən
yorulmadıqları günləri xatırlayanda bunu da söylərdi
ki, 1936-cı ildə Mehdi bir döyüşçünün
rəsmini çəkmişdi, şəkil o qədər bəyənilmişdi
ki, 1938-ci ildə həmin lövhəni sərgiyə
aparmışdılar.
Ancaq Mehdinin rəssamlığa meyil etdiyi həmin illərin
bir başqa saxlancı da qalır ki, onda da tale izi var.
1936-cı ildə Bakıda "Döyüş
yollarında" adlı bir kitab nəşr edilib. Həmin
kitabçaya o illərin böyük ümidlər verən gənc
şairi Abdulla Faruqun (1907-1944) arxivini araşdırarkən
rast gəldim. Hələ müharibə, döyüşlər,
qanlar-qadalar çox uzaqda idi. O kitabdakı şeirlərin
müəllifi Abdulla Faruqu da, həmin kitabın tərtibçi
rəssamı Mehdi Hüseynzadəni də tezliklə
başlanacaq müharibə alıb aparacaq.
Sanki çəkdiyi ilk müharibə rəsmləri
ilə tale ona sabahını, keçəcəyi
qanlı-qadalı savaşı, aqibətini göstərirmiş.
Mehdi Hüseynzadə 26 illik qısa ömür
yaşadı. Bacıoğlusu Aqşin Əlizadə
yaşı 60-ı, 70-i keçəndən sonra da onu
xatırlayarkən sanki dönüb uşaq, yeniyetmə olurdu
və Mehdi bütün ömrü boyu onunla idi. Aqşin
müəllim həmişə cibində dayısının
ona hədiyyə etdiyi, arxasını da yazdığı
şəkli gəzdirirdi. Özünün sözü idi ki, hər
dəfə evdə piano arxasına keçəndə,
çalmağa başlayanda elə zənn edir ki, elə indicə
dayısı dayanıb onu dinləyir.
Deyirdi ki, Mehdi bizim üçün həmişə
sağ-salamatdı. Bir də mən çox sevinirəm ki, o,
bütün xalqın oğludu. Mən bunu hər məqamda
hiss edirəm, hətta uzaq yerlərdə də. Mehdini
tanıyanlar, görənlər ondan danışanda kövrəlirlər.
Əvvəllər bu mənə qəribə gələrdi,
yaşa dolduqca bunun ən dərin istəkdən gəldiyini
anladım.
Aqşin müəllim Mehdi ilə heç ağla gəlməyəcək
yerlərdə də rastlaşmasından əhvalatlar
danışırdı. 1984-cü ildə Afrikaya səfər əsnasında
Porto-Novo şəhərində sovet konsulu Yulen Sidelnikovla
(1924-2007) görüşündən bəhs edirdi.
Danışırdı ki, Yulen Antonoviç biləndə ki,
mən Mehdi Hüseynzadənin bacısı oğluyam,
çox mütəəssir oldu, gözləri yaşardı və
mən məəttəl qaldım. O, köhnə hərbçi,
general idi. Dedi ki, siz hamınız fəxr etməlisiz, Azərbaycan
xalqı qürur duymalıdır ki, onun Mehdi kimi övladı
olub.
Həmin təhlükəsizlik generalı Sidelnikov
Aqşin Əlizadəyə bunu da söyləyibmiş ki,
vaxtilə başqa bir neçə həmkarı ilə bərabər
müharibə dövründəki sovet kəşfiyyatçılarının
fəaliyyətini öyrənməkçün Avropaya
uçublarmış və Mehdi Hüseynzadə ilə əlaqədar
elə təfərrüatlarla rastlaşıb ki, mat qalıb.
Deyirmiş ki, Mehdinin elədiklərinin çoxunu siz
bilmirsiniz, onun elə hünərləri olub ki, bu gün də
onlar barədə açıq demək olmaz.
Keçmiş təhlükəsizlik generalı, fəaliyyətdə
olan diplomat, 1984-cü ildə, hətta hadisələrin
üstündən 40 il sovuşandan sonra belə Mehdi
Hüseynzadənin məxfiliyinin qorunması gərək olan
hansı xidmətlərini, hansı şücaətlərini
nəzərdə tuturmuş?!
Belə çıxır ki, biz Mehdi Hüseynzadəni
heç bütövlüyü ilə tanımırıq,
onun qəhrəmanlıqlarının hələ
açılmamış çox səhifələri var.
