Elmin nəqşi, Cahanın qüdrəti...
Naxçıvan Dövlət Universitetində
keçirilən "Elmi inkişaf: uğurlar və
çağırışlar" adlı gənc tədqiqatçıların
II Respublika Elmi Konfransı çərçivəsində
Naxçıvan Muxtar Respublikasına ilk səfərim baş
tutdu. Təəssüratlarım öncədən
formalaşan təsəvvürümü daha da çox
doğrultmuşdu. Təbiətin əsrarəngizliyi, şəhərin
monumental üslubu, insanların özünəməxsus
istiqanlılığı artıq iştirak edəcəyim tədbirin
də yaddaqalan olacağından xəbər verirdi.
Naxçıvan Dövlət Universitetinin kampusunda
inkişafyönümlü müsbət mühit, müəllim-tələbə
tandeminin akademik səviyyədə baş tutması, hətta
onlara sosial baxımdan yaradılan şərait bu təhsil
ocağının aliliyinin təcəssümü idi.
Hər bir universiteti öz ölkəsinin ictimai həyatının
üzvi hissəsi kimi formalaşan canlı bir orqan olaraq qəbul
etsək, bunun həmin ölkənin milli-mənəvi dəyərləri,
tarixi və coğrafi mövqeyi ilə birbaşa əlaqəsini
görmüş olarıq.
Müasir Azərbaycan quruculuğunda elm və təhsil
müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə
olmasını yaxşı anlayan və təkcə anlamaqla
yetməyib onu peşəkarcasına həyata keçirməyi
bacaran zəngin tarixə malik Naxçıvan Dövlət
Universitetində bu xüsusiyyətləri
görmək çox qürurverici idi.
Müdriklərdən biri söyləmiş: "Elə
adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər
olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla
söhbətə dəysin".
NDU-nin kampusunda yaradılan şərait, zəngin
kitabxana, müxtəlif tələbə təşkilatları,
klub və cəmiyyətlərin fəaliyyəti gənc bir tələbənin
öz sahəsində təhsil alması ilə bərabər,
həm də bir şəxsiyyət kimi yetişməsinə zəmin
yaradır. Nəzəriyyənin elmin ruhu, təcrübəninsə
cismi olduğunu öz fəaliyyəti və tədris
planları ilə həyata keçirən pedaqoqlar tələbələrə
məhz sahib olduqlarınn fəlsəfəsini
aşılamağı öyrədirlər. Beynəlxalq təhsil
mübadiləsində əcnəbi tələbələrin məhz
bu universitetdə təhsil alması yerli tələbələrin
də mədəniyyətlərarası sivilizasiyaya
inteqrasiyasına müsbət mənada geniş zəmin yaradır.
Kampusda yataqxanaların və sosial məkanların
mövcudluğu bu mənada tələbələrə
rahatlıq verir.
Elm təşkilatlanmış bilikdir. Yalnız
doğru yönəlmiş elm öz işığı ilə
gələcəyə mayak ola bilər. Tələbələrinə
məhz elm və ona yiyələnmək arzusu aşılamayan
bir müəllim soyuq dəmiri döyən dəmirçi
kimidir. Məhz bu mənada NDU-nun rektoru, dosent Elbrus İsayevin
və peşəkar komandanın səyi nəticəsində
tədqiqat sahəsində də önəmli addımlar
atılır. Müxtəlif elmi layihələr və
konfranslar təşkil edilir. Universitetdəki tələbələr
və müəllimlər elmi fəaliyyətlərə cəlb
olunur və bu, akademik mühitin daha da zənginləşməsinə
şərait yaradır.
Universitetin tarixinə faktların dili ilə nəzər
salsaq görərik ki, Naxçıvan Dövlət Universiteti
ölkədə yeganə kampuslu universitetdir. 10 fakültə,
45 kafedra, magistratura mərkəzi, xarici tələbələrlə
iş üzrə dekanlıq, 3 kollec (Naxçıvan Musiqi
Kolleci, Naxçıvan Texniki Kolleci və Naxçıvan Tibb
Kolleci), 1 beynəlxalq məktəb (NDU Beynəlxalq Kembric Məktəb)
və 1 gimnaziyası (İngilis dili Təmayüllü
Gimnaziya) olan müasir tipli və çoxprofilli təhsil
sisteminə malik ali təhsil müəssisəsi kimi
çoxfunksionallığı nümayiş olunur.
NDU-da bakalavr, magistratura, rezidentura və doktorantura daxil
250-ə yaxın proqram üzrə hazırlıq
aparılır. Dünyanın 150-yə yaxın universiteti ilə
elmi təhsil mübadiləsi aparılır. Əcnəbi tələbə
kontingentinə görə ölkə universitetləri
arasında sıralamada 1-ci yerdədir. Hazırda ali təhsil
ocağında 15 ölkədən 1500-dən çox əcnəbi
tələbə təhsil alır. Universitetdə Azərbaycan
dili ilə yanaşı, İnformasiya təhlükəsizliyi,
İqtisadiyyat, Tibb fakültələrində tədris ingilis dilində
keçirilir.
Bununla yanaşı, Naxçıvan Dövlət
Universitetinin 150 nəfərdən ibarət simfonik orkestri, Tələbə
Teatr Studiyası, "Qədim Xalq Çalğı Alətləri"
Ansamblı, o cümlədən konservatoriyanın fəaliyyət
göstərməsi oranın ədəbi-bədii, mədəni
mühitinin inkişafına müsbət təsir edir.
