Qərbi Azərbaycan
mətbuatı: aktual və maraqlı tədqiqat predmeti
Mətbuatın tədqiqi tarixin, Vətən sərhədlərinin,
toponomiyanın, etnoqrafiyanın, mədəniyyətin, ədəbiyyatın,
elmin, təhsilin, səhiyyənin, dövlət
quruculuğunun, sosial-iqtisadi, siyasi proseslərin izlənilməsi,
öyrənilməsinin mühüm amilidir. Kiçik bir misala
nəzər salaq: Ceyhun Hacıbəylinin XX əsrin ikinci
onilliyində "Kaspi" qəzetində ədəbiyyat, mədəniyyət,
din, təhsil, incəsənət, xeyriyyə, hərb, maarif
problemlərinə həsr etdiyi silsilə məqalələri
onu dövrünün tarixini yazan salnaməçi-publisist kimi
yetişdirib. Bu yazılar mötəbər, etibarlı mənbə
kimi tarix dərsliyi səviyyəsində bilgilərlə zəngindir.
Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin,
Səid və Cəlal Ünsizadə qardaşlarının, Məhəmməd
Ağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin,
Ömər Faiq Nemanzadənin, Üzeyir və Ceyhun Hacıbəyli
qardaşlarının, Əhməd bəy Ağayevin, Əli
bəy Hüseynzadənin, Əlimərdan bəy
Topçubaşovun, Haşım bəy Vəzirovun, Məhəmməd
Əmin Rəsulzadənin və başqalarının
yaxından əməkdaşlığı və
redaktorluğu ilə XIX əsrin sonu, XX əsrin əvvəllərində
nəşr olunan "Əkinçi","Ziya",
"Ziyayi Qafqaziyyə", "Kəşkül",
"Şərqi-Rus", "Kaspi", "Həyat",
"İrşad", "Tərəqqi",
"Füyuzat", "İqbal", "Açıq
söz" və digər mətbuat səhifələrində
maarifçilik ideyaları yayılıb, millətin
taleyüklü problemləri müzakirə edilib, milli
ideologiyanın, dövlətçilik təfəkkürünün
formalaşması, mədəniyyət, ədəbiyyat, dil məsələlərinə
diqqət verilib. Odur ki, dövrü nəşrlər bu
gün də aktual və gərəkli olan sanballı tədqiqat
predmetidir.
44 günlük Vətən müharibəsində
qazanılan böyük Zəfərdən sonra Ermənistanla
münasibətlər yeni məzmun alıb. Əbədi, əzəli
torpaqlarımızda himayədarlarının maddi, mənəvi
yardımı ilə özlərinə oyuncaq dövlət
quran mənfur qonşuların çirkin iddiaları onlara Ermənistan
Respublikasının Azərbaycanın tarixi ərazisində
yaradıldığını tez-tez xatırlatmağı
labüd edir. Əlbəttə, bunun üçün kifayət
qədər tarixi sənədlər, arxiv materialları var.
Onlarla bir sırada vaxtı ilə İrəvanda buraxılan
dövrü nəşrlər, o cümlədən "Molla Nəsrəddin"
ədəbi məktəbinin təsiri ilə nəşr
olunmuş "Ləklək" ("Leylək") satirik
jurnalı və elmi, ədəbi, fənni, tarixi, siyasi,
iqtisadi, tibbi istiqamətdə fəaliyyət göstərən
"Bürhani-həqiqət" məcmuəsi inkarolunmaz həqiqətlərin
güzgüsüdür. Həmin nəşrlərin tədqiqi
indi Ermənistan adlanan Qərbi Azərbaycan ərazisində
mövcud olmuş, lakin erməni vəhşiliyi, vandalizmi və
barbarlığı nəticəsində
dağıdılmış tarixi abidələrin, mədəni,
ədəbi irsimizin üzə çıxarılması,
dilimizin zənginliyi, adət-ənənələrimizin
gözəlliyi, maariçilik hərəkatının
yayılması istiqamətində həyata keçirilən tədbirlərin
qeyd-şərtsiz təsdiqidir. Ərəb əlifbası ilə
buraxılan və nadir tapılan həmin nəşrlərin əlçatanlığını
təmin etmək üçün onların
transliterasiyası, nəşriböyük zəhmət fədakarlıq,
milli dəyərlərə tükənməyən sevgi tələb
edir. Bu çətin, məsuliyyətli, həm də şərəfli
işin öhdəsindən tanınmış jurnalist,
yazıçı-publisist, tədqiqatçı, filologiya
üzrə fəlsəfə doktoru Şəfəq Nasir
layiqincə gəlib.