Bu qovluq bir şücaət tarixinin şahididir. Bu
qovluqda toplanan sənədlər Mehdi Hüseynzadənin bir
partizan olaraq göstərdiyi qəhrəmanlıqların əks-sədalarıdır.
Vaxtilə Dövlət Təhlükəsizlik Komitəsinin
arxivində olan qovluqlardan çıxardığım surətlərdir.
Mehdi Hüseynzadənin o zaman göstərdiyi hünərlər
barədə ayrı-ayrı sənədlər, zamanında
alman, italyan, yuqoslav qəzetlərində dərc edilmiş məqalələrdən
kəsiklər. Bunların bir qismi bədii və sənədli
əsərlərdə əksini tapıb. Ancaq indiyədək
üzə çıxmayanları və hələ tədqiqatçı
üzünə qapalı qalan qovluqlar da var axı!
Mehdi Hüseynzadə haqqındakı "Uzaq sahillərdə"
filmindən sonra Mixaylo Əlisəttar Atakişiyevin (1906-1990)
1961-ci ildə çəkdiyi "Bizim küçə"
filmində də görünür. Yenə alman zabiti -
ober-leytenant geyimində, yenə varlığı ilə
almanlar içərisində dəhşətli xof
yaratmaqdadır. Həmin filmdə Mixaylo restoranda təsadüfən
rastlaşdığı bir azərbaycanlı qızı
qaçıraraq etibarlı əllərə təhvil verir və
elə həmin epizod anladır ki, bu kəşfiyyatçının
yalnız sadiq dostları, məsləkdaşları deyil, elə
almanlar arasında öz agentləri də varmış.
Mehdi Hüseynzadənin partizan həyatı barədə,
onun şücaətləri haqqında xeyli məlumata
malikliyimiz bir yana, tale nəsib etdi, bir vaxtlar onunla birgə
olmuş partizanlarla da görüşərək söhbətləşdik,
xatirələrini bilavasitə dinlədim. Təbii ki, tam olmasa
da, hər halda onun partizan hünərlərini
dolğunluğu ilə göstərən bilgilər az deyil.
Tanış olduqca istər-istəməz lap nabələd adam
da cavan bir oğlandakı bunca cəsarətə,
qorxmazlığa heyran qalmaya bilmir. Amma Mehdi Hüseynzadənin
həyatının və qəhrəmanlıqlarının hələ
də açılmamış örtülü səhifələri
var ki, biz onlardan xəbərsiz qalınca Mehdi Hüseynzadənin
kimliyi və igidliyi haqqında təsəvvürümüz hələ
bütöv və dəqiq olmayacaq.
"Uzaq sahillərdə"yə qədər də
SSRİ-də kəşfiyyatçıların müharibə
dövründəki şücaətlərindən bəhs edən
başqa filmlər çəkilmişdisə də, bunun qədər
təsirlisi olmamışdı. Zamanında yalnız bizdə
deyil, bütün Sovet İttifaqı boyu illərcə ekrandan
düşməmiş və sevilmiş bu kinonu sonraların
çox məşhur "Baharın 17 anı"nın sələfi
də adlandırmaq olar. "Baharın 17 anı" filminin
ssenari müəllifi Yulian Semyonov (1931-1993) milliyyətcə yəhudi
idi, əsl familiyası Lyandres olmuşdu və bizim Ziya
Bünyadovla (1921-1994) Moskvada eyni dövrdə şərqşünaslıq
təhsili almışdı. Vaxtilə onu sənədlərini
saxtalaşdırmağa görə ali məktəbdən
qovmaq məsələsi müzakirə ediləndə tələbə
yoldaşı, Sovet İttifaqı Qəhrəmanı Ziya
Bünyadov qalxıb mərd bir çıxış
etmişdi, özünə xas dəliqanlılıqla elan
etmişdi ki, Yulianı institutdan xaric etsəniz, mən də
buna etiraz olaraq ərizə yazıb çıxacağam.