Bu maraqlı faktı da qeyd etmək yerinə
düşər ki, ölkə universitetləri arasında
ancaq Naxçıvan Dövlət Universitetinin nəzdində
Beynəlxalq Kembric (Kembric Lisenziyal) Məktəbi fəaliyyət
göstərir ki, burada da dərslər, tədris vəsaitləri
ingilis dilində təqdim olunur.
Naxçıvan Dövlət Universiteti Beynəlxalq
SAT Qeydiyyat və imtahan mərkəzi olan ilk dövlət Ali Təhsil
Müəssisəsidir.
Beynəlxalq IELTS Qeydiyyat və İmtahan Mərkəzi
Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq
NDU-da yaradılıb. Həmçinin burada tələbəyönümlü
təhsil sistemi tətbiq edilir.
2024-cü il NDU tarixində 2198 nəfərin təhsilini
bitirməsi ilə ən çox məzun yetişdirdiyi il olub.
Ali təhsil ocağında kadr hazırlığı ilə
524 nəfər professor müəllim heyəti fəaliyyət
göstərir.
Elmi dərəcəlilərin kadr potensialı illər
üzrə artaraq 2024-cü ildə 229 nəfərə
çatıb. Universitetin beynəlxalq reytinqlərdə yer
alması, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi
məqsədi ilə əcnəbi professorların davamlı
olaraq cəlb edilməsi əsas prioritet məsələlərdən
biridir. Hələ təkcə 2024-cü ildə 10 əcnəbi
professor, o cümlədən Nobel mükafatçısı
Əziz Səncər təlim və tədqiqata cəlb edilib.
NDU həm ölkə, həm də respublika səviyyyəli
konfransların təşəbbüsçüsü və ev
sahibi kimi böyük layihələrə imza atır.
Naxçıvan Dövlət Universitetində 2024-cü ildə
27 konqres, konfrans və simpozium keçirilib. Bunlardan 13-ü
beynəlxalq, 13-ü respublika, 1-i ali məktəb daxili elmi tədbirlər
olub. "Qərbi Azərbaycana qayıdış",
"Tibbi forum", "Apiterapiya və təbiət",
"İpək yolu", "Azərbaycan Psixoloqlar
Forumu", "Süni intelekt: nəzəriyyədən
praktikaya" kimi layihələr xüsusilə misal göstərmək
olar.
Cəsur, yenilməz Naxçıvan xalqı ölkə
başçısı, Ali Baş Komandan İlham Əliyevin
"Yolumuz Zəngəzuradır!" şüarı
altında mübarizəyə müsəlləh əsgər
olmağa hazırdır. Belə ki, Naxçıvan məmləkət
olaraq öz ziyalıları ilə bərabər, "Qərbi
Azərbaycana Qayıdış" festival/konqresinə də
ev sahibliyi edib.
Dahi Nizami Gəncəvinin dəyərli misralarına
xitabla Naxçıvan şəhərinin tarix boyu blokada şəraitində
olduğu dönəmlərdə
özünə qalxan etdiyi ən böyük silahın
məhz elm olduğunu gördük.
Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.
Bəli, ciddi iqtisadi, siyasi, coğrafi blokadalara məruz
qalan Naxçıvanı qalib edən onun milli-mənəvi dəyərlərinə,
qədim tarixinə sahib çıxması, insanının mərdliyi
və cəsarəti oldu.
Hər zaman var olmada, qələbə çalmada elminə
güvənən NDU-nun təşkilatçılığı
ilə 4 min nəfər gənc məzunun və 40-a yaxın
dövlət, özəl qurumların iştirakı ilə
ilk dəfə Karyera sərgisi açılıb. Burada fəaliyyət
göstərən Tibb fakültəsi Avropa Tibb Tələbələri
Assosiasiyasına (EMSA) üzv qəbul olunaraq ölkə təmsilçisi
statusu qazanıb, Naxçıvan Dövlət Universiteti
ROBOTEX-in ölkə təmsilçisi kimi Bakı şəhərində
Dünya Robot Festivalının Avrasiya Çempionatını
təşkil etdi və 5 mindən artıq
iştirakçı qeydə alınıb. NDU-nun təsisçisi
olduğu Beynəlxalq Tibbi Forum İstanbulda, Yeditəpə
Universitetində Türkdilli Dövlətlərin Tibb
Qurultayı (ikinci forum) adı altında təşkil edilib.
Dünyanın Texnologiya lideri olan IBM-lə NDU
arasında əməkdaşlıq müqaviləsinə əsasən
Universitetdə IBM Mərkəzi istifadəyə verilib.
Dövlət Proqramı çərçivəsində
ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə
Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb. Bu
qeyd olunan faktlar Naxçıvan Dövlət Universitetinin fəaliyyət
prinsiplərinin yalnız bir səhifəsidir.
Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı
ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə
Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və
Batabat Astrofizika Rəsədxanası kimi elmi müəssisələrin
verilməsi dövlət başçısının
Naxçıvan Dövlət Universitetinə göstərdiyi
böyük etimaddır.
Biz də öz növbəmizdə qonağı
olduğumuz, dünəni, bu günü, tarixi, fəaliyyəti ilə yaxından
tanış olub təqdir etdiyimiz Naxçıvan Dövlət
Universitetinə uğurlar diləyirik. Öz təbii, elmi,
bioloji potensialı ilə Azərbaycan təhsil sisteminə
yeni töhfələr verəcəyinə əminik!
Fəxriyyə İSAYEVA
525-ci qəzet .- 2025.- 17 aprel(¹64).-S.11.