Şəfəq Nasir "Ləklək" və
"Bürhani-həqiqət" jurnallarının tam mətnini
ərəb əlfbasından latına peşəkarlıqla
transliterasiya edib, ön sözlə birlikdə ayrı-ayrı
kitablar şəklində nəşrinə nail olub. Hər iki
jurnal Qərbi Azərbaycanın ictimai, ədəbi-mədəni
mühitini, soydaşlarımızın həyat tərzini,
dünyagörüşünü, istək və
arzularını, problemlərini, eləcə də milli adət-ənənələri,
yer-yurd adlarını, dilimizin leksik tərkibini, dialekt, şivə
və ləhcələrini tədqiq etmək üçün
etibarlı, səhih mənbələrdəndir. Şəfəq
Nasir 22 fevral 1914-cü ildən 30 iyun 1914-cü ilədək
İrəvanda Azərbaycan dilində nəşrə
başlayan "həftəlik məzhəkəli məcmuə"nin
- "Ləklək" jurnalının bütün nömrələrinin
(cəmi 12 nömrə) tam mətnini özündə ehtiva edən
kitabına ("Bakı mətbəəsi" ASC, 2020 148 s.)
yazdığı geniş həcmli "Ön söz əvəzi"ndə
əsasən azərbaycanlıların yaşadığı
şəhərdə maarifçilik hərəkatının
aparıcı simalarından sayılan, satirik şeirləri, məqalələri
ilə nüfuz qazanmış Cabbar Əsgərzadənin
(Bağçaban) mətbuat yaratmaq üçün fədakarlıqla
çalışdığını diqqətə
çatdıraraq yazır: "Bu çətin və
böyük zəhmət tələb edən işi görməkdən
ötrü gecə-gündüz çalışır, yollar
axtarır, görəcəyi işləri götür-qoy
edirdi. Onun yaradacağı nəşr orqanı ilə
bağlı özgür baxışı, səliqəsi,
mövzulara yanaşma forması və üsulu vardı.
Çünki yaşadığı İrəvan mühitinin
canlı mənzərəsi - soydaşlarının ictimai
halı, avamlıq və mütiliyin doğurduğu korafəhmlik,
məktəbdən, elmdən, təhsildən məhrum olan
gözübağlı müsəlman balalarının acınacaqlı
taleyi Cabbar Əsgərzadənin ürəyini
ağrıdırdı..."
Ön sözün müəllifi bundan sonra C.Əsgərzadənin
həyat və yaradıcılıq yoluna nəzər
salır, ədəbi, publisistik irsi, imzaları,
Bakıdakı silahdaşları ilə əlaqə və əməkdaşılığından,
İranın maarif və mədəniyyətinə verdiyi
töhfədən söz açır. Bu zaman Şəfəq
Nasir Cənubi Azərbaycan ədəbi mühitinin tədqiqatçısı
Zahid Əkbərovun Cabbar Əsgərzadənin həyatı və
ədəbi fəaliyyəti ilə bağlı
gördüyü işləri də qədirbilənliklə
vurğulayır. Təqdirəlayiqdir ki, Şəfəq Nasir
kitabın sonunda məcmuə materiallarındakı bəzi ərəb,
fars mənşəli sözlərin lüğətini də
təqdim etmişdir.
Şəfəq Nasir səriştəli tədqiqatçılara
xas yüksək peşəkarlıqla "Ləklək"
jurnalının yaranmasını şərtləndirən
amilləri, o cümlədən "Molla Nəsrəddin"
jurnalının rolunu göstərdikdən, dövrün
ictimai-siyasi mənzərəsini təsvir etdikdən sonra nəşrin
proqramı, ideyası, mövzusu, dili, üslubu, sənətkarlıq
məsələləri, yaradıcı heyəti haqqında
söz açır. O, jurnalın ideyasından bəhs edərkən
göstərir ki, nəşrin əsas missiyası elmin, təhsilin,
mədəniyyətin tərəqqisinə əngəl olan,
milli şüurun oyanmasını buxovlayan dini fanatizmin,
mövhumatın, cəhalətin, nadanlığın tənqidi,
mütərəqqi dəyərlərin təbliği idi. Bu
zaman Şəfəq Nasir fikirlərini məcmuənin
materiallarından gətirdiyi konkret nümunələrdən
istifadə edərək əsaslandırır. Ön sözdə
diqqətimizi çəkən məqamlardan biri də Şəfəq
Nasirin "Ləklək" jurnalının dərindən və
hərtəfli araşdırılmasının zəruriliyi, məcmuədə
dərc edilmiş məqalələrin təhlili və
araşdırılmasının aktuallığı ilə
bağlı irəli sürdüyü müddəalardır.
O, üzdəniraq qonşularımızın Qərbi Azərbaycanla
bağlı milli, maddi sərvətimizi mərhələ-mərhələ
dağıtdığını, tariximizi
saxtalaşdırdığını, ona qərəzli
münasibət bəslədiyini təəssüflə
bildirir və qətiyyətlə bəyan edir ki, tarixindərinə
işləmiş kökünü məhv etmək
mümkünsüzdür.
Şəfəq Nasirin qənaətləri əsaslı,
sanbalı və inandırıcıdır. "Ləklək"
jurnalında və bu qəbildən olan digər nəşrlər,
əlyazmalar, arxiv sənədləri Qərbi Azərbaycanla
bağlı bütün istiqamətlər üzrə əsaslı
tədqiqatlar aparılmasına, həqiqətin üzə
çıxarılmasına və ədalətin bərpasına
imkan verir.