Görkəmli yazıçı bu
yaxşılığı unutmurdu, ömrünün
axırınadək bu dostluğu qəlbində yaşatdı
və hərdən Bakıya səfər edərdi. 1980-ci illərin
əvvəllərində Bakıya gəlişlərindən
birində Şərqşünaslıq İnstitutunda söhbətimizdə
söz gəlib "Uzaq sahillərdə" filminə, Mehdi
Hüseynzadəyə çatmışdı və Yulian
Semyonov demişdi ki, həmin filmə bir neçə dəfə
baxıb, çox da bəyənir və əlavə də
etmişdi ki, onun Ştirlisi ümumiləşmiş bir surətdir,
ancaq Mixaylo gerçək bir insandır, hələ
insanların haqqında bilmədiyi hünərləri də
kifayət qədərdir. Yaxşı olardı ki, onun kəşfiyyatçı
sərgüzəştləri filmlər silsiləsinə,
yaxşı bir seriala çevrilsin.
Kim bilir, bəlkə haçansa kinomuz dirçələcək,
keçmiş şöhrətini bərpa edəcək və
yaratdığı yeni sevimli ekran əsərləri
arasında bizim də Mehdi haqqındakı öz
"Baharın 17 anı" kimi serialımız olacaq. Bu, uzaq
bir arzudur. Yaxın dilək isə Mixaylonun düşmənlər
arasında və arxasında aparmış olduğu misilsiz kəşfiyyat fəaliyyəti ilə bağlı
ən əvvəl qapalı arxivlərdəkiləri üzə
çıxarmaq, onları elmi, publisistik yazılara, bədii
yazılara çevirməkdir.
Mehdi Hüseynzadə legionda olub, partizanlıq
dövründə olduğu kimi, yalandan alman zabiti libası
geyinərək deyil, elə həqiqətən əsl alman əsgəri
mundirində də işləyib.
Əsirlər arasından seçilənlər və
alman tərəfə könüllü keçənlər
vasitəsilə sovetlərə qarşı təbliğat
işini gücləndirmək məqsədilə 1943-cü
ildə Almaniya Quru Qoşunları Baş
Komandanlığı xüsusi əmr imzalamışdı. Bu
əmrə əsasən nasistlərin təsis etdiyi və
sovetə qarşı həm ideoloji, həm də birbaşa
mübarizədə istifadə edilməsi nəzərdə
tutulan milli legionlarda sənət qabiliyyəti olanlar
aranmağa başlanılır. Qələmi, səsi, musiqi
qabiliyyəti, aktyorluq bacarıqları olanları müxtəlif
dillərdə vərəqələr tərtib etməyə,
qəzetlər buraxmağa, radio verilişləri
hazırlamağa, konsertlər və tamaşalar verməyə
cəlb edirlər.
Hələ 1942-ci ildə, əsir götürüləndən
az sonra nasistlərin Potsdamdakı kəşfiyyat məktəbində
bir neçə aylıq təlim keçmiş Mehdi
Hüseynzadə yaradıcılıq səriştələri
baxımından göydəndüşmə namizəd idi və
ondan geninə-boluna istifadə edilirmiş. O həm tez-tez Azərbaycan
dilində hazırlanan radio verilişlərində
çıxış edirmiş, həm legion qəzetləri
üçün məqalələr yazır, karikaturalar,
plakatlar çəkirmiş, həm də yaxşı natiq
olduğu, ana dilindən savayı ruscanı da yaxşı
bildiyi üçün mütəmadi olaraq təbliğat və
təşviqat aparmaq, eyni zamanda, əsirlər arasında milli
legionlara yeni adamları cəlb etmək məqsədilə
müxtəlif əsir düşərgələrinə
göndərilirmiş. Sənədlərin, köhnə qəzetlərin
və arxiv materiallarının çatdırdığı
soraqlar öz yerində, bu haqda mənə canlı şahid -
o dövrdə alman əsirliyində saxlanmış, bir müddət keçincə
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi
ilə əsirlikdən azad
edilmiş, milli legionda da fəaliyyətləri olan, həmin
legiona rəhbərlik etmiş Əbdürrəhman Fətəlibəylinin
yaxın silahdaşlarından biri, sonralar fransız müqavimət
hərəkatına qoşularaq faşistlərə qarşı
mübarizə aparmış, müharibədən sonra
Fransada, Parisdə mühacir həyatı yaşamış,
ömrünün 13 ilində
sıx dostluq münasibətlərində olduğumuz, tez-tez
görüşdüyümüz Qədir Süleyman (1917-2014)
da danışırdı. Lakin bunlar hələ Mehdinin legionda
olarkən yalnız üzdən görünən işləri
idi. Onun həm o, həm bu tərəfin
tarşırıqları ilə yerinə yetirdiyi zahirdən
görünüb bilinməyən başqa mühüm işləri
də çox olmuşdu.
Mehdi Hüseynzadənin o dövrdə bir legionçu
kimi nələr etməsinin izləri Vermaxtın - nasist
Almaniyasının silahlı qüvvələrinin səliqə-sahmanla
qorunan arxivlərində qalmaqdadır. Amma, eyni zamanda, Mehdinin
almanlarla bir yerdə olmasınadək, onlarla
çalışdığı dönəmdə, sonra
partizanlarla birlikdə mübarizələrini davam etdirərkən
üzdən görünməyən gizli kəşfiyyatçı
fəaliyyətlərinin də sənədli-sübutlu əks-sədaları
SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin
- indi Rusiya Federasiyasına aid arxivlərində "yeddi
möhür altındakı" qatlarında qalmaqdadır.
Mehdi Hüseynzadə kəşfiyyatçılığının
mübhəm tərəfləri ilə bağlı bu məlumatları
da arayıb axtarsaq, tapıb ortaya çıxara bilsək, onda
mərd soydaşımızın surəti bizə möhtəşəmliyi
ilə əyan olar, elə dünya da onu
böyüklüyü ilə daha yaxından tanıyar.
Həyat, elə bil ki, uşaqlıqdan Mehdini
sabahkı qəhrəmanlıqlar üçün bərkidərək
yetişdirirmiş.
Nə yaxşı ki, Aqşin Əlizadə ilə
söhbətlərimi yalnız qeydlər kimi dəftərçələrimdə
saxlamamışam, həm də onun istəkli dayısı
haqda çoxlu söhbətlərini lentə almışam.
İndi həmin söhbətləri Mehdinin ömür yolu
haqda bir filmə baxırmış kimi dinləyirəm.
Söyləyirdi ki, Mehdi uşaqlıqda idmanı çox sevərmiş,
mahir üzgüçüymüş, saatlarla dənizdən
çıxmazmış. Bakı bulvarında 1920-ci illərin
sonlarında, 1930-cu illərin əvvəllərində
cavanların, yeniyetmələrin üstünə qalxaraq dənizə
atıldıqları müxtəlif hündürlüklü
platformalar varmış. Anası Aqşin müəllimə
söyləyirmiş ki, Mehdi yaxşı üzən olsa da,
heç vaxt o cür paltformalara qalxıb dənizə
atıldığı olmayıbmış.
Tay-tuşlarından bir-iki nəfər platformalardan dənizə
tullanır, Mehdiyə də söz atırlar ki, deyəsən,
qorxursan ki, bura qalxsan, gözün qaralar. Mehdi bacısına
etiraf edibmiş ki, bu sözlər mənə yer elədi,
qalxdım platformaya, gördüm ki, həqiqətən,
adamı bu hündürlüyün vahiməsi basır, ancaq
ürəyimdə dedim ki, ölmək ölməkdir,
xırıldamaq nə deməkdir, dırmaşdım lap ən
hündür platformaya, ordan atıldım dənizə...
Kim bilir, bəlkə də
bu, Mehdini gələcək qəhrəmanlığına
doğru aparan ilk şücaəti, hər bir insanda olan kimi,
söz yox, onda da olan can qorxusu hissi üzərində ilk qələbəsi
imiş?!
Amma Aqşin müəllim anası Bikəxanımın
dilindən bir ayrı əhvalatı da nağıl eləyirdi.
Novxanı bağlarında olduğu aylarmış. Mehdi hələ
yeniyetməymiş, dənizdə balıq tuturmuş. Necə
olursa, tilovu atanda qarmaq əlinə ilişir və
ehtiyatsız dartınca dərinə
işləyir. Bunu görüncə ətrafdakılar
qışqırışır, Mehdi isə
cınqırını da çıxarmır.
"Anam yada salırdı ki, biz istədik
qarmağı onun əlindən çıxaraq, nə illah elədik,
alınmadı, Mehdi özü qarmağı asta-asta
çıxartdı. Bilirdik ki, çox ağrıdır.
Ancaq nə ah-uf eləyirdi, nə zarıyırdı. Sakitcə
çıxartdı, heç nə olmayıbmış kimi
gülümsündü. Anam hər dəfə bunu yada salanda
ağlayırdı, bizi də qəhərləndirirdi".
1935-ci ildə hələ çox gəncdi, hələ
həyat onunçün nağıl kimi idi. Rəsmlər
çəkirdi, şeirlər yazırdı, sevirdi...