İrəvanda Azərbaycan mətbuatı tarixində
"Ləklək" (1914) məcmuəsindən sonra
"Bürhani-həqiqət" (1917), "Cavanlar
şurası" (1917), "Kommunist" (1921), "Rəncbər"
(1921-1922), "Zəngi" (1924-1927), "Qızıl Şəfəq"
(1927-1937), "Kommunist" (1937-1939), "Sovet Ermənistanı"
(1939-1989) kimi dövrü nəşrlər də fəaliyyət
göstərib. Bir qədər əvvəldə qeyd etdiyimiz
kimi, Şəfəq Nasir Əli Hacı Zeynalabdinzadə Rəhimovun
baş redaktorluğu və Həsən Mirzəzadə
Əliyevin naşirliyi ilə ayda iki dəfə nəşr
olunmuş "Bürhani-həqiqət"in də
bütün materiallarının mətnini əski ərəb
əlifbasından latına transliterasiya edərək kitab
halında nəşrinə nail olub. O, kitabın sonunda ərəb
və fars mənşəli çətin anlaşılan
sözlərin də lüğətini təqdim edib. Hələ
jurnalla ilk tanışlıqdan İrəvanda
soydaşlarımızın ictimai halı, ermənilərin
onlara yaşatdığı ağrılar haqqında məlumatlardan
xəbərdar olan tədqiqatçı məcmuənin
transliterasiya olunmasını zəruri saydığından
ağır zəhmət və fədakarlıq tələb edən
bu işə böyük sevgi və məsuliyyətlə
yanaşıb.
Şəfəq Nasir kitaba yazdığı
"İrəvanda Azərbaycan mətbuatı:
"Bürhani-həqiqət" adlı ön sözdə
qarşıya qoyduğu məqsədini belə izhar edir:
"Məqsədim "Bürhani-həqiqət"
jurnalını nəfis tərtibatla nəşr etdirməklə
qədim İrəvan quberniyasının ictimai-siyasi mənzərəsini,
ədəbi-mədəni mühitini, zəngin mədəniyyətini,
soydaşlarımızın həyat və məişətini
aydın əks etdirən bu yazılı abidəni
yaddaşımızda yaşatmaqdır". Fikrimizcə,
iddiaçı məqsədinə tam nail olub. Şəfəq
Nasir ön sözdə cəmi 9 nömrəsi işıq
üzü görmüş (1 yanvar 2017 - 29 iyun 1917) məcmuənin
materiallarını mövzu, ideya və sənətkarlıq
baxımından dəyərləndirib, müvafiq elmi-nəzəri
qənaətlər hasil edib.
Şəfəq Nasirin tədqiqatçı kimi
mühüm məziyyətlərindən ən
başlıcası budur ki, təqdim etdiyi hər iki jurnala
yazdığı ön sözündə mətnləri təhlilə
cəlb etməklə onların təqib etdiyi missiyanı,
ideyanı, maarifləndirici xüsusiyyətləri nəzərə
çatdırır, ictimai təsiri açıqlayır.
Mütləqdir qeyd edək ki, jurnalın birinci sayından
başlamış, sona qədər yer alan müxtəlif
mövzuda və məzmunda ciddi siyasi, ictimai ruhda mətnlər,
ədəbiyyata dair öyrədici yazılar, nəzm və nəsr
əsərləri, hikmətli sözlər, cəmiyyəti-xeyriyyə
işləri barədə məlumatlar, yeni nəşr
olunmuş kitablar, məişətlə bağlı
elan-bildirişlər haqqında Şəfəq xanımın
təhlil siqlətli yazıları ayrıca məqalə və
tezislər statusundadır.
Kitaba yazılmış ön sözün belə əhatəli,
elmi-ədəbi formada təqdimi jurnala böyük maraq
oyadır, yeni tədqiqatçı nəslini Qərbi Azərbaycanla,
İrəvanla bağlı fərqli bir aspektdən
araşdırmalara sövq edir. Şəfəq Nasirin hər
iki jurnalla bağlı fikirləri də məhz bu ideyaya əsaslanır.
Müstəqil Azərbaycanın regionda və
bütün dünyadakı hazırkı siyasi nüfuzu,
iqtisadi, hərbi gücü Qərbi Azərbaycanın ədəbi-bədii,
mətbu irsinin yenidən, obyektiv tədqiqi, dəyərləndirilməsi,
bu coğrafiyada baş verən olaylara tarixi qiymət verilməsi
və uyğun nəticələr çıxarılması
üçün münasib şərait və imkanlar
yaradıb. Bu baxımından yuxarıda adı çəkilən
məcmuələrin və ideya, mövzu cəhətdən
eyni amallı digər nəşrlərin də yeni
baxış bucağından araşdırılması təxirəsalınmaz
vəzifə kimi qarşıda durur.
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 17 aprel(№64).-S.14.