Elə "Ağ qoyunun macərası" adlı bu
nağıl-poemanı da o vaxt yazıb. Hələ nə
yaşı var ki! Ömründən müəyyən acı
dalğalar keçibsə də, itkilərə
uğrayıbsa da, hələ sarsıdıcı
haqsızlıqları, ədalətsizlikləri görməyib.
Ancaq guya heyvanlardan bəhs etdiyi bu qoşqusunda həyatdakı
bərabərsizliyə, qəddarlığa, könülsındırmalara
etiraz edir. Sanki uşaqlar üçün, elə özü də
uşaqlığından təzəcə ayrılmış
bir gəncin yazdığıdırsa da, bu poemada
yaşından irəligetmişlik var.
Bir kənddə
yaşayan zalım qarının qoyununu necə incitməsi,
necə istismar etməsindən başlanan o nağılda
haqsızlığa dözməyən heyvan qaçıb
gedir, başqa kəndlərdə özü kimi zülmə məruz
qalmışlarla rastlaşır, birlikdə bir
çobanın yanına məsləhətə yollanırlar.
Çoban onları dinləyincə qəmlənir, amma
yanında dayanmış keçi ötkəmliklə
başını aşağı salıb müti dayanmamağı,
haqqını almaqçün mübarizəyə
başlamağı tövsiyə edir:
Günəş şəfəqlərin
yaymışdı zərrin,
Səhər açılmışdı. Çoban
tütəyin
Çalarkən gəlib də dedilər ona,
Çıxmaq istəyirlər indicə yola.
Çoban məyuslaşdı, gözünü sildi,
Yaxındakı keçi mətləbi bildi.
Dedi: "Əzizim, nə lazım ağlamaq?
Lazım zülm əlində aciz qalmamaq!"
Birləşərək biz yox edək qubarı,
Yer üzündən məhv edək zalımları.
Çoban dedi: "Sağlıq ilə gediniz,
Bütün məzlumlara kömək ediniz".
Məzmunu və mahiyyəti etibarilə sərvətləri
talanan, başından basılan bir xalqın və məmləkətin
azadlıq niyyətlərindən, haqqına
çatmaqçün apardığı mübarizədən
bəhs edən bu poema nikbin misralar və
çağırışlarla bitir ki, biz birləşərək
bir kənddəki zalımların axırına
çıxdıq, ancaq mübarizə davam edir, başqa
zülmkarların da dərsini vermək, özgə yerlərə
də azadlıq gətirməkçün gərək
dayanmadan irəliləyək:
Qoyun dedi: "Bilin siz, arxadaşlar,
Bu kənddə məhv oldu bütün zalımlar.
Başqa kəndə etməliyik biz imdad,
Onları da edək zülmdən azad.
...Mehriban uşaqlar, bunu bilin siz,
Zalımın əlində deyilik gücsüz.
O yazıq qoyun ki dilərdi imdad,
İndi bizim kimi yaşayır azad".
Bu poemanı yazarkən gənc Mehdinin ürəyindəki
nə imiş? Elə bir sovet gənci kimi mətbuatın
yazdıqlarına inanan, insanlara məhz Şura hökumətinin
azadlıq gətirməsinə sidq ürəkdən inanaraq
belə yazırmış, ya sərvətləri
sümürülən vətənini, Azərbaycanı
düşünürmüş?
Bunu indidə oturub keçmiş haqqında
yanlış düşünmək, o vaxt guya ağla gəlməsi
mümkün olmayacaq fikirləri
bugünkü baxışla o çağın
adamına aid etmək cəhdi kimi yozmağa tələsməyin.
Mehdinin daha bir gənclik yoldaşı, Seyid Hüseyn
yadigarı Oqtay Sadıqzadə ətrafdakıların necə
baxacağına bənd olmadan onun həmkəndlisi Məhəmməd
Əmin Rəsulzadənin oğlu Rəsulla da yoldaşlıq
etdiyini, rəssamlıq texnikumunda dostlar arasında elə bu qəbil
ipə-sapa yatmaz düşüncələri ara-sıra dilə
gətirdiyini xatırlayırdı və həmin poemadakı
bu misralarda da elə əsir Azərbaycan haqqında söylənibmiş
kimi aydın işarələr göz qabağındadır:
Hər gün səhər südümdən
içirdilər,
Döyüb-söyüb sonra incidirdilər.
Məni sanmayınız adi qoyunam,
Niyə qoymayırsız azad dolanam?
Mənim sizdən yoxdur heç bir minnətim,
Sizə də dəyməyir heç əziyyətim.
Neçə dəfə məni siz ac qoydunuz,
Bəsdir artıq daha məni soydunuz.
Hərdən qovub meşələrə göndərin,
Bu cavan ömrümü muma döndərin.
10 ildən də bir az sonra - 1943-1944-cü illərdə
Mehdi Hüseynzadə yurdunun və millətinin istiqlalı
haqqında alovlu sözlərini artıq məcazlarla, Ezop
diliylə yox, Berlindən ana dilində efirə verilən
verilişlərdən söyləyəcək.
Qədir Süleyman bunu da xatırlayırdı ki, Fətəlibəylinin
- Əbo Düdənginskinin rəhbərliyi ilə 1950-ci illərin
əvvəllərində "Azadlıq" radiosu Azərbaycan
dilində fəaliyyətə başladığı dövrlərdə
mayor həsrət və xiffətlə söyləyibmiş
ki, kaş Mehdi indi bizimlə olaydı, bu radionun
dayağına çevrilərdi.
Mürsəl Nəcəfov da xatırlayırdı ki,
Mehdi şeir söyləməyi çox xoşlardı. Dostlar
məclisində ona müraciət edilən kimi məmnuniyyətlə
başlardı dayanmadan həm özünün, həm digər
şairlərin yazdıqlarından sıra-sıra coşqu ilə
oxumağa.
Aqşin müəllim də söyləyirdi ki, Mehdi
elə rəsm çəkməkdə də beləymiş.
Çəkdiyi şəkillərin çoxunu ona-buna
bağışlarmış: "Hara getsə, kimə qonaq
olsa, ondan xahiş edirmişlər ki, şəkil çəksin.
Bu yaxınlarda Bakı kəndlərindən bir yaşlı
kişi mənə dedi ki, günlərin birində Mehdi bizə
qonaq gəlmişdi, rus peçinə bənzəyən iri
sobamız vardı, Mehdi sobanın yanındakı kömür
qalağını görəndə əlini atıb birini
götürdü, cəld, bir-iki dəqiqəyə
kömürlə divarda mənim şəklimi çəkdi.
O qədər gözəl alınmışdı ki,
hamını valeh etmişdi. Heç kim inanmırdı ki, bu
şəkil elə göz açıb yumunca qısa vaxtda
çəkilib. Mehdi getdi, müharibə qurtardı, illər
keçirdi, anam qoymurdu ki, həmin divarı ağartsınlar.
O şəkli Mehdinin xatirəsi kimi qoruyurdu".
...El arasında "Mehdinin kinosu", "Mehdinin
kitabı" kimi məşhurlaşan "Uzaq sahillərdə"
kitabı mənə uşaqlıq illərindən
tanış idi. Amma vaxt ötəndən, Mehdi Hüseynzadənin
şəxsiyyəti ilə bir az da yaxından maraqlanandan, həmin
kitabdakı rəsmləri çəkmiş böyük sənətkarımız
Oqtay Sadıqzadə ilə münasibətlərimiz yaranandan
sonra bir dəfə onunla bir təəccübümü
bölüşdüm. Dedim, axı siz istər klassiklərə
həsr olunmuş əsərlərinizdə, istərsə də
müasir həyatla bağlı lövhələrinizdə həmişə
çalışmısınız ki, seçdiyiniz hədəfə
indiyəcən heç kəsin baxmadığı
görüm bucağından yanaşasınız, burada isə
sanki hər illüstrasiya kadrbakadr "Uzaq sahillərdə"
filmindən götürülüb. Oqtay müəllim
heç sualım bitməmiş dilləndi ki, film 1958-ci ildə
çəkilib. Mənim rəsmlərimsə artıq
1954-cü ildə kitabda nəşr olunmuşdu. Bu isə o deməkdir
ki, mən onları 1953-cü ilin sonlarında, 1954-cü ilin əvvəllərində
çəkmişəm.
Sən demə, hər şey əksinə olubmuş.
Rəssam filmdən deyil, rejissor Oqtay Sadıqzadənin
yaratdıqlarından bələdçi kimi istifadə
edibmiş.
Bunca öncəgörüm, bunca həssaslıq heyrətləndirməyə
bilmir - film söhbətinin hələ ortada
olmadığı, 4 il sonra çəkiləcək filmdə
Mixaylo rolunu məhz Nodar Şaşıqoğlunun
yaradacağı söhbəti yerli-dibli ortada olmayan vaxtlarda
Mehdini Oqtay müəllim elə çəkib ki, həm həyatdakı
Mehdiyə oxşayır, həm də həmin roldakı
Nodara.
Məni lap təəccübləndirən bir məqam
da var, bunu söyləyəndə Oqtay müəllim
özü də mat qaldı.
Mən Sloveniyada olanda, Şempas kəndində, Mehdinin
ömrünün sona yetdiyi məkanı görəndə elə
zənn etmişdim ki, yəqin, "Uzaq sahillərdə"
kitabına rəsmlər çəkmiş Oqtay Sadıqzadə,
həmin filmin rejissoru Tofiq Tağızadə burda olublar,
bütün bunları görüblər. Ancaq nə onun, nə
bunun ayağı Şempasa dəyibmiş. Oqtay müəllim
elə fəhmlə çəkibmiş, rejissorçün də
həmin rəsmlər çəkilişlərdəki səhnəni
qurmaqçün yolgöstərənə
dönübmüş. Mehdinin faşistlərlə son
qarşılaşma səhnəsi, kənd evinin
çardağından düşmənlərlə
atışması baş verən məkan. Başa
düşürəm, təxmin etmək olar ki, bir kənd evi
başqasına oxşaya bilər və təxmini nəsə
çəkmək olar. Amma Oqtay müəllim elə çəkib
ki, sanki orda olub, o kəndi də, o evi də, o
çardağı da öz gözləri ilə görüb.
Necə olub ki, belə alınıb? Bilirəm, belə
sualların cavabı olmur. Amma hər halda Oqtay müəllimdən
xəbər almışdım. Qayıtmışdı ki, nə
bilim, yəqin, Mehdinin ruhu köməyim olub...
...Mən 2011-ci ildə onunla tanış olanda mükəmməl
Moskva məktəbi keçmiş, aspiranturanı orda
oxumuş, namizədlik dissertasiyasını da ordaca müdafiə
etmiş, təcrübəli,
bilikli mütəxəssis kimi böyük hörməti olan
Gülara xanım 26 il idi ki, Həkimləri Təkmilləşdirmə
İnstitutunda Şüa diaqnostikası kafedrasında
çalışırdı, rentgenoloqlara, şüa
diaqnostikası həkimlərinə dərs deyirdi. Ancaq məni
onunla söhbətə aparan ayrı şüa idi. Mehdiyə
doğru yönələn bir işıq dilimi. Mən hələ
məktəbliykən Azərbaycan televiziyasında Mehdinin
bacıları Bikəxanım Əlizadənin, Hürriyyət
Əzizbəyovanın təsirli xatirələrini dinləmişdim
və indi onlar həyatda yoxkən qəhrəmanı,
yaddaşları mənə yaxın edəcək ən
münasib körpülərdən biri Gülara xanım ola
bilərdi. Hərçənd Mehdi əsgər gedəndə
o, çox kiçik olmuşdu, amma anasının, xalasının
dönə-dönə danışdıqları illərcə
hafizəsinə elə hopmuşdu ki, elə bil bunlar öz
gördükləri, yaşadıqları idi. Bu sətirləri
yazanda sualımı verməyə qorxa-qorxa babasının adını
daşıyan qardaşı Hənifəyə zəng vurdum.
"Gülara 2020-ci ildə vəfat etdi", - dedi.
Bakıdan çox aralıda olduğu, şiddətli
müharibənin qoynunda, həyatla ölümün
astanasında dayandığı anlardasa sevimli bacısı
uşaqları Gülara da, Aqşin də hər an Mehdiyləmiş,
uzaqdan-uzağa ona güc verirlərmiş, ümid
bağışlayırlarmış, cəbhədən
göndərdiyi hər məktubda onlara salam göndərir,
qaibanə onları qucağına alıb öpür.
"Hər şey yuxu kimi xatirimə gəlir. Bəlkə
də böyüklərin söylədiklərinə əsasən
elə güman edirəm ki, bunlar elə öz yadımda
qalanlardır. Aqşin də mənim
yadıma salmağa çalışır. Deyir ki, biz ikimiz
ağ şubada idik, getdik, Mehdi dayını yola
salırdıq. Bizə gəlirdi, bizimlə saatla
oynayırdı, qolumu öpə-öpə sağa-sola eləyirdi,
birdən elə bil qollarımın arasından şokolad
çıxarıb verirdi mənə. Bu cür fokusları ilə
günlərimizi bayrama döndərirdi. O vaxt mənim 3
yaşım olub. Yəqin ki, bu anlar elə anamın
danışdıqlarından beynimə həkk olunub. Biz
ömür boyu inanmamışıq ki, Mehdi dayı yoxdur. Həmişə
yolunu gözləmişik. Hər qapı açılanda
demişik ki, Mehdi dayı gəlir. Hər məktub gələndə,
ya kimsə gəlib Mehdidən danışanda anamın
gözündən yaş sellə tökülərdi. Biz də
girib stolun altında gizlənərdik, anamızın niyə
belə ağlamasından qorxardıq. İndiyəcən
yadımdadı, balkonumuz var idi, yuxarıda qara bir reproduktor
asılmışdı. Onun altında oturub qulaq asardıq.
Sovinformbüronun məlumatlarını oxuyardılar, anam
hamısına qulaq asardı, bizimkilər Varşavanı
götürəndə, İlahi, necə sevinirdi! Atam hətta
çırtma ilə stolu çaldı, anam qalxıb
oynadı. 1946-cı il idi, həyətdə oynayırdıq,
qapı açıldı, iki kişi içəri girdi, mən
elə bildim Mehdi dayıdır, qayıdıb,
yüyürdüm üstünə. O kişi bir az pərt
oldu. Dedi ki, mən Mehdi deyiləm, onun cəbhə
yoldaşıyam, Cavad Həkimliyəm, anan evdədir?
Qaçıb anamı çağırdım, Cavad Həkimli
anamla axşamacan söhbət elədilər. Mən
qapının ağzında dayanmışdım. Bilirdim ki,
mama çox həyəcan keçirir. Həmin Cavad Həkimli
Mehdidən qalan əşyaları gətirmişdi.
Üzüyünü, portsiqarını, bəzi
kağızlarını. Bizə ilk dəfə o xəbər
verdi ki, dayım necə həlak olub, necə
basdırılıb, məzarının yerini nə təhər
dəyişiblər.
Yazıq Bibinənəm, gecə-gündüz
"Mehdi" deyirdi. O, babamın böyük bacısı
olmuşdu, Mehdinin anası rəhmətə gedəndən
sonra anama da, xalama da, dayıma da o, analıq etmişdi.
Müharibə bitmişdi. Davaya gedənlər bir-bir
qayıdıb gəlirdilər, Mehdidənsə xəbər
yox idi. Hər gün Bibinənəm bir bağlama yemək
götürüb gedərdi Biləcəriyə ki, balam
qayıdacaq, yoldan gəlir, ac olar, qoy evə gələnəcən
elə yolüstü bir tikə yesin. Perronu gəzər,
davadan qayıdan əsgərləri gətirən
qatarların, vaqonların yanından keçə-keçə
"Mehdi! Mehdi!" çağırardı. Axşamacan ordan
əl çəkməzdi. Hava qaranlıqlaşanda, görəndə
ki daha bu gün Mehdidən xəbər olmadı,
apardığı bağlamadakıları elə perrondaca
paylayıb qayıdardı, yenə sabahı gün həminki
kimi Biləcəriyə yola düşərdi".
Yenə Biləcəriyə növbəti gəlişlərindən
birində Bibi "Mehdi! Mehdi! Mehdi!" deyib səslənəndə
perrona yaxınlaşan qatardan kimsə qışqırır
ki, ay ana, Mehdi o arxadakı vaqondadır.
Dünyanın ən şirin vüsalına birmi,
ikimi, üçmü vaqon qalırdı.
Bibinənə təlaş içində fərəhindən
uça-uça, "Mehdi!" çağıra-çağıra
bu vaqondan o birinə, obirindən digərinə doğru tələsir,
hər yetəndən balasını soruşur.
Qayıdan başqa Mehdi idi...
Heç Cavad Həkimli gəlib Mehdinin həlak
olması xəbərini çatdırandan sonra da bunu Bibinənəyə
bildirmirlər.
Yenə hər gün bağlamasını
götürürmüş, yenə hər səhər
Mehdisini qarşılamaq ümidi ilə Biləcəriyə
yollanırmış.
Özü dünyadan köçəcəyi növbəti
səhərə kimi o evdə Mehdi hələ
sağmış,
qayıdacaqmış...
2 aprel 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 16 aprel(¹63).-S.10-11.